Varlıq aləminin ən müqəddəs məkanı
Mьəllif: admin1
Tarix: 20-07-2017, 00:07

 Bütün aləm yaradan Allahın əsəridir. Hər nə var hamısı məxluq, yaranmışdır. Bütün yaranmışlar uca yaradanın qüdrətindən xəbər verməkdədir. Yaranmışlar da yaradılış baxımından bərabərdir. Amma fəzilət və gördüyü iş baxımından, yaxud vəzifə və daşıdığı məsuliyyət baxımından məxluqatın bir-birinə üstünlüyü vardır. Bu üstünlüyün əsasını Allah qanunlarında, Allah-Təalanın təyin etdiyi meyarlarda axtarmaq lazımdır.

 

Yerin və göyün məkanları arasında ən müqəddəs məkan iki məkan, Beytul-məmur və Kəbə evi hesab olunur. Çünki bu iki ev Allah-Təalaya nisbət verilir. Düzdür Allahın evə ehtiyacı yoxdur. Bü cür deyilməkdə məqsəd bu kimi məkanlar Allah Təala ilə digər məxluqat arasında bir bağlılıq yaratması etibarı ilə dəyərlidir. Qurani-Kərimdə də bu məkanların əzəmətinə işarə edilmişdir.

 

And olsun (mələklərin ibadət etdiyi) Beytülməmura (Tur-4)


And içirəm bu şəhərə (Məkkəyə). Sənin yaşadığın (sənə halal olan) şəhərə (Bələd-1-2)

 

Bütün bunlardan da önəmli bir ev vadır ki, heç kim ona diqqət eləmir. Heç kim o evin əhəmiyyətinə varmır. Bu möminin "qəlbidir”. Hədislərdə möminin qəlbi Allahın ərşidir, Allahın evidir kimi ifadə olunub (Biharul-ənvar. C-55. S-39. Bab-4)

 

Allah Rəsulu buyurub: Mömin Allah yanında müqərrəb mələk kimidir. Bəlkə o bundanda üstündür. Allah yanında tövbəkar mömin və möminədən sevimli bir şey yoxdur. (Təfsiri Qurtubi. C-3. S-29)(Kifayətu əsər-119)(Biharul-ənvar.C-67. S-72)

 

Allah Təala bütün aləmi insan üçün, insana xidmət üçün yaratmışdır. Hadisələrə və təbiətə diqqət edəndə bunu özümüz müşahidə edirik. Sanki aləm insan üçün işləyən böyük bir mexanizmdir. Bəs insan nə üçündür? İnsan Rəbbin özü üçündür. Yəni bütün bunların qarşılığında düşünən bir varlığ olaraq şükr etmək, bəndəçilik etmək kimi ən ağır vəzifə insanın üzərinə düşür. Mən insanı ibadətə və bəndəçilikdən başqa bir şey üçün yaratmamışam deyə Quranda buyurulur( Zəriyat-56)

 

Mömin bütün bunları qəlbi ilə hiss edir, qəlbi ilə təsdiq edir, qəlbi ilə Rəbbinə bağlanır, Allah dostlarını pak qəlbi ilə sevir. O yaranmışların ən yaxşısıdır (Bəyyinə-7). Mömün yaranmışların ən üstünü öz pak qəlbi ilə olub. Onu bu zirvəyə çatdıran onun qəlbidir. O öz qəlbində Allah sevgisindən qeyri bir sevgiyə, məhəbbətə yer verməz. Bu səbəbdən möminin qəlbi Rəhmanın evidir buyurulur və evlərin də ən üstünüdür.


Y.Nuriyev

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031