Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » İmam Zamana (əc) qarşı müxalifətin səbəbləri

İmam Zamana (əc) qarşı müxalifətin səbəbləri

İmam Zamana (əc) qarşı müxalifətin səbəbləri

"Daim günah edib tövbə qılmayan insan zühur dövründə günahların təsiri altında İmama (əc) arxa çevirib onun düşmənlərinə qoşulacaq" - Ayətullah Məhəmməd Şücai.
Həzrət Mehdinin (əc) zühur dövründə bir qisim ona tərəfdar müxalif olar. Müxalif olanlar arasında zühurdan öncə həzrətə düşmən olanlarda var. Bəziləri isə İmamın (əc) zühurundan sonra ona qarşı çıxar. Bu adamlar qeyd dövründə İmamı (əc) sevən şiələr sayılıb. Amma böyük qeyd dövrü başa çatdıqdan sonra müəyyən səbəblərdən İmamı (əc) qəbul etməzlər, hətta ona qarşı çıxarlar.

İmam Zamanı (əc) sevənlər üçün ən təhlükəli dövrlərdən biri onun zühur dövrüdür. Həzrətin İslamı yeni üsulda təqdim etməsi bu insanlara məqbul görünməz. İmamın (əc) fəaliyyətləri qarşısında necə mövqe tutulması böyük imtahandır.
Hətta bəziləri İmamın (əc) sözünü inkar edər, ona qarşı cəbhə yaradar. Məsum imamlar (əc) zühur dövründə bir qrup möminin İmam Zamandan (əc) üz çevirəcəyini, ona şəklə yanaşacağını öncədən xəbər veriblər. Hədislərdən birində Əbdül-Həmid nəql edir ki, İmam Sadiq (ə) buyurub: " Qaim zühur edəndə özünü onun tərəfdarı sayan şəxs ona itaətdən çıxar, başqa yolda olan şəxs ona itaətə gələr..." Bu rəvayətdən zühur dövrü ilə bağlı başqa bir nöqtə də anlamaq olur. İmam Zaman (əc) batil əhli ilə elə rəftar edər ki, onlar heyrət içində həzrətə qoşularlar.

Bəli, zühur dövründə zühurdan öncə özünü şiə sayanlar iki qrupa bölünər və onların bir qrupu İmamın (əc) düşmənlərinə qoşular. Qeyb niqabı qalxdığı zaman bu insanları da xisləti özünü göstərər.

Zühur dövründə İmamla (əc) müxalifətin əsas səbəblərini xülasə şəkildə yada salaq:
1.İslamın yeni təqdimatı

Ziyarətnamədə İmama xitabən deyilir: "Salam olsun yeni haqqa!" Bu cümlədən aydın olur ki, həzrət zühur dövründə İslamı yeni üslubunda təqdim edəcək. Söhbət İslamın dəyişdirilməsindən getmir. İmam yeni təqdimatla İslama həyat verəcək. Çünki qeyb dövründə xalqa sönük, təhrif olunmuş, bidətlər əlavə olunmuş İslam təqdim olunub. Müasir dövrümüzdə şahidik ki, bir çox müsəlman məmləkətlərdə İslam dəyişdirilmiş şəkildə xalqa çatdırılır. Bəziləri isə İslamı öz süzgəcindən keçirir, öz zövqünə uyğun şəkildə təqdim edir. Bu iki qrup İmam Zamanla (əc) üzbəüz gələndə həqiqi İslamı görüb ayaq saxlayacaqlar. Bəziləri nəinki İmamın özünü qəbul etməyəcək, hətta onun həqiqət uğrunda qiyamında batil cəbhədə yer tutacaqlar. İmama (əc) tabe olanlar öz baxışlarını, zövqlərini, səliqələrini kənara qoyub İmamın arxasınca gedəcək. Şəkkə düşənlər isə hətta İmamın düşmənlərinə qoşulacaq.

Bu hadisə müsəlmanlar üçün böyük sınaq olmaqla yanaşı İmam (əc) üçün çətinlik yaradacaq. Rəvayətlərə əsasən zühur dövründə İmam Zaman (əc) üçün hətta Peyğəmbər dövründəkindən çətin olacaq. Həzrət peyğəmbər bir qrup cahil bütpərəst və cahil müşriklə üzbəüz idi. İmam Zamana (əc) qarşı çıxanlar isə əlində və dilində Quran olan müsəlmanlar olacaq.

İki rəvayət nəzərdən keçirək. Birinci rəvayətdə Fozeyl İbn Yəssar İmam Sadiqin (ə) dilindən belə nəql edir: "Bizim Qaim qiyam edəndə Peyğəmbər (s) dövründəkindən cahil insanlarla rastlaşar. Həzrət Peyğəmbər (s) gələndə insanlar daşlara, ağaclara sitayiş edirdilər. Qaim zühur edəndə ona qarşı çıxanlar Allahın kitabını ona qarşı təfsir edər, onunla müxalifətdə Qurandan dəlil göstərərlər. And olsun Allaha həzrət Qaimin adaləti onların mənzillərinə havadakı soyuq və isti daxil olduğu kimi daxil olar."
Qeyd edək ki, həzrətin bəzi müxalifləri dünyapərəstlik səbəbindən Quranı öz rəyi əsasında təfsir edər.

İkinci rəvayətdə Məhəmməd (s) ibn Əbu Həmzə İmam Sadiqin (ə) dilindən belə nəql edir: "Həzrət Qaim (ac) döyüşlərdə Peyğəmbərin (s) rastlaşmadığı şeylərlə rastlaşar. Peyğəmbər gələndə insanlar yonulmuş daşlar və ağaclara sitayiş edirdilər. Qaim zühur edəndə ona qarşı çıxanlar Qurana istinad edərək vuruşarlar. Hədisdən aydın olur ki, İmam Zamana (əc) baş əyməyənlər nəinki ona tabe olmaz, hətta onunla vuruşarlar.

2.Batillə ağır mübarizə

Mötəbər dini mənbələrə əsasən İmam Zaman (əc) Allah-taalanın "müntəqim" (intiqam alan) adının məzhəridir. Yəni Allah-taala İmam Zamanın (əc) əli ilə intiqam alar. Bütün peyğəmbərlər və imamlar Allah adlarının məzhəri olub. Müntəqim adı isə yalnız İmam Zamana (əc) aiddir. Peyğəmbərlər, məsumlar, övliyalar Hadi, Rəuf, Rəhim, Əfv adlarının məzhəri kimi tanınıb. Allah belə istəyib ki, həzrət Bəqiyyətullah (ə) (İmam Zaman (əc)) onun bu adı ilə zühur etsin. İmam Mehdi (əc) haqq-ədaləti bərpa etməklə yanaşı dünyada haqqa görə intiqam da alacaq.

İntiqam alınmasının fəlsəfəsi budur ki, ilahi kitablar və peyğəmbərlər göndərilməsinə baxmayaraq bir çox insanlar təkəbbür və inadkarlıq göstərərək haqqa qarşı çıxıblar. Allah-taala zalımlara və tüğyançılara əzab vəd edib. Yer üzündə zalımların zülmü, günahkarların günahı, nankorların nankorluğu, azğınların azğınlığı bir həddə çatar ki, məzlumlar və dindarlar üzünü səmaya tutub onlara əzab istəyər. Həddini aşanlar dünyada əməllərinin əzabını dadar.

Allahın əzabı, intiqamı İmam Zaman (əc) vasitəsi ilə həyata keçər. Bu səbəbdən haqla batil arasında ağır vuruş olar. Həzrət müxalifləri, inadkarları, tövhidə mane olanları öldürməkdən çəkinməz. O qədər zalım və ziyankar öldürülər ki, yer üzündə ədalətsizliyin kökü kəsilər.

Aydın məsələdir ki, belə sərt mübarizədə bəziləri meydana çıxmağa cürət etməz. Mübarizənin ağırlığı səbəbindən bəziləri İmamdan(əc) ayrılar, bəziləri də ona qarşı çıxar. İmamın sərt və ağır müharibəsi bəzilərini şübhəyə salar. Bu insanlar möhkəm əqidə və saleh əməl sahibi olsaydılar həzrətin batillə mübarizəsində şəkkə düşməzdilər. Bəziləri elə düşünür ki, İmam zühur edəndə Allah intiqam alacaq, ismi-əzəm İmam Zaman (əc) vasitəsi ilə cilvələnəcək.

Həzrət Mehdinin (əc) müxaliflərlə, batil əhli ilə sərt rəftarı barədə rəvayətlər çoxdur. Bir neçə rəvayəti nəzərdən keçirək.

Zərarə deyir: İmam Baqirdən (ə) soruşdum ki, Qaim (əc) həzrət Məhəmmədin (s) üsuli ilə rəftar edər? Həzrət buyurdu: Heç vaxt. Ey Zərarə həzrət Qaim (əc) Peyğəmbər kimi rəftar etməz. Allahın rəsulu insanlarla mehriban davranardı. Həzrət Qaim düşmənləri öldürməklə irəli gedər. Əlində olan kitabda əmr olunub ki, zahiri tövbələri qəbul etməsin və düşmənləri qətlə yetirsin.

Həzrət Peyğəmbər zahiri tövbələri qəbul edirdi. Həzrət yaxşı bilirdi ki, Əbu-Süfyan qəlbən tövbə etməyib. Amma mərhəmət səbəbindən müxaliflərlə belə davranırdı. Həzrət mehdi (əc) Allahın intiqam məzhəri olduğundan zahiri tövbələri rədd edər, fitnəkarları, yalançıları, həddi aşanları cəzalandırar. Yer üzündə əsalətin bərpası İmam Zamanın (əc) vəzifəsidir. Yalan tövbələr qəbul olunarsa cəmiyyətdə ədalət bərpa olmaz. Dildə tövbə edən şübhəsiz ki, arxada fitnələrini davam etdirəcək.

İmam Zaman (əc) peyğəmbərlər və digər imamlardan fərqli olaraq Allahın izni ilə öz qeyb elminə əməl edər. Peyğəmbər və imamlar da qeybi elmləri ilə doğruçunu yalançıdan seçirdilər. Amma bu elmləri əsasında rəftar etmir, mərhəmət yolunu gedirdilər. Amma həzrət Mehdi (əc) Allahın izni ilə qəlbən tövbə etməyənləri tanıyıb onları cəzalandıracaq. Əbu-Bəsir deyir ki, İmam Sadiqdən (ə) "günahkarlar simalarından tanınar" ayəsinin təfsiri barəsində soruşdum. Həzrət buyurdu: "Bu ayə həzrət Qaim haqqında nazil olub. Həzrət günahkarları simasından tanıyar və onları sərt cəzalandırar.

Bəli, həzrət Bəqiyyətəllahın (əc) üsulu Peyğəmbər və İmamların (ə) üsulundan fərqlənər. İmam Sadiq (ə) buyurur: "Əgər onun zamanında yaşasaydım ömrümün son anına qədər ona xidmət edərdim."

Abdullah ibn Əta İmam Baqirdən (ə) İmam Zamanın (ə) xalqla rəftarı barədə soruşur. Həzrət buyurur: "Özündən əvvəlki qaydaları eynən Peyğəmbər (s) kimi kənara qoyar. Həqiqi İslamı səhnəyə gətirər." Əbu Bəsir nəql edir ki, İmam Baqir (ə) buyurdu: Həzrət Qaim (əc) xalqa çətin görünən yeni əmr və hökmlə gələr. Rəftarı qılıncla olar, zahiri tövbələri qəbul etməz. Heç bir məzəmmət onu hökmlərin icrasından daşındırmaz. Məhəmməd ibn Müslim İmam Baqirin (ə) dilindın belə nəql edir: "Əgər xalq bilsəydi ki, həzrət Qaim zühur dövründə nə qədər insan öldürəcək, çoxları o dövrdə olmaq istəməzdi. İmam Mehdi (əc) haqq düşmənləri ilə elə rəftar edər ki, möhkəm əqidəsi olmayanlar onun Məhəmməd (s) övladı olmasına şübhə edər. Düşünərlər ki, Peyğəmbər övladı müxaliflərə rəhm edərdi. "

Qeyd etməliyik ki, İmam Mehdinin (ə) sərt rəftarının ilk səbəbi batili aradan qaldırmaq olacaq. Bu mərhələdən sonra rəftarlar mərifət və ədalət xətti ilə davam etdiriləcək.
Rəvayətlərdən belə anlaşılır ki, qəbul olunmayan zahiri tövbələr fərdi yox, ictimai fəsadlarla bağlıdır. Nəzərdə o tövbələr tutulur ki, tövbə edənlər cəmiyyəti tövhid yolundan çıxarıb. Onlar zahirdə tövbə etməklə öz ictimai fəsadlarını davam etdirmək istəyirlər. Amma tövhid höküməti qurulduğundan bu qrupa fürsət verilməz.

3.Rahatçılığa meyl, çətinlikdən qaçmaq

Həzrətə (əc) etiqadlı möminlərin zühurdan sonra ona qarşı çıxmasının başqa bir səbəbi rahatçılığa maraqdır. Rəvayətlərdə nəql olunur ki, zühur dövrü ağır müharibələr, böyük təhlükələrlə müşayiət olunacaq. Əsas mübarizə mərkəzi yaxın şərqdir. Döyüşlərdə Hzərət (əc) özü də ön cərgədə müxaliflərlə vuruşacaq. Aydın məsələdir ki, belə bir şəraitdə həzrət üçün təhlükə də böyükdür. Əbu-Bəsir İmam Sadiqin (ə) dilindən belə nəql edir: "And olsun Allaha! Onun libası kobud, qalın, yediyi adi, mübarizəsi şəmşirlədir." Rəvayətdən aydın görünür ki, zühur dövrünün ağır çətinlikləri var. Zühur dövrünün çətinliklərinə dözmək hər insanın işi deyil. Müfəzzəl ibn Ömər İmam Sadiqin (ə) dilindən belə nəql edir: "Zühur dövrü asan olmaz. İnsanlar qan-tər içində olar." Müəmmər ibn Xəllad nəql edir ki, İmam Rizanın (ə) hüzurunda həzrət Qaimdən (əc) söz düşdü. İmam (ə) buyurdu: "Hazırkı dövrdə asayişiniz zühr dövründəkindən çoxdur. Bizim Qaim (əc) zühur edəndə çətin olar, qanlar axar, yəhər üstə yatarlar. Həzrətin libası kobud, qidası adi olar. Yəhər üzərində yuxu deyərkən davamlı müharibələr nəzərdə tutulut. Zühur dövrü elə bir dövrdür ki, istirahət üçün yəhərdən düşmək fürsəti yoxdur. Bütün bu çətinliklərə rahattələb insnaların dözməsi ağır olacaq. Çətinliklər səbəbindən həzrətdən üz çevirəcəklər. O biri İmamlar (ə) da hakimiyyətə gəlsəydilər dözülməz müxalifətlər səbəbindən çoxları onlardan uzaqlaşardı.

Əmr ibn Şimr deyir ki, İmam Sadiqin (ə) evində izdiham var idi. Həzrət sualları cavablandırırdı. Birdən məni ağlamaq tutdu. İmam (ə) ağlamağımın səbəbini soruşdu. Dedim ki, sənə fəda olum, sənin kimi birisinin üzünə qapılar bağlı ikən necə ağlamayım. İmam (ə) buyurdu: Ey Əmr ağlama. Biz ləzzətli xörəklər yeyir, yumşaq libaslar geyirik. Əgər sən deyən olsaydı, xilafətə çatsaydıq Əli (ə) kimi kobud libas geyər, sadə xörəklər yeyərdik. Xilafətdə olan zaman belə etməsək çətin olar."

4.Günah
Zühur dövründə İmama (əc) itaətsizliyin bir səbəbi də insanın günaha aludə olamsıdır. Günahkar insan zühur dövründə günahının cavabını alacaq. Daimi günah edib tövbə qılmayan insan zühur dövründə günahlarının təsiri altında İmama (əc) arxa çevirib onun düşmənlərinə qoşulacaq. Bu səbəbdən İmamlar (ə) tövsiyə edirlər ki, İmam Mehdinin (əc) tərəfdarları təqvalı olmalıdır./Vilayet.nur-az.com/

nardaranpiri.com
Müəllif: Admin | 30-11-2014, 18:48
Baxılıb: 798
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.