“Qədir” məsələsinin insan həyatinda rolu
Mьəllif: admin1
Tarix: 11-10-2014, 17:16
Bцlmə: Xəbərlər
“Qədir” məsələsinin insan həyatinda rolu

Mövcud dinlərin imtiyazlarından biri budur ki, insanlara yüksək, ülvi hədəfləri və bu hədəflərə çatmağın yollarını göstərməklə yanaşı müəyyən örnək və ülgülər də tanıtdırırlar.
Həmin dinə sitayiş edən insanlar dinin göstərdiyi örnəkləri, onların keçdiyi həyat yolunu nəzərə alıb ülvi məqsədlərə daha tez çatırlar. Çünki psixoloqların fikrincə kamil bir örnəklə həqiqətə doğru gedən yolu daha tez qət etmək olar.
Allah-tәala həzrət Peyğəmbərin (s) müsəlmanlar üçün ən yaxşı ülgü olduğunu buyurur:
“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab, 21.)
Qeyd etmək lazımdır ki, Peyğəmbərdən (s) sonra qarşıya elə problemlər çıxdı ki, Peyğəmbər (s) dövründə müsəlmanlar elə problemlərlə qarşılaşmamışdılar. Elə buna görə də Peyğəmbəri (s) örnək olaraq önə çəkmək mümkün deyildi. Belə məsələlərdən biri İmam Hüseynin (ə) dövründə qarşıya çıxdı. Belə ki, İslama zidd olan lakin İslam adından çıxış edən Yezid adlı bir şəxs İslam ümmətinin rəhbərliyini ələ keçirdi. Həmin dövrdən qiyamətə qədər, insanlara ən gözəl ülgü nümayiş etdirən İmam Hüseyn (ə) oldu. Bu örnək yalnız Şiə məzhəbinə mənsub olanlara, Əhli-beyt (ə) ardıcıllarına məxsusdur. Əhli sünnə isə bu növ örnəkdən məhrumdur.
Peyğəmbərdən (s) sonrakı imamət və xilafət mövzusu bir cəhətdən tarixi olmasına baxmayaraq, İslamın erkən çağlarının tarixi olması etibarı ilə böyük əhəmiyyətə malikdir. Peyğəmbərdən (s) sonra imamət məsələsi əslində imamın imamət üçün layiqli olmasının və Allah tərəfindən təyin olunmasının zərurəti məsələsidir. Daha dəqiq desək, burada söhbət Peyğəmbərdən (s) sonra bəşəriyyət üçün kimin örnək olmasından gedir. Örnək Əli (ə) kimi bir şəxsiyyət olmalıdırmı ki, bütün insani keyfiyyətləri özündə əks etdirmişdir? Hansı ki, şücaət, ədalət, səxavət, ibadət, zahidlik, təqva, fəzilət və digər əxlaqi sərvətlərə yiyələnmək baxımından bənzəri yox idi. Yoxsa döyüşlərdə heç bir rolu olmayanlarmı örnək olmalıydı? İslam ümmətinin İslamın erkən çağlarında yaşamış qabaqcılları arasında elə bir ideal örnəyə ehtiyacı var ki, onlar üçün qiyamət gününə qədər təhrikedici bir qüvvə olsun. Belә ki, bu ümmətin hər bir nümayəndəsi məlum örnəyin ictimai mövqeyini, fəzilətlərini, əxlaqi keyfiyyətlərini oxumaqla haqqa daha yaxın olsunlar.
“Mahatma Qandi” Hindistanda istemar əleyhinə mübarizə örnəyi kimi məşhur deyilmi? “Fədakar kəndli” hələ uşaq yaşlarından fədakar ruhda tərbiyə olunmaları üçün uşaq kitablarında fədakarlıq simvolu kimi verilməmişdirmi? İslam düşmənlərinin müsəlman örnəklərini müstəmləkəyə çevirərək maddi və mənəvi dəyərlərini qarət etdikləri bir dönəmdə nə üçün müsəlmanlar qəflət yuxusundan oyanmadılar. Allah-tәala Qurani-kərimdə: “Allah heç vaxt kafirlər üçün mö’minlərin əleyhinə olan bir yol qərar verməz!” – deyə buyurmamışdırmı? İslam Peyğəmbəri (s) “İslam bütün dinlərdən üstündür və ondan üstün din yoxdur” – deyə buyurmamışdırmı? Nə üçün müsəlmanlar müstəmləkəçilərə xidmət göstərməkdə, hətta digər müsəlman ölkələrinin əleyhinə olsa belə bir-biri ilə yarışırlar? Nə üçün hər hansı bir İslam dövləti müstəmləkəçilərə gözəl xidmət, yaxud digər müsəlman dövlətini işğal etdiyinə görə işğalçıya fəxri nişan verməlidir? Biz nə üçün qəflət yuxusuna getmişik? Nə üçün Tacikistan milləti iki yüz min şəhid, iki milyon köçgün verməsinə baxmayaraq zəfər qazana bilmədi? Halbuki, İran xalqı daha az şəhid verərək 2500 illik monarx şah hakimiyyətini devirdi. Buna səbəb yalnız Əli (ə) və İmam Hüseyn (ə) kimi örnək və idealların mövcudluğudur. Hansı millət və ya ölkə inqilabının ilk anlarında müstəmləkəçilər tərəfindən zоrlа qәbul etdirilmiş müharibəni səkkiz il müddətində qələbə ilə sona vura bilər? Buna səbəb İmam Hüseyn (ə) və Əhli-beyt (ə) kimi idealların mövcudluğu deyilmi? Buna səbəb Əbül-Fəzl əl-Abbas kimi örnəyin mövcudluğu deyilmi? Bi iddia mənim kimi şiə olan bir şəxsə aid deyil. Bu, bir çox İslam dövlətlərinin xalqının süstlüyündən, durğun fəaliyyətindən narahat olan siyasi, inqilabi simaların iddialarıdır. Çox təəssüflər olsun ki, Fələstin faciəsi ilə bağlı bir çox müsəlman dövlətlərinin susduğunun şahidiyik. Hətta kiçik bir yürüş, etiraz aksiyası şəklində belə öz etiraz səslərini qaldırmırlar. Hansı ki, bu onların öz mənafelərini də təmin edir. Çünki İsrailin tamahından bütün müsəlman dövlətləri keçir. Onlar, sanki dinləri bir olan Fələstin xalqının başına heç bir iş gəlməyibmiş kimi etinasızcasına məsələnin üstündən keçirlər. Onlar başını qar altına salıb ovçunu görməyərək düşmən yoxdur, deyən quşa bənzəyirlər. Hansı ki, başları öz eyş-işrətlərinə qarışmışdır. Lakin bir gün başlarını qaldıraraq düşmənin onlara hakim kəsildiyinin şahidi olacaqlar. Lakin on iki imamçı Şiə müsəlmanlar isə özləri müstəmləkəçilərə, İslam düşmənlərinə qələbə çalaraq Fələstin, Əfqanıstan, Çeçenistan, İraq, Azərbaycan (Qarabağ), Bosniya və s. müsəlmanların qələbəsinə bütün mümkün yollarla yardım göstərirlər. İslam ümmətinin qayğısını çəkir və qlobal, ümumdini bir qələbə üçün əllərindən gələni edirlər. Bu yolda böyük məhrumiyyətlərə məruz qalmalarına baxmayaraq, mübarizələrini iftixarla davam etdirirlər. Bütün bunlara səbəb Şiə məzhəbinin onlara örnək olacaq, tarix boyu böyük həyati dərslər, ibrətlər qoyub getmiş idealların mövcudluğudur. Şiə məzhəbinin Əli (ə) kimi ideal bir örnəyi var. Hansı ki, buyurur: “Əgər insan yəhudu qadının ayağından xalxal (zinət üçün ayağa taxılan dəmir halqa) oğurlandığına görə ölərsə, haqlıdır”. Bu məzhəbin Hüseyn ibn Əli (ə) kimi ideal örnəyi var. Hansı ki, buyurur: “Nə zülm et, nə də zülmə tabe ol!” və ya buyurur: “Zillət bizdən uzaqdır!” Hansı ki, buyurur: “Şanlı ölüm köləcəsinə yaşamaqdan yaxşıdır” Hansı ki, yeri gəldikdə “Əmr be məruf” və “Nəhy əz münkər” uğrunda candan belə keçmək lazım olduğu qənaətindədir.
Dövrümüzdə “İmamət” mövzusu haqqında danışmaq həmin ideallardan, örnəklərdən danışmaq deməkdir. Burada örnək deyildikdə bütün sahələrə aid edilməlidir; İbadət, ailə, ictimai və fərdi öhdəliklər və s. İnsanların gələcəyini formalaşdıran həmin örnəklərdir. Uşaq yaşlarından başlayaraq “Zillət bizdən uzaqdır” şüarı yazılmış parçaları alnına bağlayan, İmam Hüseynin (ə) əza mərasimində iştirak edən, onu öz idealı sanan kimsə heç bir zaman, ömrünün ixtiyar çağlarında belə zülmə tabe olmaz. Necə ki, idealı, örnəyi olan İmam Hüseyn (ə) zülmə boyun əymədi. İnsan hər an ülgünü, idealı gözü önündə canlandıraraq ona hər cəhətcə yaxınlaşmaq, onun kimi olmaq istəyir. Ona yaxınlaşmaq Allaha yaxınlaşmağa yol açır. Elə buna görə də örnəklərin seçimində olduqca dəqiq olmaq lazımdır. Onlar ömür boyu xətaya yol verməyən, qəbahətdən kənar olan kimsələr olmalıdırlar. İnsan üçün yaxşını pisdən, haqqı batildən, fəziləti qəbahətdən ayıran imamdır. İmamət xəttinə qoşulmaqla insan iki yoldan birindən ayrılır. Əgər mən Hüseyn ibn Əlinin (ə) ardıcılı olaramsa, heç bir zaman fasiq, zalım bir hakimə beyət əli uzatmaram. Lakin Abdullah ibn Ömər kimi birinin ardıcılı olaramsa, tarixin ən məşhur qan içəni olan Həccac ibn Yusif Səqəfinin ayağı ilə belə beyət edərəm. Necə ki, Əhməd ibn Hənbəl Abdullah ibn Öməri nümunə götürərək Mütəvəkkilə beyət etdi. Deməli, meyar və şüarları araşdıran “İmamət” müddəasıdır. “İmaət” və “Qədir” məsələləri tarixi və faydasız, əhəmiyyətsiz məsələlər deyil. Bu, İslam ümməti, habelə bəşəriyyət üçün həyati məsələlərdəndir. “İmamət” insan ruhu ilə sıx əlaqəli bir mövzudur. “İmamət” insanın dünya və axirəti ilə sıx bağlı olan, bir sözlə insan həyatının bütün sahələrində təsirli olan məsələdir.
Nur-az.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930