Azərbaycanın təhsil naziri Gürcüstanda müzakirə etdiyi məsələlərdən danışıb
Mьəllif: Admin
Tarix: 22-02-2022, 23:19
Bцlmə: Xəbərlər
Azərbaycanın təhsil naziri Gürcüstanda müzakirə etdiyi məsələlərdən danışıb
Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstana üçgünlük rəsmi səfəri çərçivəsində apardığı müzakirələri məhsuldar kimi qiymətləndirib.

Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

Nazir Gürcüstanda azərbaycandilli məktəblərin problemləri ilə yaxından tanış olduğunu qeyd edib:

“Bir daha şahid oldum ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyəddədir. Dövlət rəsmiləri və yerli mütəxəssislərlə Azərbaycan dili müəllimlərinin hazırlığı, dərsliklərlə bağlı əməkdaşlıq, azərbaycandilli məktəblərin bədii ədəbiyyatla təmin olunması kimi məsələlərlə bağlı maraqlı müzakirələr aparıldı.

Belə nəticəyə gəldik ki, məsələlərin həlli Azərbaycanın Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin iştirakı ilə mümkün ola bilər. Hər iki ölkənin təhsil nazirliklərinin nümayəndələri bu istiqamətdə imzalanmış saziş çərçivəsində daha konkret addımlar ata biləcəklər”.

E.Əmrullayev vurğulayıb ki, Gürcüstanın Təhsil və Elm Nazirliyi ilə daha sıx əlaqələrin qurulması, təhsil və elm sahəsində əməkdaşlığın daha yaxşı koordinasiyası üçün bu ölkədə Azərbaycanın Təhsil İnstitutu və ya digər dövlət qurumunun nümayəndəsinin təyin olunması məsələsinin də nəzərdən keçirilməsi mümkündür:

"Müzakirələr zamanı Azərbaycanla Gürcüstan arasında elm adamları və tədqiqatçıların mübadiləsi, yay məktəblərinin təşkili məsələlərinə də toxunuldu. Aprel-may aylarında gürcüstanlı alimlərin Azərbaycana səfərinin təşkili də təklif olunub. Bu səfərin baş tutacağına ümid edirəm.

Azərbaycanlı və gürcü gənclər arasında mübadilənin bir az da artırılması təklifini də irəli sürdük. Fürsətdən istifadə edib həmkarlarıma tələbə gəncləri Azərbaycana daha çox göndərməyi, Gürcüstanın ictimaiyyət nümayəndələri və alimlərinin, gənclərinin “Şuşa ili” çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza daha çox səfərlərinin təşkil olunmasını da təklif etdim. Bu təşəbbüslərin həyata keçəcəyinə inanıram”.

Nazir həmçinin, Gürcüstanın Texniki Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılması təklif olunduğunu da bildirib:

"Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə bu məsələ gündəmdə saxlanılacaq və Azərbaycanın ali məktəblərinin yaxından iştirakı ilə mərkəzin yaradılması istiqamətində birgə iş aparılacaq.

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetindəki Heydər Əliyev Mərkəzinin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulub. Bu mərkəzdə Azərbaycan dili müəllimlərinin hazırlığının təşkili də mümkün ola bilər", - deyə nazir E. Əmrullayev qeyd edib.



www.24news.ge
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031