Qurban bayramınınız mübarək!
Mьəllif: admin1
Tarix: 4-10-2014, 21:30
Bцlmə: Xəbərlər
Qurban bayramının əməlləri
Qurban bayramınınız mübarək!


Günlərini yaşadığımız mübarək Zilhiccə ayının ilk on günlüyü daha çox ibadət edib, bağışlanma diləmək, Allahın xoşladığı, rəhmətini üzərinə etdiyi qullarından olmaq üçün, imkan vardır. Bu mübarək ayın ilk doqquz günündə möminlər oruc tuturlar. Oruc ibadəti bu doqquz gündə bitdikdən sonra isə, əzəmətli İslam dininin böyük bayramlarından olan Qurban bayramı gəlir.

Eydeyn.

Qurban bayramı- bilirik ki, “Eydeyn” (yəni, 2 bayram) hesab edilən 2 böyük bayramdan- Fitr və Qurban bayramlarından biridir. Fitr bayramı- Ramazan bayramıdır ki, Ramazan ayı bitdikdən sonra, növbəti- Şəvval ayının 1- də qeyd olunur. Fitr bayramından 2 aydan bir qədər çox müddət keçir, möminlər yeni bir bayramı- Qurban bayramını qeyd edirlər. Burada diqqət ediləsi çox incə bir məqam vardır. O da, bundan ibarətdir ki, Fitr bayramı ilə, Qurban bayramını birləşdirən bir neçə cəhət vardır;

a) Hər iki bayram öncəsi möminlər oruc tuturlar. Bir fərqlə ki, Ramazanın orucu vacibdir, Qurban bayramından əvvəlki 9 gündə isə, oruc tutmaq müstəhəbdir.

b) Hər iki bayramda fəqirləri sevindirmək, xoş hal etmək var. Fitr bayramında fitrə zəkatı vasitəsiylə, Qurban bayramında isə, kəsilən qurbanlıq heyvanların əti vasitəsiylə, kasıblar, imkansızlar mənfəət əldə edir. Fitr və Qurban bayramları - əl tutmaq və ehsan etmək bayramlarıdır.

c) Hər 2 bayramın özünə məxsus müstəhəbb əməlləri vardır.

ç) Hər 2 bayramın xüsusi namazı vardır ki, eyni şəkildə qılınır.

d) Hər 2 bayramda möminlər yüksək əhval-ruhiyyəli olurlar.

e) Hər 2 bayram - sonsuz rəhmət və ruzi-bərəkəti olan aylarda-Ramazan və Zilhiccə aylarında qeyd olunur.

Qurban bayramının əməlləri.
Qurban bayramında yerinə yetirilməli bir neçə əməl vardır ki, yerinə yetirmək müstəhəbdir və böyük əcri vardır bu əməllərin. Həmin əməllər aşağıdakılardan ibarətdir;

1. Qüsl etmək.

2. Bayram namazını qılmaq. Bu namaz- eyniylə, Şəvval ayının biri- Ramazan bayramında qılınan Fitr namazı kimi, qılınır. Bir fərqlə ki, Fitr bayramında gün qalxana qədər oruclu olmaq, Fitr namazını isə, gün qalxandan sonra, iftar edib fitrə zəkatını verəndən sonra, qılmaq müstəhəbdir, amma, Qurban bayramında isə, bayram namazından sonra, qurban əti ilə, iftar etmək müstəhəbdir.

3. Bayram dualarını, xüsusilə də, “Allahummə həzə yəumin mubərakun...” zikriylə başlayan Səhifeyi-kamilənin 48- ci duasını oxumaq.

4. Nüdbə duasını oxumaq.

5. Qurban kəsmək. Bu bayramın ən gözəl əməlləri qurban kəsmək və bayram namazını qılmaqdır.

6. Təkbirləri oxumaq.

Bayram namazı.

Qeyd etdiyimiz kimi, bu bayramın əməllərindən biri də, bayram namazını qılmaqdır. Bu namaz, Fitr namazı kimi, qılınır. Şiə alimlərinin mötəbər rəyinə əsasən, Qurban bayramının, eləcə də, Fitr bayramının namazı - Sonuncu İmam Höccət ibnil-Həsən (ə.f) qeybdə olduğu müddət ərzində, eləcə də, bizim zəmanəmizdə qılmaq müstəhəbdir, tək halda da, qılına bilər, camaatla birlikdə də. Lakin, İmamın (ə.f) qeybdə olmadığı dövrlərdə isə, bu namazları qılmaq vacibdir və camaatla qılınmalıdır. Bu namazın vaxtı gün çıxandan zöhrə qədərdir. Bu namaz 2 rəkətdir. 1-ci rəkətdə “Həmd” və “İxlas” surəsi oxunduqdan sonra, 5 təkbir (Allahu əkbər) deyilir və hər təkbirdən sonra da, 1 qunut tutulur. 5-ci qunutdan sonra, bir daha təkbir deyib, ruku və səcdə edilir. 2-ci rəkətdə 4 təkbir deyilir və hər təkbirdən sonra, 1 qunut tutulur. 4-cü qunutdan sonra, bir daha təkbir deyilir və ruku və səcdə edilir. Namazın sonunda isə, təşəhhud və salamlar deyilir və bununla da, namaz sona yetir.

Qurbanlıq heyvanın keyfiyyətləri və kəsilməsindəki bəzi şərtlər.

Qurban bayramının əməllərindən biri də, hamımızın bildiyi və hər il şahidi olduğumuz qurban kəsmə əməlidir. Hər il Zilhiccə ayının 10-u, Allah yolunda qurban kəsilir və qurbanlıq heyvanın ətindən ehtiyacı olanlara paylanılır. Qurban ibadəti təkcə İslamda deyil, Quranın buyurduğu kimi, “hər bir şəriət əhli üçün, məxsus qurban ibadəti” olmuşdur. “Həcc” surəsinin 34-cü ayəsində buyurulur: “Hər bir şəriət əhli üçün məxsus qurban ibadəti (və ya qurbanı olan həcc əməlləri) müəyyənləşdirmişik ki, (qurbanlarını kəsəndə) ruziləri etdiyimiz heyvanların (başları) üzərində Allahın adını çəksinlər. Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə mücdə ver.” İnsan gərək, Allah rizası üçün, qurban kəssin. Necə ki, Quran buyurur: “De: Həqiqətən mənim namazım, ibadət, Həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm (ruhumun əbədi xüsusiyyətləri) aləmlərin Rəbbi olan Allaha məxsusdur (ibadətlərim Ona xatirdir və hər bir şey Onun həqiqi mülküdür).” (Ənam 162)

Bəs görəsən qurbanlıq heyvan hansı şərtlərə və keyfiyyətlərə malik olmalıdır? Öncəliklə qeyd etmək lazımdır ki, mübarək Təməttö Həccində qurban kəsmək vacibdir. Bir kəs Təməttö Həccini yerinə yetirirsə, onun Zilhiccə ayının 10-da, Minada qurban kəsməsi vacibdir. Amma, həmin gün Həcc ziyarətində olmayanlara isə, qurban kəsmək vacib deyil, amma, imkanlı şəxslər yaxşı olar ki, bu bayramda qurban kəssinlər. Toyuq, xoruz, ceyran kimi heyvanların qurban adına kəsilməsi düzgün deyil, qurbanlıq heyvan- dəvə, inək, qoyun, qoç heyvanı olmalıdır.

Bunların içində dəvə kəsmək daha çox fəzilətlidir, ondan sonra, inək kəsmək fəzilətlidir. Qurbanlıq dəvənin yaşı, gərək, 5 ildən az olmasın, 6 yaşının içində olsun. İnəyin yaşı isə, 2-dən az olmamalıdır. Qoyunun yaşı isə, 1 ildən az olmamalıdır. Qurbanlıq heyvan sağlam olmalıdır, qüsurlu olmamalıdır, əzaları yerində olmalıdır, hətta, ehtiyata görə, heyvanda keçəllik də, olmamalıdır. Qurbanlıq heyvan, həmçinin, kor, axsaq, qulağı, quyruğu və ya, buynuzu kəsik olmamalıdır. Bundan əlavə, heyvan gərək, arıq və çox qoca olmasın. Həcc ziyarətində qurban ibadəti, şeytan daşlandıqdan sonra, həyata keçir və təxirə salınmamalıdır. Əgər, təxirə salınarsa, gərək bayram günündən sonrakı 3 gün ərzində (buna “təşriq günləri” də, deyilir) yerinə yetirilsin. Müstəhəbdir ki, qurban kəsən şəxs, qurbanlıq heyvanın ətini 3 hissəyə bölsün. 1 hissəsini özünə götürsün, 1 hissəsini ehtiyaclı kimsələrə ehsan etsin və 1 hissəsini də, hədiyyə etsin.


Allah qəbul eləsin!
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031