Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Abbas və Rahilə dastanı

Abbas və Rahilə dastanı

Ustadnamə

Dünya çox şirindir insan oğluna
Sonunu vəfasız, ağlar görmüşəm.
Dünən fərəhlənib açan gülləri,
Bu gün xəzan vurmuş bağlar görmüşəm.
Dünən hökmü keçən böyük xanları,
Bü gün məskun gördüm o insanları,
Dünən qanlar töküb qan soranları,
Bu gün sinəsini dağlar görmüşəm.
Dünən at belində cövlan vuranı,
Bu gün qəddin əyib olub nuranı,
Dünən dosta hiylə, tələ Quranı,
Bu gün özü düşüb ağlar görmüşəm.
Dünən məzlum gəzən kasıb canları,
Bu gün bəxti oyanıb veribdir varı,
Dünən işrət edən növcavanları,
Bu gün talehini bağlar görmüşəm.
Dünən nökər olan qohum-qardaşı,
Bu gün şahlıq edir hər qədəm başı,
Sadaxlı Məhəmməd dostu-yoldaşı,
Bu gün olub özünə yağılar görmüşəm.

Bəli mənim əzizlərim sizə kimdən, nəydən xəbər verim keçmiş qədim ayəmlərdən.

Elə olur ki, keçmişdə Yəmən vilayətində yaşayan bir nəfər Şəmün adlı yəhudi olur. Bu Şəmün yəhudi o qədər oxuyub savad almışdı ki, bütün elmlərin açarı hesab et ki, bunun əlində idi. Çox elmli olduğu üçün padşahın yanında rəm atan kahin idi. Bütün ramçıların rəhbəri idi, ona görə də padşah bunun qoyduğu qanunla və qoyduğu şəriətlə gedirdi, çünki, bunun qoyduğu, yazdığı şəriyət bütün xalq üçün qanun idi.

Vaxt oldu, gəldi bunun arvadı öldü. Ancaq bunun bir qızı var idi, həm də çox gözəl idi. O, çox ağıllı və irəliyi görən-duyan qız idi. Bu qız anası öləndən sonra evdə tək qaldı, çünki atası padşahın hüzurunda idi. Nəsə bu qızın elə bil könlünə işıq düşüb, bu İslam dinini qəbul eylədi, başladı Quranı öyrənməyə, Quran oxumağa. Bir qədər keçdi bir gün Şəmün yəhudi evə gəldi baxdı ki, içəridən Quran səsi gəlir, bir qədər diksindi, gördü qızı Rahilə xanımdı. Odur ki, içəri girəndə qız tez kiriyib Quranı gizlətdi, ancaq yəhudi bunu duydu,gördü ki, qız fikrini dəyişdi. Bu qədər götür-qoy edib dedi: -Yaxşısı budur ki, bir adlı-sanlı yəhudi oğlanı tapıb bu qızı ərə verim, yoxsa mənim dinimi batil edəcək.

Elə də etdi. Bir addı kişinin oğlunu danışdı, sonra gəldi qızın yanına dedi, qızım Rahilə, səni ərə verirəm, ancaq qız qəlbində tutmuşdu ki, əgər getsəm ərə mən İslam millətinə gedəcəm, yoxsa ərə getməyəcəyəm.

Qız soruşdu, ata kimə verirsən? Atası dedi, filan yəhudinin oğluna, çox adlı-sanlı kişinin oğludur, hazırlaş səni ona ərə verirəm. Qız dedi, ata mən ərə getmirəm deyəndə yəhudi dedi, qızım niyə getmirsən, qız dedi, elə ərə getmirəm. Atası dedi, qərəz sənin fikrini mən yaxşı qanmışam, ancaq onu görməyəcəksən, sən istəyirsən mənim dinimi batil edib müsəlmana gedəsən, ancaq onu görməyəcəksən. Qızı qaldırıb üçüncü mərtəbədə bir otağa qoyub ağzını bağladı dedi- ya mən deyən olacaq, ya da burada səni ölənə kimi ağzı bağlı saxlayacağam. İndi yaxşı düşün, mənə bir cavab ver. Yəhudi qızı burada qoydu bir neçə gün qız qaldı otaqda. Bir də baxdı ki, eşikdə yaman hay-küy var, ancaq o günüdür ki, məhərrəmin Aşura günüdür. Qız irəli gəlib pəncərədən baxdı ki, bir dəstə qara libas küçə ilə zincir vura-vura ya Əli, ya Hüseyn, ya Peyğəmbər deyə-deyə gedirlər. Qız bir qədər baxıb dedi: -ey İslam dininin padşahı, deyirlər bu dinnən qüvvətli din yoxdur, indi mən səmimi qəlbdən bu dini qəbul edib özümü buradan atacağam, əgər doğrudan da bu dində hökm varsa, qoy mənə sahib çıxsın əgər yoxsa, aldı Rahilə xanım.

Yüz iyirmi dörd min Nəbinin Xası,
Atıram özümü tutun siz məni,
Şaxseyin -vaxseyin adil ağası,
Atıram özümü tutun siz məni.
Dilərəm arzumu şahı xublardan,
Özü azad etsin qurtarsın dardan,
Sidq ilə çağırıram ya Şahi-Mərdan,
Atıram özümü tutun siz məni.
Çağrıram Hüseyni imamlar xası,
İmami Həsənə tutaram yası,
Sidq ilə dilərəm qolsuz Abbası,
Atıram özümü tutun siz məni.
Çağrıram Rəsulu, Şahı -Mərdanı,
Özün imdad eylə ya Kərəm xanı,
Qurbandı yolunda Rahilə canı,
Atıram özümü tutun siz məni.

Söz cavabını tamam eylədi, bu adları dilində car eyləyib özünü pəncərədən əldən qoydu. Odur ki, Allah taala Cəbrailə əmr eylədi qızı qanadında yerə düşürdü. Qız pənah qoydu qaçmağa. Qız o qədər yol gəlib bir meşəliyə çıxdı. Başladı bu meşə ilə bir qədər getmişdi bir bulağa çıxdı. Qız gördü ki, bu bulaq işlədilən bulaqdı. Əl-üzünü yuyub, sudan içib, vəhşi heyvandan qorxub ağacın başına çıxdı ki, bəlkə bu bulağa gələn olar, bir Allah tanıyan bəndə olar, mənə bir gün ağlayar.

Qız burada qalmaqda olsun sizə xəbər verim Səhvi mülkünün şahı Hüseyn şahdan. Nəsə bir gün Şah yuxusunu qatıb çox kədərləndi, vəzirini çağırıb dedi, ay vəzir, yuxumu da qatmışam özüm də çox bir təhərəm, hazırlaş bir gəzməyə, səyahətə çıxaq. Bəlkə qəmim -kədərim dağıla. Vəzir baş üstə deyib o saat kəcavə düzəltdi, padşahın başında da bir bölük qoşun yola düşdülər gəldilər həmin bulağ olan talaya töküldülər. Hüseyn şah dedi, vəzir, siz çadırları hazırlayın, mən də bulaqdan su içim gəlim. Odur ki, Şah gəldi bulağa, əyiləndə qızın əksini suda gördü dilinə kəlmeyi şəhadəti gətirdi dedi, deyirlər bəzi baxtı cinlər suda insanın gözünə görünürlər, olmaya bu cindir. Odur ki, vəziri səslədi. Vəzir gələndə dedi, ey vəzir, bir sən də baxbu bulaqda mənim gözümə zənan şəkli görünür, gör sənədə görünəcəkmi. Vəzir əyilib suya baxıb tez yuxarı baxdı dedi, ey qibleyi Aləm, odur sənə görükən qız. Odur ki, qızı ağacdan düşürəndə Hüseyn şah irəli yeriyib qızın əlindən tutub aşağı endirdi baxdı ki qız çox gözəldi. Şah dedi, gəl, bunun dərdini soruş gör niyə çöllərə düşüb? Odur ki, alır Hüseyn şah görək nə deyir və qız nə cavab verir:

Hüseyn şah
Bulaq üstə duran gözəl,
Niyə qəlbi qaralısan.
Nədən düşüb bu çöllərə
Gül irəngi saraldırsan
Rahilə xanım
Dindirməyin qan ağlaram,
Pərişandı halım mənim,
Cavan çağı dərd əhliyəm,
Qan ağlar dilim mənim.
Hüseyn şah
Ağlayırsan, həm gülürsən,
Eyniyin yaşın silirsən.
De nə diyardan gəlirsən,
Nə diyara varalısan?
Rahilə xanım
Atam düşdü bir xəyala,
Məni saldı haldan-hala,
Atdım özüm düşdüm çölə,
Xəzan vurdu gülüm mənim.
Hüseyn şah
Şah Hüseyn səni gördüm,
Təzələndi mənim dərdim,
Seyeri mülki mənim yurdum,
Sən de görüm, haralısan?
Rahilə xanım
Rahiləyəm deyim belə,
Həsrət qaldım qohum elə,
Atdım özüm düşdüm çölə,
Yəmən şəhri elim mənim!

Söz cavabını tamam eylədi, qız başına gələni danışdı, ancaq vəzir baxdı ki, qız təmkinli, dərrakalı qızdır. Öz-özünə dedi, gəl padşahın beyinni doldur, bəlkə buraxa bu qızı, gəlim özüm aparam. Ona görə dedi, qibleyi Aləm, bu qızın başını burax kim bilir nə bəd əməlin sahibidir, xeyirli qız olsa belə çöllərə düşməz. Şah dedi, yox ay vəzir, nə olursa-olsun, bu zənnən əhlidir bunu burada qoymaq olmaz, aparıb saxlayacam.

Şah qızı özü ilə gətirib bir otaq düzəltdi, bütün içinin əşyaları ilə verdi Rahilə xanıma. Dedi, burada yaşa qız. Bir qədər keçdikdən sonra şah yanına Adam göndərdi ki, Rahilə xanıma deyin ki, deməsin mən qəribəm, sahibim yoxdur, bəlkə ərə getmək istəyir, kimi istəyir desin, mən özüm onun toyunu edəcəyəm.
Gəlib qıza dedilər, qız cavabında, dedi, indiyə qədər mənim əlimə şahın əlindən savayı naməhrəm əli dəyməyib, əgər qəbul etsə şaha gedərəm, qəbul etməsə, mən ərə getmirəm. Gəldilər şaha dedilər, şah dedi, yəqin mən saxlerəm deyin utanıb elə deyir, o mənim babım deyil. Gedin ona deyin utanıb çəkinməsin, kimi istəyir desin. Qız yenə həmən cavabı verdi. Gəldilər ki, qibleyi Aləm o ki, özü razılıq verir gəl özünə nigah eylə, bəlkə Allah bundan sənə bir züryət bəxş edir. Çünki şah yarı yaşı keçmişdi, hələ ziryət nişanəsi yox idi. Ona xalq məcbur edib Rahilə xanımı Şəha nigah etdilər. Bir qədər keçdi qızın boyuna uşaq düşdü, gəldi 9 ay 9 gün tamam oldu barı həmini yerə qoydu. Bu bir oğlan uşağı oldu, şah yetimlər sevindirdi qurbanlar kəsdi, ac qarınlar doyurdu, uşağın adnı qoyanda qız dedi, şahım icazə versə, uşağın adını mən qoyaram, dedilər qoy, dedi, uşağın adını mən Abbas qoyuram, çünki o qolu kəsik Abbası çağırıb özümü atdım. Xülasə uşağı qoydular bir otaqda, qarabaşlar ona qulluq edir, uşağın başına fırlanırdılar.

Burada uşaq böyüməkdə olsun, sizə o nəhlətdəmə yəhudidən deyim, çox sərbəst irəm atardı. Elə oldu gəldi evə dedi, gedim görüm qız yola düzəlibdirmi. Gəldi qapını açıb baxdı ki, qız yoxdur odur ki, oturub irəm atdı və başladı qızın izinə düşüb gəzməyə. Bu irəm ata-ata gəlib çatdı Səhvi mülkünə. Baxdı ki, qız buradadır, ancaq şəhərdə kimin evindədi onu bilmədi, dedi, gedim buranın şahının yanına, bəlkə burada qallam bir qədər axtaram, tapam. Getdi Hüseyn şahın yanına dedi, qibleyi Aləm, mən yaxşı rəm atan kahinəm, əgər izin versən sənin yanında kahin olaram, belə deyəndə Hüseyn şah qəsid özü bilən işlərdən dedi, bir rəm at, bu da baxıb elə bil əli ilə qoyub. Şah bunu yaxşı bəyənib yanına kahin götürdü. Ancaq yəhudidə bir xüsusiyyət var idi, o hər cildə girirdi. Bir qədər şahın yanında qalıb, boş vaxtlarda şəhərin küçələrini gəzib dolanırdı ki, bəlkə qızı tapa. Çünki baxır ki, qız bu şəhərdən kənara çıxmayıb bir qədər qalıb bu özünü elə apardı ki, şah bunu bütün kahinlərin başçısı qoydu. Bir qədər qalıb yenə də şəhəri gəzirdi bir də güzarı qızı olan küçədən düşdü. Baxdı ki, qızı buradadır, hərlənib yolu yaxşı bələtlədi. Gecə gəlib içəri daxil oldu, uşağı görüb beşikdən götürüb yerə qoydu, uşağın boğazını kəsib beşiyə qoydu, bıçağı qanlı halda qızın döşəyinin altına qoyub özü çıxıb getdi. Qız öz-özünə ayılıb dedi: Bu uşaq gecədə iki-üç dəfə ağlayırdı, ancaq bu gecə heç dinmədi, qalxım yerinisada dəyişim.Qız qalxıb nə gördü. Baxdı ki,quzu kimi uşağın boğazını kəsiblər.Qan evin içi ilə bir idi.Bağırıb saçını yolub,qəşş eləyib yıxıldı.Bunun səsinə bütün qulluqçular töküldü, hay-haray düşdü. Bütün şahlıq, vəzirlik- hamı buraya cəm oldu. O cümlədən bütün kahinlər yığıldı. Şah dedi: əgər mənim bu qatilimi tapmasanız bütün nəslinizi Yer üzündən kəsəcəm.

Bu sözdən sonra yəhudi irəli yeriyib dedi: şahım gəl, belə bir söz danışaq. Əgər sənin qatilini tapıb sənə versəm, onun ixtiyarını mənə verərsənmi, onun qatili özüm olum?! Şah dedi, razıyam, illaha tap mən bilim mənim düşmənim kimdir. Yəhudi baxıb başını buladı, şah dedi, nə olub, dedi, rəm belə görsədir ki, uşağı qız özü kəsib bıçağı qanlı döşəyin altında durur, tez qaçıb döşəyin altına baxdılar ki, bıçaq budur qanlı durur, odur ki, şah əmr eylədi dar ağacı quruldu, qızı gətirdilər dar ağacına, qız ağlaya-ağlaya görək nə deyir:

And verirəm səni sirri xudaya,
Gəl öldürmə, məni yoxdur günahım!
Cəbrayıl gətirən haqqı-nidaya,
Gəl, öldürmə məni yoxdur günahım!
Talehim bəd gəldi əzəl binadan,
Cavan çağı yetim qaldım anadan,
Heç bir ana qisas almaz baladan,
Gəl, öldürmə məni yoxdur günahım!
Vaxt gələr xalıq mənə yar olar,
Bu gizli sirrilər bir aşkar olar,
Deməyin Rahilə eldə xar olar,
Gəl, öldürmə məni yoxdur günahım!

Şah dedi, onun dilinə inanmayın, bir ana ki, .öz balasını belə hala salsın, belə qadın mənə lazım deyil. Qız dedi, şahım burada mənim günahım yoxdur, hansı yezit ana olar ki, öz balasını öldürsün. Ancaq yenə də şah əmr eylədi yəhudi gəlib dedi, şahım, biz sənlə əhd-peyman bağladıq, bəs nə oldu sən bunu bir dara çəkib öldürəcəksən. Onu elə bir işkəncə ilə öldürəcəm ki, tarix boyu danışılsın. Odur ki, şah izin verdi yəhudi qızı dar ağacından gətirdi, ancaq özü cildini dəyişdi ki, bunu tanımasın. Qız söyündü ki, bu kim idi, mənə canı yandı, ancaq uşağın meydini də qızın boynundan asdılar ki, qoy camaat görsün ki, öz balasını öldürən ananın cəzası nə olur. Yəhudi qızı bir qədər aparıb bir biyaban səhrada cildini açıb dedi, qərəz mənim əlimdən haraya qaçacaqsan, indi nə deyirsən mən deyənə razı olmursanmı bir də səni ki, mən o üçüncü mərtəbədə qoydum qapı bağlı, sən haradan çıxdın, qız dedi, özümü pəncərədən atdım yəhudi dedi, yalan deyirsən, o hündürlükdən yerə atılsan, indi hər yerin cırılmışdı. Qız dedi, mən elə kəsləri çağırdım ki, ondan da hündür yerdən düşsəm heç bir şey olmazdı. Yəhudi dedi, kimi çağırdın, qız dedi, din İslamın pənahını, darda qalanın dadına yetəni və o qolsuz Abbası. Yəhudi dedi, indi mən də sənin qolunu kəsərəm qoy o qolsuz Abbas gəlsin sənə kömək olusun deyib, qızın biləyindən tutub bıçağı çıxarıb kəsmək istəyən zamanı qız ağlaya-ağlaya alır görək yəhudi atasına nə deyir, biz deyək eşidənlər şad olsun inşaallah:

Rahilə atasına:
Ey yəhudi nəhlət gəlsin zatına,
Gəl bu qədər uyma şeytan feylinə,
Ata züryətinə bu zülmü etməz,
Rəhmin gəlsin mən yazığın halına!
Yəhudi baxmayıb qızın biləyinin birinin damarını kəsdi, o birinə əl atanda, aldı qız görək nə dedi:
Sən necə atasan, sənə ar olsun,
Geniş dünya səni üçün dar olsun,
Hər iki cahanda üzün qara olsun,
Əli Zülfüqarı ensin belinə.
Yəhudi qızın ikinci biləyini də kəsdi, aldı qız axırını yana-yana görək nə dedi:
Haqqın min bəlası ensin canına,
Od düşsün dağılsın xanımanına,
Səni görüm bulanasan qanına,
Necə qıydın Rahilənin qoluna!

Yəhudi itələyib qızı yolun qırağına yıxıb getdi ki, qan aparıb öləcək, ancaq onu saxlayan kişi saxladı. Qız qaldı yolun qırağında zarıya-zarıya dedi, axı mənim ağam var mən üçüncü mərtəbədən də onları çağırdım, mənə heç nə olmadı, indi bundan dar gün olmaz, gəl ağanı çağır, bəlkə yenə sahib ola, alır görək nə deyir:

İslamın pənahı ərəsəd şahı,
Kərəm eylə, qoyma bu darda məni,
Yoxdur ki, günahım çəkirəm ahı,
Kərəm eylə, qoyma bu darda məni!
Hüseyni çağırıb özümü atdım,
Atanın əlindən qürbətə getdim,
Bəd gəldi talehim bu yerə yetdim
Kərəm eylə, qoyma bu darda məni!
Xudaya, rəhm eylə mənim halımı,
Niyə qara yazdın bu yığvalımı,
Yəhudidə nahaq qıydı qoluma ,
Kərəm eylə, qoyma bu darda məni!
Kimim var burada tuta mənə yas,
Günahkar bir quram edim iltimas,
Yetiş imdadıma, ya qolsuz Abbas
Kərəm eylə, qoyma bu darda məni!
Rahilədə diyər, amandır aman
Daha sağlığıma heç gəlmir guman,
Yetiş imdadıma Sahibəz-Zaman,
Kərəm eylə, qoyma bu darda məni!

Qız cavabını tamam eylədi, o burada zarımaqda olsun sizə xəbər verim İbrahim çavuşdan. İbrahim çavuş ildə iki dəfə başına adam cəmləyib öz savabı üçün Kərbəlaya ziyarətə aparardı. Yenə bir neçə adam cəmləyib gedirdi, ancaq yollar bir az qorxulu idi. Haramılar adamı soyurdu, ancaq o, bu yolla çox getdiyi üçün haramıların çoxu bunu tanıyırdı. İbrahim çavuş yoldaşlarına dedi, uşaqlar, siz gəlin mən irəli gedim qabaxda bir qorxulu yer var, görüm orda adam varsa, deyim ki, biz ziyarətə gedən züvvarıyıx, bizə dəymə sizində gömrük hesabınızı verərik. İbrahim çavuş bir qədər atını sürüb gəldi, baxdı ki, yolun qırağında bir qız zarıyır gəldi ki, qolları kəsik və bir də bir uşaqdı boğazı kəsik. İbrahim çavuş atdan düşüb qızı söylədirdi, yoldaşları da gəlib çatdılar. Ancaq bir neçəsi kim bilər nə bəd əməlin sahibidir, dedi, buraxın gedək. Qız gördü buraxın deyən səs çoxaldı, dedi, ay qardaş, qoyun mən ərzi-halımı sizə söyləyim, siz də bu ərzi-halımı o Kərbəlaya çatdırın. Mənim ağam qoymayacaq mən ölüm, alır qız ərzi-halını görək necə deyir;

Rahilə xanım
Bir ərizə yazaram şahı xublara,
Bu ərzimi o diyara yetirin,
Fələyin qəhrindən, çarxın əlindən,
Mən olmuşam günüqara yetirin!
Cavan çağı tərk eylədim elimi,
Yəhudidə qələm etdi qolumu,
Heç kimsə görməsin belə zulumu,
Ciyar oldu hazar para yetirin!
Mən qurbanam, haqqın min bir adına,
Bəlkə yetə mən yazığın dadına,
Rahiləyəm düşdüm hicran oduna ,
Alışıb yanıram nara yetirin!

Qız cavabını tamam eylədi, dedi, ay qardaş, mən günahsız bu hala düşmüşəm, mənim ağam məni saxlayacaq, siz mənim halımı oraya, söyləyin. Belə deyəndə İbrahim qçavuş dedi, uşaqlar götürün, qoyun kəcavəyə nə əməl sahibi olursa olsun, onu Allahın özü bilər, biz bunu bu hallı burada qoyub getsək, Allaha acıq gedər və ziyarətimiz qəbul olmaz. Odur ki, qızı qoydular kəcavəyə yola düşdülər o vaxtı Kərbəlaya çatdılar ki, axşam şər qarışanda aparıb qızı məscidin bir küncünə qoyub, özləri də əl-üstü ziyarət edib getdilər. Dedilər səhər gəlib ziyarət edərik. Bunlar getməkdə olsun sizə xəbər verim Rahilədən. Bir qədər zarıya-zarıya qalmışdı bir gördü ki, göydən taxt yendi, üstündə beş kimsənə Peyğəmbər olub. Həzrət əli, Fatimeyi Zəhra, İmam Həsən və İmam Hüseyin, Peyğəmbər baxıb dedi, qızım Fatimə, bu qızı tanıyırsanmı? -Kimdi dedi, baba? -Niyə tanımıram ki, həmin yəhudinin qızı Rahilə xanımdır, bizim dinin və bizim balaların üstündə bu günə düşüb. Peyğəmbər dedi, qızım indi neynəmək lazımdır? Allah taala min dərd verdisə onun min bir dərmanını sənə verdi. İndi buna şəfa verib sağaltmaq lazımdır. Dedi, onda mən dua edəcəyəm, siz də amin deyin. Odur ki, Peyğəmbər iki rükət namaz qılıb ağzının liqabından qızın biləklərinə çəkib dua eylədi, bunlarda amin dedi, qız ayılıb gördü ki, qolları sağalıb nizamdı. Qız bir də qəşş eylədi özündən getdi. Peyğəmbər dedi, qızım indi niyə belə oldu, dedi baba bala dediyin bağır ətidir. Bunun Abbas balası var, boğazı kəsik, onada şəfa vermək lazımdır. Peyğəmbər yenə iki rükət namaz qılıb aqzının liqabından Abbasın boğazına çəkib dua eylədi bunlar da amin dedi, qız o yerdə ayıldı ki, qolları salamat Abbas da döşlərində əmir. Allah hamını sevindirsin qız sevindiyindən, daha bilmirdi ki, neyləsin alır, görək necə şükür oxuyur.

Rahilə xanım;
Şükür sənə ey Yaradan,
Ağa yetdi imdadıma.
Eylədi dərdimə dərman,
Ağam yetdi imdadıma.
Canım qurban imamlara,
Mən olmuşdum günü qara,
Etməyə dərdimə qara,
Ağam yetdi imdadıma.
Haqqı Məhəmməddi dinim,
Kərbəla oldu mənzilim,
Rahiləyəm açdı günüm,
Ağam yetdi imdadıma.

Söz cavabını tamam eylədi qız qalxıb uşağı bir təhər belinə sarıyıb sübhə qədər o Kərbəlanı ziyarət edib süründü.

Sübh açıldı hamının sabahları xeyirliyə açılsın İbrahim çavuş öz dəstəsi ilə ziyarətə gəldi. Ancaq gedən qızı görəndə dedi, şükür sənə ilahi, bu qız dünən mən gətirən qıza necə bənzəyir. Ancaq qız bunu görüb irəli gedib İbrahim çavuşu qucaqlayıb üz-gözündən öpüb dedi, qardaş, ağ ələmin dibində sən mənim qardaşımsan, mən ki, dedim mənim ağam qoymayacaq məni ölməyə, indi gördünmü mən ölmədim. Ancaq daha mən daha burdan heç yana gedəsi deyiləm, hər buraya gələndə məni bir bacı kimi sən yoxlamasan Allahtaalaya səni şikayət edərəm.

Rahilə xanım burada qaldı. Abbas günü-gündən böyüdü, qoydu Abbası molla məktəbinə, yaxşı oxudu gəldi 11-12 yaşına,çatdı bunun çox gözəl məlahətli səsi olduğuna görə hər əzən vaxtı Abbas çıxardı minbərə əzan çəkərdi. İndi də sizə xəbəri verim Hüseyn şahdan. Hüseyn şah bir gün öz-özünə dedi, ey dili qafil, atam mənə vəsiyət etmişdir ki, hər ildə bir dəfə o Kərbəlaya ziyarətə get. Gör fələk mənim başımı necə qatdı ki,neçə ildi oraya həsrət qaldım, artıq ömrümün son çağıdır. Nə olur-olsun, bu il Kərbəlaya ziyarətə gedəcəyəm. Odur ki, vəziri çağırıb dedi, ey vəzir, mən Kərbəlaya ziyarətə gedirəm, şahlığa müğayət ol. Vəzir dedi, şahım səni and verirəm Allaha, qoy mən də gedim, belə deyəndə şah vəkili çağırdı, vəkil də and verdi ki, qoy mən də gedim. Bu dəmdə yəhudi də gəldi bu da şaha and verdi ki, qoy mən də gedim. Xülasə, bunun dördü də nizamlanıb yola düşdülər, o vaxdı Kərbəlaya gəlib çatdılar ki, Abbas minbərdə əzan çəkirdi. Abbasın səsini eşidən şah elə bildi ki, bu səs bir ox olub şahın ürəyini dəldi, dedi, uşaqlar, siz Allah bir az səbr edin, qoyun bu səsin sahibi ensin görüm, bu nəçidi, çünki, bu səs mənim ürəyimi deşdi. Gözlədilər Abbas əzanı çəkib düşdü yerə, çıxanda gördülər ki, cavan bir uşaqdı. Şah dedi ay vəzir, bu uşağa o qədər qanım qaynadı ki, əgər mümkün olsa bu uşağı özümə oğulluğa götürəcəm. Uşağı çağırıb yanına dedi, oğlum biz qərib qonağıq burada, qonax yerimiz yoxdur, olarmı bizi Allah qonağı edəsiniz dedi, əmi mənim böyüyüm anamdır, qoy ona deyim, dedi. Atan hanı, dedi atam yoxdu. Şah dedi, ay vəzir Allahın verdiyi qadın xeylağıdır puldan verib razı salacam. Abbas gedib dedi anasına, ancaq anası da gerdən baxıb dördünü də tanıdı. Dedi, oğul get çağır gəlsinlər. Abbas gedib dedi, buyurun əmi gedək, gəldilər evə ancaq Rahilə xanımın üzü niqablıdır. Bunlar dördü də gəlib evə əyləşdilər. Ancaq o vaxtdır ki, İbrahim çavuş da gəlib. Rahilə xanım dedi, oğlum get dayını da çağır, de ki, anam deyir, qonaqlarım var, gəl otur, onlarla söhbət et. İbrahim çavuş da öz yoldaşları ilə gəldilər əyləşdilər. Rahilə xanım gətirib Allah verənnən süfrə açıb çörək tökdü. Yaxşı yedilər-içdilər, qurtulanda Rahilə gətirib bir küncdə pərdə qurub dalında əyləşdi dedi, qonaqlar, libasınızdan şahzadəyə bənzəyirsiniz. Bir az söhbət edin, biz də qulaq asaq deyəndə Hüseyn şah dedi, vallah, bizi dindirəndə qoşundan, davadan, alverdən danışacayıq. Burada olanlardan danışsın biz də qulaq asaq, belə deyəndə qız dedi, əgər icazə versəniz və qardaşım İbrahim çavuş izin versə mən bir olmuş hadisə danışaram. Belə deyəndə hamısı razılıq verdi. Qız dedi, onda qardaşım İbrahim çavuşdan qapının ağzında otursun eşikdən gələn olsun mən sözümü qurtarmamış içəridən eşiyə çıxan olmasın, odur ki, tez İbrahim çavuş xancalın dəstəsindən tutub dedi, bacım danış bir kəsin həddi yoxdur tərpənməyə. Odur ki, alır Rahilə xanım görək nə deyir biz deyək eşidənlər şad olsun;

Rahilə xanım.
Əzəl başdan yatdı bəxti yığvalım,
Günü-gündən bəxti qara mən oldum.
Cavan çağı düşdüm çöldən-çöllərə,
Məcnun kimi bir avara mən oldum.
Dedilər nəydi azarın ki, düşürdün, alır qız:
Atanın əlindən mən düşdüm çölə,
Çox dolanıb getdim o qürbət elə,
Şaha külfət oldum axırım belə,
Şah əlindən düşən dara mən oldum.

Belə deyəndə yəhudini sancı tutdu dedi, atanın əlindən mənim qızım çöllərə düşdü, onu da mən elə etdim ki, ölərdi, olmaya bu yenə ölmədi, yaxşısı budur burdan yayılım. Qalıxıb axtafa götürdü ki, eşiyə çıxsın İbrahim çavuş dedi, otur yerində, yəhudi dedi, mən qonağam hara gedəsiyəm, İbrahim dedi, mənim bacım sözünü qurtarmamış heç kəs tərpənməsin. Rahilə gördü atası əl-ayağa düşdü alır sözün o birini;

Gecəki sehribaz yəhudi gəldi,
Öldürdü Abbası o qisas aldı,
Qollarımı kəsib çöllərə saldı,
Alışıban nara yanan mən oldum!
Dedilər xanım niyə yalan danışırsan, Abbas ki sağdır, qolları da yerində salamat, alır qız;
Qurbandır Abbasa ömrümün varı,
Nə müddət çəkirəm ah ilə zarı,
Adım Rahilədir şah Hüseyn yarı,
Axırı düşən bu diyara mən oldum!

Sözünü qurtarıb pərdəni çəkib üzünü açdı, dedi, ey nəhlətləmə sən burayadamı gəldin-çıxdın. Odur ki, İbrahim çavuş elə orada ca yəhudini xəncər ilə doğradı, sonra da şahın üstünə düşdü ki, günahsız bacımı niyə bu günlərə salıbsan? Sonra da dedilər ki, artıq iş-işdən keçib elə əsl zəvvar sizsiniz ki, siz Peyğəmbəri, İmamları görübsünüz və Peyğəmbərin əli dəyib sizə odur ki, Şah Hüseyn Abbası da özü ilə gətirib öz yerində şah təyin etdi. Özü istefa verdi, indi ona görə ona cənnətməkan şah Abbas deyirlər. Çünki, Peyğəmbər əli dəyib, Allah onlara rəhmət eyləsin. Sizə də can sağlığı, bunların bu işlərini götürür aşıq Məhəmməd Sadaxlı görək necə nəzmə çəkir biz deyək eşidənlər sağ olsun;

Müxəmməs!
Könül, uyma bu dünyaya
Etmə həvəs mən nə deyim
Əzəlin gəl, gəl eyləyir,
Axırın yas, mən nə deyim.
Sur verir müxənnətə,
Geydirir xas, mən nə deyim.
Üzərdə qoşun eyləyir,
Qəlibdən as, mən nə deyim.
Mərdlərin qəddin əyir,
Edir şikəst mən nə deyim.
O nəhlətullah yəhudi,
Çox azdı yolun düzünü,
İstədi ki, kama yetə,
Ərə verə öz qızını.
Qız düşdü qürbət ellərə,
Tutmadı ata sözünü.
Çox axtardı axır tapdı
Kəsdi Abbas tək quzunu.
Belə günahsız sitəmə
Söyləyin bəs, mən deyim!
Çox ağladı, nalə çəkdi,
Haqqı çağırdı dadına.
Gecə-gündüz zikr elədi,
Hər zaman saldı yadına.
Kərəmkanı cuşa gəldi,
Yetirdi öz muradına,
Abbası cana gətirdi,
Şükür etdi ustadına.
Qollarında şəfa tapıb,
Sağaldı kəs mən nə deyim.
Günahsız yerə atası,
Kəsdi qızının qolunu.
Uşağı verib qucağına.
Uzağa saldı yolunu.
Ol qəzanın sitəmindən,
Soran olmadı halını.
Sadaxlı aşıq Məhəmməd
Nəzmə çəkir zavalını,
Xudam özün salma şərə,
Günahsız-həbəs nə deyim.


Aşıq Məhəmməd Sadaxlı
Müəllif: Admin | 13-04-2014, 20:47
Baxılıb: 359
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.