Ölümsüz qəhrəmanlar: Ayətullah Şəhid Əsədullah Əşrəfi İsfahani
Mьəllif: admin1
Tarix: 8-10-2014, 15:50
Bцlmə: Xəbərlər
Ölümsüz qəhrəmanlar: Ayətullah Şəhid Əsədullah Əşrəfi İsfahani

İranın Xomeyn şəhəri bir çox dahiləri İslam dünyasına bəxş etmişdir
Bu gün dünyada “İmam Xomeyni” kimi tanınan İran İslam İnqilabının lideri Ruhullah Musəvi Xomeyni bu siyahıda parlaq şəxsiyyətlərdəndir. Həyatından söhbət açacağımız qəhrəmanımız da bu əyalətin yetirməsidir. Ayətullah Şəhid Əsədullah Əşrəfi Mirzə Əsədullahın, anası isə İslam dünyasının dahilərindən olan Seyid Məhəmməd Təqi Mirdamadın qızı Nəcmə Xatunun oğlu olmaqla, mənəviyyatla zəngin olan bir ailədə dünyaya göz açır. Təbii ki, mənəviyyat fəzalı bu ailədə dünyaya gələcək körpənin ala biləcəyi tərbiyə də belə dəyərli şəxslərin aşılaya biləcəyi ilahi bir feyz olacaqdı. Bu baxımdan Əşrəfi uşaqlıq illərini dini-əxlaqi tərbiyə və bilgilərlə keçirir.

Məktəb yaşlarına qədəm qoyunca, atası onu kənd natamam orta məktəbinə yerləşdirir. Əşrəfi orta təhsilə bu məktəbdə yiyələnir. 12 yaşında natamam təhsilini bitirən Əşrəfi atasının tövsiyəsi ilə İsfahan Elmlər Hövzəsinə dini təhsil əldə etmək üçün yollanır. Müqəddimə dərslərdən başlayan Əşrəfi on il müddətində səthi dərsləri bitirir. Xaric dərslərə yiyələnmək üçün isə o, növbəti dəfə hicrət edir. O, bu dəfə elm şəhəri olan Qum şəhərinə gələrək, Qum Elmlər Hövzəsinə daxil olur. Böyük ailm və ariflərin, müctəhidlərin yer aldığı Hövzə Əşrəfidə dini bilgilərlə yanaşı mənəvi təfəkkürün də formalaşmasında xüsusi rola mail olur. Dinin incəliklərini praktiki olaraq qavrayan Əşrəfi hər nailiyyətində təvazökar bir Allah qulu olaraq, mənəvi yüksəlişə nail olur. Beləcə Qum Elmlər Hövzəsində o Ayətullah Əhməd Cənnəti, Ayətullah Seyid Məhdi Dərcəyi, Seyid Məhəmməd Nəcəfi Abadi, Seyid Əbdülkərim Hairi, Seyid Məhəmməd Təqi Xansari, Seyid Sədrəddin Sədri, Seyid Məhəmməd Kuhkəməri, Ayətullah Burucerdi, İmam Xomeyni kimi dahi şəxslərdən dərs alaraq, ictihad dərəcəsinə çatır. O, burada bir müddət müəllim kimi də fəaliyyət göstərərək tədrislə məşğul olur.

Ecazkar, mənəvi paklığa malik olan Ayətullah Əşrəfi dini bilgilərini öyrənib öyrətməklə yanaşı, onların bir qismini ümumi kütlənin İslam maarifi ilə yaxından tanış olması üçün qələmə alır. Müxtəlif mövzulara toxunan ədəbiyyatı aktuallıq baxımdan bu gün də bir çox dini məzmunlu ədəbiyyatdan daha öndə öz yerini qorumaqdadır. Bunlardan: “Əl-Bəyan”, Quran təfsiri, “Məcmauş Şəttat”, “Məcməu Peyrovani Hurufi Muqəttəi Quran”, “Ğeybəti İmami Əsr (ə.f.)” kimi kitabların adını qeyd etmək olar.

Təhsilini bitirdikdən sonra Xomeyn şəhərində yaranan ehtiyac səbəbi ilə onun Xomeynə getməsi məsləhəti ilə Ayətullah Əşrəfi Xomeynə gəlir. O, burada ictimai, sosial, mədəni-dini işlərlə yanaşı, siyasi siferaya xüsusi diqqət göstərərək, buradakı vəziyyəti nəzarət altına almağa başlayır. Xomeyn şəhərində o, qadınların tədrisi üçün “Məktəbuz Zəhra (s.ə.)”, “Vəliyyi Əsr (ə.f.)” adına məscid, “İmam Hüseyn (ə)” adına məscid, İmam Xomeyni mədrəsəsi, “Məscid ən-Nəbi” adlı məscid, Ayətullah Burucerdi adına mədrəsə və sairlərin inşası ilə məşğul olur.

Əlbəttə, Ayətullah İsfahaninin cəmiyyətdə sevilməsi təkcə ictimai işlərin fəallığı ilə məhdudlaşmırdı. Onun hər kəsi heyran edəcək mükəmməl əxlaqi keyfiyyəti insanların nəzərində bir ruhaninin həqiqi təcəllası idi. Qumda olduğu zaman sübh namazından bir saat öncədən Həzrət Məsumənin (s.ə.) hərəminə ilk şəxs olaraq gəlməsi, gecə namazlarını burada qılaraq dualara qalxması, hər tələbəyə bir nümunə sayıla bilərdi. Həddi buluğ günündən şəhid olan ana qədər isə “Aşura” ziyarətnaməsini və “Kumeyl” duasını bütün forması ilə oxuması onun mənəvi məqamından xəbər verirdi. Fəqirlərə məxsus həyat tərzi isə onu əsla dünya ilə məşğul olmamağa yönəltdiyindən, o, bütün mümkün vaxtını ilahi dərgaha yönəldirdi. Bu maddi böhran həyatının bütün sahələrinə elə sirayət etmişdi ki, təhsil aldığı hövzələrdə dini ədəbiyyatı almaq üçün maddi imkanı məhdud olduğu üçün o, Məkasib kimi dərslik kitablarını yalnız mədrəsənin kitabxanasında oxuya bilirdi. Bir otaqlı evində beş nəfərlik bir ailə olaraq keçinməsi maddi vəziyyətindən şikayətçi olan tələbələr üçün pozitiv bir enerji mənbəyi sayılırdı. İran İslam İnqilabından sonra belə Cəməranda yaşayan Şəhid Əşrəfi bu həyat tərzini dəyişmədən mənəviyyatına xüsusi diqqət göstərirdi.

Onun siyasi təfəkkür tərzi də bir çoxları ilə müqayisədə incə və dəqiq idi. Onun Kirmanşahda sünnü-şiə qarşıdurmasına son verməsi bu gün də kirmanşahlıların dilindədir. Əks təxribatçıların Kirmanşahda apardıqları təbliğatı qısa bir zamanda oranı kritik vəziyyətə gətirir. Hər gün gərginləşən vəziyyət vətəndaş müharibəsini qaçılmaz edincə, buraya qədəm qoyub müharibəni sakitləşdirmək istəyən hər bir kəsin təşəbbüsünü puça çıxarır. 1956-cı ildə İmam Xomeyninin təkidi ilə Kirrmanşaha gələn Şəhid Əşrəfi bu şəhərdə bir ay qalır və burada yaranan gərginliyi Quran və sünnənin xətti ilə həll edə bilir. O, “İslamın düşməni sünni və ya şiə deyil, bu iki qardaş arasında ixtilaf salandır” şüarını deyərək yarana biləcək istənilən təxribatın qarşısını alır.

Ayətullah Əşrəfi İmam Xomeyninin sadiq tələbə və ardıcıllarından idi. Ayətullah Burucerdi dünyasını dəyişdikdən sonra İmam Xomeyninin mərcəiyyətini ilk qəbul edən şəxslərdən biri olmaqla yanaşı, o, öz ətrafını da İmam Xomeyniyə təqlid etməyə çağırır. 1961-ci ildən isə o, İmam Xomeyninin vəkili olaraq, ərazi üzrə nümayəndəsi seçilir. Ayətullah Əşrəfi inqilaba qədər İmam Xomeyninin göstərişlərinə əməl edərək, onun yerli nümayəndəsi kimi çalışır. İran İnqilabının ilkin illərində yerli camaat İmam Xomeyniyə məktub yazaraq Ayətullah Əşrəfini Kirmanşaha Cümə namazı xətibliyinə təyin etmələrini istəyirlər. İmam Xomeyni sadiq dostu, təqva və mübariz ruhlu Şəhid Əşrəfini Kirmanşaha İmam Cümə təyin edir. İctimai, siyasi xütbələrə xüsusi əhəmiyyət verən Əşrəfi kirmanşahlılar tərəfindən sevilərək, qəbul olunduğu kimi, Cümə namazı da xüsusi auditoriya ilə genişlənir. O, söhbətlərində inqilabı qorumaqla yanaşı, daxili və xarici düşmənlərin məkrli planlarını təhlil edərək, burada gizlənən maraqları ifşa edir. Eyni halda o, düşmən cəbhəsinin yaydığı yalan və təxribatların bir yanlışlıq yaratmaq üzərindən oyun olduğunu bildirərək, ruhanilərin, ilahiyyatçı və ictimai xadimlərin İmam Xomeyninin ətrafından heç bir vəchlə dağılmamağı onlara tövsiyə edir. Bununla yanaşı isə düşmənlərə də tribunadan ismaric göndərərək, bu işdə tənəzzülə uğrayacaqlarını bildirərək, bu işdən onları əl çəkməyə səsləyir. Təbii ki, münafiq və düşmən cəbhəsi artıq hər gün durmadan möhkəmlənən və genişlənən İslam İnqilabının xalq tərəfindən rəğbətlə qarşılandığını anlayırdılar. Buna görə də onlar növbəti addıma, xəyanət və terrora əl atmaq planı üzərinə gəlirlər. Şəhid Bahünər, Şəhid Behişdi, onların arxasınca isə sadiq dostları olan Şəhid Rəcayi və Mehrab şəhidi Şəhid Ayətullah Qazi Təbatəbai Təbrizi kimi inqilabın təməl prinsiplərini qoruyan şəxsləri demək olar ki, ardıcıl terror quraraq münafiqlər və xarici düşmənlər şəhid etdilər. Lakin İmam Xomeyninin ilahi dəyərlərə əsaslanan iti siyasəti düşmənin inqilabı devirmək arzusunu ürəyində qoyur. Bununla belə ümidlərini itirməyən nifaq əhli İmamın bölgələr üzrə iti təfəkkürlü dostlarına qarşı terrorlarını davam etdirməkdə idilər. Növbəti qurban Şəhid Əşrəfi olur.

1981-ci il sentyabr ayının 23-ü partlayıcı qurğunun yerləşdirildiyi məscidin mehrabında işə düşməsi nəticəsində dördüncü mehrab şəhidi Ayətullah Şəhid Əşrəfi İsfahani 80 yaşında şəhid olur. Onun pak nəşini İsfahanın məşhur Təht əl-fuad məzarlığında torpağa tapşırırlar.

Hazırladı: Əbülfəz Bünyadov
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930