“Xeyir əməllərin də afəti var” nə deməkdir?
Mьəllif: admin1
Tarix: 26-01-2022, 10:36
“Xeyir əməllərin də afəti var” nə deməkdir?
Şeytanın hər bir insana nüfuz etməsi üçün özünəməxsus üslubu var.

Şeytan cahili dünyanın bəsit ləzzətləri ilə vəsvəsə edirsə, alimi və arifi də elmləri və ibadətləri ilə vəsvəsə edir. Bu zəmində ücb və riya şeytanın ən təsirli silahı kimi işə düşür.

Ona görədir ki bəzi xeyir əməllər və ibadətlər üçün müəyyən afətlərin olduğu hədislərdə gəlibdir. Bəzi xeyir əməllərin və müsbət məziyyətlərin afətləri ilə tanış olaq;

Allahın Peyğəmbəri (s) buyurub: "Zirəkliyin bəlası özünü tərifləmək, şücaətin bəlası həddini aşmaq, güzəştin bəlası minnət, gözəlliyin bəlası qürur, ibadətin bəlası süstlük, danışmağın bəlası yalan, elmin bəlası unutqanlıq, səbrliliyin bəlası səfehlik, əsl-nəcabətliliyin bəlası öyünmək və səxavətliliyin bəlası israfdır."

İmam Əli (ə) əməllərin bəlasını belə açıqlayır: «Hər şeyin bəlası var və elmin bəlası unutqanlıqdır.

İbadətin bəlası riya, ağlın bəlası xudpəsəndlik, nəcabətliliyin bəlası təkəbbür, zirəkliyin bəlası özünü tərifləmək, əliaçıqlığın bəlası israf, həyanın bəlası acizlik, səbrliliyin bəlası xarlıq və güclülüyün bəlası pis danışmaq və pis rəftardır.

Nəfsi istək ağılların bəlasıdır. İmanın bəlası şirkdir. Yəqinliyin bəlası şəkkdir. Nemətlərin bəlası nankorluq, naşükrlükdür. İtaətin bəlası itaətsizlikdir.

Əsilzadəliyin bəlası təkəbbürdür. Ağıllılığın bəlası hiyləgərlikdir. İbadətin bəlası riyakarlıqdır. Səxavətin bəlası minnət qoymaqdır. Dinin bəlası bədgümanlıqdır.

Ağlın bəlası nəfsi istəklərdir. Böyüklük və izzətin bəlası qəzavü-qədərin maneələridir. Nəfsin bəlası dünyaya vurğunluqdur. Məşvərətin bəlası nəzərləri bir-birinə vurmaqdır."

İmam daha bir kəlamda müxtəlif peşə sahiblərinin işinə xələl gətirən afətlərdən söz açır:

"Hakimlərin bəlası pis rəftardır. Vəzirlərin bəlası düşmənçilikdir. Alimlərin bəlası mənsəbpərəstlikdir. Rəhbərlərin (idarəçilərin) bəlası siyasi acizlikdir.

Qoşunun bəlası öz başçısının əmrindən çıxmaqdır. Riyazətin (zahidliyin) bəlası adətin hakim olmasıdır. Rəiyyətin bəlası itaətsizlikdir.

Pəhrizkarlığın bəlası qənaətin azlığıdır. Qazilərin bəlası tamahdır. Ədalətli hakimlərin bəlası pəhrizkarlığın azlığıdır. Şücaətli şəxsin bəlası uzaqgörənliyi və ehtiyatı əldən verməkdir.

Güclünün bəlası düşməni zəif saymaqdır. Səbrliliyin bəlası xarlıqdır. Bəxşişin bəlası gecikdirməkdir. Qənaətin bəlası xəsislikdir. Heybət və böyüklüyün bəlası zarafatdır.

Əhd-peymanların bəlası onlara əməl etməməkdir. Hakimiyyətin bəlası öyünməkdir. Elmin bəlası ona əməl etməməkdir. Əməlin bəlası niyyət saflığının olmamasıdır.

Bağışlamağın (əliaçıqlığın) bəlası yoxsulluqdur. Xalq kütləsinin bəlası pis əməlli alimdir. Ədalətliliyin bəlası güclü zalımdır. Abadlığın bəlası zalım hakimdir. Qüdrətin bəlası yaxşılıq etməməkdir.

Ağlın bəlası xudpəsəndlikdir. Sözün bəlası yalan danışmaqdır. İşlərin bəlası icraçıların acizliyidir. Arzuların bəlası əcəllərin çatmasıdır. Vəfalılığın bəlası əhdi pozmaqdır.

Uzaqgörənliyin bəlası iş-işdən keçməsidir. Əmanətin bəlası xəyanətdir. Fəqihlərin (alimlərin ) bəlası pəhrizkarlıq etməməkdir. Bəxşişin bəlası yersiz xərcləməkdir. Dolanışığın bəlası tədbirsizlikdir.

Sözün bəlası çox danışmaqdır. Zənginliyin bəlası xəsislikdir. Arzunun bəlası əcəldir. Qüdrətin bəlası zülmkarlıq və itaətsizlikdir. Bütün bəlaların başı ləzzətlərə ( və eyş-işrətə) vurğunluqdur."


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930