Həsəd aparan insan şeytandan (lən) da pisdir
Həsəd elə bir xəstəlikdir ki, ona düçar olan insan şeytandan (lən) da bədbəxt hesab edilir. Firon şeytana sual verir ki, məndən və səndən də pisi vardırmı? Şeytan (lən) deyir ki, məndən və səndən də pisi – həsəd aparan insandır. Çünki həsəd insanın bütün yaxşı əməllərini yeyər. Həsəd haqqında çox danışmışıq, onun nə qədər təhlükəli və alçaldıcı olduğunu az-çox bilirik. Bəs bu rəzil sifətin yaranmasına hansı amillər yardım edir? 1. Ədavət və düşmənçilik. Insan bir başqası ilə düşmən olan zaman onun xeyirini istəməz. Ona görə də nemət sahibi olmağını sevməz. 2. Özünü əziz bilmək. Bir nəfər malına görə təkəbbür edən zaman, həmin şəxs özünü başqalarından üstün bildiyi üçün buna tab gətirə bilməz və həsəd aparar. 3. Təkəbbür. Həsəd aparan insan başqalarına təkəbbür edər. 4. Məqsədə çatmamaq qorxusu. İnsan o kəsə həsəd aparar ki, daha çox müvəffəqiyyət əldə edir və ona məqsədinə çatmaqda maneəçilik yaradır. Bir tacir kimi, qorxur ki, başqası da bu qədər sərmayə ilə ona rəqib olar. 5. Rəhbərlik etmək sevgisi. Adətən rəhbərlər o kəslər olur ki, hansısa nemətə malik olurlar. Başqaları həmin nemətdən məhrum olur. Ona görə də rəhbərlik sevgisi olan insan görəndə ki, onun əlində olan nemətdən başqasında da vardır, ona həsəd aparar. 6. Allah bəndələrinə qarşı daxili xəbislik. Bəzi həsəd aparan insanlar vardır ki, yuxarıda saydığımız amillər onun üçün mövcud deyildir, lakin o, zatən xəbis olduğu üçün həsəd aparar. Başqalarının giriftarlığı onu şad edər. Beləliklə bu insan həm dünyada zəlil olar və həm də axirətə xeyir aparmaz. Çünki insanın axirət üçün apara biləcəyi ən dəyərli şeylər – iman və saleh əməlləridir. Həsəd həmin imanı və saleh əməli yeyər. İmam Baqir (ə) buyurur: “Necə ki, atəş odunu yeyər, həsəd də imanı yeyər”. Bil ki, bu sifətin sahibi həmişə xar və zəlildir. O, həmişə qəm və qüssə içindədir. Necə ki, İmam Əli (ə) buyurur: “Həsəd insanı qəm və qüssəyə düçar edər”. İmam Sadiq (ə) həsəd aparan insanın nişanələri haqqında Loğmanın dilindən buyurur: “Loğman oğluna deyir: “Həsədin üç nişanəsi vardır: insanın arxasınca qeybət edər, üz-üzə gələndə yaltaqlanar, başqalarının giriftarlığından şad olar””. Bu xəstəliyi tanıdıqdan sonra ondan uzaq olaq ki, həm dünyamızı və həm də axirətimizi bada verməsin. /Deyerler.org/ Oxşar xəbərlər
|