Salman İslam dinini necə qəbul etdi?
Müəllif: Admin
Tarix: 7-10-2019, 10:30
Salman İslam dinini necə qəbul etdi?
Salman Farsinin künyəsi Əbu Abdullahdır. Salman öz həyatından belə nəql edir: “Mən İsfahanın Ci kəndindənəm. Atam məni o qədər çox istəyirdi ki, evdən bayıra buraxmırdı. Mən zərdüşt dininə görə çox çalışmalar etmişəm. Atam məni torpaqda işləmək üçün göndərən zaman, mən bir xristian kilsəsinin yanından keçirdim və onların ibadəti xoşuma gəldi. Öz-özümə dedim: “Onların dini mənim dinimdən daha yaxşıdır”.

Onlardan soruşdum ki, bu dininin əsli haradadır? Dedilər ki, Şamdadır. Atamın yanından uzaqlaşıb, Şama gəldim və yepiskopun yanına getdim. Ona xidmət etməyə başladım. Ondan bəzi şeylər öyrəndim, o zamana qədər ki, vəfat etdi. Ölməmişdən qabaq ona dedim ki, mənə kimi vəsiyyət edirsən?

Dedi: ”İnsanların hamısı həlak olublar, dinlərini boş buraxıblar. Sənə Mosulda olan bir kişini vəsiyyət edirəm ki, onun yanına get”.

Yepiskop öləndən sonra həmin kişinin yanına getdim. Bir qədər keçəndən sonra həmin kişi də öldü. Ölməmişdən əvvəl bu sualı ona da verdim və o, dedi: “Haqq yolunda olan heç kəsi tanımıram, Nəsibində olan bir nəfərdən başqa”.

Mən Nəsibində olan həmin şəxsin yanına getdim. Həmin kişinin də ölümü çatır və məni Romaya göndərir. Onun yanına getdim və bir neçə qoyun və quzu əldə etdim. Onun da ölümü yaxınlaşdı və ona da bu sualı verdim.

Mənə dedi: “İnsanlar öz dinlərini boş buraxıblar. Onlardan heç kim haqda qalmamışdır. İbrahim dinində olan bir peyğəmbər məbus olacaqdır ki, ərəb diyarında zühur edəcəkdir”. Mən ondan bu peyğəmbərin nişanələrini soruşdum. Dedi: “Hədiyyə versən yeyər, sədəqə yeməz. İki çiyninin arasında peyğəmbərlik möhürü vardır”.

Bu zaman Bəni Kələb qəbiləsindən olan atlıları gördüm və onlara qoşuldum. Əlqərə vadisinə çatan zaman mənim haqqımı basdılar. Məni yəhudi bir kişiyə satdılar.

Mən də onun xurmalığında işləməyə başladım. Bir gün bu yəhudinin əmisi oğlu gəldi və məni ondan satın alıb Mədinəyə apardı. Oranı görən kimi tanıdım. Allah Həzrət Muhəmmədi (s) Məkkədə məbus etmişdi.

Mən onun haqqında heç nə eşitməmişdim. Bir gün həmin yəhudi dedi: “Allah Bəni-Qilə qəbiləsini öldürsün ki, Qubada bir kişinin ətrafına toplaşıblar ki, özünü peyğəmbər adlandırır”.

Bədənim titrədi və mən həmin şəxsi axtarmağa başladım. Yəhudi mənə dedi: “Öz işinlə məşğul ol və sənə fayda verməyən şeyləri boş burax”.

Gecə olan kimi bir qədər xurma yığdım və Həzrət Peyğəmbərin (s) yanına getdim. Dedim ki, eşitmişəm ki, sən layiqli bir kişisən və qərib, ehtiyaclı və yoxsul yoldaşların vardır.

Bu şey mənim yanımda olan sədəqədir və mən sizi başqalarından bunun üçün daha layiqli bildim. Həzrət Peyğəmbər (s) buyurdu ki, özünüz yeyin.

Amma Həzrətin (s) özü bundan yemədi. Mən öz-özümə dedim: “Bu, həmin nişanələrdən biridir”.

Qayıtdım və sabahısı günü qalmış xurmanı götürdüm və onun yanına getdim. Dedim: “Mən gördüm ki, sən sədəqə götürmürsən. Bu, mənim tərəfimdən sənə hədiyyədir”.

Həzrət (s) buyurdu ki, yeyək və özü də yeməyə başladı. Bir gün Həzrət (s) səhabələrindən birini Bəqi qəbiristanlığında dəfn edən zaman, onun yanına getdim. Əynimdə kobud parçadan paltar var idi.

Həzrət (s) səhabələrinin yanında əyləşmişdi. Mən qabağa gedib salam verdim. Baxmağa çalışdım ki, bəlkə iki çiyni arasındakı peyğəmbərlik möhürünü görə bilim. Həzrət (s) mənim bu hərəkətimdən niyyətimi başa düşdü.

Əynindəki əbasını bir az aşağı saldı və mən də həmin möhürü gördüm. Mən özümü Həzrətin (s) üstünə atdım və onu öpməyə başladım. Göz yaşı tökməyə başladım və Həzrət (s) mənə buyurdu: “Qayıt”.

Mənə qayıdıb onunla üzbəüz oturdum və öz əhvalatımı ona danışdım. Həzrət (s) çox təəccübləndi və səhabələrinin bu əhvalatı eştiməklərinə görə çox sevindi. Bildim ki, bu, həmin peyğəmbərdir. Onun əl və ayağına düşüb öpməyə başladım və ağladım. Mənə buyurdu: “Ey Salman, özünü sahibindən satın al”.

Mən özümü sahibimdən qırx dirhəm qızıl və 300 xurma ağacı əkmək şərti ilə aldım. Həzrət Peyğəmbər (s) müsəlmanlara buyurdu: “Qardaşınıza yardım edin”. Onlar xurma ağacından 300 qələm almağa mənə yardım etdilər.

Həzrət Peyğəmbər (s) mənə buyurdu: “Ey Salman! Get və bu xurmalar üçün yer qaz və sonra da mənə xəbər ver”.

Mən yeri qazdım və Həzrətə (s) xəbər verdim. Həzrət (s) öz əlləri ilə bu xurma qələmlərini basdırdı və hamısı da tutdu. Onlardan hətta biri belə qurumadı.

Qəzvələrdən birindən Peyğəmbərə (s) bir qədər mal gətirmişdilər. Mənə bağışlayıb buyurdu: “Azad olmaq haqqını ödə”. Mən də pulu verib azad oldum. Qul olduğum üçün Bədr və Ühüd döyüşlərində iştirak edə bilmədim. Ancaq Xəndəkdə iştirak etdim”.

Salman Mədinədə müsəlman oldu və bu zaman artıq Quran nazil olmuşdu. O, Tövrat və İncili də yaxşı bilirdi. O, Peyğəmbərin (s) ən yaxın səhabələrindən idi.


Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031