ƏQL və DİN
Mьəllif: admin1
Tarix: 17-04-2014, 00:46
Bцlmə: Məqalələr » Maarif
ƏQL və DİN


Əql və din münasibətləri


Din fəlsəfəsinin prioritet mövzularından olan "əql və din" mövzusu insan əqlinin dindən kömək almadan əldə etdiyi elmi-fəlsəfi nailiyyətlərin dini görüşlər və həqiqətlərlə əlaqəsini müəyyənləşdirməyə yönəlib. Dindəki ilahi dəyərlərin, o cümlədən yeganə Allaha inamın əqli qanunlarla uyğun gəlib-gəlməməsini aydınlaşdırmaq bu mövzunun əsas istiqamətini təşkil edir. Şübhəsiz, dini əqidə və ayinlər çərçivəsində əqlin işi dini həqiqətlərin az da olsa əqli sübutlarla əsaslandırılması yox, bütövlükdə Allaha iman gətirilməsində əqli sübutların lazım olub-olmamasını araşdırmaqdır. Yəni burada müzakirə olunan əsas mövzu əqlin dindəki rolunun çərçivəsidir.

Bu yönümdə müxtəlif fikir və mülahizələrin müzakirəsinə keçməzdən öncə haqqında danışılan problemə münasibətdə mövcud olan müxtəlif fərziyyələri yada salaq. Əql və din münasibətləri üç müxtəlif müstəvidə cərəyan edə bilər:

a) Dini əqidə və ayinlər əql tərəfindən qəbul edilir. Yəni bu məfhumlar əql və təfəkkürə təqdim olunan zaman əql onları təsdiqləyir. (Məsələn, dində deyilir: insanın öz ata-anasına xidməti yaxşı, bəyənilən bir işdir. Bu ilahi qanun islam tərəfindən təsdiqlənib. Eyni zamanda insanın əqli bir zamanlar onun xidmətində dayanıb, onu boya-başa çatdırmış ata-anaya xidməti zərurət olaraq təsdiq edir).

b) Əql dini-ilahi dəyərlər və həqiqətləri təkzib edir. Yəni bu həqiqətlər əql və təfəkkürlə tam ziddiyyətdə olur.

c) Dini əqidə və dəyərlər əql tərəfindən nə təsdiq, nə də təkzib olunur. Başqa sözlə, bu qanunlar əqlə zidd deyil, əqlin fövqündə dayanır və əql onlar barədə mühakimə yürütmək iqtidarında deyil.

Dini və əqli həqiqətlərin təhlili, onların qarşılıqlı əlaqəsi haqqında nəzəriyyələr nəinki din fəlsəfəsində, həm də ümumi fəlsəfədə geniş yer tutur. Bu səbəbdən də məsələnin təhlili və həlli üçün təklif olunan fəlsəfi mülahizələr kifayət qədər rəngarəngdir. Amma biz bu mülahizələrin yalnız ən əsaslarını araşdırıb münasibət bildirəcəyik.

Fideizmdə əql və din

"Fideizm" sözü latınca “fides” (etiqad, inam) sözündən götürülüb. Fideistlər dini əqidələrin izahı və təhlilində əql qüvvəsini yararsız hesab edirlər. Onların qənaətincə, dini etika və etiqadların həqiqətə uyğun olub-olmamasını elmi və əqli yolla müəyyənləşdirmək mümkün deyil.

Din fəlsəfəsində fideizm nəzəriyyəsi iki müxtəlif formada şərh edilir. Onlardan birində fideistlərin əqidəsi belə açıqlanır: dini etiqadlar əqli hökm və qanunlara ziddir. Biz mömin olmalı, iman və əqidələrimizi əqli meyarla ölçməməliyik.

İkinci şərh isə bu nəzəriyyənin mötədil formasıdır. Bu şərhə görə, fideizm dini iman və etiqadı əqli üsullara zidd saymır. Lakin insan idrakını din və dini inanclara biganə bilir. Başqa sözlə, bu iki həqiqət iki müxtəlif sahə ilə bağlı olduğu üçün hər birinin özünəməxsus qanunları var. Deməli, əql din sahəsində öz qanunları ilə tətbiq oluna bilməz. Burada biganəlik ziddiyyət mənasında işlənmir və dini inanclar əqli dəlillərə zidd olmaya bilər. Müasir fəlsəfədə məşhur ekzistensialist filosof Seren Kyerkeqoru fideizmin birinci şərhinin, analitik fəlsəfənin ən görkəmli nümayəndəsi Lüdviq Vitgenşteyni isə fideizmin ikinci formasının müdafiəçisi adlandırmaq olar.

Kyerkeqor və fideizm

Seren Kyerkeqor fəlsəfə tarixində ekzistensializm cərəyanının banisi kimi tanınıb. Onun fəlsəfəsini müasir fəlsəfi sistemlərə aid etmək olar. Kyerkeqorun ekzistensialist görüşləri daha çox dini inam və etiqad məsələsinin izahı üzərində formalaşdığından onun adı həm də din filosofları arasında qeyd olunur. Kyerkeqorun dünyagörüşündə iman insanın kəsb edə biləcəyi ən yüksək fəzilətdir. İnsan zatı onun iman və inamı üzərində qurulub. Çünki iman bəşəriyyətin ən dərin arzu və ümididir. İmanın əqli dəlillər vasitəsilə sübuta yetirilməsinə gəldikdə isə o, dini əqidənin həqiqətə uyğunluğunun əqli yollarla sübutunu mümkünsüz sayır. Çünki iman öz həqiqətini əql vasitəsilə doğruldarsa, daha biz həqiqi iman sorağında olmamalıyıq. İmanın həqiqi mahiyyətində şüur və həyəcan var. Bu isə əqli idrakın tam əksidir. O deyir: “İman əqli-fəlsəfi dəlillərə möhtac deyil. Düzdür, iman əqli idrakı özünə düşmən hesab etmir. Amma özündəki həyəcanı itirdikdən sonra əqli idraka əl açır, onun vasitəsilə imansızlar yanında öz hörmətini saxlamağa çalışır”.

Kyerkeqor imana qaranlıq vəziyyətdə özünü həyəcanla təhlükəyə atmaq və Tanrıya sarılmaq kimi tərif verir. O qeyd edir ki, Tanrının varlığını qəti dəlillərlə sübut edəriksə, daha mömin sayılmarıq. Deməli, imanı dəqiqləşdirmək paradoksal bir addımdır: “Təhlükə hiss etmədən iman qazanmaq olmaz. İman insan ruhunun hədsiz həyəcanı, tam qaranlıq bir fəzadır. Allahı qəti şəkildə sübut etsəydim, mömin ola bilməzdim. Məhz bu işə qadir olmadığım üçün iman gətirməliyəm”.

Kyekeqor iman mərhələsində yaşayan şəxsi əqli idrakın fövqündə görür və İbrahim peyğəmbəri nümunəvi mömin kimi göstərir. Bu tövhid carçısı öz oğlunun qurban verilməsi ilə bağlı ilahi əmri dərhal icra etməyə başlayır. Halbuki insanın öz oğlunu qətlə yetirməsi heç bir əqli ölçüyə sığmır. İbrahim isə bu ilahi əmrə tabe olur. Çünki o, mömindir və onun imanı idraka varmaq imkanını ondan alıb.

Kyekeqorun dini-fəlsəfi görüşlərindəki problemlərə keçməzdən öncə qeyd edək ki, onun əql və din münasibətlərindəki baxışları əvvəldə qeyd etdiyimiz fərziyyələrdən ikincisi ilə uyğundur. Yəni dini və əqli qanunlar bir-birinə qarşı yönəlib.

Seren Kyerkeqorun din fəlsəfəsində İsa Məsihin Allah sayılması və ya onun tarix boyu insanların günahlarına qurban getməsi kimi paradoksal, əqlə zidd məqamlar yalnız dini etiqad kimi izah edilsə də, dini ehkamların əql tərəfindən rədd edildiyi məqbul sayıla bilməz.

Kyekeqorun imanın mahiyyəti barədə söylədiyi fikirləri xristian filosofları, o cümlədən müasir din filosofu Robert Adams tənqid edib. Adamsın tənqidlərini şərh etmirik. Amma Kyekeqorun sözlərindən yaranan əsaslı bir sual cavabsız qalır. Onun fikrincə, iman həyacan dolu bir qərardır. Burada əqli meyarla sual olunur: mömin olmaq istəyən şəxs kimin yolunu seçsin? Müxtəlif dinlərdə təbliğ olunan ilahi imanın hansı birini əsas götürməliyik və bu seçimdə bizim meyarımız nə olmalıdır? İnsan zəkası və təfəkkürünə bağlı meyardan əl çəksək, tam mövhumat məzmunlu dinləri belə rədd edə bilmərik. Deməli, Kyekeqorun görüşlərində insanın din seçimi probleminə cavab tapılmır. Bundan əlavə, həqiqi imanın əqldən təcrid olunması zərurəti də cəfəngiyyatdır. Nə üçün əqli sübutlardan sonra həqiqi iman hissi formalaşa bilməz? Bu iddia, zənnimizcə, tam əsassızdır.

İbrahim peyğəmbərin əhvalatına gəldikdə isə deməliyik ki, bu yalnız bir imtahan idi. Onun öz oğlu İsmayılı qurban verməsi faktı reallaşsaydı, bu vaxt dini hökmlərin sağlam insan zəkası ilə ziddiyyətdə olması müddəası müzakirə edilə bilərdi. Çünki heç bir dindar öz dini əqidəsinin aksiomatik faktlara zidd olduğunu iddia etməz. Əks təqdirdə biz ya bu dindarın ruhi durumuna şübhə edəcəyik, ya da onun öz sözlərində sədaqətli olduğuna inanmayacağıq. Qənaətə gəlirik ki, heç bir dini inanc əql və təfəkkür qanunlarına zidd deyil.

Vitgenşteyn və fideism

Fideizmin mötədil qolunu təmsil edən Vitgenşteyn iki müxtəlif fəlsəfi mərhələ yaşayıb. Onun ömrünün birinci hissəsindəki görüşləri təcrübi elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi hesab edən və fəlsəfi tədqiqatların əhəmiyyətini inkar edən pozitivizmin məntiqi pozitivizm qoluna aiddir. Lakin filosof 1949-cu ildə yazdığı “Fəlsəfi tədqiqatlar” əsərində yeni fikirlərlə çıxış edir və özünü pozitivist məzmunlu görüşlərdən uzaq tanıtdırır. Vitgenşteynin iman haqqqında nəzəriyyəsi onun fəlsəfi tədqiqatlarına daxildir.

Vitgenşteynə görə, hər bir varlıq özünəməxsus dil və dil qanunlarına malikdir. O, “dil oyunları” ifadəsini önə çəkir və bildirir ki, hər bir dil oyununun daxilində onu anlamaq mümkündür. Hər bir dil oyunu müəyyən həyat tərzində məna kəsb edir. Bu mənanı duymaq üçün həmin həyat tərzinə uyğun yaşamaq lazımdır. Vitgenşteyn deyir: “Şir danışa bilsəydi də, biz onun dilini anlamazdıq. Çünki insan və şirin həyat tərzi fərqlidir”. Hər bir varlığın dil qanunları olduğu kimi iman həqiqətinin də özünəməxsus dil qanunları var. Bu qanunlar dini həyat tərzində reallaşır. Əqidə və dini etiqadlara aid sözlər və qanunlar yalnız dini həyat çərçivəsində təhlil edilə bilər.

Dini həyatın dil qayda-qanunları olduğu kimi elmi-fəlsəfi təfəkkürün də öz qanunları və hüdudları var. Bu sahələr bir-birindən tam fərqlənir. O, mömin və kafir şəxsləri bir-birindən ona görə fərqləndirmir ki, birincisi fəlsəfi-əqli dəlillərlə Allaha çatmış və bu varlığa inanır, digəri isə həmin fəlsəfi sübutlarla Allaha çatmayıb və onun varlığını inkar edir. Əslində bunları bir-birindən ayıran onların müxtəlif yaşam tərzidir. Şübhəsiz, yaşam tərzi dedikdə onların yemək və geyim fərqləri nəzərdə tutulmur. Burada məqsəd dindar insanla dindar olmayanın fərqli həyat tərzi, müxtəlif dünyagörüşləridir. Deməli, dindəki iman faktı elmi-fəlsəfi idrakdan nə faydalana bilir, nə də zərər çəkir.

Vitgenşteyn qeyd edir ki, dini inanc fəlsəfi inancdan müqayisəyəgəlməz dərəcədə fərqlənir. Dini əqidələrin insana təsiri elə bir həddə çata bilər ki, o bu əqidələr yolunda canından keçər. Fəlsəfi-əqli inanclarda isə bu fədakarlıqlar yoxdur. O deyir: "Mənim fikrimcə, dini etiqad insanın onu hidayət edən bir sistemə şövqü və bağlılığıdır. Beləliklə, iman həm əqidə, həm həyat tərzidir. Həm həyatın təhlili üçün bir yoldur, həm də şüur və hərarətlə bu qanunlar sisteminə sarılmaqdır”.

Kyerkeqordan fərqli olaraq Vitgenşteynin mötədil iman nəzəriyyəsi dini həqiqətlərin əqli sübutlara zidd olduğunu yox, yalnız onlara münasibətdə laqeyd olduğunu iddia edir. Yəni qeyd etdiyimiz fərziyyələrin üçüncüsü bu baxışla uzlaşır. Lakin fideistlərin məsələyə bu formada yanaşması da məqbul deyil. Vitgenşteynin din və əqlin qarşılıqlı münasibətləri barəsindəki iddialarını dəqiq təhlil etsək görərik ki, o, dini həyatın fəlsəfi-elmi həyat tərzindən fərqli olduğunu əsas götürərək onların dillərinin də bir-birinə yad olduğunu iddia edir, dini terminləri yalnız insan zehnində mücərrəd bir məfhum kimi saxlayır. Onun bu mövzuda açıqlamaları dini elmi-fəlsəfi iradların hücumundan qorumaq istəyi kimi başa düşülür. Bir çox dindarlar uyğun baxışları müsbət qarşılasalar da, həmin baxışlar əslində Tanrıya inamı tam subyektiv bir məfhum kimi qələmə verir, onun xaricdə obyektiv və real həqiqətə malik olmadığını bildirir. Bu isə kökündən yanlış hesab edilir. Vitgenşteyn bunu açıq şəkildə bildirməsə də, onun sözlərindən belə bir qənaətə gəlmək çətin deyil.

Bildiyimiz kimi, elm, məntiq və fəlsəfə, eləcə də, onların qanunları real və həqiqi varlığa tətbiq olunur. Yəni elmi, fəlsəfi və məntiqi tədqiqatların obyekti xaricdə, ətraf mühitdə gördüyümüz və yaxud, hiss olunmadığı halda varlığını qəbul etdiyimiz (aclıq, susuzluq, sevinc, kədər və bu kimi) gerçəkliklərdir. Belə bir vəziyyətdə dini gerçəklikləri movcud qanunlardan tam ayırmaq və onları elmi-fəlsəfi qanunların tətbiq obyekti hesab etməmək necə izah oluna bilər? Dini inancların gerçəkliyi əks etdirən varlıq kimi qəbul edilməməsi nə deməkdir? Guya bütün bunlar yalnız hər bir dindarın öz zehnindəki təsəvvürlər və təxəyüllərdir. Deməli, Vitgenşteynin iman həqiqətini bu formada müdafiə etməsi problem yaradır və ilahi varlığın tam mənasız olduğunu göstərir. Halbuki bütün dinlərdə, xüsusilə islam dinindəki inanclar dindarlar tərəfindən reallıq kimi qəbul edilir. “Allah var” deyərkən gerçək bir varlıq nəzərdə tutulur. Bu səbəbdən də dini inancları əks etdirən müddəalar elmi-fəlsəfi çərçivədə tədqiq oluna bilər. Əslində din fəlsəfəsi məhz bu əqidələrin tədqiqi və təhlili məqsədi ilə ərsəyə gətirilmişdir.

Rasionalizm

Əql və din münasibətləri ilə bağlı ikinci nəzəriyyə rasional görüşlərə əsaslanır. Bu nəzəriyyə məsələnin həllində əqlə tam üstünlük verdiyi üçün qatı rasionalizm adı alıb. Rasional düşüncə çərçivəsindən çıxış edən filosofların fikrincə, dini əqidələr yalnız əqli sübutlarla təsdiqləndiyi zaman məqbul sayıla bilər. Dini əqidələrin əql tərəfindən təsdiqi dedikdə isə onların bütün düşüncəli insanlar tərəfindən qəbul olunası tərzdə sübuta yetirilməsi nəzərdə tutulur. Bu nəzəriyyənin əsas daşıyıcılarından olan ingilis filosofu və riyaziyyatçısı Kliford (1845-1879) qatı rasionalist görüşlərini belə izah edir: “Hər vaxt, hər yerdə və bütün insanların natamam dəlil və sübutlarla bir şeyə inanması səhv bir işdir. Təsəvvür edin, bir şəxs uşaqlıq dövründə və yaxud sonralar qəbul etdiyi bir əqidəni zehnindəki bütün şübhələrdən kənar saxlayır və onu qoruyur. Həmin əqidəni süstləşdirən sualları kafir sualları adlandırır. Belə bir şəxsin həyatı bəşəriyyət qarşısında böyük günahdır”.

Nə üçün Kliford dini əqidələri bu mürəkkəb meyarla ölçür? O bu sualı cavablandırarkən qeyri-kafi dəlillərlə qəbul olunan əqidənin həmin əqidədə olan insanlar və ya başqaları üçün təhlükəli nəticələrindən danışır. O deyir: “Bir gəmi sahibi öz sərnişin daşıyan gəmisini dəniz səfərinə çıxarmaq fikrinə düşdü. Həmin gəminin dəniz səfərinə yararlı olması şübhəli idi. Şəkk-şübhələr onu narahat edirdi. Lakin səfərdən öncə gəmi sahibi şübhələri özündən uzaqlaşdırıb, saf qəlb və xeyir-dua ilə gəminin hərəkətinə tamaşa edirdi. Gəmi okeanda batarkən gəmi sahibi şikayət etmək iqtidarında deyildi. Biz bu şəxs barədə necə mühakimə aparaq? Şübhəsiz, insanların ölümünə görə təqsirləndirməliyik. Düzdür, həmin şəxs sonda gəminin möhkəm və yararlı olmasına tam inanırdı. Amma onun inamı zərrəcə köməyə gəlmədi. Çünki o, yetərsiz dəlillərə əsaslanmamalı idi”.

Bir daha rasionalistlərin bu haqda irəli sürdükləri iddialara diqqət yetirək. Onların nəzərincə, hər hansı bir dini əqidə bütün zaman və məkanlarda bütün insanlar tərəfindən təsdiq ediləsi şəkildə olmalıdır. Əks təqdirdə bu əqidə insan düşüncəsi tərəfindən rədd ediləcək. Klifordun qənaətinə görə, dini əqidələr məcmusu bu meyarla ölçülə bilməz; yəni bir dini əqidə çoxları tərəfindən qəbul olunsa belə, bəziləri tərəfindən inkar edilir. Deməli, ağıllı və etik normalara sadiq insan dini əqidələrə yiyələnməməlidir. Con Lokk (1632-1704) Klifordun görüşləri ilə həmrəy olsa da, dini əqidələrin bu meyarla ölçülə biləcəyini vurğulayır. Bu səbəbdən onun özü də dindar mövqedən çıxış edib. Akvinlı Foma da dinin dəqiq elmi tədqiqatlar nəticəsində əql tərəfindən təsdiqlənmə imkanlarına inanırdı.

Din və əqlin qarşılıqlı münasibətləri barədə tam rasional təfəkkürə əsaslanan nəzəriyyəni təhlil etməzdən öncə əvvəldə qeyd etdiyimiz təsnifata qayıdırıq. Klifordun bu məsələyə baxışları həmin təsnifdə ikinci fərziyəyə uyğundur. Yəni dini əqidələr sağlam və müstəqil əql tərəfindən rədd edilir. Con Lokk və Akvinalı Foma kimi filosofların baxışları isə həmin təsnifatdakı birinci fərziyəyə müvafiqdir. Belə ki, bu iki filosofun qənaətincə, təfəkkür düzgün formada tədqiq olunarsa, dini əqidələr əql tərəfindən təsdiqlənər.

Rasionalizmin problemləri

Qatı rasionalizmin birinci problemi həmin nəzəriyyənin öz tərəfindən rədd olunmasıdır. Bu nəzəriyyəyə əsasən, yalnız bütün insanlar üçün hər yerdə və hər zaman təsdiqlənə biləcək əqidə düzgün əqidədir. Sual oluna bilər: elə bu nəzəriyyədən qaynaqlanan hazırkı müddəa yalnız həmin meyarla ölçülə bilərmi? Yəni bütün insanlar hər zaman və hər yerdə bu müddəanı təsdiq edə bilərmi? Şübhəsiz, cavab mənfidir. Nəticədə bu nəzəriyyə özü bütün insanlar tərəfindən qəbul olunmadığı üçün rədd edilir.

Həmin nəzəriyyədəki digər bir problem aksiom kimi qəbul edilmiş həqiqətlərin də bəziləri tərəfindən təkzib olunmasıdır. Məsələn, qızmar yay günü günəşin istilik verməsi aydın və inkaredilməz bir həqiqətdir. Lakin fəlsəfə tarixində bəzi fəlsəfi cərəyanların bu qəbil aşkar həqiqətləri də inkar etdiyi müşahidə olunub. Onların iddiasına görə, həqiqət təkcə müşahidəçiyə tam aydın görünür. Amma onun deyilən formada olduğu məlum deyil. Bu yanaşmanın doğru olub-olmadığını açıqlamaq fikrində deyilik. Əsas məsələ budur ki, tam aşkar həqiqətləri inkar edən filosoflar heç də ağılsız insanlar deyillər. Onlar yüksək istedad və elmi bacarığa malik insanlardır. Buradan belə bir nəticə çıxır ki, rasionalistlərin dini əqidələr barədə təklif etdiyi meyar düzgün ola bilməz.

Qatı rasionalistlərin görüşlərini gücdən salan digər məsələ bundan ibarətdir ki, onlar hər hansı bir dini əqidənin ağıllı insanlar tərəfindən təsdiqlənməsinə şahid olmaq üçün tarixin sonunu gözləməlidirlər. Çünki onların qənaətinə əsasən, dini əqidə bütün zaman və məkanlarda bütün insanlar tərəfindən təsdiqlənməlidir. Bu isə yalnız gələcək insanların bu əqidə barəsində rəyindən sonra müəyyənləşə bilər. /DİN və FƏLSƏFƏ/
Mail YAQUB
Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi
/mediaforum.az/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930