Quranda nisbilik nəzəriyyəsi
Müəllif: Admin
Tarix: 9-04-2014, 14:43
Quranda nisbilik nəzəriyyəsi


Quranda nisbilik nəzəriyyəsi.
Həcc surəsinin 47-ci ayəsində deyilir: «Təcil ilə səndən əzab istəyirlər, Allah öz vədəsinə heç xilaf etməz. Həqiqətən, sənin Pərvərdigarının yanında bir gün, sizin saydığınız min il kimidir» .

Məkkənin kafirlərindən Nəzr ibn Haris Peyğəmbərə (s) və Qurana inanmırdı, onun tabeliyindəkilər də onunla həmrəy olub Peyğəmbərə (s) istehza edib deyirdilər ki, əgər sən Peyğəmbərsənsə, qoy sənin Allahın bizə əzab, bəla versin. Onların sözünə cavab olaraq bu ayə nazil oldu. Ayədə onlara xəbərdarlıq edilir ki, siz təcili surətdə Allahdan cəza gözləyirsiz. O, sizin cəzanızı verəcək, vədəsinə xilaf çıxmayacaq. Siz tələsirsiniz, ancaq Allah tələsmir, onun yanında bir gün, sizin hesab etdiyiniz min il uzunluğundadır. Yəni sizin cəzanızı Allah qiyamət günü verəcək, o gün isə dünya günləri ilə hesablandıqda çox uzaqdadır, çünki Allah taala divanxanəsində zaman ölçüsü başqadır.

Ayənin toxunduğu bu mətləb nəzəri fizikanın və nisbi mexanikanın ən vacib məsələlərindən biridir. Nyuton mexanikası 20-ci əsrin əvvəllərinə qədər elm və texnikada tədbiq edilən və hərəkət üçün verdiyi qanunları dəqiq nəticələr verən elm hesab edilirdi. Lakin bəzi məsələlərin həllində onun qanunları baxılan hadisənin izahı üçün kifayət etmirdi və ya heç yaramırdı. Odur ki, 20-ci əsrin əvvəllərində Eynşteynin nisbilik nəzəriyyəsi və ona əsaslanan yeni mexanika meydana çıxdı. Nyuton mexanikasında zaman və məkan mütləq mənadadır, yəni onlar heç bir şeydən asılı deyillər. Nisbilik mexanikasında isə zaman və cismlərin ölçüsü cismlərin surətindən asılıdır. Yəni sükunətdə olan saatla böyük sürətlə hərəkət edən saatın göstəricisi və ölçüləri eyni deyil.

Əgər dairəvi şəkildə olan iki eyni markalı saatı əvvəlcə bir-birilə yoxlayıb, sinxron işləmələrinə «qane» olandan sonra onların birini işıq sürətinə yaxın sürətlə hərəkət etdirsək, onun sükunətdə qalan saata nisbətən geri qaldığını və dairə şəklindən çıxıb ellips şəklinə düşdüyünü görərik , həm də bu ellipsin kiçik oxu hərəkət istiqamətində olar. Ellipsin böyük oxu isə saatın əvvəlki diametrinə bərabər qalar. Beləliklə, nisbilik mexanikası qanunlarına görə böyük sürətlə hərəkət edən cismlərdə zamanın cərəyanı yavaşıyır, cismin hərəkət istiqamətindəki ölçüsü isə qısalır, bu istiqamətdə cism sıxılır.

Demək, zaman anlayışı mütləq deyil, o, nisbidir: hərəkət edən müşahidəçi üçün bir cür, sükunətdə olan müşahidəçi üçün başqa cür cərəyan edir ki, buradan da məşhur «ekizlər paradoksu» meydana çıxır.

Tutaq ki, Adil və Sabir ekiz qardaşları 30 yaşında olarkən Sabir kosmik səyahətə çıxır, Adil isə evdə qalır. Sabir yerdən 21 işıq ili məsafəsində olan bir səma cisminə çox böyük sürətlə öz gəmisini qovur; belə ki, onun gəmisi işıq sürətinin 99 faizinə bərabər olan (saniyədə 297 min kilometr) sürətlə gedir. Burada qeyd edək ki, işıq sürəti 300 min kilometrə bərabərdir.

Sabirin bu sürətlə 21 işıq ili məsafəsində olan səma cisminə gedib qayıtmağını hesablayıb 42 ildən sonra Adil öz qardaşını qarşılamaq üçün kosmodroma gedir. Bu zaman onun 72 yaşı var, saçları ağarmışdır. Sabir kosmik gəmidən düşür, ekizlər qucaqlaşırlar. Ancaq kim onlara ekiz deyə bilər?.. Sabir cavandır, onun cəmi 36 yaşı var, çünki onun saatı və təqvimi ilə bu səyahət cəmi 6 il davam edib. Beləliklə, ekizlərin biri 36, o bir isə 72 yaşında olur. Buna ekizlər paradoksu deyilir.Bundanda maraqlısı odur ki, Sabir 30 yaşında kosmik səyahətə gedən gün, onun bir oğlu olur. Körpəyə Nadir adı qoyurlar. Sabir kosmik səfərdən 36 yaşında qayıdarkən, Nadirin 42 yaşı tamam olur, oğul atadan böyük olur!?.. Bu nəzəriyyəni hələ böyük miqyasda (makro-aləmdə) sınaqdan keçirmək mümkün olmayıb, çünki sınaqlar yalnız işıq sürətinə yaxın olan sürətlərdə qənaətbəxş nəticə verə bilər. Belə böyük sürətlər isə müasir texniki vasitələr ilə alına bilməz. Mikro-aləmdə, yəni atom daxilindəki element hissəciklərin hərəkəti isə işıq sürətinə yaxın olduğu üçün onlar üzərində aparılan təcrübələr bu nəzəriyyəni tamamilə təsdiq edir.

Müasir nisbilik mexanikasında zamanın cərəyanına və onun ölçülməsinə bu cür baxılır. Bu nəzəriyyə işıq sürətinin sabit və heç bir şeydən asılı olmadığını qəbul edir. Yenə də isbatsız, aksioma kimi qəbul edir ki, təbiətdə işıq sürətindən böyük bir sürət mümkün deyil, işıq sürətini heç bir vəchlə etmək olmaz. Lakin bu aksioma həmişə tənqid edilib, hətta işıq sürətini ötmə hallarına da təsadüf edilib. Odur ki, bu nəzəriyyə ətrafında böyük mübahisələr gedir. Buna baxmayaraq, zamanın nisbi olması qətidir. Əgər işıq sürətindən böyük sürətlərin mümkün olması sübut olunarsa, zamanın nisbiliyi məsələsinə xələl gəlməz, ancaq işıq sürətini ötdükdə, onun dəyişmə qanunu başqa cür olar.

Bunları bildikdən sonra ayədə «sənin Pərvərdigarın yanında bir gün, sizin saydığınız min il kimidir» ifadəsinin nə qədər əhəmiyyətli bir elmi məsələ olduğu aydın olar. Allah taala aydın surətdə insanlara anladır ki, həqiqi mütləq mənada zaman anlayışı yoxdur.

Peyğəmbər(s) hələ Məkkədə olarkən merac əhvalatı baş verir. Ramazan ayı gecələrindən birində -Qədr gecəsində Həzrət Cəbrail Peyğəmbərə nazil olur və Allahın əmri ilə onu asimanlara, səmanın əcaib məxluqlarına baxıb səyahət qılmağı və Allah taala ilə mülaqat etməyə dəvət edir. Peyğəmbər (s) öz yatağından qalxıb Cəbrailin gətirdiyi Buraq adlı qeyri-adi ata minir və Cəbrail ilə birlikdə göylərə qalxır. O, bütün səyyarələri, bürcləri və onların ulduzlarını, uzaq kəhkəşanları, qəribə səma cismlərini, Cəhənnəmi, Behişti seyr edir. Ərşi-əlaya çatır. Burada Cəbrail ondan ayrılıb dayanır, çünki onun Ərşi keçməyə ixtiyarı yoxdur. Bundan o tərəfə Peyğəmbər (s) «piyada» gedir. Ərşi keçdikdən sonra heç bir şey görmür. Burada zaman və məkan öz mənasını itirir. Nizami bu məqamı çox gözəl təsvir edərək deyir ki, «Məhəmməd məkansızlıq məkanında vaqe oldu». Bu məqamda Peyğəmbər (s) Allaha mükalimə edir. Səs eşidir, deyilən sözləri başa düşür, ancaq danışan şəxsi görmür. O, bu sözləri hər tərəfdən eşidir. Burada cəhətlər, səmt və mənasını itirmişdir. Burada Allah taalanın Peyğəmbərə tapşırıqları, Peyğəmbərin (s) Allah taalaya bir sıra sualları və ümməti barəsində iltimasları olur. Belə uzun səyahətdən sonra Peyğəmbər (s) Yerə, doğma Məkkə şəhərinə, öz evinə gəlir. Peyğəmbər (s) meraca gedərkən evdən çıxanda əbasının ətəyi su qabına ilişib qab yıxılmış, su axmağa başlamışdı. Həmçinin o, qapının həlqəsinə toxunub, onu hərəkətə gətirmişdi. Meracdan qayıdıb evə girəndə gördü ki,qabın suyu hələ axıb qurtarmamış, qapının həlqəsi də hələ tərpənir. O öz yatağına girdi, gördü ki, yatağı da hələ soyumayıb. O cür uzun səfərin belə qısa müddətdə başa gəlməsi o dövrdə heç kəsi qane edə bilməzdi; bu hal «ekizlər paradoksu»nun da əksinədir.

İş burasındadır ki, «ekizlər paradoksu» işıq sürətindən kiçik sürətlə gedən kosmonavtın hərəkəti barəsindədir. Halbuki Peyğəmbərin (s) meracı işıq sürətindən böyük sürətlə olub, bu səyahət xəyal sürəti ilə cərəyan edib, lakin xəyali deyil, cismani səyahət olub. Bu sürətlə olan hərəkətdə zamanın gedişi «ekizlər paradoksu»nda olan kimi yox, məhz onun əksinə olmalıdır. Zamanın nisbiliyini dərk etməyənlər Peyğəmbərin meracına inanmırdılar. Hətta din alimlərinin bəzisi cismani aləmdə bu cür səfərin mümkün olmasını qəbul etməyib,meracı ruhani və xəyali aləmdə hesab edirdilər. Dəqiq rəvayətlərdə deyilir ki, bir Mədinə məscidində Peyğəmbər (s) öz səhabələrinə merac əhvalatını nəql edirdi. Münafiqlərdən biri onun qısa bir müddətdə o qədər əməlləri seyr etməsinə inanmayıb, etiraz əlaməti olaraq,durub məsciddən evə getdi. Gördü ki, arvad xəmir yoğurur, ancaq suyu qurtarıb. Arvad onu su gətirməyə göndərdi. Kişi qabı götürüb çaya getdi və qabı su ilə doldurdu. Hava bərk isti idi. Kişi çimmək məqsədi ilə soyunub tez suya girdi. Lakin sudan çıxanda özünü arvad şəklində gördü. Böyük təşviş içində geyinərkən gördü ki, oraya bir kişi gəlir. Kişi burada tənha bir cavan qadını görüb ona yaxınlaşıb dindirdi və xoşuna gəldi. Özü ilə aparıb onunla evləndi. Bu «arvad» o kişi ilə bir neçə il yaşadı, ondan dörd uşağı da oldu. Bir gün bu «arvad» su gətirmək üçün çaya getdi. Qabını doldurub gördü ki, ətraf xəlvətdir. Soyunub çayda çimdi. Lakin sudan çıxanda gördü ki, yenə əvvəlki kimi kişidir. Öz kişi paltarı və su qabı da oradadır. Kişi böyük heyrət içində geyindi, su qabını götürüb evə gəldi. Gördü ki, arvadın əli xəmirdə, onun suyunu gözləyir. O, suyu arvada verib məscidə gəldi. Gördü ki, Peyğəmbər (s) hələ öz söhbətini qurtarmayıb. Peyğəmbər (s) onu görcək buyurdu ki, ay filankəs ( onun adı ilə ), sənin başına gələn əhvalatı mən nəql edim, ya özün nəql edirsən? O, xəcalət çəkə-çəkə dedi ki, Allahın Peyğəmbəri daha yaxşı söyləyər. Peyğəmbər (s) buyurdu ki, özün söyləsən yaxşı olar. O öz başına gələn bütün əhvalatı səhabələrə söylədi və Peyğəmbərdən üzr istədi.

Bütün bunlar zaman məfhumunun nə qədər nisbi olduğunu göstərən məsələlərdir. Allahın kəlamı bunları təsdiq etməyə yol açır.

Hər şey hərəkətdir
Yer kürəsi saniyədə 30 km. sürətlə Günəş ətrafında hərəkət edir. Biz bu cümləni oxuyana kimi artıq 90 km. yol getdik. İndi artıq məsafə 180 km.-ə çatır: indi isə təqribən 100 000 km. məsafə qət edir. Bunu ən yeni markalı avtomobillərin maksimal sürəti ilə müqayisə etsək, dəhşətə gələrik. Adicə avtobus salonunda durarkən, hərəkəti hiss edir, üzümüzə vuran küləyin təzyiqini və uğultusunu duyur, avtobusun təkanları müvazinətimizi itirib yıxılmaq həddinə çatırıq. Bəs, görəsən, sürəti avtobusdan heç olmazsa 37000 dəfə artıq olan Yer adlı minikdə hərəkət etdiyimizi niyə duymuruq, özümüzü tamamilə aram və dayanıqlı hiss edirik?

Çünki uca Allah dünyamızın hərəkətini elə nizamlayıb ki, bizə çətinlik olmasın. Hərəkət edən yalnız Yer kürəsi deyil. Yer 30 km./san. Günəş və ona tabe olan səma cismləri 20 km./san. sürətlə kəhkəşanın Veqa ulduzuna doğru «uçur». Kəhkəşan isə öz növbəsində Kainatın mərkəzi ətrafında hərəkət etməkdədir. Üstəlik, səma cismlərinin öz oxu ətrafında da fırlandığını nəzərə alsaq, beynimizdə mürəkkəb orbitlərdən ibarət xeyli dumanlı və çətin dərk olunan bir mənzərə yaranar.
Məşhur sözdür: «Su eyni yerdən iki dəfə axmaz». Bu xüsusiyyət yalnız suya deyil, göy cismlərinə də aiddir. Yer heç də çoxlarının təsəvvür etdiyi kimi, Günəş ətrafında dövrəsini tamamladıqdan sonra fəzada bir il əvvəl durduğu nöqtəyə qayıtmır. Çünki artıq həmin bir il ərzində Yer də daxil olmaqla bütün Günəş sistemi Veqa ulduzuna doğru öz mövqeyini hər saniyə 20 km. dəyişmişdir. Veqa ulduzu da daxil olmaqla kəhkəşan isə… Zəncirvari hərəkəti yenidən saymağa ehtiyac yoxdur.

Bütün bu çarpaşıq hərəkətlər aləmində dəqiq nizam-intizam vardır. Səma cismlərinin qarşılıqlı cazibəsi qorunur, nə Günəş Yerin hərəkətinə, nə də Yer Ayın orbitinə mane olur. Bu böyük Kainatda hər şey Allah adlı qüvvənin qanunlarına tabedir. Həmin Allah öz müqəddəs kitabında Günəşin daim hərəkət halında olduğunu açıq-aşkar bildirir: «Və Günəş onun üçün qoyduğu qanundur» («Ya-Sin» surəsi, ayə 38).

Ulduz və planetlərin maneəsiz və «müti» halda hərəkət etməsi aşağıdakı ayədə də xəbər verilir: «Allah göyləri və Yeri haqq üzrə yaratdı, gecəni gündüzün üzərinə doladı və gündüzü gecənin üzərinə doladı. Günəşi və Ayı öz hökmünə tabe etdi ki, hər biri müəyyən vaxt ərzində dövr etsin. Bilin ki, o izzət sahibi və bağışlayandır!» («Zümər» surəsi, ayə 5).

Beləliklə, hər sahədə, o cümlədən astronomiyada elmi kəşfləri əsrlərlə qabaqlamış Quranın daha bir möcüzəsi ilə tanış olduq. Quranın batini bu cür elmi öncədən görmələrlə zəngindir. Zaman keçdikcə bəşərin elmi səviyyəsi artır və ilahi hikmətlərin üzərindən məchulluq pərdəsi götürülür. Müasir elmin qarşısında duran yol isə nəhayətsizdir - Allahın özü qədər…
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031