Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » İlahi Hidayət Çırağının Doqquzuncu Nuru İmam Cavad (ə)-ın şəhadəti günüdür

İlahi Hidayət Çırağının Doqquzuncu Nuru İmam Cavad (ə)-ın şəhadəti günüdür

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Zil Hiccə ayının sonuncu günü hüzünlə dolu günlərdən biri olaraq yaddaşlarda əbədi həkk olub. Bu gün və onun gecəsi Bəşər və Cin tafalarının doqquzuncu İmamı, İmam Məhəmməd Təqi, əl-Cəvadın (əleyhis səlam) şəhadət günüdür.

Biz ABNA olaraq bu hüznlə əlaqədar ilk öncə Zamanın Sahibi, İmam Məhdi (Allah onun zühurunu tezləşdirsin) həzrətlərinə, o həzrətin haqq naibi İmam Xamenei cənablarına və ümümbəşəriyyətə dərin təsliyyət ərz edirik.

İmam Məhəmməd Təqinin (ə) həyatı barədə qısa məlumat
Doqquzuncu İmamın adı Məhəmməd (əleyhis səlam), künyəsi Əbu Cəfər(əleyhis səlam), ləqəbi Təqi və Cavad (əleyhis səlam) olmuş, hicrətin yüz doxsan beşinci ilində miladi tarix ilə 811-ci ildə Mədinə şəhərində dünyaya göz açmışdır. Atası İmam Rza (əleyhis səlam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə (əleyha salam) xanım ilə ailə həyatı quraraq ondan təkcə bir övlad İmam Cavadı (əleyhis səlam) dünyaya gətirmişdir. Həzrəti İmam Rza (əleyis səlam) Səbikə (əleyha salam) xanımı “Xəzaran” adlandırardı. Səbikə (əleyha salam) xanım daim əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durmuş və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Riza (əleyhis səlam) o xanımı pak,nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.
İmam Cavadın (əleyhis səlam) atası İmam Riza (əleyhis səlam) Şəhid olduqda o həzərətin təxminən səkkiz yaşı olmuş, miladi tarix ilə 818 –ci ildə İmamət məqamına nail olaraq, iyirmi beş yaşında ikən miladi tarixi ilə 835-ci ildə Şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (əleyhis səlam) məzarının yanında İraqın indiki Kazimeyn şəhərində dəfn olunmuşdur.

İmam Cavadın (ə) elmi məktəbi
Bildiyimiz kimi İmamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onlar vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq onların (İmamların) dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, İmam Baqir (əleyhis səlam) və İmam Sadiqin (əleyhis səlam) dövründə şərait çox yaxşı olmuş, buna görə də, İmam Sadiqin (əleyhis səlam) şagirdlərinin sayı dörd minə çatmışdı. İmam Cavaddan (əleyhis səlam) başlayaraq İmam Əskərinin (əleyhis səlam) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu İmamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı İmam Sadiqin (əleyhis səlam) şagirdlərinin sayı ilə müqayisədə həddən artıq az olmuşdur. Deməli,"İmam Cavadın (əleyhis səlam) yüz on nəfərə yaxın şagirdi olmuş və o Həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir" deyildikdə heç də təəccüblənməməliyik. Çünki o Həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, İmam Cavadın (əleyhis səlam) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm,Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən,özünəməxsus mövqeyi olan şəxslər də olmuşdur. Bunlardan bəziləri çoxlu əsərlər də yazmışlar. Başqa bir məsələ isə budur ki, İmam Cavaddan (əleyhis səlam) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də sünni məzhəbinin alim və hədisçiləri də bir sıra İslami maarif və həqiqətləri o Həzrətdən rəvayət etmişlər. Misal üçün qeyd etmək olar ki, Xətib Bağdadi o Həzrətdən çoxlu hədis rəvayət etmişdir. Həmçinin, Hafiz Əbdüləziz ibn Əxzər Cənabəzi "Məalimül-itrətit-tahir" adlı kitabında, eləcə də, Əbu Bəkr Əhməd ibn Sabit,Əbu İshaq Sələbi və Məhəmməd ibn Mindət ibn Mehrbaz kimi müəlliflər öz tarix və təfsir kitablarında İmam Cavaddan (əleyhis səlam) çoxlu hədislər rəvayət etmişlər.

Alimlərin nəzərində İmam Cavad əleyhissəlamın şəxsiyyəti
İmam Cavad əleyhissəlamın söhbətləri elmi mübahisələri böyük elmi və fiqhi müşkülatları həll etməsi İslam alimlərini istər şiə olsun istərsə də sünni, heyran qoymuş onlar İmam əleyhissəlamın şəxsiyyətinin bu cür əzəməti qarşısında öz təəccüblərini gizlədə bilməmiş və onların hər biri o Həzrəti bir vasitə ilə tərifləmişdir. Nümunə üçün Səbt ibn Əl-Cuzinin dediyini qeyd etmək olar: “O elm təqva zahidlik və səxavətdə atasının tutduğu yolu gedirdi (Təzkirətül-xəvass, səh.359).”
İbn Həcər Heytəmi yazır: “O, yaşının az olmasına baxmayaraq, elm bilik və helm baxımından bütün alimlərdən üstün olduğu üçün Məmun öz qızını ona ərə vermək istəyirdi (Əs-səvaiqül-mühriqə, səh.205).”
Şəbəlnəci deyir: “Məmun daima onun vurğunu olmuşdur. Çünki yaşının az olmasına baxmayaraq, öz fəzilət elm və ağıl-kamalı ilə əzəmətini sübuta yetirmişdi (Nurul-əbsar, səh.161).”
Şiə məzhəbinin böyük ustadı Şeyx Müfid və həmçinin, Fəttah Nişaburi İmam Cavad əleyhissəlamı bu cür yad etmişlər: “Məmun onun vurğunu olmuşdu. Çünki o görürdü ki, o Həzrət yaşının azlığına baxmayaraq elm hikmət ədəb və əqli kamillik baxımından elə yüksək mərtəbəyə yetişmişdir ki o dövrün böyük elmi şəxsiyyətlərinin heç biri o mərtəbəyə yetişməmişdi (Əl-İrşad, səh.319).”
Əli əleyhissəlamın ailəsinin düşmənlərindən olan mötəzilə Cahiz Osmani İmam Cavad əleyhissəlamı camaatın sevimli şəxsləri olan on nəfərin sırasına daxil edərək onların barəsində demişdir: “Onlar alim zahid ibadətlə məşğul olan şücaətli səxavətli və pak insanlar olmuşlar. Onlardan bəziləri xəlifə bəziləri də xəlifəliyə namizəd olmuşlar. Bu on nəfər biri digərinin oğlu olmuşdur. Onlar aşağıdakılardır: Həsən ibn Əli (İmam Həsən Əsgəri (əleyhissəlam)) Əli ibn Məhəmməd (İmam Əliyyən Nəqi (əleyhissəlam)) Məhəmməd ibn Əli (İmam Cavad (əleyhissəlam)) Əli ibn Musa (İmam Riza (əleyhissəlam)) Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam)) Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) Məhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)) Əli ibn Hüseyn (İmam Səccad (əleyhissəlam)) Hüseyn ibn Əli (İmam Hüseyn (əleyhissəlam)) və Əli ibn Əbutalib (Həzrət Əli (əleyhissəlam)). Ərəb və əcəm (qeyri-ərəb) nəsillərinin heç biri bu cür şərafətə malik olmamışdır (İmam Cavad əleyhissəlamın siyasi həyatına bir baxış, səh.106).”

İmam Cavadın (əleyhis səlam) şəhadəti
Hicrətin iki yüz on səkkizinci ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim xəlifə olur. O, İmam Cavadı (əleyhis səlam) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (əleyhis səlam) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: "Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavadın (əleyhis səlam) verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki, müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur."
Qəlbində İmam Cavada (əleyhis səlam) qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmamı (əleyhis səlam) öldürmək fikrinə düşdü. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavadı (əleyhis səlam) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (əleyhis səlam) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.
Müəllif: Admin | 16-04-2014, 17:25
Baxılıb: 630
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.