Главная > İslam elimləri, Maarif > Maddi imkanın fərqli olmasının hikməti nədir?

Maddi imkanın fərqli olmasının hikməti nədir?


5-06-2023, 12:10. Разместил: admin1
Maddi imkanın fərqli olmasının hikməti nədir?
Ruzini insanların arasında bölən Allahdır. İstər onlar buna görə şükür etsinlər, istərsə də naşükürlük etsinlər. Bu, Allahın ümumi lütfüdür ki, hamıya şamil olur.

Bu məsələyə diqqət etmək lazımdır ki, varlıq aləmində baş verən bu bölgü canlıların arasında fərqlidir, amma bu, qətiyyən ayrı-seçkilik deyildir.

Yəni, Allah ruzini fərqli şəkildə insanlar arasında bölər. Amma onlar arasında ayrı-seçkilik etməz. Çünki ayrı-seçkilik o zaman olur ki, insanların arasındakı şərait eyni olsun.

Lakin fərqlilik odur ki, bərabər olmayan şəraitdə fərqlilik yaranar. Ruzinin fərqli bölünməsinin səbəblərindən biri də onların istedadlarına qayıdır. Həmçinin insanların iqtisadi fəaliyyətlərinin kəmiyyət və keyfiyyəti də çox mühümdür.

Həyatda bəzən elə insanlara rast gəlirik ki, bizim nəzərimizə görə fərasətsizdirlər. Lakin onların gəlirinə nəzər salanda, çox təəccüb edirik. Əgər ciddi şəkildə həmin insanın əxlaqını, cisim və ruhunu tədqiq etsək görərik ki, verdiyimiz ilk qərar səthi olmuşdur. Onların həyatda o qədər qüvvətli tərəfləri vardır ki, biz onları görmürük və bundan qafilik.

Hər bir halda gəlirlərdə olan fərq istedadların fərqli olmasından qaynaqlanır. Ola bilsin ki, bu istedadlar fitri olsun və ola bilsin ki, sonradan əldə olunan olsun.
Ruzinin fərqli olmasının hikməti nədir?

1. İlahi imtahan.
İmam Əli (ə) buyurur: "Allah ruzini təqdir etmişdir və onu adilcəsinə az və çox halda bölmüşdür. Bu yolla zənginin və yoxsulun şükür və səbrini imtahana çəksin”.

Deməli, ruzinin fərqli olmasının hikmətlərindən biri budur ki, Allah insanları bu yolla imtahana çəkər. Lakin bu fikri özümüzdən uzaqlaşdırmalıyıq ki, əgər Allah birinə çoxlu ruzi verirsə və onu hər bir dərd və xəstəlikdən uzaq saxlayırsa, deməli onu hamıdan çox sevir. Bu, belə deyildir.

Bəlkə bunu yəqin etməliyik ki, Allah hamıdan daha çox mömin bəndəsinin xeyirini istəyir. Onun üçün nəzərdə tutduğu hər bir şeydə xeyir vardır.

İmam Sadiq (ə) buyurur: "Mən mömin bəndəyə görə təəccüb edirəm. Çünki Allah hər nəyi ona təqdir etsə, sonu bu bəndə üçün xeyirdir. Əgər təqdir etsə ki, onu qayçı ilə tikə-tikə etsinlər, onun üçün yaxşıdır. Əgər təqdir etsə ki, dünyanın şərq və qərbi onun olsun, yenə də onun xeyrinə sona çatar”.

Bu fərqliliyi hətta peyğəmbələrin (ə) arasında da müşahidə etmək olar. Belə ki, Süleyman (ə) kimi peyğəmbər böyük bir dövlətə hökranlıq edirdi, cinlər, insanlar, heyvanlar ona xidmət edirdilər.

Külək də onun ixtiyarında idi. Həzrət Süleyman (ə) hara istədisə, onu ora aparırdılar. Eyyub (ə) kimi peyğəmbər isə çox böyük çətinlikdə qərar tutur.

Bu səbəb ola bilməz ki, Allah Süleymanı (ə) Eyyubdan (ə) daha çox istəyirdi. Bəlkə səbəbi budur ki, hər birinin imtahanı fərqlidir.

2. İstidrac.

Hər bir artan sərvəti İlahi lütflə bağlamaq olmaz. Bu sərvətə halal yolla əldə edilən imanlı şəxsin sərvəti aid ola bilər. O, bu sərvəti Allah bəyənən yollardan əldə etmişdir.

Əks halda sərvətin artması İlahi lütf olmaz. Əslində İlahi əzabın nişanəsi olar. Quran onu istidrac adlandırmışdır. Əgər insan İlahi ayə və nişanələri unudar və dünya qapılarını üzünə açar və əldə etdiyi sərvətdən dünya ləzzətləri üçün istifadə edər, anidən İlahi əzaba düçar olar.

Bu cür sərvət İlahi lütfün nişanəsi deyildir, əksinə bu cür tələyə - istidraca düşməmək üçün Allaha pənah aparmaq lazımdır.

Nəticədə demək olar ki, insanların ruzisinin fərqli olmasının səbəbi – onların istedadlarının fərqli olmasına görədir. Bu fərqin özü isə İlahi imtahandır.

Allah bu yolla şükür edən və naşükür bəndələrini ayırd etmək istəyir. Əgər bu sərvət halal yolla əldə olunarsa - yaxşıdır, əks halda İlahi ayələri unudanlar üçün istidrac ola bilər.




/Deyerler.org/
Вернуться назад