Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Ölümsüz qəhrəmanlar: Məhəmməd İzzəddin əl-Qəssam

Ölümsüz qəhrəmanlar: Məhəmməd İzzəddin əl-Qəssam

1880-cı ildə, Suriyanın Ləzgiyyə şəhərinə tabe olan sahil rayonlarının birində, Cəbələdə Əbdülqadir Əl-Qəssamın evində tarixi hərəkata təkan verəcək şəhid Məhəmməd İzzəddin Əl-Qəssam dünyaya göz açır. Atası ona İslam Peyğəmbərinin (s) şərəfinə Məhəmməd İzzəddin adını verir. Uşaqlıq illərini doğulduğu qəsəbədə keçirən İzzəddin ilk təhsilini də burada kiçik mədrəsədə alır. 16 yaşına qədəm qoyduğu zamanda, 1896-cı ildə orta təhsilini bitirən İzzəddin təhsilini davam etdirmək üçün Misirin “Əl-Əhzər” unversitetinə daxil olur. On illik təhsili dövründə İzzəddin dini tədrislə yanaşı sivilizasiyanın beşiyi olan Misirdəki siyasi hadisələri də yaxından izləməklə bərabər bir çox hadisələrin bilavasitə iştirakçısı olur. Dini təhsildə göstərdiyi yüksək naliyyət isə onu tələbələr deyil, müəllimlər arasında da sevimli tələbəyə çevirə bilir. 1908-ci ildə isə o Əl-Əhzərin tanınmış alimi Tənnuhinin fərdi dərslərinə qatılaraq ondan xüsusi elmlər də əldə edir.

Təhsilini bitirdikdən sonra Şeyx Qəssam doğma vətəni Cəbələyə qayıtsa da burada o çox qalmır. Bir illki uzanan bir zaman kəsiyində Türkiyəyə səfər edir. Türkiyə səfəri onun dini elmləri bölüşməsi ilə yanaşı siyasi dünya görüşündə də xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri olur. Səfərini bitirib Şeyx Qəssam yenidən Cəbələyə gəlir. Burada o Quran, təfsir, fiqh kimi dərsləri tədris etməyə başlayır. Lakin özünü təkcə tədrisdə deyil, ictimai camiədədə sinayan Qəssam müasir gənclərin fikirlərini dinləyir, günün nəbzi olan hadisələrdə lazım olan addımları müzakirə edirdi. Heç təsadüfi deyildir ki, bu addımları onu təkcə gənclər arasında deyil, bütün Suriyanın fikir sahibləri arasında xüsusi nüfuza malik edir.

1911-ci ildə İtaliya hökuməti Liviyaya hücma keçir. Müsəlman torpaqlarında aparılan qəsbkar siyasətə qarşı çıxan Liviya mücahidləri ilə İtaliya qəsbkarları arasında müharibə başlayır. Təbii ki, böyük qüvvələrin müqabilində etiraza qalxan inanclı kütlənin güc və imkanları məhdud olacaqdı. Bunu yaxından seyr edən İzzəddin Qəssam Suriya xalqına müraciət edərək mübarizəyə qalxmış Ömər Muxtarın qoşununa hər növ yardım etmək üçün səfərbər olmağa çağırır. Toplanan yardımların Ömər Muxtara çatması üçün etibarlı şəxslərdən istifadə edən Şeyx Qəssam yardım göndəriləndən sonra bir qrup mücahid dəstəyə öz başçılığı ilə Ömər Muxtara yardıma tələsir. Onlar liman vasitəsi ilə Liviyaya istiqamət alsalar da Suriya hökumətinin yaratdığı süni qadağalar səbəbi ilə 40 gün limanda qalan İzzəddin və onunla bərabər olan dəstə geri, Suriyaya qayıdır.

Birinci Dünya Müharibəsi illərində də Şeyx Qəssam öz ölkəsində və ona yaxın ərazilərdə müharibədə müsəlman ölkələrinə dəstək verilməsi kimi addımları təbliğ etməklə yanaşı özü də bu işlərdə maddi və mənəvi olaraq qabaqcıllarından olur. Müharibədən sonra isə soyğunçuluq və istismar siyasəti ilə qolu qüvvəli ölkələrin müxtəlif şəhərlərə hucumunun yolverilməz olduğunu düşünən Qəssam öz ölkəsinə qarşı olan Fransız istismarçılarına qarşı da mübarizənin fəallarından biri olur. Sihyon bölgəsinə qədər gəlməyə müvəffəq olan Fransizlar Əl-Qəssamın başçılıq etdiyi qrupla qarşılaşınca amansız müharibə aparırlar. Qəssamın başçılıq etdiyi dəstə Fransa ordusuna tutarlı zərbə endirə bilir. Lakin daxılı xəyanət və Suriya hökumətinin Qəssam və tərəfdarlarına qarşı ikili oyunu Qəssamın briqadasını zəiflədir. Fransiz əsgərlərin Şam şəhərini tutunca İzzəddin Qəssamın tərəfdarları Türliyə ərazisinə keçdilər.

1921-ci ildə isə Fələstin ərazilərində İsrail-Sionist qüvvələrinin toplanmasından ehtiyat edən İzzəddin Əl-Qəssam Fələstinə gəlir. O Fələstində Hayfa şəhərində məskunlaşır. Burada dini tədrisə başlarkən ərazinin sakinləri ilə görüşlərdə də fəalliq göstərir, dünyada baş verən ictimai-siyasi hadisələri təhlil edərək onların da Yaxın Şərqin mərkəzində olan strateji mövqeylərinin təhlükə qarşısında olduğunu vurğulayır. Bu işlərdə onları ayıq-sayıq olmağa çağırır. Xüsusi olaraq dünya çapında baş qaldıran sionizm irticasinin qəsbkarlıq siyasətini diqqətə gətirərək bunun üçün onları ən optimal ərazı olaraq Fələstini əldə etmələrinin məqbulluğunu fələstinlilərə çatdırır. İngilislərin Fələstin torpaqlarını işğal etməsi bu ərazilərdə onlara müttəfiq Sionistlərin yerləşdiriləcəyi aydın bir həqiqət kimi İzzəddinin izlədiyi bir reallıq idi. Bunu üçün isə xalqda mübarizə ruhunu artıraraq onları müqavmətə səsləməyi Şeyx Qəssam proritet mövzu bilərək təkcə hayfada deyil, Fələstinin digər ərazilərində də ümumi kütləyə çatdırır. Təbii ki, mübarizə təkcə fikirlərin təbliği ilə bitmirdi, eyni halda buna mənəvi və maddı də dəstək lazım idi. Şəhadət ruhiyyəsinin aşılanması ilə başlayan çıxışlarında İzzəddin insanlara bu işdə maddi dəstək olmağa da çağırır. Bu maddi dəstəyin isə yardımlarla bərabər silah və zəruri avadanlıq olduğunun o böyük önəm daşıdığını söyləyir. Fikirlər öz effektini verincə isə bunu bir təşkilatlanma halına gətirmək üçün İzzəddin Qəssam “Hərbi birlik” adı altında təşkilat qurur. Bu təşkilat xalq içində hərəkata çevrilərək İzzəddin Qəssamın adını daşıyıb “Qəssamilər” hərəkatı adlanır. Qəssamilər gizli apardıqları mübarizə Hayfa ilə bərabər Fələstinin şimalında əməliyyatlar aparır. Əldə olunan hər kiçik uğur belə onları müsəlman xalqı olan Fələstinliləri yanında rəğbətə çevrilməsinə səbəb olur. İngilis qoşunları artıq İzzəddin Qəssamın başçılıq etdiyi bu dəstənin fəaliyyətinindən kifayət qədər narahatlıq keçirsələr də bu hərəkatın harada və kim tərəfindən idarə olunduğundan heç vəchlə məlumat əldə edə bilmirdilər.

1931-ci ildə İzzəddin Qəssamın başçılıq etdiyi hərəkatla Qüdsdəki “Azadlıq Hərəkatı” arasında danışıqlar aparılır. Və orta məxrəcə gəlinərək qüvvələrin birləşdirilərək istismarçılara qarşı mübarizə aparmaq fikirləri qərarlaşdırılır. Və cihat Aprel ayının 3-nə təyin olunur. İsrail və İngilislərə çaşdırıcı zərbə Əl-Yəcura olunan hücumla başlayır. 2 ingilis və 3 sionistin öldürülməsi ilə başlayan bu hərəkat bütün fələstində səs-küyə səbəb olur. Bu addım artıq uzun zamana çevrilən fələstinlilərin İngilis və Sionizm işğalçılarıına qarşı susqun hərəkətlərinə son qoyur. Ölkənin müxtəli əyalətlərində də İngilis istismarına qarşı etiraz dalğaları baş qaldırır. Buna səbəbkarının İzzəddin Qəssam olduğunu anlayan İngilis işğalçıları nəyin bahasına olursa olsun İzzəddin Qəssamın öldürülməsi əmrini verirlər. Lakin bu təhdidlər İzzəddinin istismarçılara qarşı mübarizəsinə heç bir təsir göstərmir. O Fələstinin müxtəlif əyalətlərini gəzərək fələstinlilərə mübarizə ruhunu aşılayaraq şəhadətə bir yoxluq deyil müvəqqəti həyatdan əbədi yaşayış kimi təsəvvürlərini möhkəmləndirir. Heç təsadüfi deyildir ki, fələstinlilərin azadlıq hərəkatındakı təfəkkürləri İzzəddin Qəssamın düşüncələri ilə daha mübariz hala gəlir.

Düşmən isə bu məşəli söndürmək yollarını düşünür. İzzəddinin qədəmi dəydiyi yerdən azadlıq və şəhadət şölələri qalxdığını seyr edən irticaçı qüvvələr onun getdiyi istənilən məkanı diqqətlə izləyərək İzzəddinin tələyə salıb məhv etmək yollarını düşünür. 19 Noyabr 1935-ci ildə İzzəddin Qəssam 14-nəfərlik dəstə ilə onlara vəd olunan silahı əldə etmək üçün Cənin yaxınlığındakı Yabəd dağına qalxırlar. Lakin cəsuslardan onların yerini xəbər verincə 500 nəfərlik İngilis əsgəri ərazini mühasirəyə alır. İzzəddin və ətrafindakıları təslim olmağa çağıran İngilis əsgərləri rədd cavabı alınca havadan və qurudan İzzəddin və tərəfdarlarının ehtimal verildiyi əraziləri atəşə tuturlar. Gecə yarısından başlayan atışma günün birinci yarısına qədər sürüncə rəşadətlə döyüşən İzzəddin əl-Qəssam da daxil olmaqla 7 nəfər şəhid, 8 nəfər isə əsir düşdülər. Hadisədən xəbər tutan Fələstin xalqının azadlıq sevən insanları hadısə baş verən əraziyə toplanaraq göz yaşları ilə şəhid olanların cənazəsini alaraq Bəhcür məzarlığında torpağa tapşırırlar.

Əl Qəssam şəhid oldu. Lakin onun yandırdığı azadlıq məşhəri nəinki sönmədi, əksinə onun şəhadətindən sonra daha da alovlandı. 1936-cı ildə fələstinlilərin İngilis istismarçılarına qarşı mübarizədə bütün fələstin xalqının qoşulması bunu bariz nümunəsi idi. Sonrakı illərdə də şəhid qanının yaratdığı fəza bir çoxlarına azadlıq uğrunda mübarizədə mənəvi yardımçı rolunu oynadı. Bu hərəkatlar içində Şeyx Fərhad Əs-Sədinin yaratdığı “İxvanul Qəssam” hərəkatıdır. Bundan əlavə olaraq “Fələstin Ərəb Partiyası” , “Əl-Futuvvə”, “Dəraviş” adlı silahlı qruplar da Qəssamın mübarizə məktəbinin yaratdığı abu-həvadan meydana gəldi.

Bu gün də Fələstin İslami Müqavmət Hərəkatının hərbi qanadı “İzzəddin Əl-Qəssam Briqadası” olaraq İzzəddin Əl-Qəssamın adını daşıyaraq Sionist İsrailə qarşı mübarizə aparmaqdadır.

Hazırladı Əbülfəz Bunyadov.
islamazeri.az
Müəllif: Admin | 18-04-2014, 18:41
Baxılıb: 496
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.