Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb
Dekabrın 16-da Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənəd müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə keçirilən görüşü çərçivəsində imzalanıb.

Görüşdən əvvəl Gürcüstanın nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını, həmçinin "Şəhidlər xiyabanı"nı ziyarət edib.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.

Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Ölkələrimizin hərbi əməkdaşlığının ikitərəfli və NATO çərçivəsində həyata keçirilən proqramlar, treninqlər vasitəsilə, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını xatırladan Z. Həsənov vurğulayıb ki, gələn ildə də ikitərəfli və üçtərəfli təlimlərin keçirilməsi planlaşdırılır.

Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsindən danışan Z. Həsənov bunun təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Müdafiə naziri beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərinə, respublikamızın ərazi bütövlüyünü, Dağlıq Qarabağı onun ayrılmaz tərkib hissəsi kimi tanıdığına görə gürcü xalqına təşəkkür edərək, Azərbaycanın da Gürcüstanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini vurğulayıb.

Z. Həsənov ölkələrimizin hərbi qurumları arasında 2017-ci il üçün əməkdaşlıq planının səmərəli tərəfdaşlığımızın möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Müdafiə naziri görüşdə Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdırıb.

İlk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirən L.İzoria bunun ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən qonaq bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

L. İzoria onu da bildirib ki, gələn ildən Gürcüstan da Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərdə iştirak etməyə hazırdır.

Görüşdə Azərbaycanla Gürcüstan Müdafiə nazirlikləri arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsinin imkanları, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər dekabrın 17-dək davam edəcək.
Müəllif: Admin | 16-12-2016, 21:16
Baxılıb: 143
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.