İmam Mehdi (ə.f.) və Nicat Günü
Mьəllif: admin1
Tarix: 25-02-2024, 10:31
İmam Mehdi (ə.f.) və Nicat Günü
Şəxsiyyətnaməsi

Əsil adı Məhəmməddir. Peyğəmbərimiz (s) buyurub ki, on ikinci imamın adı mənim adım ilə eynidir. O, Peyğəmbərimizin nəslindən on birinci imam Həsən ibn Əlinin (Əsgəri) oğludur.

On ikinci İmam (ə.f.) İslam aləmində əsasən Mehdi, Sahibəzzaman, Bəqiyyətullah, İmam Zaman, Vəliyyi-əsr, Əba Saleh və s. əlavə adları ilə tanınır. O həzrət İslam (hicri qəməri) tarixi ilə 255-ci il, şaban ayının 15-i, cümə günü, sübh vaxtı İraqın indiki Samirə (o vaxt Surrə mən rəa və ya Samirra) şəhərində anadan olmuşdur. Atası XI imam Həsən Əsgəri (ə), anası isə müsəlman qadınları arasında əzəmətlə yad edilən xanım Nərgiz xatundur.

Nə üçün qeybə çəkilib?

Bunun bizə məlum olan bir neçə səbəbi var:

1) Can təhlükəsi: İqtidarda olan hakim qüvvələr öz şəxsi mənafeləri üçün imamların (ə) çoxunu ciddi nəzarət altında saxlamış, nəhayət bununla da kifayətlənməyərək onları şəhid etmişlər. Bu nəzarət həzrət Mehdinin (ə.f.) atasının vaxtında daha kəskin şəkil almışdı. Çünki onlar müsəlmanların qəti inanclarına əsasən bilirdilər ki, onun övladı zühur edərək zalımların hakimiyyətinə son qoyacaqdır. Bütün bunlara əsasən, əgər onlar İmam Mehdini (ə.f.) tapsaydılar, öldürəcəkdilər. Hətta o vaxt İmam (ə.f.) beş yaşında olmasına baxmayaraq, onu öldürmək üçün dəfələrlə cəhdlər edilmişdi.

Doğrudur Allah o həzrəti bütün təhlükələrdən qoruyub və qoruyur. Amma o həzrət bilə-bilə özünü təhlükələrə atmamalıdır.

2) İnsanların sınanması: Bu dünya insanların kamal və səadətə çatmaları üçün sınaq meydanıdır. Hədislərdən aydın olur ki, o, qeybə çəkiləndən sonra fitnə-fəsad hər yeri bürüyəcək və insanların zəif imanlıları haqq yolundan kənara çıxacaqlar. Allah-taala həqiqi imanı zəifindən ayırmaq üçün insanları bu cür sınayacaqdır. Həmin dövrdə insanların əqidəsində onun barəsində şəkk-şübhə yaranacaq, bəziləri isə, uzun müddət yaşaya bilmənin mümkün olmadığını söyləyəcəklər. Xalqın möhkəm əqidəlilərindən savayı heç kəs ilahi imtahandan başıuca çıxmayacaq.

3) İnsanlarda vahid dünya hökuməti qəbul etmək qabiliyyətinin olmaması: İmam Mehdinin (ə.f.) işi vahid dünya hökuməti quraraq dünyada ədalətli ilahi hökumət təşkil etməkdir. Ancaq onun yaşadığı dövrdən indiyədək insanların dərketmə səviyyəsinin aşağı olması buna imkan verməmişdir. Ona görə də İmam (ə.f.) şərait hazır olana kimi qeyb pərdəsi arxasında qalacaq.

4) Zalımların hakimiyyətini tanımaması: İmam Mehdidən (ə.f.) əvvəlki imamların (ə) bəzisi ilahi məsləhətə əsasən, zalımların hakimiyyətini qəbul etməmiş və bu yolda şəhid olmuşdur. Bəziləri isə şəhid olmağın heç nəyi dəyişdirməyəcəyini bilib, qiyam etməmişlər. Ancaq, həzrət Mehdi (ə.f.) zülmün kökünü kəsmək üçün saxlandığına görə, məsləhət görülməmişdir ki, o cür hakimiyyəti qəbul etsin. Əgər o həzrət beyət etməsəydi, onu şəhid edəcəkdilər. Buna görə də İmam (ə.f.) münasib şərait yaranana kimi bir müddət gözlərdən gizli yaşayır.

Bu dediklərimiz, Əhli-beyt (ə) hədislərindən alınan nəticələrdir. Ancaq, bütün bunlarla yanaşı, hədislərdə qeybə çəkilməyinin həqiqi sirrinin ancaq o həzrət zühur edəndən sonra üzə çıxacaqı da bildirilmişdir.

Bu qədər yaşamaq mümkündürmü?

O həzərtin min yüzdən çox yaşı var. Amma bu kimsəyə qəribə gəlməməlidir. Necə olur ki, heyvanlardan, ağaclardan, bitkilərdən neçə min il yaşayanı olsun, ancaq insanlar içində Allahın sevimlisi olan bir şəxs bu qədər yaşaya bilməsin?! Məgər biz inanmırıq ki, Allah-taala hər şeyə qadirdir?

Tarixə nəzər salsaq, onlarla insanın uzun müddət ömür sürdüklərinin şahidi olarıq. Misal olaraq həzrət Nuhu, həzrət İbrahimi, həzrət İsanı və bir çox peyğəmbərləri (ə) nümunə gətirə bilərik. Bütün bunların ən bariz nümünəsi isə həzrət Xızırdır. O, Musa (ə) peyğəmbərin zamanından günümüzədək sağ qalmış və bundan da sonra Qiyamətə qədər sağ qalacaqdır. Xülasə desək, Allah-taala ali bir hədəfi həyata keçirmək üçün onun uzun bir müddət sağ qalmasını istəmişdir.

Tibb elmi də, uzunmüddətli təcrübələrdən sonra bu qənaətə gəlmişdir ki, insanın bədən hüceyrələri uzunmüddəti yaşamaq qabiliyyətinə malikdir. Əgər onları məhv edən hər hansı bir amil qarşıya çıxmazsa, insan həmişəlik olaraq sağ qalar. Əgər bu dövrdə də qədim zamanlarda olduğu kimi neçə min yaşı olan insanlara rast gəlinsəydi, heç kəs İmam Mehdinin (ə.f.) uzun ömürlülüyünə təəccüblənməzdi.

İslam və İmam Mehdi (ə.f.)

İslam mənbələrində o həzrət barəsində təxminən 6000 hədis mövcuddur. İslam alimləri tərəfindən o cənabın haqqında şiə-sünni qardaşlarımız tərəfindən yüzlərlə cild kitab yazılıb. Hətta bu əsərlərin bəzisi İmam (ə.f.) hələ dünyaya gəlməzdən öncə yazılmışdır. Bütün İslam məzhəbləri yekdilliklə İmam Mehdinin (ə.f) zühurunu qəbul edir.

İmam Mehdi (ə.f.) və Axirəzzaman

Axırəzzaman onun zühuru ilə sona çatan intizar dövrüdür. Buna görə də onun zühuruna yaxın olan dövrə, hədislərdə "axırəzzaman” adı verilmişdir. Zühur dövrü bəşəriyyət tarixində yeni bir dövrdür. Ondan bir müddət əvvəl olan dövr axırzaman adlandırılır. Bu Qiyamət gününə aid olan axırzaman deyildir. Qiyamət Mehdi (ə.f.) hökumətindən çox sonralar baş verəcək.

Həzrət İsa (ə) və İmam Mehdi (ə.f.) adları müxtəlif eyni şəxslərdir?

Xeyr. Hər ikisi gələcək. Bu hədislərimizdə öz əksini tapıb. Həzrət İsa (ə) özü də buyurub: "...Çünki güman etmədiyiniz bir vaxt, insan oğlu gələcək” (İncil).

Həzrət İsa (ə) İmam Mehdi (ə.f.) zühur edəndən sonra sübh namazı vaxtı, Fələstində yerə enəcək və İmama (ə.f.) dayaq olacaq.


Zühur nə zamandır?

Bu sual tarix boyu həmişə verilmiş və bunun ətrafında çoxlu söz-söhbətlər getmişdir. Hətta, o həzrətin doğulmasından əvvəlki dövrlərdə də, İslam Peyğəmbərinə (s) və məsum imamlara (ə) bu barədə suallar verilmişdir.

Onlar bunun dəqiq vaxtını müəyyənləşdirməmişlər. Ancaq əvvəlki dövrlərdə baş verəcək hadisələri qeyd etmiş və bildirmişlər ki, o hadisələr baş verəndən sonra Mehdi (ə.f.) zühur edəcək, bütün dünyanı öz hakimiyyəti altına alacaq. Qeyd etməliyik ki, ümumi hadisələrin çox hissəsi baş vermiş, yalnız hədislərdə qəti əlamət deyilən beş xüsusi əlamət qalmışdır.

O necə uğur qazanacaq?

İslami mənbələrdə qeyd edilir ki, o həzrət ən münasib silahlarla silahlanmış olacaq. Belə ki, bugünkü silahlar onun yanında çox dəyərsiz görünəcək. Təbii hadisələr – zəlzələ, tufan, sel, ildırım və s. də onun ixtiyarında olacaq.

Bundan əlavə, o həzrət öz geniş planını bəyan etməklə, söhbətlərilə insanların fikrində inqilab edəcək. Digər tərəfdən də dünya xalqları müharibə, zülm, haqsızlıq, fitnə-fəsad əlindən cana doyacaq. Buna görə də onun zühuru, insanlar üçün susuzluqdan yananın su tapması kimi olacaq.

Zühurdan sonra

İmam Mehdi (ə.f.) hədislərə əsasən Məhərrəm ayının onu, cümə günü, Məkkə şəhərində, Kəbə evinin kənarında üzə çıxacaq. 313 nəfər xüsusi səhabəsi onunla beyət edərək, onu başçı kimi tanıdıqlarını bildirəcək və İmamın (ə.f.) əmri ilə dünyanın hər tərəfinə yayılaraq xalqı ona tabe olmağa çağıracaqlar. Beləliklə dünyada böyük bir çevriliş baş verəcək.

O, zülmkarları möhkəm yapışdıqları kürsülərindən qopardaraq kənara atacaq və vahid dünya hökuməti təşkil edəcək. Elə bir hökumət ki, müharibələrə son qoyacaq, xarabalıqları abadlaşdıracaq, iqtisadi ehtiyacları aradan qaldıracaq. Ümümiyyətlə, maddi çətinliklər aradan qaldırılacaq və hətta sədəqə, nəzir vermək üçün kasıb belə tapılmayacaq.

Haqsızlıqdan qan olmuş qəlblər, ümid günəşinin doğmasıyla ruhi bir aramlığa qovuşacaq. Dünyanın fitnə-fəsad və pozğunluq yuvaları məhv ediləcək, elm və texnika son dərəcədə inkişaf edəcək, dünya rabitə sistemində fövqəladə irəliləyiş baş verəcək.

Dilman Şahmərdanlı

www.Ahlibeyt.ge
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031