Bu gün İmam Baqirin (ə) mübarək mövlududur
Mьəllif: admin1
Tarix: 1-05-2014, 10:38
Bu gün İmam Baqirin (ə) mübarək mövlududur
Beşinci imam həzrət Məhəmməd Baqir əleyhissalam 57-ci hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəldi

Babasına çox bənzədiyi üçün o həzrətin adını Muhəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər.
Atası həzrət Səccad (ə), anası isə imam Həsən əleyhissalamın qızlarından sayılan Fatimə idi. O həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır.

İmam həzrət Muhamməd Baqir əleyhissalam həmişə təzə və səliqəli paltar geyər, özünə ətir vurar və yavaş-yavaş yeriyərdi.
Bir gün darfikirli insanlar o həzrəti tənqid edərək; baban Әli (ə) köhnə və ucuz paltarlar geyərdi, bəs sən niyə bahalı libaslar geyinirsən? — deyə söylədilər. O həzrət (ə) isə onların cavabında belə buyurdu: "O dövrdə camaat yoxsul və kasıb yaşadığı üçün, Әli əleyhissalam da ucuz paltarlar geyməli, sadə xörək yeməli idi. Lakin bu gün camaat rifah və rahatlıqda ömür sürdüyünə görə mən belə paltarlardan geyməliyəm. Babamın o dövrdə gördüyü iş ədalət və rəhbərliyinə uyğun olduğu kimi, mənim də gördüyüm iş ədalət və rəhbərliyimə uyğundur."
O həzrətin ədəb və tərbiyəsi haqqında belə yazıblar:

«Heç vaxt ucadan gülməz, həmişə ahəstə və ədəbli danışardı». İmam Muhamməd Baqir əleyhissalam heç vaxt əsəbiləşməzdi, həmişə rastlaşdığı adama hörmət göstərib onunla mehribanlıqla görüşərdi. Özü isə bu haqda belə buyurur:
«Bu iş ürəkləri bir-birinə yaxınlaşdırıb, düşmənçilikləri aradan qaldırar».
İmam dua edərkən çox ağlar amma heç vaxt ucadan, hönkür-hönkür ağlamazdı. Danışarkən sözünü Allah adı ilə başladığı kimi Allah adı ilə də bitirərdi.

O həzrətin çoxlu bağları və tarlası vardı. Onun özü də sadə bir əkinçi kimi, tarlaya gedər, fəhlələrlə birgə işləyib xörək yeyərdi. Həzrət öz xadimləri ilə yaxından əməkdaşlıq edən bir malik idi.

Həzrət (ə) öz bağ və tarlalarından əldə etdiyi qazancı Allah yolunda sərf edib, fəhlələrin bütün ehtiyaclarını təmin edərdi. Belə ki, öz zamanında Hicazda ən səxavətli şəxsiyyət kimi tanınmışdı.

Şeyx Müfid İmam Muhamməd Baqir əleyhissalam haqqında belə yazıb: «O həzrət bütün elm və mərifətlərə bələd idi. Bütün ömrünü öz Allahına itaət etməklə başa vurmuşdu. Təqva və pəhrizkarlığında möhkəm və sarsılmaz idi. Birilə bağladığı əhd-peymanına həmişə sadiq qalardı. ürəyinin saflığı, ruhunun paklığı və insani rəftarları hamını heyran qoymuşdu. O, camaata islam əxlaqını təlim edərək onları məhz bu əxlaqla tərbiyələndirirdi. Təəssübkeş sünni alimlərindən olan İbni Həcər o həzrətin əxlaqı barədə yazır: «İmam Muhamməd Baqir əleyhissalam səfalı və pak qəlbə malik bir şəxsiyyət idi. Sözü ilə əməli bir idi. Davranışı insani və islami idi. O, böyük arif, misilsiz bir abid idi. Onun insani zinətlərini vəsf etməkdə acizəm».

O həzrətin xidmətçilərindən biri onun haqqında belə demişdir: «Həzrətlə birlikdə Məkkəyə getmişdik. Gözü Allahın evinə sataşdıqda o qədər ağladı ki, bihuş oldu. Әrz etdim ki, niyə bu qədər ağlayırsan? Buyurdu: «Bəlkə Allah bu göz yaşlarıma görə qiyamət günündə məni bağışlasın və rəhmət etsin».

Sonra imam namaz qılmağa başladı və uzun müddət səcdə halında qaldı. Başını qaldırdıqda isə səccadəsi həzrətin göz yaşlarından islanmışdı.»

Yalançı şəxsiyyət sayılan Məhəmməd ibni Münkədir belə demişdir: Imamın çox işlədiyini görüb öz-özümə fikirləşdim ki, həzrət dünya malına aşiqdir və gərək bir gün qabağını kəsib bu barədə ona nəsihət edəm. Nəhayət bir gün onu qızmar havada çox işlədiyinə görə tərləmiş görüb qabağına gedərək salam verdim və dedim:

«Ey Peyğəmbərin oğlu, niyə bu qədər dünya malının dalıncasan? Әgər bu vəziyyətdə ölsən, nə edərsən?»
İmam (ə) buyurdu: «Bu mənim ən yaxşı zamanımdır. Çünki sizə və başqalarına möhtac olmamaq üçün işləyirəm. Әgər Allah bu vəziyyətdə mənim canımı alsa çox sevinərəm. Çünki Ona ibadət və itaət halındayam». Mən bu cavabdan başa düşdüm ki, yanılırmışam. O həzrətdən üzr istəyib dedim: Mən sizə nəsihət vermək istəyirdim. Halbuki, siz mənə nəsihət verərək məni ayıltdınız».

Kuleyni isə o həzrətin haqqında belə yazıbdır: «İmamın dostlarından bir dəstə belə deyirlər: Günlərin bir günündə imamla görüşmək üçün evinə getdik. Salam verib halını soruşduqdan sonra gördük ki, həzrət çox narahatdır. Səbəbini soruşduqda övladının ağır xəstə olduğunu öyrəndik. «Әgər bu uşaq ölsə, imamın başına nə gələr» - deyə düşündük. Xudahafizləşib getdik. Sabahısı günü halını soruşmaq üçün həzrətin mənzilinə təkrar gəldikdə imamı xoşhal gördük. «Yəqin Allah lütf edib uşağı sağaldıb. İmam da buna görə xoşhaldır» - deyə düşündük. Lakin məlum oldu ki, uşaq ölüb. Biz imamdan «nəyə görə uşağın ölümündən qabaq çox narahat idiniz, lakin ölümündən sonra xoşhalsınız» - deyə soruşduqda imam cavabımızda belə buyurdu: «Övladım xəstə idi, mən də atalıq və insanlıq borcuma görə çox narahat idim və sağalması ü?ün cəhd edib Allahdan şəfasını diləyirdim. Lakin Allah onun ölərək əzab-əziyyətdən qurtarmasını məsləhət gördü. Mən də Onun əmr və istəyinə təslim olub Allaha şükr etdim. Biz Onun rizayəti naminə hər bir şeyə razıyıq və Onun sevdiyini sevirik.»

Sonda Ahlibeyt.ge-ın kollektivi bu müqəddəs gün münasibətilə bütün müsəlman əhlini başda zamanımızın imamı İmam Zaman (ə.f.) olmaqla təbrik edir.

islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930