Tayfalar arasında ayrı-seçkilik və sinfi ixtilaflar
Mьəllif: admin1
Tarix: 22-07-2018, 12:30
Tayfalar arasında ayrı-seçkilik və sinfi ixtilaflar
İslamın böyük iftixarlarından biri, eləcə də hal-hazırda dünyanın məhrum və məzlum təbəqələrinin islama yönəlməsinin səbəbi hər növ ayrı-seçkiliyin məhkum edilməsidir. Onun nüfuzlu şüarı budur: "Allah yanında sizin ən əziziniz ən təqvalı (pərhizkar) olanınızdır."

Peyğəmbərin (s) dövründə silahlı qüvvələrinin və dövlət qulluqçularının maaşı və xüsusi bir gəliri yox idi, onların məişət xərcləri müharibə qənimətlərindən təmin olunurdu.

Müşriklərlə aparılan müharibələrdə əldə edilən qənimətlərin beşdə biri çıxılandan sonra ordu qüvvələri arasında bölüşdürülür və bu zaman ayrı-ayrı şəxslərin islamdakı xidmətləri, onların irqləri və Peyğəmbərlə (s) olan qohumluqları nəzərə alınmırdı. Birinci xəlifənin dövründə də iş eyni qayda ilə davam etdi, lakin ikinci xəlifənin vaxtında dəyişdi.

Islamın yayılıb genişlənməsi nəticəsində xəlifə islam qulluqçuları və ordu qüvvələrinə maaş vermək üçün bir idarə yaratdı. Amma maaşın miqdarını təyin edən zaman təqva, hərbi və siyasi hazırlıq, keçmiş xidmətlər, yaxud heç olmazsa islamdan başqa bir şeyin əsas olmaması əvəzinə tayfa və əsil-nəsəb əsas götürüldü. Bu idarədə ərəblər əcəmdən, Qəhtan ərəbi Ədnan ərəbindən, Müzər ərəbi Rəbiə ərəbindən, Qüreyş qeyri-Qüreyşdən, Bəni-Haşim Bəni-Üməyyədən üstün sayılırdı və onlara çox maaş verilirdi.

Məşhur tarixçilərdən ibni Əsir, Yəqubi, Cürci Zeydan və s. öz tarixlərində islamın dövlət və hərbi qulluqçuları üçün müəyyən olunmuş maaşlar barədə fərqli rəqəmlər göstərmişlər. Maaşlar arasındakı fərq heyrətləndiricidir.

Məşhur sərmayədar olan Abbas ibni Əbdül-Müttəlibin illik maaşı on iki min dirhəm olduğu halda, bir misirli hərbçinin illik maaşı üç yüz dirhəmdən çox deyildi. Peyğəmbər (s)-in zövcələrinin hər birinin illik maaşı altı min dirhəm idi, halbuki bir yəmənli hərbiçinin illik maaşı dörd yüz dirhəmə çatmırdı. Müaviyə və onun atası Əbu Süfyanın illik maaşı beş min dirhəm idi, halbuki mühacirət etməyən, adi bir məkkəli adamın illik maaşı altı yüz dirhəm idi.

Xəlifə özünün bu işi ilə Peyğəmbər (s) və Quran tərəfindən ləğv olunan ayrı-seçkiliyi yenidən dirçəltdi, islam cəmiyyətini ədalətsiz sinfi ixtilaflara düçar etdi. Çox keçmədən islam cəmiyyətində dəhşətli sinfi imtiyazlar və ziddiyyətlər yarandı, mal-dövlət yığanlar, dünyapərəstlər xəlifənin himayəsi altında qızıl-gümüş yığmağa və zəhmətkeşlər, fəhlələr istismar olunmağa başladı. Xəlifə valilərin və dünyapərəstlərin bir qrupunun - Səd Vəqqas, Əmr-As, Əbu Hüreyrə kimi - mal-dövlətini müsadirə edərək həmişə çalışırdı ki, sinfi ziddiyyətlər həddindən artıq dərinləşməsin.

Buna baxmayaraq onun iqtisadi nəzəriyyələri və əməli tədbirləri ilk əvvəldən səhv və yersiz imtiyazlar əsasında olduğuna görə, mal-dövlətin müsadirə olunması heç bir fayda vermədi və qarşıdakı əngəli götürmədi, işi gələcəkdə ayrı-seçkilik ruhuna malik olan bir rəhbərlik üçün daha da asanlaşdırdı, ayrı-seçkilikdə ona tam səlahiyyət verdi. O dövrün mal-dövlət sövdəgərləri al-verin rövnəqlənməsi nəticəsində qul alır və onları işləməyə, həmçinin həm öz yaşayışlarını idarə etməyə, həm də öz ərbablarına illik, yaxud aylıq məbləğ ödəməyə məcbur edirdilər. Yazıq qul da bu məbləği ödəmək üçün səhərdən-axşama kimi vurnuxub cana gəlirdi.



Kitabın adı: Vilayət günəşi (birinci cild)

Müəllif: Ayətullah Cəfər Sübhani
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031