Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

NAL

NAL


İkinci hədis

Mehriban və əziz Əhli-Beyt sevənlər! Keçən nömrəmizdə çap edilmiş olan «Nal» hekayəsini oxuduqdan sonra mənə xeyli sayda məktub gəldi. Bu məktubları qələmə alan oxucuların hamısı bir sual verir, Həzrət Əli (ə)-ın atının nalı Borçalıya, Əlmərdan kişinin tarlasına necə gəlib çıxıb deyə mənə xitab edirlər. İlk olaraq bu sualın yaranması və təkidlə cavab istəmələri bir növ təbii səslənir. Elə bu cavabı axtara-axtara gedib çıxdım Əlmərdan kişinin yanına...

Əziz və mehriban oxucular, sualın cavabını Əlmərdan kişi deyil, Ağayi Mirağa Mustafazadənin yaddaşında tapdıq...
Danışırlar ki, çox varlı, varlı olduğu qədər də səxavətli, el və camaat içərisində hörmət və izzət sahibi olan Əhməd Xan adlı bir şah yaşayırmış. Əhməd Xan bütün varlığı, qəlbi ilə Əli dostu imiş. O, qocalıb dünyasını dəyişən vaxt oğul-uşağını başına yığıb deyir:

- Var-dövlətim, mənə aid olan hər şey sizin, buna söz yox, ölkəni mənim ölkəmin başında oturub onu idarə edəcək adam Əli dostu olmalıdır. Həm də bu adam o qədər, o dərəcədə Əli (ə)-a vurğun və aludə olmalıdır ki, onun bu Həzrətə olan məhəbbəti məni təəccübləndirməlidir. Çox gəzir, çox axtarırlar, belə bir adamın həqiqətən kim olduğunu ortaya çıxara bilmirlər. Onlar üz tuturlar Əli (ə)-ın özünün yanına. Məqsədlərini bildirir, ondan kömək istəyirlər.
Həzrət Əli (ə) onları dinlədikdən sonra xeyli fikrə gedir və sonda deyir:

- Siz bu adamın həqiqətən kim olduğunu bilmək istəyirsinizsə onda atlarınızı hazırlayın. Uzaq bir səfərə çıxacıyıq. Razılaşdıqları həmin gün yaraqlanıb-yasaqlanıb yola çıxırlar. Qabaqda Həzrət Əli (ə)-ın süvar olduğu Düldül, arxada isə həmin adamlar üz tuturlar o vaxt dünyanın ən abad, gözəl məkanlarından biri olan Gəncə şəhərinə. Əziz və mehriban Əhli-Beyt (ə) aşiqləri, həmin dövrdə Gəncə şəhəri hələ müsəlmanlığı qəbul etməmişdi. Amma, bu şəhərdə müsəlman dinini qəbul etmək, Məhəmməd hümmətinin yaşıl bayrağına bürünmək istəyənlərin sayı çox idi. Burada Əli (ə) aşiqi olan, onun yolunda canından və qanından keçməyə hazır olan adamlar vardı...

Uzaq yolun yorğunluğunu çıxarmaq üçün Gəncə şəhərinin gözəl bağlarının birində dincəlmək istədilər. Əli (ə) cibindən pul çıxarıb Qəmbərə verdi və buyurdu ki, gedib ət alıb gətirsin. Qəmbər şəhərə gəlib bir qəssab dükanına yaxınlaşdı. Əlindəki pulu qəssaba uzadıb ət istədi. Qəssab baxıb gördü ki, ət istəyən yerli deyil, qonaqdı. Elə ona görə də ətin ən yaxşı yerindən kəsib onu yola saldı. Həzrət Əli (ə) ətə baxan kimi Qəmbərə buyurdu ki, bu əti biz yeyə bilmərik, apar geri qaytar. Qəssaba de ki, sümüklü ət versin. Qəmbər qayıdan zaman Əli (ə) da onu izləyirdi ki, görsün bu işin sonu necə olacaq. Qəmbər əti qəssaba qaytarıb dedi ki, bizə sümüklü ət lazımdır. Ağam deyir ki, ətin ən yaxşı yerini biz götürəndə başqalarına sümük qalır. Ona görə də bu əti dəyişməlisən. Qəssab da cavab verir ki, ət qurtarıb, sənə vermək üçün ətim yoxdur. İstəyirsən pulunu al. Amma, onun vermiş olduğu pulu deyil, əvəzində Qəmbərə yerli pul verdi. Qəmbər də israrla tələb etdi ki, mənim öz pulumu qaytar. Onların arasında kiçik bir mübahisə yarandı. Əli (ə) onlara yaxınlaşıb: - Niyə onun öz pulunu qaytarmırsan? – dedi. Qəssab da cavab verdi ki, bu qədər pulun içərisində mən onun pulunu necə tapım?!.

Əli (ə) sağ əlini açıb, piştaxtadan içəri uzatdı. taxçadakı qutudan Qəmbərin vermiş olduğu pul atılıb Həzrətin ovucuna düşdü. Onlar sakitcə üz çevirib getdilər. Amma, bu hal qəssaba bir dərd oldu. İstədi onları izləsin, ancaq qonaqlar getmişdi.

Axşam namazı yaxınlaşırdı. Qəmbər üzünü Həzrət Əli (ə)-a tutub:

- Ağam, axşam namazı və gecələmək üçün yer axtarımmı, dedi.

- Narahat olma, axşam namazına da, gecələməyə də yerimiz var.

Qəssab Gəncə şəhərində tanınmış adamlardan biri idi. Bu vilayətdə, uzaqdan-uzağa Əli aşiqlərindən sayılırdı. Gəncədə onu Comərdi Qəssab deyə çağırırdılar. Comərdi Qəssab yaşadığı evdən başqa, barlı-bərəkətli bir bağın içərisində gözəl bir ev də tikdirmişdi. Amma, neçə il keçməsinə baxmayaraq bu evin qapısını heç kəsə açmamışdı. Soruşanlara:

- Bu evin sahibi nə vaxt gəlsə onda açılacaq- deyə cavabını vermişdi.

Comərd Qəssab neçə il əvvəl yuxusunda görmüşdü ki, Həzrət Əli (ə) Gəncəyə təşrif gətirib və onun bağının həmin səmtində, çox böyük bir xalçanın üstündə namaza durub. O Həzrətin namaza durduğu yerdə onun adına və şərəfinə bu evi inşa etdirdi. Adını qoydu «Müqəddəs qonaq evi». Dəfələrlə adlı-sanlı qonaqları oldu, şaha layiq adamlar bu evin qapısını döyüb, orada qonaq qalmaq, qapısını açıb içinə girmək arzusunda olsalar da Comərd Qəssab buna razılıq verməmişdi. Böyük həsrət və ümidlə, gözü yolda, qulağı səsdə, Gəncəyə təşrif buyurmuş adlı-sanlı qonaqların sırasında onu arayıb-axtarmışdı.

Comərd Qəssab bu gün nədənsə dükanını vaxtından əvvəl bağlayıb evə dönmüşdü. Bu günkü hadisənin təsiri altında fikirli-fikirli həyətdə dolanırdı. Elə bu vaxt həyət taybatay açıldı, həmin gündüzki adamlar həyətə daxil oldular. Bir-birinin arxasınca düz yeddi adam gəldi. Onunla salamlaşıb üz tutdular «Müqəddəs qonaq evi»nə tərəf. Evin eyvanına ayaq qoyan kimi neçə vaxtdı bağlı olan qapılar öz-özünə açıldı və qonaqlar içəri keçib namaza durdular. Comərd qəssab indi hiss elədi ki, neçə ildi gözlədiyi adam, yeni evin əsl sahibi gəlib. Adamlar içəridə namaza duran vaxt Comərd Qəssab həyətdə vargəl edir, qəlbinin dərinliyində qürurlana-qürurulana qonaqları necə qarşılamaq, necə yola salmaq barədə fikirləşirdi. Onun bu sevinci uzun çəkmədi. Bir qrup Əli (ə) istəməyən adam həyətə doluşub qonağın yerini soruşdular. Comərd qəssab onların qabağına durub içəri buraxmaq istəmədi. Səsə qəssabın oğlu gəldi. Gələn adamlar qəssabın oğlunu girov götürdülər. Boğazına kəndir salıb həyətin küncünə sürüklədilər. Amma, yenə qonağın yerini demədi. İş o yerə çatdı ki, qəssabın gözünün ağı-qarası yeganə oğlunun başını atasının və anasının gözü qarşısında bədənindən ayırdılar. Comərd Qəssab yenə də qonaqların yerini onlara demədi. Qonaqlar namazı bitirib, həyətə çıxana qədər ata, oğlunun cənazəsini zirzəmiyə çəkib gizlədə bilmişdi. Amma, hər şey olduğu kimi Əli (ə)-a aydın idi. Qəssab ev yiyəsi kimi qonaqlara xoşgəldin elədi. Ürəyindən qara qanlar axsa da gülümsünə-gülümsünə onları süfrəyə dəvət etdi. Qonaqlar süfrə başında yerlərini tutduqdan sonra Əli (ə) üzünü qəssaba tutub:

- Biz bayaq həyətə ayaq basanda sənin oğlun da burada idi. Xahiş edirik onu da çağır. Qoy bizimlə birlikdə süfrə başında otursun şam yeməyini birlikdə yeyək.

Comərd Qəssab dandı ki, oğlum evdə yoxdur, vacib işi olduğu üçün şəhərə çıxıb. Əli (ə) ciddi olaraq onun üzünə baxdı və dedi:

- Oğlun zirzəmidə uzanıb yatır, get çağır.

Comərd Qəssab Onun ciddi baxışları və inam dolu səsinin təsiri ilə istər-istəməz zirzəmiyə getdi... və oğlunun mışıl-mışıl yatdığını görəndə heyrətlə qışqırıb Əli (ə)-ın əllərini öpür, təşəkkür edirdi.

Həmin gün qəssabın oğlu da onlarla bir süfrə arxasında oturub təam etdi. Həmin süfrə arxasında Əli (ə) üzünü Əhməd Xana tutub dedi:

- Yeganə oğlunu Əli yolunda qurban verməyə hazır olan bir adamdan o yana sən kimi daha yaxın hesab edirsən.

Əhməd Xan oradaca əl qoyub, bağır basdı. Əli (ə)-a söz verdi ki, onun axtardığı adam elə Comərd Qəssabdır ki, var... Bu hadisədən sonra dünyanın ən gözəl, ən abad yerlərindən biri olan Gəncə və ətrafındakı ellər, obalar müsəlmanlığı qəbul edib, Əli (ə)-a beyət etdi. Həmin günlərin birində Əli (ə) Gəncə kənarına gəzintiyə çıxmışdı. Şəhərdən bir az aralıda atının yüyənindən tutub piyada gedən bir adama rast gəldi. Onlar salamlaşdılar. Əli (ə) üzünü ona tutub:

- Qardaşım, at ola-ola nədən piyada gedirsən? – deyə ona sual verdi.- Qardaş, mən uzaq bir mahaldan gəlmişəm – Borçalıdan. Bilməmişəm, atımın nalı düşüb. Nalbəndə getdim, bu atın ayağının ölçüsündə nalı olmadığını dedi. Allaha pənah, gedirəm, görək nə olacaq?!.
Əli (ə) heybəsindən bir nal çıxarıb ona verdi. Sonra da:

- Halal xoşun olsun! Apar nalbəndə, elə bilirəm sənin atının ayağı ilə düz gələr, - dedi və onunla sağollaşıb getdi. Onun Əlmərdan kişinin ulu babası Babakərə verdiyi nal beləcə gəlib Borçalıya çıxdı və bizim nal haqqında söylədiyimiz hədis də burada sona çatmadı. Sonralar bu nal ilə də var ki, onu gələn sayımızda...
Allahın pənahı üstünüzdən əskik olmasın – olmaz inşallah!

Məşədi Əli ABBAS
Müəllif: Admin | 13-04-2014, 21:03
Baxılıb: 532
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.