Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Mədİnə şəhərİ (mənzum şeir)

Mədİnə şəhərİ (mənzum şeir)

Ehh... Mədinə şəhəri, Peyğəmbəri isti ağuşunda mehman edən şəhər!
Əhli Beytin əzizi, pənahı, sevinci, qəhəri... Səni xatırlayanda nədənsə kövrəlirəm, qəhərlənirəm həmişə.
Bu xatirələr karvanı xəyallarımı, keçmiş-dəki acılı-şirinli hadisələrə yönəldir mənim.
Mədinə ana! Ey nurlu, şərəfli torpaq, Tanrı sənə həm şərəf, həm də dərdlər verdi bol-bol.
Tanrı sənə necə böyük lütflər etdi, Əşrəful-Ənbiyanın (ə) mübarək qədəmləri toxundu köksünə, Onu əzizlədin, oxşadın, yetirdiyin pak ruzilərdən sərgilədin önündə. Sinəndə Cəbrail ardıcıl Nəbiyə vəhylər gətirdi, Quran yazıldı... Bilal azan soylədi, günahkarları, napakları bağrında yudun, təmizlədin. İlk məscid sənin sinəndə bina edildi, iki qibləli məscid də sənin köksündə ucaldı. Nələr gəldi başına sənin, Xəndəkdə bağrını ovdular, Əbdəvədi öldürdü Mövla, kafərləri səndən qovdular.

Haqqla batil qarşı qarşıya gəlmişdi o gün!

Xoş halına fərəhli-sevincli anlar yaşadın o gün!

“Tələəl-bədru” deyə-deyə sonsuz intizarla gözləmişdin o sevgilinin gəlişini bir gün Mədinə!

Sən çox vəfalı şəhərsən, insanlardan da vəfalısan, zülmətləri yaran səhərsən, ey əziz şəhər, ey dan ulduzum! Amma dərdin də çoxdur bilirəm, dil açıb danışa bilsən hönkürtündən dağlar lərzəyə gələr. Amma səndən rica edirəm, danış mənə o günlərin ağrılı-acılı xatirələrindən, olub keçənlərdən az da olsa... İnsanların əhdinə vəfasızlığından, haqqı unutmalarından söylə mənə, sənə nə qədər ağır olsa belə...

Əmisi Abbasla Peyğəmbərə (s) cənazə qüslü verən Əlinin mübarək çöhrəsindən cari olan göz yaşlarından söz aç, adil və mərhəmətli kamal timsalına edilən zülmləri söylə ki, qoy parçalansın daşlaşmış ürəklər, azmış qəlblər...

Evində əsir qalmış, vilayəti bərqərar olmayan Mövlanın sanki, “çöp düşmüş gözündən”, “sümük qalmış boğazından” moizə et mənə, etibarsız insanların rəftarını xatırlat mənə, Mədinə! 25 illik qüssənin batinini anlat mənə.

Yanmış qapı arxasında mismar yarasından inləyən O məsumə ananın başına gələnləri yadına salanda zar-zar ağlayırsanmı sən də? Sən ağlarsan, inanıram, vəfalı olduğun üçün. Bir qarışqaya belə zülm olunduqda susmayan Əli, bu faciəni görəndə susdu. Əli heç zaman aciz qalmamışdı kimsənin qarşısında. Qurban verdi dininə özünü də Zəhrasını da... Yarının əllərinə zəncir vurulanda mismar yarasından betər nalə çəkdi, inildədi Zəhra. Bu davranışı ilə yəhudini müsəlman elədi Əli, lakin müsəlmanı imana, qeyrətə gətirə bilmədi!

Həzrət Əlinin (ə) zəban halı

Dörd yetim övladla, yetim ümmətlə,
Daşları əritdi harayım mənim.
Güntək nur saçırdı hər gecə-gündüz,
Zəhrasız zülmətdir sarayım mənim.

Paslı ürəklərə baxıb ah çəkdim,
Dərdlərdən sinəmdə xəzinə tikdim.
Tək-tənha bağlarda xurmalar əkdim,
Kədərlə yüklənib gün, ayım mənim.

Mədinə torpağı oldu həmdəmim,
Dərdi pıçıltıyla ona söylədim,
Kənardan dövrana baxıb göynədim,
Dəymədi hədəfə ox-yayım mənim.

Ey qəmli, dərdli şəhər, necə dözdün bunlara, nə cür tab gətirdin, söyləsənə. Sən də bir insan kimi danış dərdini, qoy boşalsın ürəyin, yüngülləşsin sinən.
Peyğəmbər (s) bağçasının gülü, “atasının anası” gizli, izsiz-soraqsız, gecə qaranlığında sənin qoynunda əbədi torpağa tapşırıldı, amma sən bildin məzarını Zəhranın harada olduğunu... Lakin vəfasız ümmət bu işdən qafil qaldı, hələ də bilmir axı niyə, nə üçün gizlidir Fatimənin məzarı?Amma kim istədi bildi, axtardı anladı səbəbini...

Gecələr dörd yetim balanın “ata anamız haradadır, nə zaman qayıdacaq?” sualına yalnız hıçqırıqlardan çiyinləri titrəyən, yanaqlarından axan göz əşki ilə cavab verən Əlinin dərdindən yanıb-qovruldunmu, Mədinə? Nə hallara düşdün O məzlum və tənha Mövlanın əhvalını seyr edəndə?! Ehh.. bilirəm çox dərdlisən, çünki, dörd imam zəhərləndi ağuşunda, şəhid edildilər, qoynunda əbədi rahatlıq tapdılar bu dörd imam. Tarixin ən böyük günahlarını törətdilər gözünün qarşısında, sonra da qəlbi qara qatillər həyasızcasına illərlə gəzib–dolaşdılar küçələrində. Onsuz da dərdli ürəyinə bir daha zəhərli xəncər sapladılar sənin. Neyinin naləsi çoxaldı, sazının fəryadı artdı. Nə etməli.. bu da sənə yazılmış qəzavü-qədər imiş. Döz, dözməli və gözləməlisən ümidlə yollara baxa-baxa əzizim! Hər acı ayrılığın sonunda bir şirin vüsal məqamı var. Sən bilirsən kimi gözləməlisən, çünki o ismət və təharət Xanədanını sən çoxlarından yaxşı tanıyırsan. Onların Fərəci sənə bəllidir. Bizim də gözlərimiz səninki təkin yollara dikilib Mədinə, gözləyirik! Əziz, ismətli, namuslu Mədinə şəhəri! Bir az da gözlə, gözlərindən qəm, kədər yaşlarını siləcək Həzrəti Sahibəz-Zamanı (ə)! İnşallah bundan artıq intizarda qoymaz cümləmizi. Sənli-bizli bir az da dözək, Allah qoysa mütləq gələcək, mütləq... tezliklə!


Hacı Rizvan İsmayılzadə
Müəllif: Admin | 13-04-2014, 20:57
Baxılıb: 540
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.