Dua etməkdə insanların bir-biri ilə fərqi
Mьəllif: admin1
Tarix: 15-11-2020, 11:43
Dua etməkdə insanların bir-biri ilə fərqi

İnsanın dua etməsində məqsədi nədir və niyə dua etməyə bu qədər təkid edilmişdir – kimi sualların cavabında icmali olaraq demək olar ki...

İnsanın dua etməsində məqsədi nədir və niyə dua etməyə bu qədər təkid edilmişdir – kimi sualların cavabında icmali olaraq demək olar: insanın təkamül yolu Allaha bəndə olmağındadır və bəndəliyin nişanələrindən biri də budur ki, insan öz hacətini ancaq Allahdan istəsin.

Bu baxımdan insanlar bəndəliyin mərhələləri və dərəcələri ilə əlaqədə fərqlidirlər, eləcə də onların ehtiyacları fərqlidir. Allaha bəndəlik yolunun ilkin mərifət və iman mərhələsində qərar tutmuş insanların ehtiyacları maddi və dünyəvidir.

Allahdan bir şey istəyəndə, istəkləri əsas maddi və dünyəvi ehtiyacları ehtiva edir. Məsələn, ruzilərinin çox olması, yaxşı övlad, ləyaqətli həyat yoldaşı, yaxşı ev və bu kimi şeylər.

Əlbəttə, imanın aşağı dərəcəsində olan, böyük ilahi mərifət mərhələsinə nail olmamış və buna görə də yüksək mənəvi ehtiyacların sorağını tutmayan adamlar üçün Allahdan maddi ehtiyaclarını diləmələri çox təbii və yerində olan bir şeydir.

Həqiqətdə onun Allahdan bir şey istəməyinin özü onu göstərir ki, Allaha imanı var və Onu öz ehtiyaclarını təmin etməkdə Qadir hesab edir. Bu cəhətinə görə də ehtiyac əlini Allahdan qeyrisinə uzatmır.

Təbii ki, əgər həmin maddi ehtiyaclarını Allahdan diləsə, Allah onun ehtiyaclarını təmin edəcəkdir. Çünki Özü Musaya (ə) buyurdu: "Ey Musa! Bütün ehtiyaclarını Məndən istə. Hətta qoyununun otunu və xəmirinin duzunu da Məndən istə." Üsuli-Kafi (tərc.), c. 3, səh.107

İnsanın kamalı bundadır ki, bütün ehtiyaclarının ödənişi üçün – istər maddi və istərsə də mənəvi – ancaq Allaha üz tutsun. Ondan qeyrisinə əl açmasın və Allahdan savayı kimsəni təsirdə müstəqil bilməsin. Əgər belə olmazsa, Allahdan qeyrisinə üz tutsa, Allah onu ümidsiz edəcək.

İmam Sadiq (ə) buyurur: "Allah-təala buyurur: İzzətimə, Cəlalıma və ərşə olan Rufətimə and olsun ki, Məndən qeyrisinə ümid bağlayan hər kəsi ümidsiz qoyaram və xalq arasında onu xar edərəm və Özümdən onu uzaqlaşdırar, fəzlimi ondan kəsərəm.

O, sıxıntıda, çətinlikdə Məndən qeyrisinə ümid bağlayar, halbuki bütün çətinliklər Mənim əlimdədir. Məndən qeyrisinə ümidvar olar və öz xəyalında Məndən başqa hamının qapısını döyər, halbuki bütün bağlı qapıların kilidləri Mənim əlimdədir və Mənim evimin qapısı onu döyənlərin üzünə açıqdır." Əl-Bəqərə, 186

Təəssüflər olsun ki, bizim əksər dualarımız və istəklərimiz həqiqi deyil. Yəni Allahdan istəmirik. Allah həqiqi təsir göstərən olduğu üçün yaxşı olardı insan diləklərini ancaq Ondan diləsin. Düzdür ki, insanın bir istəyi olanda onun istəyini yerinə yetirə biləcək adamın sorağına gedir.

Əgər pul lazım olsa, əlini ona pul verə biləcək adama açır və ya pul çıxan bir işin dalınca gedir. Amma mömin əvvəl qəlbini Allaha yönəldir və diləyini Ondan diləyir, sonra Allahın hər bir işi vasitə ilə həyata keçirdiyini nəzərdə tutaraq, bunu özünə vəzifə bilib başqalarına üz tutur. Başqalarına üz tutur deyəndə, onları müstəqil qüvvə kimi qəbul etmir.

Hər necə olsa da insanın qəlbi həmin miqdarda Allaha yönəlmiş olsa və İlahi dərgahdan ehtiyaclarına çarə umsa, insanın kamal və imanını artırır və Allaha meylini bir az da gücləndirir. Allaha diqqəti yönəltmənin necə dəyərli bir kimya olduğunu biz bilmirik.

Hətta maddi və mənəvi istəklərin də insanın ruhi təkamülünə nə qədər təsir etdiyi bizə məlum deyil.

Mərhum Əllamə Təbatəbai öz ustadı mərhum ayətullah Mirzə Əli Qazidən nəql edir ki, o deyirdi: - "Hərdən insan Allahdan qafil olur və Allah həmin bəndəni bir müddət çətinliklərə, problemlərə mübtəla edir ki, bəlkə bir "Ya Allah!" deyə; çünki bu "ya Allah" və Allaha diqqəti yönəltmək ruha çox təsir qoyur və insanın ürəyinin nurlanmasına səbəb olur.

Deyilənlərə diqqət yetirəndə aydın olur ki, Allaha üz tutmağın insanın ürəyinin nurlanmasına və ruhi yüksəklik tapmasına nə qədər təsiri olur. Hətta əgər insan ehtiyacı olmadığı anlarda belə, adi hallarda Allahı ansa, öz kamal yolunda gör nə qədər qabağa gedə bilər.

Əlbəttə, o başa düşmür və heç lazım da deyil bütün şeyləri bilsin, çünki bu aləm imtahan yeridir. Əgər bir şeyin təsiri kamilən üzə çıxsa imtahan lazım olduğu kimi getməz. İmtahanın kamil, nöqsansız baş tutması üçün çox şeylər gizli qalmalıdır.

Buna görə də insan heç vaxt Allahı yaddan çıxarmamalıdır. Hər şeyi, hətta maddi ehtiyaclarını da Ondan istəməlidir. Diqqət etməlidir ki, onun duası – hətta maddi ehtiyaclar üçün olsa belə - Allaha bəndəliyini və Onun rübubiyyətini iqrar etməsidir.

Onun, maddi ehtiyaclarını istəməsi ilə paralel, Allaha həmin miqdarda diqqətini yönəltməsi ruhunun kamal tapmasında təsirlidir. İndi gör onun mərifəti inkişaf etsə, imanı yüksəlsə və maddi ehtiyaclardan əlavə mənəvi işləri üçün də dua etsə nə olar.

Dua edə ki, Allah ona ibadətin tovfiqini əta etsin, elmin təhsili, xalqa xidmət və günahlardan çəkinmək tovfiqi versin. Bundan daha yuxarı başqalarına – dostlarına, qonşularına, valideynlərinə, möminlərə dua etsin.

Bu dəstədən daha yuxarı elə kəslər də var ki, dua etmək istədikdə Allah-təalaya sitayiş etməyə, Onun şəninə təriflər, təsbihlər deməyə başları elə qarışır ki, dua etmək yadlarından çıxır.

Dua etmək istəyəndə Allahın Cəlal və Camal sifətləri yadlarına düşür və başlayırlar Allahı mədh edib, şəninə təriflər deməyə. Hər nə qədər Allaha tərif deyib həmd-səna etsələr də doymurlar. Buna görə də özləri üçün bir şey istəməyə macalları qalmır.

Məşuqun camalına gözü sataşan aşiq onun camalında məhv olur, əriyib bitir, artıq özünü görmədiyi üçün məşuqdan özü üçün bir şey də istəyə bilmir.

Hətta mərifətin bu mərhələsinə çatmış kəslər yenə də hiss edirlər ki, Allah-təala bəndəliyin və übudiyyətin nişanələrinin onların bütün bədən üzvlərində, vücudlarının hər bir nöqtəsində zühur etməsini istəyir.

Necə ki, Allaha bəndəliyin əlamətlərindən biri insanın alnını torpağa qoymasıdır, yəni kiçiklik, acizlik nişanəsi olaraq insan Allah dərgahında üzünü torpağa qoya.

Gözündən İlahi camalın şövqündən və ya İlahi əzəmətin xofundan yaş cari ola və ürək lərzəyə gələ. Eləcə də başqa üzvlərdən əlavə dildə acizliyin nişanəsi zahir olmalıdır. Bəndəliyin və übudiyyətin dildə zühur etməsinin nişanələrindən biri də budur ki, bəndə öz Mövlasından bir şey istəsin.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930