Главная > İslam elimləri, Quran > "Fatihə" surəsinin təfsiri

"Fatihə" surəsinin təfsiri


9-02-2023, 22:58. Разместил: admin1
"Fatihə" surəsinin təfsiri
"Bismillahir-Rəhmanir-Rəhim" ayəsinin mənası elə dərindir ki, onu bircə məqalə hüduduna sığışdırmaq qeyri-mümkündür. Tarix boyu bu ayənin təfsirinə aid cild-cild kitablar yazılmış, bu mövzuda yüzlərlə hədis rəvayət edilmişdir.

Bir gecə İmam Əli (ə) Abdullah ibn Abbasın əlindən tutub onu qəbristanlığa apardı və Qurandan bir ayə oxumasını istədi. İbn Abbas "Bismillahir-Rəhmanir-Rəhim" ayəsini oxudu.

Bundan sonra İmam Əli (ə) "Bismillah"ın mənalarını sübh açılıncayadək incələdi. Ardınca buyurdu: "Əgər gecə bir qədər də uzun olsaydı, "Bismillah"ın əvvəlindəki "ba" hərfini daha artıq təfsir edərdim".

İmam Əli (ə) ayənin tükənməz mənalarına işarə edərək buyurmuşdur: "Əgər istəsəm, "Bismillah»ın əvvəlindəki "ba" hərfinin mənalarını o qədər incələyərəm ki, (dediklərimi kağıza köçürsəniz) 80 dəvəyə yük olar".

Qurani Kərimin bütün surələrinin əvvəlində (yalnız "Tövbə" surəsindən başqa) "Bismillahir-Rəhmanir-Rəhim" ayəsi vardır. Hədislərdən belə anlaşılır ki, Qurandan əvvəl göndərilmiş bütün müqəddəs kitablar da bu ayə ilə (yaxud buna uyğun məna daşıyan cümlə ilə açılırmış. Həzrət İmam Məhəmməd Baqirin (ə) aşağıdakı kəlamı da həmin fikri təsdiqləyir: «Bütün səmavi kitabların əvvəli «Bismillahir-Rəhmanir-Rəhim»dir.

Müsəlman şəxs hər işini «bismillah»la başlasa, o iş bərəkətli və xeyirli olar. İmam Əli (ə) buyurmuşdur: «Allahın bəndəsi dua oxumaq, yaxud hər hansı işə başlamaq istəyərsə, «Bismillah» deyər, bununla söyləmək istər ki, bu işi Allaha xatir yerinə yetirir. Hər kim «Bismillahir-Rəhmanir-Rəhim»lə işə başlasa o iş bərəkətli və uğurlu olar».

Hədislərdə yemək yeyərkən, səfərə çıxarkən, məscidə və evə daxil olarkən, qurban kəsərkən və s. hallada «Bismillahir-Rəhmanir-Rəhim» deyilməsi çox təkid edilmişdir. Bu cümlə Allahla bəndə arasındakı əlaqə «qapı»sının kilidinə açardır.

«Bismillahir-Rəhmanir-Rəhim» ayəsi Allahın diqqət və rəğbətini bəndənin oxuduğu və etdiyi əmələ doğru yönəldir. «Bismillah» Allaha xatir edilən hər bir hərəkətin qəbula yetişməsinə zəmanətdir. Axı, mömin şəxsin şüarı budur: «Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür». («Ənam» surəsi, 162-ci ayə).

Həzrət Məhəmməd Peyğəmbərdən (s) rəvayət edilən bir hədisdə oxuyuruq: «Bəndə «Bismillahir-Rəhmanir-Rəhim» deyəndə Allah taala buyurar: «Bəndəm öz işini mənim adımla başladı. Demək mən də onun işini xeyirlə başa çatdırmalı və bərəkətli etməliyəm».

Peyğəmbərimiz başqa bir hədisdə buyurmuşdur: «Hər kəs bir işə başlasa, amma qəm-qüssə və çətinliklə üzləşsə, xalis niyyətlə özünü Allaha təslim edib «Bismillahir-Rəhmanir-Rəhim» desin.

Bununla o iki faydadan birini qazanar: ya dünyadakı ehtiyacları ödənmiş olar, ya da axirətdə Allah yanındakı nemətlərə sahib çıxar. Əlbəttə, axirətdə Allah yanında olan nemətlər mömin üçün yaxşı və qalarqıdır».

Allahı yada salmadan başlanmış işdən, Allaha xatir olmayan əməldən xeyir-bərəkət ummaq mənasızdır: «Bismillah»sız başlanan hər iş naqis və yarımçıqdır». (Məhəmməd Peybəmbər (s)).

«Bismillah» ayəsi o qədər fəzilətlidir ki, onu gözəl xətlə yazmağın da xeyli savabı vardır. Həzrət Əli (ə) buyurmuşdur: «Hər kim «Bismillahir-Rəhmanir-Rəhim» ayəsini gözəl xətlə yazsa, mütləq cənnətə gedər».

Rəvayətlərdə deyilir ki, Allahın mübarək adlarından biri möcüzəvi xüsusiyyətə malikdir: buna «ismi-əzəm» (ən əzəmətli ad) deyilir. Bu adı yalnız Allahın ən sevimli bəndələri: peyğəmbərlər, imamlar və böyük övliyalar bilir.

«İsmi-əzəm»i söyləməklə hər çətinliyi həll etmək, gizlindəkiləri bilmək, heyvanların və quşların dilini anlamaq olar. Həzrət Süleyman peyğəmbər (ə) ölüləri dirildir, palçıqdanyoğrulmuş quş heykəllərini canlandırırmış. Hədislərdə deyilir ki, «Bismillahir-Rəhmanir-Rəhim» ayəsinin ismi-əzəmə yaxınlığı, göz bəbəyinin gözə yaxınlığından daha artıqdır.

Hürufilərin sələfi sayılan Əbül-Abbas Buni isə iddia edirdi ki, guya İsa Peyğəmbər (ə) «Bismillahir-Rəhmanir-Rəhim» ayəsini oxumaqla möcüzələr göstərirmiş və bu ayə elə «ismi-əzəm»in özüdür.

Hər surənin əvvəlində işlənən «Bismillahir-Rəhmanir-Rəhim» ayələrinin Qurana aid olub-olmaması zəminində alimlər arasında fikir ayrılığı vardır. Bəziləri «Bismillah» ayələrini Quranın tərkib hissəsi hesab etməmiş və yalnız surələri bir-birindən ayırmaq üçün vasitə saymışlar.

Lakin əksəriyyət tərəfindən təsdiq edilmiş daha düzgün fikir budur ki, «Bismillahir-Rəhmanir-Rəhim» ayələri bütün surələrin («Tövbə» surəsi istisna edilməklə) birinci ayəsi və tərkib hissəsidir.

Quran elmlərinin məşhur mütəxəssislərindən sayılan Şeyx Cəlaləddin Süyuti «Əl-İtqan» kitabında yazmışdır ki, Həzrət Məhəmməd Peyğəmbər (s) namazda «Fatihə» surəsini oxuyarkən, həmişə əvvəldə «Bismillahir-Rəhmanir-Rəhim» ayəsini deyirdi.

«Əl-Kafi» kitabındakı hədislərin birində deyilir ki, səhabələrdən biri İmam Cəfər Sadiqdən (ə) soruşdu: «Namazda «Fatihə» surəsini oxuyarkən «Bismillahir-Rəhmanir-Rəhim» ayəsini də deyimmi?» İmam cavab verdi: «Bəli».

Səhabə yenə soruşdu: «Fatihə»dən sonra başqa surə oxusam, yenə «Bismillahir-Rəhmanir-Rəhim» deyim?» İmam Sadiq (ə) buyurdu: «Bəli, de!» Həmçinin, İmam Sadiq (ə) buyurmuşdur ki, əgər bir şəxs namazda «Fatihə»dən sonra oxunan surəni «Bismillahir-Rəhmanir-Rəhim»siz başlasa, gərək namazı yenidən qılsın» (Şeyx Küleyni - «Əl-Kafi», «Namaz» kitabı).

Mərhum Əllamə Süyuti «Əl-İtqan» kitabında «Bismillah» ayəsinin Qurana aid olması barədə rəvayətləri sadalayaraq yazırdı: «Bu rəvayətlər sübut edir ki, «Bismillahir-Rəhmanir-Rəhim» ayəsinin Qurana aidliyi və surələrin əvvəlində nazil olması məna baxımından təvatür (Əgər çoxlu sayda hədis azacıq söz fərqi ilə eyni mənanı ifadə edərsə, buna məna baxımından «mütəvatir hədis» deyilir) həddindədir».

ALLAH

Allah taala təsəvvürə gələn bütün gözəl ad və sifətlərin sahibidir. Onun adlarının sayı qeyri-məhduddur. Dini mətnlərdə Allahın adlarından bir çoxu xatırlanmışdır.

Həzrət Məhəmməd Peyğəmbərin (s) dilindən rəvayət edilən «Cövşəni-Kəbir» duası bu cəhətdən çox məşhurdur. Dua 100 hissədən ibarətdir, bu hissədə Allahın 10 adı sadalanır. Beləliklə, «Cövşəni-Kəbir» duasında üst-üstə Allahın 1 000 gözəl adı çəkilir.

Allahın adlarından 99-u daha məşhurdur; bunları ümumilikdə «Əsmaül-Hüsna» (ən gözəl adlar) adlandırmışlar. Peyğəmbərimiz buyurmuşdur: «Allahın yüzdən bir ədəd əksik (yəni 99) adı vardır» (İmam Buxari - «Cameüs-Səhih», «Tövhid» kitabı).

İmam Cəfər Sadin (ə) də Hişama xitabən buyurduğu hədisdə Allahın adlarının 99 olduğunu söyləmişdir. Qurani Kərimdəki müvafiq məzmunlu ayələrin birində oxuyuruq: «Ən gözəl adlar Allahındır, onu bu adlarla çağırın, onun adlarını dananlardan əl çəkin; tezliklə öz əməllərinin cəzasına yetəcəklər». («Əraf» surəsi, 180-ci ayə).

Allahın adlarından hər biri onun sifət və xüsusiyyətlərindən birini ifadə edir. Məsələn, «Xaliq» adı Allahın yaradıcılıq sifətini, «Əlim» - elmini, «Qədim» - qüdrətini, «Bəsir» və «Səmi» - hər şeyi görüb eşitməsini, «Raziq» - məxluqata ruzi verməsini bildirir. Bu adların hamısı birtərəflidir; onların hər biri digərlərindən asılı olmayaraq müstəqil məna daşıyır.

Yalnız «Allah» adı Yaradanın bütün sifətlərini əhatə edir və özündə birləşdirir. «Allah» kəlməsi Yaradanın bütün başqa adlarını əvəz etməyə qadirdir.

Deyilənlərin aydın olması üçün sadə bir misal göstəririk. Aşağıda sadalanan sifətlərin hər biri insana aiddir və onun vücudunu xarakterizə edir: a) canlı; b) ikiayaqlı; v) doğulan; q) danışan; ğ) eşidən; d) görən və s. Bu sifətlərin hər biri insana aid olsa da, ayrı-ayrılıqda götürüldükdə heç biri insanı hərtərəfli şəkildə xarakterizə etmir.

Yəni bu sifətlərin heç biri digərlərini əvəz etməyə və obyekt (insan) haqqında mükəmməl təsəvvür yaratmağa qadir deyildir. Məsələn, canlılıq, doğulma, eşitmə və görmə xüsusiyyətləri insanla heyvanda, danışma sifəti insanla mələkdə müştərəkdir.

Yalnız «insan» sözü vasitəsilə biz haqqında danışılan obyekt barədə real təsəvvür almağa nail oluruq. Çünki, «insan» adlanan məxluq yuxarıda sadalanan xüsusiyyətlərin hər birinə malik olmalıdır.

Lakin bu sifətlərdən birini daşıyan məxluq insan olmaya bilər. Demək, «insan» kəlməsi həmin sifətlərin hamısını özündə birləşdirir və onları əvəz etməyə qadirdir.

Eləcə də «Allah» kəlməsi «Qadir», «Bəsir», «Səmi», «Əlim», «Raziq» və s. ilahi sifətlərin məcmusunu özündə ehtiva edir.

Təfsir kitablarında «Allah» sözünün çoxlu mənaları verilmişdir. Məsələn:

a) Allah - bütün cəmal və cəlal sifətlərini özündə birləşdirən zattır;

b) Allah - sitayişə layiq olan yeganə məbuddur;

v) Allah - bəla və çətinliklər məngənəsinə düşmüş insanın pənah apardığı həqiqi yardımcıdır.

Əmirəlmöminin İmam Əlidən (ə) «Allah» sözünün mənasını soruşdular. Belə cavab verdi: «Allah odur ki, bütün yaradılmışlar çətinlik və ehtiyac içində olarkən, hər şeydən ümidlərini üzüb hər kəslə rabitələrini kəsər və yalnız ona valeh olub özlərini unudarlar».

İmam Musa Kazim (ə) «Allah» kəlməsinin mənası barədə buyurmuşdur: «O, hər xırda və böyük əşyanın sahibidir».

«Allah» kəlməsinin morfoloji baxımdan mənasına gəlincə, bu barədə iki əsas nəzəriyyə mövcuddur:

1. Hişam ibn Həkəm adlı məşhur səhabə İmam Cəfər Sadiqdən (ə) soruşdu: « «Allah» adı hansı sözdən yaranıb və onun kökü nədir?» İmam Sadiq (ə) cavab verdi: « «Allah» adı «ilah» (pərəstiş olunan) kəlməsindən qaynaqlanır».

2. Bəzi təfsirçilər (o cümlədən, mərhum Ayətullahül-üzma Seyyid Əbülqasim Xoyi) bu fikirdədir ki, «Allah» adı ərəbcə həm «örtünmək, gizli qalmaq», həm də «yüksəklik və ucalıq» mənalarını bildirən «lahə» kəlməsindən yaranmışdır.

Bu nəzəriyyəyə görə, Allah elə yüksək məqama malik uca zatdır ki, heç bir əksiklik ona yol tapa bilməz; o öz sonsuz nişanələri (ayələri) ilə tam aşkardır, eyni zamanda insan gözündən gizli və bəşər ağlının dərketmə səviyyəsindən çox ucadır.

RƏHMAN
«Rəhman» və «Rəhim» sözlərinin hər ikisi «rəhm» kökündən olsalar da, fərqli mənalara malikdir. Əks halda onların hər ikisinin eyni ayədə işlənməsi məntiqsiz olardı.

Bəzi təfsirçilərin fikrincə, «Rəhman» adı Allahın hamıya (istisnasız olaraq), "rəhim" adı isə yalnız möminlərə qarşı mərhəmətli olduğunu göstərir. Lüğət kitablarında daha başqa nəzəriyyəyə rast gəlirik: "Allahın mərhəmətli iki cürdür.

Bunlardan biri "Rəhman" adlanır və o, Allahın dünyanı, bəşər növünü yoxdan var etməsidir. İkinci isə "rəhim"dir, yəni Allah taalanın varlıq aləminə verdiyi həyat bəxşişini daimi saxlaması və kamil etməsidir".

Mərhum Ayətullah Xoyi "Fatihə" surəsinə yazdığı təfsirdə daha əhatəli və dərin mənalı nəzəriyyə ilə çıxış etmişdir: "Müfəssirlərin əksəriyyəti və dilçilərin bir qismi demişlər ki, "rəhman" sözü rəhmətin (mərhəmətin) mübaliğə şəklidir...

Bu, həmin anlayışın ümumiliyini, genişliyini və bütövlüyünü bildirir, sübut edir ki, Allahın rəhməti bütün yaradılmıları əhatə edir. Buna görə, Quranın heç bir ayəsində deyilmir ki, Allah insanlara, yaxud möminlərə qarşı rəhmandır. "rəhman" kəlməsi heç zaman insan növü ilə, möminlərlə, yaxud hər hansı, başqa sözlə məhdudlaşmış..."

Həqiqətən, Allah taala bütün yaratdıqlarına qarşı rəhmandır. Günəş istiliyindən, havadan, sudan həm bitkilər, həm heyvanlar, həm də insanlar bərabər surətdə faydalanırlar. Allah məxluqatın hamısı üçün ayrı-ayrılıqda ruzi yetirir. Bu dünyada hətta kafirlər də Allahın rəhmətindən məhrum deyillər.

Onlar da möminlərlə yanaşı dünya nemətlərindən istifadə edirlər. Bu belə də olmalıdır; axı, Allah öz yaratdıqlarına qarşı zalım ola bilməz, onları özbaşına taleyin ixtiyarına buraxmaz.

Allah taala kafirlərə də mərhəmət göstərməklə, onlara öz səhvlərini başa düşmək, haqqı görmək, tövbə etmək imkanı verir. Qeyd etmək lazımdır ki, Allaha məxsus 99 adan ikisi istisna edilməklə, hamısı Allahın qeyri-məxsusi, ümumi adları hesab olunur. Bu adları daşımaqda insanlar Allaha şərik ola bilərlər. Yəni insana "Qadir", "Kərim", "Cabbar", "Lətif" və s. adların verilməsinin eybi yoxdur.

Yalnız iki ad - "Allah" və "Rəhman" adları məhz Yaradanındır və ondan başqa heç kəs bu adlara sahib olmağa layiq deyildir. Buna görə, insana "Allah" və "Rəhman" adlarının qoyulması haramdır.

Əgər bu adlar insana verilərsə, mütləq əvvəlinə "əbd" kəlməsi artırılmalı, yəni "Əbdullah" (Allahın bənldəsi) və "Əbdürrəhman" (Rəhmanın bəndəsi) şəklinə salınmalıdır.

"Rəhman" adının yalnız Allaha məxsus olmasının sübutu Qurani Kərimin mübarək ayələridir. Müqəddəs kitabımızda Yaradan həm "Allah", həm də "Rəhman" adları ilə xatırlanır. Məsələn: "Söylə: istər Allahı çağırın, istərsə də Rəhmanı; gözəl adlar onundur" ("İsra" surəsi, 110-cu ayə).

"Rəhmanla əhd bağlayanlardan başqa heç kimə qiyamətdə şəfaət olunmayacaq" ("Məryəm" surəsi, 87-ci ayə). "Rəhmana yaraşmaz ki, özünə övlad götürsün". ("Məryəm" surəsi, 92-ci ayə).

"...Bu, Rəhmanın vədidir və elçilər (peyğəmbərlər) düz deyirdilər". ("Ya-Sin" surəsi, 52-ci ayə).

Həzrət İmam Cəfər Sadiq (ə) bu barədə buyurmuşdur: "Rəhman - ümumilik sifətinə malik xüsusi addır, yəni Allah bütün yaratdıqlarına qarşı rəhmandır".

RƏHİM

"Rəhim" kəlməsi ərəb dilində "fəil" babına tabedir. Bu babda olan sözlər onlara məxsus sifətin daimi, xarakterik və qalarqı olmasını ifadə edir. Məsələn, ərəb dilində "qüdrətli" mənasını ifadə etmək üçün həm "qadir", həm də "qədir" sözü işlənə bilər.

Bu iki sözün fərqi odur ki, "qadir" kəlməsi müəyyən zaman anında qüdrətliliyi bildirir və qüdrətin iktisabi (qazanılma) olduğunu bəyan edir. Halbuki "qədir" kəlməsi qüdrət sifətinin həmişə olduğunu və gələcəkdə də olacağını xəbər verir. "Qadir" şəxsin bir zamanlar qüdrətli olmaması mümkündür.

Lakin "qədir" həmişə qüdrətlidir, onun qüdrəti sonradan qazanılma deyil, öz zatındandır. Yaxud "salim" sözü obyektin hal-hazırda salamat olduğunu bildirir.

"Səlim" sifəti isə onun zatən salamat olduğunu və salamatlıq xüsusiyyətinin ondan ayrılmazlığını ifadə edir. Həmçinin, "səxiyy" sifəti obyektin xarakter etibarilə (zatən) səxavətli olduğunu, "əliyy" sözü zatən ucalığını göstərir.

Beləliklə, "Rəhim" adı Allahın mərhəmətinin sonradan qazanılma deyil, zati olduğunu bəyan edir. Allah həmişə mərhəmətli olmuş və olacaqdır. Onun mərhəmətsiz vaxtı ola bilməz. Onun mərhəməti heç vaxt tükənməyəcək: "Rəhim" adı bunu sübut edir ki, mərhəmət Allahın müqəddəs zatının lazımi, daimi və ayrılmaz sifətidir". (Xoyi - "Əl-Bəyan" təfsirindən).

Həzrət İmam Sadiq (ə) buyurmuşdur: "Allah hər şeyin məbududur, o bütün yaratdıqlarına qarşı rəhmandır və xüsusilə, möminlərə qarşı rəhimdir".

Alimlərin fikrincə, Allah taala bu dünyada bütün məxluqata qarşı rəhman olsa da, onun rəhimliyi, yəni mərhəmətinin əbədiliyi yalnız möminlərə şamildir.

Kafirlər Allahın "Rəhman" sifətindən faydalansa da, "Rəhim" sifətinin nemətlərindən məhrumdurlar. Onlara göstərilən ilahi mərhəmət məhduddur, qiyamə günündə ədalət məhkəməsi qurulduqan sonra bu ilahi mərhəmət sona çatacaq və onun yerini ilahi əzab tutacaq.

Allahın sonsuz mərhəmətinin sübutlarından biri də budur ki, Qurani Kərim Yaradanın "Cabbar", "Qəhhar" (yəni zalımlara əziyyət verən) kimi adları ilə deyil, "Rəhman" və "Rəhim" adları ilə açılır.

İnsan Quranı açıb, ilk ayəni oxuduqda, qəlbi Allahın mərhəmətinə ümidlə dolur və bu, ona rahatlıq, arxayınlıq verir. Eyni zamanda insan axirətdə Allahın mərhəmətindən faydalanmaq istədiyi üçün, mömin həyat tərzi sürməyə, ilahi qanunlara riayət etməyə çalışar.

Maraq doğuran suallardan biri də budur ki, nəyə görə "Bismillahir-Rəhmanir-Rəhim" ayəsində əvvəlcə "Rəhman", sonra "Rəhim" adı xatırlanır, bu ardıcıllığın mənası nədədir?

Bu sualın bir neçə cavabı vardır:

Əvvəla, "Rəhman" - Allahın xüsusi adı olduğu üçün, ümumi addan ("rəhim" kəlməsindən) öncə gəlir.

İkincisi, Allahın rəhmanlığı hamıya, rəhimliyi isə yalnız möminlərə şamil olduğu üçün, birinci ad əvvəldə gəlir.

Üçüncüsü, "Rəhman" - bu dünyada, "Rəhim" isə axirətdə mərhəmətlidir. Dünya axirətdən əvvəl olduğu üçün "rəhman" kəlməsi "rəhim" sözündən irəlidir.

Dördüncüsü, həlledici mərhəmət axirətə məxsusdur, ona görə də "Rəhim" adı sonda gəlir.

Allah taaladan istəyimiz budur: "İlahi! Həm dünyada, həm də axirətdə bizə öz mərhəmətini nəsib et! Həm rəhmanlığını, həm də rəhimliyini bizə göstər! Səni öz hüdudsuz mərhəmətinə and veririk, ey rəhmlilərin ən rəhimlisi!"

Məqalədə aşağıdakı mənbələrdən istifadə edilmişdir:

İmam Həsən Əskəri (ə)- " "Fatihə" surəsinin təfsiri";

Şeyx Küleyni- "Əl-Kafi";

Şeyx Buxari- "Cameüs-Səhih";

Əllamə Süyuti- "Əl-İtqan";

Ayətullah Əmini- " "Fatihə" surəsinin təfsiri";

Ayətullah Xoyi- " "Fatihə" surəsinin təfsiri";

Haşim Herisi- "Quran məktəbində" (təfsir dərsləri);

Möhsün Qiraəti- "Təfsirinur";

Mələki Təbrizi- "Əsrarüs-səlah" və s. mənbələr.


Natiq RƏHİMOV,
"Qütb" jurnalından

Вернуться назад