HACI ZEYNALABİDİN TAĞIYEV
Mьəllif: admin1
Tarix: 13-04-2014, 22:25
İnsanlar dörd qisimdirlər: səxi, kərim, bəxil və ləim.
Səxi (səxavətli) odur ki, özü də yeyir, başqalarına da verir.
Kərim odur ki, özü yemir, başqalarına verir.
Bəxil (simic) odur ki, özü yeyir, amma başqalarına vermir.
Ləim odur ki, nə özü yeyir, nə də başqalarına verir.
Həzrəti Məhəmməd (s)

O, nə şair, nə yazıçı, nə bəstəkar, nə heykəltaraş, nə də dövlət xadimidir. O, sadəcə olaraq zəhmətkeş, qəlbi dağlar qədər böyük, xalqı üçün yanan, lakin varını bütə döndərməyən, onu xalq üçün sərf etməyə hazır olan böyük şəxsiyyətdir. Bu şəxs Haci Zeynalabidin Tağıyevdir.

H. Z. Tağıyev Şərq aləminin ilk mesenatı idi. Sərvət və sərmayadarlıq onu heç zaman xalqından ayırmamış, mənən və qayğıları ilə xalqla özü arasında daimi bir körpü salmışdır. Xalqın kədəri onun kədəri, sevinci onun sevinci idi. Bakı sərmayadarları içərisində heç bir milyonçu xalqa, camaata bu dərəcədə yaxın olmamışdır. Çünki, o özü xalqın içərisindən çıxmışdı, adi palçıq daşıyan fəhlədən, adlı-sanlı, qüdrətli sərmayadar dərəcəsinə yüksəlmişdi. N. Nərimanov xalqımızın tarixdə qalmağa layiq olan, unudulmayan oğul-qızlarından bəhs edərək yazırdı: “ Müsəlmanlardan bu qeyrətdə olanları görməmişiksə də, ancaq adlarını tarixlərdə oxuyuruq və düşünürük ki, millət yolunda can qoyanlar bizlərdə də var imiş. Bu zati-möhtərəmlər hər əsrdə olublar, vardırlar və olacaqlar. Ümumi xeyirdən otrü bu əsri-hazırda insafımız rəva görməyir ki cənab Hacı Zeynalabidin Tağıyevi nəzərmizdən keçirtməyək, ta gələcəkdə millətin balaları bu cənabın millətə qeyrətini, vətənə məhəbbətini, insana himmətini və həmiyyətini tarixdə oxuyub gözləri rövşan və qəlbləri şad olsun. Həqiqət hal! Bu zati-möhtərəm bir qeyri-zatdır, ruzigar bizlərə bəxişiş edibdir. Bu zat millət bozorgi (böyüyü) ruzigarın nadidə əsəri əvəzsiz olub adını tarixə sala bilərikmi?”.

Hacı Zeynalabidin Tağıyev 1823-cü ildə anadan olmuş, uzun, mühüm hadisələrlə zəngin ömür sürmüşdür. Başlıca fəaliyyəti kapitalist münasibətlərinin formalaşdığı və bərqərar olduğu dövrə, habelə XX əvvəllərinin coşğun siyasi çarpışmalar dövrünə təsadüf etmişdir.

H. Z. Tağıyev ağ neft istehsalı ilə məşğul olmuş ilk azərbaycanlılardan biri idi. 1870-ci ildə onun iki qazanlı ağ neft zavodu vardı. Bu qiymətli məhsulun istehsalındakı müvəffəqiyyət onda neft işinə maraq oyadır.

H. Z. Tağıyevin birinci dəfə evlənməsi haqqında çox az məlumat var. Ancaq o məlumdur ki, arvadının ölümündən sonra onun üç uşağı- oğlanları İsmayıl (1865-ci il), Sadıq (1868-ci il) və qızı Xanım (1871-ci il) qalmışdı. Birinci oğlu Nurə Ərəblinskaya ilə evlənmişdi. Qacarlar nəslindən Mələksima (M. F. Axundovun nəvəsi) ilə evlənən ikinci oğlundan Tağıyevin Ağa-Zeynalabidin, Zərintac Və Zeynəb adlı üç nəvəsi olmuşdur.

Rusiyada tətbiq edilən “Ticarət və digər işlərlə məşğul olmaq hüququ üçün gömrüklər haqqında Əsasnamə” 1876-cı ildə Azərbaycana da şamil edildi. 1877-ci ildə H. Z. Tağıyev ikinci gildiyi tacir zümrəsinə qəbul olunur. 1882-ci ilədək bu rütbədə qalır. 1882-ci ildə isə birinci gədiyi tacir rütbəsinə layiq görülür. XIX əsrin 80-ci illərində H. Z. Tağıyev tam imkanlı bir şəxs kimi “Təzəpir” məscidinin yaxınlığındakı evə köçür. Həmin evdə o zaman Azərbaycanın məhşur ictimai xadimi, böyük humanist və maarifçi Həsən Bəy Zərdabi (Məlikov) yaşayırdı. Onların tanışlığı sonradan böyük dostluğa çevrilmişdir. Həsən Bəy Zərdabi H. Z. Tağıyevin ictimai mövqeyinin formalaşmasına böyük təsir göstərir, onun xeyriyyətçilik və maarifçilik fəaliyyətinin müəyyənləşməsində mühüm rol oynamışdır.

H. Z. Tağıyevin Azərbaycan xalqının mədəniyyətinin inkişafına olan demokratik dünya- görüşünün formalaşmasına döürünün görkəmli ictimai xadimiləri olan Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Əhməd bəy Ağaoğlu və başqaları ilə tanışlığı da böyük təsir göstərmişdir.

XIX əsrin sonunda Tağıyevin şəxsi həyatında dəyişikliklər baş verir. 1896-cı il iyunun 28-də o, Dərbənddə 1881-ci il təvəlüdlü Sona xanım Ərəblinskaya (kübar cəmiyyətində Sofiya Vladimirovna adı ilə tanınırdı) ilə evlənir. Onun bu qadından 5 uşağı olur: qızları Leyla (1898), Sara (1899), Sürəyya (1904) və oğlanları Məmmədtağı (1900) və Məmmədkazım (1903). Doğrudur H. Z. Tağıyevin vəfatı ilə əlaqədar “Kaspi” qəzetində dərc edilmiş nekroloqda İlyasın da adı çəkilir, lakin onun haqqında heç bir məlumat yoxdur.

1900-cu ildə H. Z. Tağıyev fəxri vətəndaş adına layiq görülür. 1907-ci il yanvarın 25-də isə ona 4-cü dərəcəli həqiqi mülkü müşavir rütbəsi verilir. Çar rusiyasında ( imperiyanın iyerarxiya pillələri cəmi 14 dərəcədən ibarət idi) bu rütbənin nə qədər yüksək olduğunu təsəvvürə gətirmək üçün onu qeyd etmək kifayətdir ki, S. Y. Vitte və P. A. Stolıpin dəmir yolları departamentinin direktoru və daxili işlər naziri vəzifələrinə təyin edilmişlər. Neft sənayeçiləri arasında həqiqi mülki müşavir rütbəsi H. Z. Tağıyevdən başqa bir də E. Nobelə verilmişdir. Senatın 1910-cu il 8 fevral tarixli fərmanı ilə Tağıyev nəsli zadəgan rütbəsinə layiq görülmüşdür.

H. Z. Tağıyev “Müqəddəs Stanislav” ordeninin III və II dərəcəli, habelə aşağıdakı medallarla təltif olunmuşdur: Üzərində “Səyinə görə” yazısı olan (biri Anna, ikisi isə Stanislav lentindən) boyundan aslan üç qızıl, Stanislav lentli biri boyundan asılan, digəri sinəyə taxılan iki gümüş medal. Tağıyevin mükafatları arasında imperator III Aleksandırın hökmranlığı dövrünün gümüş xatirə medalı da var. Bunlardan başqa o xarici ölkələrin mükafatları ilə-İranın “Şiri-Xurşid” ordeninin IV,II və I dərəcələri, habelə Buxaranın III dərəcəli “Qızıl Ulduzu” ilə təltif olunmuşdur.

Azərbaycan sovetləşəndən və Tağıyevin bütün müəəssisələri milliləşdirildikdən sonra ona özünün Mərdəkandakı bağında yaşamaq imkanı verilmişdir.

Irana getmiş böyük qızı Leyladan fərqli olaraq, Vətənindən ayrılmaq istəməyən H. Z. Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında ikən vəfat etmiş və öz vəsiyyətinə görə Bakıda ən tanınmış din xadimlərindən olan Axund Hacı Əbu Turabın Mərdəkandakı, məqəbərəsinin önündə dəfn edilmişdir.

Hacı Zeynalabidin Tağıyevin Azərbaycan xalqı üçün gördüyü maarifçilik və xeyriyyəçilik işlərindən bəzi qısa fraqmentləri xronoloji ardıcıllıqla oxuculara təqdim edirik:

H. Z. Tağıyev 1883-cü ildə Bakıda ilk teatr binasının tikintisini başa çatdırmışdır. 1888-ci il oktyabrın 27-də Tağıyev teatrında ilk tamaşa səhnəyə qoyulmuşdur; 1890-cı ildə Hacı 80 min manat xərcləyərək teatr binasını yenidən qurmuşdur.
* * *
1888-ci ildə Bakıda orta texniki məktəb açılmışdır.1897-ci ildən H. Z. Tağıyev həmin məktəbin fəxri himayəçisi olmuş, məktəbə maddi yardım göstərmişdir.
* * *
1890-cı ildə H. Z. Tağıyev Bibiheybətdə tibb məntəqəsi açdırdı. Məntəqənin ambulatoriyası və qəbul otağı vardı. Hacı bu məntəqəni daimi fəaliyyət göstərən xəstəxanaya çevirmək istəmiş və sonrakı illərədə bu işi başa çatdırmışdır.
* * *
1895-ci ildə Mərdəkanda internat xarakterli bağçılıq məktəbi açdırmışdır.
* * *
H. Z. Tağıyev 1896-cı ildə Gəncə və Naçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılmış məktəblərin xeyrinə pul göndərmişdir.
1896-cı ildə Peterburqda “Müsəlman xeyriyyə cəmiyyəti” binasının tikilməsi üçün Hacı xeyli miqdarda vəsait göndərmişdir.
* * *
1898-ci ildə H. Z. Tağıyev “Yaşlı müsəlmanların” təhsilə qoşulması sahəsində geniş fəaliyyətə başlamışdır. Həmin ilin oktyabrında bu məqsədlə kurslar təşkil edildi.
* * *
1900-cü ildə Bakıda H. Z. Tağıyevin toxuculuq fabriki fəaliyyətə başlayır. Artıq ilk 2-3 ildə fabrikin yanında mərkəzi elektrik stansiyası, darayıcı, qəbul edici, toxucu, rəngləyici və başqa şöbələri yaradıldı. Bundan əlavə qulluqçular üçün ev, fəhlələr üçün qəsəbə, mətbəx və yeməkxana, yaşayış üçün kazarma, məktəb binası tikilmişdir. Həmin obyektlərin tikintisi 1909-cu ilədək davam etdi. H. Z. Tağıyevin fabrikində savadsızlığı ləğv edən kurs fəaliyyət göstərirdi. 1910-cu ildən bu kurs Xalq Təhsili Nazirliyinin birsinifli məktəbinə çevrildi. Hacının fabrikində qiraət salonu-kitabxana da fəaliyyət göstərirdi.
* * *
1900-cü ildə H. Z. Tağıyev Bakıda kommersiya məktəbinin açılması məsələsini qaldırdı, məktəb binası üçün yer aldı, məktəb binası tikildi, məktəb açıldı.
* * *
H. Z. Tağıyev 30 min manat verərək Bakıda açdırdığı II realnı məktəbinin nəzdində müsəlman uşaqları üçün əlifba öyrədən sinif təşkil etdirmişdir.
* * *
1901-ci il oktiyabrın 7-də Bakıda ilk rus-müsəlman qız məktəbi açıldı ( hazırda Azərbaycan Respublikası EA Əlyazmaları İnistutu həmin binada yerləşir). Bu məktəbi tikdirmək üçün H. Z. Tağıyev 183.533 manat pul xərcləmiş, bundan əlavə banka 125 min manat toxunulmaz məbləğ qoymuşdur. əvvəllər 4 illik olan bu məktəb iki ildən sonra 5 illik, sonra isə 6 illik oldu. Hacı banka əlavə olaraq 100.000 manat 5 faizli qızıl pul verib, sonralar məktəbi müəllim seminariyasına çevirtdirmiş, bu fonda 225 min manat pul keçirmişdir. Məktəb 1918-ci ilədək fəaliyyət göstərmişdir.
* * *
H. Z. Tağıyev Bakı-Şollar su kəmərinin çəkilməsi üçün 1901-ci ildən fəaliyyətə başlamış, bu işi maliyyələşdirmiş, bunun üçün xaricdən mütəxəssislər dəvət etmiş, nəhayət, uzun əziyyətlərdən sonra bu işi şərəflə başa çatdırmışdır.
H. Z. Tağıyevin vəsaiti ilə 1905-ci ildə Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə “Həyat” qəzeti, 1906-cı ildə Əlibəy Hüseynzadənin redaktorluğu ilə “Füyüzat” jurnalı çap olunmuşdur. O, Azərbaycan yazıçılarından Seyid Əzim Şirvani, Nəriman Nərimanov, S.M. Qənizadə və onlarca başqalarının kitablarını çap etdirmişdir.
* * *
1910-cu ildə H. Z. Tağıyev Bakıda dəyirman məqsədilə tikdirdiyi binanı dustaqxana kimi dövlətə təhvil vermiş və beləliklə də əvvəllər Hargin adasında yerləşən dustaqxananın şəhərə köçürülməsinə səbəb olmuşdur ki, bununla da şəhər əhalisi Narginə gedib-gəlmək əziyyətindən qurtarmışdır.
* * *
1913-cü ilin iyulunda savad yayan müsəlman cəmiyyətinin –“Nəşri maarif”in idarə heyətinin H. Z. Tağıyevin sədrliyi ilə keçirilmiş yığıncağında Şağan, Hövsan, Pirşağı, Bülbülə, Suraxanı, Bibiheybət, Türkan və Balaxanı qız məktəblərində II sinif açmaq qərara alındı. Sonrakı tədris ilində II siniflər fəaliyyətə başladı.

Mahmud SMAYIL,
Azərbaycan EA
müxbir üzvü.


REDAKSİYADAN: XIX və XX əsrlərdə öz xeyirxahlıqları ilə Azərbaycan xalqının qəlbində səxavət simvoluna çevrilmiş Hacı Zeynalabidin Tağıyev indiyədək hər birimizə örnək olaraq qalmışdır və əminik ki, bizdən sonra gələn nəslin də yaddaşında beləcə yaşayacaqdır. Hacı sadə fəhlədən milyonçu dərəcəsinədək yüksəlsə də, özünü heç zaman xalqından ayrı təsəvvür etməmiş, ictimaiyyət üçün etdiyi xeyriyyəçilik işlərindən əlavə, imkansızların əlindən tutmağı, hətta öz xərci ilə onlara toy etməyi, dünyasını dəyişənlərin cənazəsini qaldırmağı da unutmamışdır.

Biz istərdik ki, bu gün qəlbində H. Z. Tağıyevin adını yaşadan xalqımızın arasından tağıyevlər, nağıyevlər, əsədullayevlər... çıxsın və onun layiqli davamçılarına çevrilsinlər. Axı indi də, o zamankı kimi, maarifi, mədəniyyəti, mətbuatı və digər qurumları yaşatmaq üçün H. Z. Tağıyev kimi çəxslərə ehtiyac duyulur. Belələri varsa, onlara səxavət arzulayırıq.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031