Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » QURANLA TANIŞLIQ

QURANLA TANIŞLIQ

QURANLA TANIŞLIQ

Bu gün dünyada istehsal olunan hər hansı bir cihazın, maşının, dəzgahın və sairənin üzərində, onu düzəldən və ya ixtira edən mühəndis tərəfindən müəyyən bir kitabçada qoyulur ki, ondan necə istifadə olunması qaydası, hansı şeylərin ona zərəri olması və sair kimi göstərişlər qeyd olunub alıcının ixtiyarına verilir. Alıcılar bu maldan istifadə etməmişdən qabaq mütləq o kitabçanı diqqətlə oxumalıdırlar ki, onlara əməl etməklə bəhrələnsinlər və həmin avadanlıq tez xarab olub sıradan çıxmasın.

Biz insanlar bəşərin Rəbbi tərəfindən yaradılmış və təşkil olunmuş elə bir «cihazıq» ki, cisim və ruhumuzda olan mürəkkəbliyə görə hətta öz həqiqətmizi və xoşbəxtlik yolumuzu tanımağa belə acizik.

İndi gəlin düşünək, məgər biz hər hansı bir soyuducu və ya telivizordan aşağıyıq ki, mühəndis ona kitabça yazsın, amma bizim xaliqimiz bizim üçün belə bir kitab yazmasın?

Görəsən, biz insanların daxilində cismi və ruhi xüsusiyyətlərimizin şərh verildiyi, vücudumuzda olan istedad və imkanların, habelə, onlardan düzgün surətdə bəhrələnmək yolunun bəyan olunduğu, ən mühümü isə cisim və ruhumuzda olan, onu həlakət və bədbəxliyə sürükləyən amillər qeyd olunan bir kitaba ehtiyac yoxdurmu?

Heç təsəvvür etmək mümkündürmü ki, biz insanları rəhmət və məhəbbət əsasında yaradan Pərvərdigar sonradan bizi öz başımıza buraxaraq, səadətə və xoşbəxtliyə çatmaq yolunu bizə göstərməsin?

Allah-taala haqq din olan İslamı insanlara yalnız müəyyən bir zaman üçün deyil, əksinə qiyamət gününə qədər gələcək bütün zamanlar üçün göndərmişdir. Quran Allah tərəfindən göndərilmiş elə bir hidayət kitabıdır ki, orada insanın səadət və xoşbəxtlik yolu, eləcə də onun həlakət və bədbəxliyinə səbəb olan amillər bəyan olunmuşdur.

Düzgün ictimai və ailə münasibətləri, əxlaqi və hüquqi məsələlər, cismi və ruhi ehtiyaclar, fərdi və ictimai vəzifələr, cəmiyyətdə olan düzgün və yanlış adət-ənənələr, cəmiyyətin və ya şəxsin taleyində mühüm rol oynayan iqtisadi və sair kimi qanunlar bütünlüklə bu müqəddəs kitabda gəlmişdir.

Quranda keçmiş xalqların başına gələn hadisələr, müxtəlif müharibələr, ayrı-ayrı şəxslərin həyat tarixi və sairənin gəlməsinə baxmayaraq, o, dastan və nağıl kitabı deyil, əksinə bu günkü insan həyatında düzgün yaşamağı öyrədən bir kitabdır. Elə bu səbəbdən də bu kitabın adı “Quran”- dır yəni “oxumalı”. Bu kitab daim oxunmalıdır, amma təkcə dillə deyil, eyni zamanda təfəkkürlə, düşünməklə yanaşı oxunmalıdır. Elə Quranın özü də bunu bizdən istəmişdir. Sözmüzə Quranın bu ayəsini sizin üçün misal gətiririk.

«كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِّيَدَّبَّرُوا ءاَيَاتِهِ وَلِيَتَذَكَّرَ أُوْلُوا الْأَلْبَابِ»

«(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar! »

Әgər biz dünyanın bütün nöqtələrində olan kitablara müraciət etsək, Quran mislində bir kitab tapa bilmərik ki, Quran kimi fəsih və bəlağətli olan kəlamları əhatə etsin. Allah-taala Quranda belə buyurur:

«قُل لَّئِنِ اجْتَمَعَتِ الْإِنسُ وَالْجِنُّ عَلَى أَن يَأْتُواْ بِمِثْلِ هَـذَا الْقُرْءانِ لاَ يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا»

«(Ya Peyğəmbər! ) De ki, əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.»

Qurani-Kərimi oxumaq, onu öyrənib və öyrətmək İslam dinində mühüm işlərdən hesab olunur. Bu barədə iki hədisi diqqətinizə çatdırırıq:

«قالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ: خَيْرُكُمْ مَنْ تَعَلَّمَ الْقُرْءانَ وَعَلَّمَهُ»
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub:

«Sizlərin daha yaxşısı o kəsdir ki, Quranı öyrənə və (onu başqasına) öyrədə.»
Başqa bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ən yaxın səhabələrindən olan Salmana (Allahın rəhməti ona olsun) tövsiyə edərək belə buyurur:

«يَا سَلْمَانُ عَلَيْكَ بِقِرَاءَةِ الْقُرْءانِ فَأِنَّ قِراءَتَهُ كَفَّارَةٌ للِذُّنُوبِ»
«Ya Salman! Quran oxumağı sənə tövsiyə edirəm; çünkü Quran oxumaq günahların kəffarəsidir.»

Elə buna görə də Qurani-Kərimi yalnız yas məclislərinə, qəbristan əhlinə aid etmək və yaxud büküb evlərdə qoymaq gərək deyil, əksinə onu oxuyub, göstərişlərinə əməl etmək zəruridir.
islaminsesni.org
Müəllif: Admin | 18-10-2014, 14:38
Baxılıb: 157
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.