Kiminlə dostluq edək
Mьəllif: admin1
Tarix: 18-03-2023, 20:22
Kiminlə dostluq edək

1-İmam Əli (ə): «Ağıllı adamın əxlaqını bəyənməsən də onunla dostluq edə bilərsən. Əxlaqını bəyənməsən də onun ağlından istifadə et, pis əxlaqlıdan uzaq ol.

Ağlından bəhrələnməsən də əxlaqlı adamla dostluğu əldən vermə. Ağlınla onun əxlaqından istifadə et, bacardıqca alçaqlardan və axmaqlardan uzaq ol».

2-İmam Baqir (ə): «Ey insan! Sənə nəsihət verərək ağladan şəxsə tabe ol. Səni aldadaraq güldürən şəxsin arxasınca getmə. Siz tezliklə Allaha tərəf qayıdacaq və biləcəksiniz».

3-İslam Peyğəmbəri Həzrət Məhəmməd (s): «Dostlarınıza diqqət edin. Həqiqətən ölüm insanın sorağına gələn zaman, dostları onun qarşısında hazır olacaqlar.

Əgər onlar saleh əməlli olsalar, gözəl şəkildə cilvələnəcək, pis əməl sahibi olsalar, çirkin şəkildə görünəcəklər. Həqiqətən insan ölən zaman, bir sıra surətlər onun gözünə görünər».

4-İmam Sadiq (ə): «Köhnə və nəsib dostlarından ayrılma. Əhd-peyman tanımayan yeni dostlardan uzaq ol. Camaatın inandığı, etimadlı şəxslərdən uzaq ol (çünki bir gün düşmən ola bilər)».

5-İmam Sadiq (ə): «Ən çox sevdiyim qardaşlarım eyiblərimi mənə hədiyyə edənlərdir».

6-İmam Sadiq (ə): «Dostluğun bir sıra şərtləri var. Hər kimdə bunların hamısı, yaxud bəzisi olsa, onu dost hesab et. Bu şərtlərin heç biri olmayanı dost sayma:

1.Onun gizli və aşkarı sənin üçün eyni olsun;

2.Sənin zinətini öz zinəti və sənin çirkinliyini öz çirkinliyi bilsin;

3.Vəzifə və ya məqama yetişəndə səndən üz döndərməsin;

4.Heç nəyini səndən əsirgəməsin;

5.Çətinliklərdə səndən üz döndərməsin. Bu, əvvəlkilərin hamısını özündə cəmləyib».

Əsas nöqtələr:

1.Ağıllı, yaxud əxlaqlı adamla dostluq etmək, alçaq və axmaqdan uzaq olmaq;

2.İnsana xeyirxahlıqla nəsihət verənlə dostluq etmək, pis məqsədlərlə tərifləyəndən uzaq durmaq;

3.Rabitələr zamanı İlahi razılığı ölçü götürmək;

4.Dost seçiminin insanın axirətinə təsirinə ciddi yanaşmaq;

5.Sınaqdan çıxmış yaxşı dostlarla rabitəni kəsməmək;

6.Əhd-peymana əhəmiyyət verməyənlərə rabitə saxlamamaq;

7.Haqqın meyarını çoxluqda görməmək (IV hədis, 3-cü cümlə);

8.Tənqidə qarşı dözümlü olmaq;

9.Dost seçimində hədisdə qeyd edilən şərtləri ölçü bilmək (VI hədis).

Qeyd:
Ehtimalən birinci hədisdə ilk tövsiyə edilənlər müəyyən qədər sabitqədəm olan şəxslərə aiddir. Amma görəsən zəif imanlı birisi əxlaqı pis, amma ağıllı birisi ilə dostluq edər və nəticədə (onun pis əxlaqından təsir götürərək) axirətini itirərsə, onun (həmin şəxsdən qazandığı) ağlın nə faydası olacaq?!

Amma hədisin davamına hamı əməl edə bilər. Bu şərtlə ki, adam ağıllı şəxslərlə də oturub-dursun. Çünki insanın bəndəliyə yetişməsi, məqsədini tələb olunan səviyyədə dərk etməsi, həmçinin bu yolda qarşıya çıxan maneələri ötüb-keçməsində ağlın rolu danılmazdır.

Bu dediyimiz düşünən insanlar üçün çox aydındır. Eyni zamanda sonda xatırladılır ki, adam alçaq və axmaq, ağılsız adamlardan uzaq olmalı, onlarla zərurətdən artıq rabitə saxlamamalıdır.

2-ci hədisdə deyilən bu cümlə: «Sənə nəsihət verərək ağladan şəxsə tabe ol. Səni aldadaraq güldürən şəxsin arxasınca getmə...»- zirək adamların baxışıdır. Onlar aldanmağı sevmirlər, həyata real baxırlar.

Acı da olsa eyiblərini görmək, özlərini nəfs təbiblərinin (Əhli-beyt (ə) və onlara tabe olan əxlaq müəllimlərinin) mənəvi dərmanları ilə sağaltmaq və son mənzilə- bəndəlik zirvəsinə yetişmək istəyirlər.

Eyibləri görmək, onları müalicə etmək əslində bir nemətdir, bunu hər kəs dərk etmir. Amma bu, hər şeyin aşkar olacağı və həqiqət günəşinin doğacağı gündə hər kəsə məlum olacaq: «Siz tezliklə Allaha tərəf qayıdacaq və biləcəksiniz».

3-cü hədis: Quranda bildirilir ki, axirət həyatı başdan-başa həyatdır, orada bizim əhəmiyyətimiz yanaşdığımız əməllər, hətta fikirlər belə surətə düşəcək, təcəssüm olacaq və canlı şəkildə görünəcək.

Allah taala Quranda bir çox ayələrdə bunu bizə xəbər vermişdir. Misal üçün, «Zilzal» surəsinin son iki ayəsində bildirilir ki, yaxşı və ya pis əməl sahibi öz əməlini görəcək. Deməli, əməlin əslində qeyb aləmində gözlə görünə biləcək surəti var, amma aləmin maddi pərdələri bizə onları görməyə mane olur.

4-cü hədis: Bir çoxları hədisdə qeyd edilən məsələlərin dərkində çətinlik çəkirlər. Baxmayaraq ki, Quranda çoxluq, çoxluğa tabe olmaq, çoxluğu haqq bilmək tənqid olunur, amma bir çoxları haqqı, haqq əhlini çoxluqda görürlər.

Halbuki, həm haqqın özü və həm də onun əhli, doğruluq, düzgünlük haqqın Allahın dini, Rəsulunun (s) və məsum ailəsinin (ə) yolunda bildirilmiş nişanələrlə müəyyən olunur. Hədislərdə buyurulur ki, haqqı tanı ki, onun əhlini də tanıyasan.

Bəs haqqı necə tanıyaq? Əvvəlki cümlədə bunu açıqladıq. Onu da qeyd edək ki, bu məsələ dinimizin həqiqətini başa düşmək, həqiqəti, haqqı harada, kimdə və hansı şəkildə olmasından asılı olmayaraq qəbul etməyə hazır olan şəxslərə qaranlıq deyil.


Şeyx KÜLEYNİ,
«Əl-kafidən İslamda davranış qaydaları» kitabından
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930