Quranda adı çəkilən qadınlar
Mьəllif: admin1
Tarix: 29-10-2021, 20:04
Quranda adı çəkilən qadınlar

Allah-Taala dünyadakı insanların hidayəti üçün Quranı nazil etmiş və onların hidayəti istiqamətində müxtəlif üsullardan (vəd verməklə, hədələməklə, xəbərdarlıq etməklə, xoş müjdə verməklə, hekayə formasında, zərb məsəllərlə və s.) istifadə etmişdir.

Biz bu yazıda Quranda örnək kimi təqdim olunan qadınları nəzərdən keçirəcəyik. Qeyd edək ki, Qurani-Kərimdə qadınlardan iki formada danışılıb: bəzən qadının adı çəkilərək ona birbaşa işarə olunub. Bəzən isə qadının adı çəkilmədən, lakin konkret hər hansı bir qadın haqqında nəql olunub.

Bilavasitə işarə olunan qadınlar

Quranda yalnız bir qadının – Həzrət Məryəmin (ə) adı çəkilmişdir. Belə ki, Quranın 19-cu surəsi "Məryəm” adlandırılmış və həmin surənin 16-cı ayəsində onun adı aşkar şəkildə çəkilmişdir:

وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَاناً شَرْقِيّاً

"Bu kitabda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytül-müqəddəsin şərq tərəfində ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi.”

Qurani-Kərimdə Həzrət Məryəmin (ə) adı 20-dən çox surədə və 30-dan çox ayədə çəkilmişdir. "Ənbiya” surəsinin 91-ci ayəsində isə həmin xanım iffətinə görə mədh olunur.

وَالَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا

"Və ismətini (bəkarətini) qoruyan o qadını da yad et. Biz Öz ruhumuzdan ona üfürdük.”

Həzrət Məryəmin (ə) dəfələrlə Quranda mədh olunması bəlkə ona görədir ki, yəhudilər həmin xanıma pis davranmış və ona böhtan atmışdılar. Qurani-Kərim bu barədə belə buyurur:

وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَى‏ مَرْيَمَ بُهْتَاناً عَظِيماً

"Onlar həm də küfr etdikləri (İsanı inkar etdikləri) və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün lənətə düçür oldular”. ("Nisa”surəsi, ayə 156)

مَا الْمَسِيحُ ابْنُ مَرْيَمَ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ وَأُمُّهُ صِدِّيقَةٌ كَانَا يَأْكُلاَنِ الطَّعَامَ انْظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الآيَاتِ ثُمَّ انْظُرْ أَنَّى‏ يُؤْفَكُونَ

"Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak (Allahın hömklərini sidqi-ürəkdən təsdiq edən) bir qadın idi”. ("Maidə” surəsi, ayə 75)

Dolayı yolla işarə olunan qadınlar

Həzrət Adəmin zövcəsi Həvvaya işarə edən ayə:

يَاأَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِن نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالاً كَثِيراً وَنِسَاءً

"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!...”("Nisa” surəsi, ayə 1)

Səba padşahı Bilqeysə işarə edən ayə:

إِنِّي وَجَدتُّ امْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِن كُلِّ شَيْ‏ءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ

"Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara lazım olan) hər şey verilmişdir. Onun çox böyük, əzəmətli bir taxtı da vardır”. ("Nəml” surəsi, ayə 23)

Tarixi nəzəriyyəyə görə Bilqeys adlı bu qadın Həzrət Süleymanın dövründə geniş nüfuz dairəsinə malik olmuş və Səba qövmünə hökmdarlıq etmişdir.O xanım Həzrət Süleymanın dəvətindən sonra təkallahlılığa təslim olmuşdur."Nəml” surəsi 44-cü ayəyə əsasən Bilqeys belə deyib:

رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي وَأَسْلَمْتُ مَعَ سُلَيْمَانَ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

"Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq Süleyman vasitəsilə aləmlərin Rəbbi olan Allaha təslim oldum!”

Musanın anasına işarə edən ayə:

وَأَوْحَيْنَا إِلَى‏ أُمِّ مُوسَى‏ أَنْ أَرْضِعِيهِ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلاَ تَخَافِي وَلاَ تَحْزَنِي إِنَّا رَادُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَ

"Biz, Musanın anasına (ilham yolu, yaxud röyada): "Musanı əmizdir; elə ki, ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik”. ("Qəsəs” surəsi, ayə 7)

Münəccimlərin bir oğlanın dünyaya gəlib səni devirəcəkləri kimi gələcəkdən verdikləri xəbərdən dərhal sonra Firon əmr etdi ki, bütün yeni doğulmuşları öldürsünlər. Bu ayəyə əsasən görürük ki, Musanın anasına ilham olunur ki, qorxma, biz sənin və övladının himayəçisiyik.

Həzrət Musanın bacısına işarə edən ayə:

وَقَالَتْ لِأُخْتِهِ قُصِّيهِ فَبَصُرَتْ بِهِ عَن جُنُبٍ وَهُمْ لاَ يَشْعُرُونَ

"O, Musanın (Məryəm, yaxud Gülsüm adlı) bacısına: – "Onun dalınca get!” – dedi. O da (saraya yol tapıb Fironun adamları onun kim olduğunu) hiss etmədən uzaqdan-uzağa onu gördü”. ("Qəsəs” surəsi, ayə 11)

Belə ki, Musanın anası öz qızına Musanın ardınca gedib aqibətinin necə olacağını öyrənməsini tapşırdı. Nəhayət, Musa Firon sarayında sudan çıxarıldı.

Həzrət Şueybin qızlarına işarə edən ayə:

وَلَمَّا وَرَدَ مَاءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةً مِنَ النَّاسِ يَسْقُونَ وَوَجَدَ مِن دُونِهِمُ امْرَأَتَيْنِ تَذُودَانِ

"(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunları su içməyə və başqalarının heyvanlarına qarışmağa qoymayan) iki qadın (qız) gördü”. ("Qəsəs” surəsi, ayə 23)

Ayənin davamına əsasən və təfsirçilərin nəzərinə görə, həmin iki qadın Şueybin iki qızı idi. Onlardan biri gələcəkdə Musanın zövcəsi olub.

Məryəmin anası və İmranın həyat yoldaşına işarə edən ayə:

إِذْ قَالَتِ امْرَأَةُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّراً فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ

"İmranın zövcəsinin (Hənnənin): – "Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən, qəbul et! Əlbəttə, sən eşidən və bilənsən!” – dediyini xatırla!”("Ali-İmran” surəsi, ayə 35)
Bəzilərinin fikrinə görə, adı Hənnə olan bu qadın övlad sahibi olacağı təqdirdə, onu məbədə xidmətçi olmaq üçün nəzir etmişdi.

Həzrət Nuhun və Həzrət Lutun zövcəsinə işarə edən ayə:

ضَرَبَ اللَّهُ مَثَلاً لِلَّذِينَ كَفَرُوا امْرَأَةَ نُوحٍ وَامْرَأَةَ لُوطٍ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئاً وَقِيلَ ادْخُلاَ النَّارَ مَعَ الدَّاخِلِينَ

Qurani-Kərim iki günahkar qadının simasında pis insan nümunəsini göstərərək belə buyurub: "Allah kafirlərə Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkir.

Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər.

Onlara: "Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin!”– deyildi.” ("Təhrim” surəsi, ayə 10)

Allah burada onları kafir insanların nümunəsi kimi yad edib. Bu qadınlar peyğəmbərə xəyanət etdilər, yəni onun dini ilə pis rəftar etdilər. Həm ulul-əzm peyğəmbər olan Lutun zövcəsi və həm də İbrahimin (ə) şəriətinin hafizi olan Nuhun zövcəsi onların məktəbini qəbul etmədilər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930