Müsafir orucunun pozulmasının hikməti
Mьəllif: admin1
Tarix: 4-04-2024, 23:21
Müsafir orucunun pozulmasının hikməti
Bəziləri deyirlər ki, bugünkü səfərlər qədimdəki səfərlər kimi at, dəvə və ya qatır vasitəsi ilə deyil ki, çətin və əziyyətli səfər sayılsın.

Bu gün insanlar təyyarə vasitəsilə yüzlərlə kilometr yolu bir saatdan da az bir müddətdə heç bir yorğunluq hissi keçirmədən qət edirlər. Bununla belə, yenə də səfərdə namaz qəsr qılınmalı, oruc tutulmamalıdırmı?

Yenə də, müsafirin vəzifəsi orucunu səfərdə pozmaqdırmı?

Bu, o zaman düzgün sayıla bilər ki, müsafirin səfərdə oruc tutmamasının əsl səbəbi Peyğəmbər (s) dövründə səfərin çətin keçməsi olsun və Allah-taala da müsafirlər çətinliyə düşməsinlər deyə, oruc tutmamağı əmr etsin. Digər tərəfdən, qədimdə səfərlər istər-istəməz o qədər çətin idi ki, oruc tutmağa əmr etmək "ma-la-yutaq” (qütrətindən artıq işlə vəzifələndirmək) idi. Ona görə də oruc batil idi.

«لَا يُكَلِّفُ اللَّـهُ نَفْسًا إِلَّا وُسْعَهَا»

"Allah-taala hər kəsi qüvvəsi yetdiyi qədər vəzifələndirər.” ("Bəqərə "surəsi, ayə 276.)

Amma bu fərziyyə düzgün deyil. Ona görə ki, bu hökmün əsl səbəbi əziyyət və çətinlik olsaydı:

1. Uzun müddət səfərdə olan şəxs daha çox yorulduğu üçün ilk olaraq ona şamil olardı. Halbuki səfərdə oruc tutmağın hökmü – istər bir ay səfərdə olsun, istərsə də bir gün – yolda olduğu müddətdən deyil, çatdığı yerdə nə qədər qalacağından asılıdır.

2. Bir kəs bir aylıq səfərdən sonra bir yerdə 10 gün qalmağı qəsd etsə, gedəcəyi yerə çatandan sonra oruc tutmaq ona vacibdir.

Əgər bir günlük səfərdən sonra 8 gün bir yerdə qalmağı niyyət etsə, gedəcəyi yerə çatdıqdan sonra oruc ona vacib deyil.

İndi bir sual ortaya çıxır ki, müsafir orucunun hökmlərinin fəlsəfəsi səfərin çətinliyidirsə, onda bu iki şəxsin vəzifəsi müsafir hökmlərinin fəlsəfəsinə uyğundur, ya yox?

3. Bundan əlavə, müsafir orucunun batil olma səbəbi səfərin çətinliyi olsaydı, onda işi daim səfər etmək olan şəxsin namazı qəsr, orucu da vacib olmazdı. Halbuki, belə bir şəxs namazını kamil şəkildə qılmalı və orucunu tutmalıdır.

4. Həmçinin, səfəri günah etmək üçün olan şəxs, səfərinin çətin olmasına baxmayaraq, namazını kamil qılıb orucunu tutmalıdır.

Bütün bunlara əsasən, müsafir orucunun hökmünün əsil səbəbinin çətinlik olduğunu demək olmaz.

Beləliklə, bugünkü səfərlərdə çətinliyin aradan qalxmasına baxmayaraq, müsafir orucunun vacib olmadığını iddia edənlər Quran ayələrinə arxalanırlar.

Bunun daha da aydın olması üçün həmin ayələrin təfsirinə müraciət etmək lazımdır.

"Bəqərə" surəsi 185-ci ayədə müsafir orucunun hikməti barəsində bir sıra ifadələr işlənmişdir:

«یُریدُ اللهُ بِکُمُ الْیُسْرَ وَ لایُریدُ بِکُمُ الْعُسْرَ»

"...Allah sizin üçün çətinlik deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız....”

Bəzilərinin nəzərinə görə, bu ifadə müsafir orucunun hikmətini izah edir. Onlar ayənin bu hissəsinə istinad edərək deyirlər ki, qədimdə, xüsusilə də, Peyğəmbərin (s) dövründə səfərlər at, dəvə və ya qatırlarla olduğundan çətin idi və Allah-taala da müsafirə güzəşt edir ki, əvəzində başqa günlərdə oruc tutsun. Amma bu gün səfərlər asan olduğundan, bu hökm qüvvədən düşür və o şəxsə oruc vacib olur.

Məsələ belədir ki, «یُریدُ اللهُ بِکُمُ الْیُسْرَ وَ لایُریدُ بِکُمُ الْعُسْرَ» "...Allah sizin üçün çətinlik deyil, asanlıq istər, fövtə gedən günlərin orucunu tamamlayasınız....” – ifadəsinin ya onların iddialarına heç bir aidiyyəti yoxdur, yaxud da ki, orucun vacibliyinə aiddir.

"Nümunə” təfsirinə istinadən deməliyik ki, Allah-taala bu mətləbi bəyan etməklə onu bildirmək istəyir ki, oruc da digər təklif və vəzifələr kimi insanın qüdrətinə uyğundur. Elə buna görə də, Allah-taala orucun hökmünü bəyan edərkən onu belə qeyd edir:

«کما کتب علی الذین من قبلکم»، «ایام معدودات»، «ان تصوموا خیر لکم» و «یرید الله بکم الیسر و لا یرید بکم العسر»

"Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” "(Oruc tutmaq) sayı müəyyən olan günlərdir (bir aydır)”. "Oruc tutmaq sizin üçün daha xeyirlidir, əgər bilsəniz!” "Allah sizin üçün çətinlik deyil, asanlıq istər..."

Əllamə Təbatəbai "əl-Mizan” təfsirində «يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ، وَ لا يُرِيدُ بِكُمُ الْعُسْرَ» "Allah sizin üçün çətinlik deyil, asanlıq istər...” – ifadəsini xəstə və müsafirlərə aid edir. Bununla belə o, müsafir orucunun hökmünün qüvvədə olduğunu düşünür.

Nəticədə, bu ifadəni istər hökmün əslinə, istərdə də, xəstə və müsafirə aid etsək, yenə də müsafir orucunun hökmü qüvvədə qalır, çünki əsl səbəb burda nəzərə alınmır.

Hər halda bu ifadə hikməti bəyan edir, səbəbi yox. Səbəb aradan gedərsə, hökm də aradan gedir. Bir hökmün kamil səbəbi və hikməti arasındakı fərq ondadır ki, hökmün səbəbi aradan qalxarsa, hökm də aradan qalxır.

Hikmət aradan qalxarsa, hökm aradan qalxmaz. Xülasə olaraq onu qeyd edə bilərik ki, şəriət hökmlərinin yaranma səbəbi hikmətlər deyil, elə hökmlərin özüdür.

Səfərin çətinliyi müsafir orucunun hikməti olduğu üçün o aradan qalxsa da, hökm aradan qalxmır.

Bu gün həmin hikmət hələ də mövcuddur. Əksər camaat üçün səfərin çətinliyi hələ də aradan qalxmayıb. Bunu "Heç bir yer insanın öz evi kimi deyil." məsəli də təsdiq edə bilər.

Rəvayət də çətinliyi müsafir orucunun hökmündə kamil səbəb kimi inkar edir. İmam Sadiq (ə) buyurur: "Bir nəfər müsafir Ramazan ayında Peyğəmbərin (s) hüzuruna gəlir və soruşur: "Ramazan ayında oruc tutaqmı?" Həzrət (s) buyurur: "Xeyr!" Sonra o şəxs deyir: "Oruc tutmaq mənim üçün rahatdır.”

Həzrət (s) buyurdu:

«إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ تَصَدَّقَ عَلَى مَرْضَى أُمَّتِي وَ مُسَافِرِيهَا بِالْإِفْطَارِ فِي شَهْرِ رَمَضَانَ أَيُعْجِبُ أَحَدَكُمْ لَوْ تَصَدَّقَ بِصَدَقَةٍ أَنْ تُرَدَّ عَلَيْهِ».

"Allah-taala mənim ümmətimin xəstə və müsafirlərinə oruc tutmamağı ehsan etdi. Siz ehsan etdiyiniz şeyin geri qaytarılmasına razı olarsınızmı?!” ("Vəsailuş-şiə”, c. 10, səh. 175, hədis. 13145.)

Çətinlik müsafir orucunun batil olmasının yeganə səbəbi olsaydı, Peyğəmbər (s) "Oruc tutmaq mənim üçün asandır." deyən şəxsin müqabilində ona oruc tutmaq əmri verərdi."

Digər bir hədisdə Müslim öz "Səhih"ində Cabir ibn Abdullahdan belə nəql edir: Allahın Rəsulu hicrətin 8-ci ili Ramazan ayında Məkkəyə doğru üz tutdu.

"Kiraul-ğəmim” məntəqəsinə çatanda su içmək üçün qab istədi. Onu öz əlləri ilə o qədər yuxarı qaldırdı ki, hamı görsün. Sonra onu içdi. Yəni, ey camaat!

Hamınız orucunuzu pozun! Allahın Rəsuluna (s) xəbər çatdırdılar ki, sizin aranızdakılardan bəziləri oruclarını açmadılar. Həzrət (s) buyurdu:

«اولئک العصاةُ، اولئک العصاةُ»

"Onlar günahkardılar, onlar günahkardılar!”. ("Vəsailuş-şiə”, c. 10, səh. 13143.)

Səfərin çətinliyi müsafir orucunun yeganə səbəbi olsaydı, onda niyə Peyğəmbər (s) onları günahkar adlandırırdı. Onlar səfərdə də oruc tuta bilərdilər.

Bundan əlavə, "onlar qiyamətə qədər günahkardırlar" cümləsindən belə başa düşülür ki, qiyamətə qədər müsafir orucunun hökmü qüvvədə qalır. Ondan boyun qaçıranlar günahkardırlar.

Nəticə:

Quran ayələri və Əhli-beytdən (ə) gəlib çatmış hədislərə əsasən, səfərdə oruc tutmaq düzgün deyil. Hədislər, xüsusilə də, ayələr buna aşkar dəlildir.

Belə ki, hədislərin bəzilərində müsafir orucunun hökmü üçün ayənin zahirinə istinad edilib. Orucun səfərdə batil olmasının fəlsəfəsi bir çox başqa fəlsəfələr kimi bizə aydın deyil.

Səfərdə çəkilən çətinlik müsafir orucunun hikmətidir ki, onun aradan getməsi ilə hökm aradan getmir. Buna görə də, bugünkü səfərlər istər məşəqqətli olsun, istərsə də, məşəqqətsiz bunun müsafir orucunun hökmünə heç bir aiddiyyatı yoxdur.


Müəllif : Höcətil-İslam Hüseyn Əlladiri

Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930