Tövbə
Mьəllif: admin1
Tarix: 9-04-2014, 19:26
Həzrət Peyğəmbər (s) son xütbəsində və etdiyi son moizəsində tövbə və bəndənin günah və itaətsizlikdən Allaha doğru qayıtması barədə danışaraq belə buyurur: «Kim ölümündən bir il qabaq tövbə etsə, Allah onun tövbəsini qəbul edər».

Daha sonra buyurdu: «Bir il çoxdur, bir ildən az müddətdə də mümkündür. Ölümündən bir ay əvvəl də tövbə etsə, Allah onun tövbəsini qəbul edər». Sonra buyurdu: «Bir ay da çoxdur, bir aydan az da mümkündür.

Əgər kimsə ölümündən bir gün qabaq da tövbə etsə, Allah onun tövbəsini qəbul edər». Sonra yenə buyurdu: «Bir gün də çoxdur, bir gündən az da ola bilər. Kim ölümündən bir saat əvvəl tövbə etsə, Allah onun tövbəsini qəbul edər». Bir daha buyurdu: «Bir saat da çoxdur, bir saatdan az da olar». Həmin vaxt buyurdu: «Əgər kimsə ölümündən bir an qabaq tövbə etməyə nail olsa, Allah onun tövbəsini qəbul edər».

Tövbə bəndənin həqiqi şəkildə Allaha tərəf qayıtmasıdır. Ola bilməz ki, bir bəndə əyri getdiyi yolu həqiqətən buraxıb doğru və düz yola qayıtsın, naçarlıqdan və məcburiyyətlə deyil, ürəyinin dərinliyindən və tam səmimiyyətlə Allaha tərəf gəlsin, amma Allah onu qəbul etməsin.


Tövbənin əsası, sütunu pis əməldən peşmançılıqdan və günahın tərk edilməsi barədə qərarın qəbul edilməsindən ibarətdir. Sadəcə günahdan peşmançılıq və günahın tərk edilməsinin özü də iki növdür. Peşmançılıq və qərarların bir növü yalançı peşmançılıq və qərardır ki, xəta etmiş hər bir şəxs cəza və qanunun çubuğu ilə qarşılaşanda peşman olur. O, həmin vaxt arzulayır ki, kaş həmin çirkin işi etməyəydi və indi də cəzanın acısını dadmayaydı.


Cəzanı öz gözləri qarşısında görən şəxs həmin vaxt günah etmək qərarına gələ bilməz. Əgər günah edən zaman günahkar şəxsin gözləri cəzaya sataşsaydı və onu hazır görsəydi, heç əvvəldən günaha mürtəkib olmazdı. Cəzanın gözün qabağında olması və bundan sonra günahın tərk edilməsi məcburiyyətə və ixtiyardan xaric işə bənzəyir. Günahın tərk edilməsi o vaxt tövbə sayılır ki, insan günahın özünü nağd görsün, cəzanı isə nisyə saysın və bundan sonra gələcək cəzaya, yaxud savab və mükafata görə, yaxud da günahda gördüyü murdarlıq və pisliyə görə günah etmək fikrindən daşınsın.


Həqiqi tövbənin mənası ciddi və gerçək şəkildə günahdan islahata və doğru yola qayıtmaqdır. Təbii ki, əgər bu qayıdış ciddi və həqiqi olsa və nağd cəzanın müşahidə edilməsindən yaranmasa, Allah-təala Öz geniş mərhəməti ilə onu qəbul edər. Tövbə iki məqamda qəbul edilmir. Onlardan biri bu dünyada cəzanın gəlib çatdığı zamanda edilən tövbədir. İnsanm həmin vaxt tutduğu mövqe zahirdə tövbəyə oxşayır, amma, əslində, tövbə deyil. Mübarək Mömin surəsinin 84-85-ci ayələrində ilahi cəzaya düçar olmuş keçmiş ümmətlərin bəzisi barəsində belə buyurur:«Bizim əzabımızı görəndə dedilər: «Tək olan Allaha iman gətirdik və (Allaha) qoşduğumuz şəriklərə kafir olduq. Lakin əzabımızı gördükləri zaman imanlarının onlara xeyir verməsi mümkün deyildi. (Bu,) Allahın (qədim zamanlardan) bəndələri barəsində (həyata) keçmiş qanunudur. Kafirlər orada ziyana uğradılar».


Qurani-kərim Firon barəsində də belə nəql edir ki, o, İsrail övladlarından əl çəkmirdi. Onlar Musanın (ə) başçılığı altında Misirdən xaric olanda Firon onları təqib edir və dənizə kimi onların arxasınca gedərək suda qərq olur. Firon həmin vaxt uca səslə belə fəryad qoparır ki: «Mən də Musanın qövmünün iman gətirdiyi tək Allaha iman gətirdim və Ona təslim oldum». Ona belə deyilir: «İndi?! Halbuki bundan qabaq fəsad törədənlərdən idin».


Tövbənin qəbul edilmədiyi ikinci yer axirət dünyasıdır. İnsan o biri dünyaya gedəndən sonra daha tövbə və peşimançılığın faydası yoxdur. Bunun səbəbi insanın orada cəzanı müşahidə etməsi deyil, orada daha əməlin, dəyişikliyin, qərarın dəyişilməsinin, hərəkət və təkamülün mənasız olmasıdır. Ora kim hansı vəziyyətdə, məqam və dərəcədə getsə, həmişəlik olaraq həmin məqamda qalacaqdır və özündə və qərarlarında dəyişiklik edə bilməz. Orada tövbə və keçmiş əməllərdən daşmmaq kökündən mümkün deyil. Yəni belə deyil ki, keçmiş əməllərdən daşınmaq mümkün olsun, amma qəbul edilməsin.


İnsan təbiət ağacının meyvəsidir. Meyvə nə qədər ki, ağacdadır, ağacdan, onun kök və qol-budağından qidalanır, torpağın maddələrini özünə cəzb edir, su içir, nur, hava və hərarətdən yararlanır. Amma elə ki, yetişdiyi və vaxtı çatdığı üçün yaxud qırıldığı üçün ağac ilə əlaqəsi kəsildi, daha həmin meyvənin təkamül, tərəqqi və inkişaf yolu bağlanır, afət və digər ziyanvericilərlə mübarizəsi dayanır. Əgər o, ağacdan kal və yetişməmiş halda ayrılsa, daha çarə yolu yoxdur və əgər pəjmürdə olsa, daha ağaca su, hava, işıq verməklə həmin solğunluğu düzəltmək mümkün deyil. Təbiət aləmində insan da belədir. Hər hansı bir islahat və təkamül təbiət ağacının üstündə olana kimidir. Amma elə ki, ölüm vasitəsi ilə bu ağacdan ayrıldı, daha onun üzünə islahat qapısı bağlanır.


Əlbəttə, bunu da nəzərə almaq lazımdır ki, o dünyada insanın əli islahat və təkamüldən üzülsə də, bu dünyadakı bəzi səbəblər nəticəsində ona bir sıra rəhmətlər çatır. Həzrət Peyğəmbər (s) buyurur ki, İnsan ölən kimi onun əməl dəftəri bağlanır, onun yaxşılıq və pislik sütunları tamamilə qapanır, üç istisna ilə: (həmin istisnalardan) biri budur ki, insan özündən sonra bir xeyriyyə müəssisəsi qoyub getsin və Allahın bəndələri həmin müəssisədən bəhrələnsinlər. Məsələn, bir xəstəxana, yaxud məktəb və ya məscid təsis etsin. Digəri budur ki, özündən sonra elmi əsər yadigar qoyub getsin və sonralar elm və bilik axtarışında olanlar həmin elmi əsərdən faydalansınlar. Üçüncüsü, özündən sonra saleh, düz və mömin övlad qoyub getsin və onun ölümündən sonra həmin övlad onun bağışlanması üçün dua etsin.


Ehtiyacsızlıq və gözü toxluq insanın izzətini qoruyur.


Həzrət Əmirəl-Möminin (ə) buyurur: «Əgər birinə yaxşılıq etsən, öz bəxşiş və yaxşılıqlarını ona şamil etsən, həmin şəxs kimliyindən asılı olmayaraq, sənin yaxşılıqlarının girovu, sənin əmrin altındadır və sən ona münasibətdə hökm sahibi olacaqsan. Əgər kiməsə qarşı ehtiyacsızlıq göstərsən, həmin şəxsin kimliyindən, hansı məqamda olmasından asılı olmayaraq, sən də onun bənzəri və onun kimi bir şəxs olacaqsan. Əgər kiməsə münasibətdə ehtiyac nümayiş etdirsən və ondan bir şey istəsən, onu köməyə çağırsan, həmin şəxsin kimliyindən asılı olmayaraq, sən onun qulu, girovu və əlaltısısan».


Bu böyük kəlamlar məzmunundan da göründüyü kimi, izzət, şərəf, azadlıq və şərəfli həyat barəsindədir. Bu dünyada insan üçün izzət və şərəf hissindən böyük hədiyyə yoxdur. Həmçinin insan üçün onun həyatda kiminsə əsir və qulu olmasını hiss etməsindən böyük və alçaldıcı zindan və zəncir yoxdur. İnsanın öz əqidəsinin yerinə başqasının əqidəsini götürmək, öz istəyinin yerinə başqasının istəyini həyata keçirmək, öz ideya və planlarının əvəzinə, başqalarının ideya və planlarını gerçəkləşdirmək, başqalarının nəfsi istək və arzularına ehtiram göstərmək, zillət, əsirlik və zülmə tabe olmaq məcburiyyətində olmasını hiss etməsi ən böyük zindan və zəncirdir. Azad insanlar üçün ölüb torpaq altına getmək xar, zəlil, əsir və qul kimi həyat sürməkdən olduqca üstündür. Əmirəl-Möminin (ə) əziz oğlu İmam Həsənə (ə) belə buyurur: «Heç vaxt başqalarının qulu olma. Allah səni azad yaratmışdır».


Siffeyn müharibəsində həzrət Əlinin (ə) qoşunu ilə Müaviyənin qoşunu bir-birinə yaxınlaşanda, Müaviyənin qoşunu qabağa düşüb, suyu həzrət Əlinin (ə) qoşununun üzünə bağladı və onların sudan istifadəsinə maneçilik törətdi. Onlar bunu özləri üçün yaxşı bir əlamət sayırdılar. Bu xəbər həzrət Əliyə (ə) çatdı. O, Müaviyəyə xəbər göndərdi və belə bir məktub yazdı ki, biz bura ixtilafı, bəlkə, müzakirələr yolu ilə həll edə bilmək ümidi ilə və işin müharibə və qan tökülməsi ilə nəticələnməsinin qarşısını almaq üçün gəlmişik. Amma sən qabağa düşüb öz süvarilərini suyun istifadəsinin qarşısını almaq üçün göndərmisən. Sən özünün bu əməlin ilə müzakirə planını xarab etməkdən, mərdlik və insanlıq qanunlarından çıxmaqdan əlavə, namərdliyə əl atmısan və mənim qoşunumun susuzluğundan öz qoşununun xeyrinə istifadə etmək istəyirsən. Bil, əgər öz namərd qərarından daşınmasan, mənim səhabə və yoldaşlarım bikar oturmayacaq, sənin icazəni gözləməyəcəklər. Mərdliklə həm səni, həm də sənin qoşununu sudan uzaqlaşdıracaqlar.


Lakin bu işi özü üçün bir zəfər sayan Müaviyə elə məğrur olmuşdu ki, bu sözlər ona təsir etmədi. Belə olan halda həzrət Əli (ə) bir neçə cümlə ilə öz səhabə və yoldaşlarının azadlıq və şərəf hissini elə oyatdı ki, az zaman içərisində su olan yeri öz əllərinə keçirdilər. Həzrət (ə) onlara belə buyurdu: «Müaviyə bir dəstə azğın və nadanı başına toplayıb, onların nadanlığından istifadə edərək suyu sizin üzünüzə bağlamışdır. Bilirsiniz necə sirab ola bilərsiniz? Bu qılıncları bu azğınların qanı ilə sirab edin ki, özünüz də ləzzətli su ilə sirab olasınız. Bir həyat var, bir ölüm. Ölüm odur ki, diri qalırsınız, amma məğlub, məhkum və möhtac! Həyat isə fəth, zəfər və qələbə ilə ölməkdədir».


Bu atəşin cümlələr bir tufan yaratdı və düşmən az bir zaman içində su hövzəsindən uzaqlaşdırıldı. Həzrət Əlinin (ə) səhabələri intiqam almaq və düşmənin su götürməsinə mane olmaq istədilər. Lakin həzrət (ə) razı olmadı və buyurdu ki, mən heç vaxt bu cür namərd işlərə əl atmaram. İmam Əli (ə) söhbətin əvvəlində o həzrətdən nəql etdiyimiz cümlələrdə insanın azadlıq və şərəfini qoruyan yola işarə edir.


Buyurur ki, insanı əsir edən şey ehtiyac və camaatdan əta və bəxşiş qəbul etməkdir. Ehtiyac və onun-bunun qarşısında əl uzatmaq insanın şərəfini ləkələyir və ehtiyacsızlıq insanın izzət və şərəfini qoruyur. Buna görə də işləmək, qazanc əldə etmək və insanın ehtiyacını aradan qaldıran şey müqəddəs və hörmətli məqam hesab edilir. Çünki heç nə insanın abır-həya və heysiyyətini qoruyan şeydən müqəddəs və hörmətli ola bilməz.


Həmçinin o həzrətin (ə) belə buyurması nəql edilmişdir: «Əgər azad və müstəqil olmaq istəyirsənsə, qullar kimi zəhmət çək və işlə. Ümid və arzunu bütün Adəm övladının mal və sərvətindən kəs. Heç vaxt başqalarının mal və sərvətinə tamah gözü dikmə. Sənə hansısa bir iş təklif ediləndə «bu iş mənim şənimə kəsirdir, mənim cəmiyyətdəki məqamımı alçaldar» demə. Çünki insanı heç nə onun başqalarından təvəqqe və xahişi, başqalarından maliyyə yardımı istəməsi qədər alçaltmır, xar və zəlil etmir.

Sən nə qədər ki, başqalarına ehtiyacsızlıq göstərəcəksən, heç kəsin malına tamahını salmayacaqsan və heç kəsdən bəxşiş və hədiyyə istəməyəcəksən, başqasından təvəqqen və istəyin olmayacaq bütün insanlardan üstün olacaqsan». Allah Rəsulu (s) buyurur: «Öz dolanışığının ağırlığını cəmiyyətin çiyinlərinə atan şəxs Allahın mərhəmətindən uzaqdır». Digər bir hədisdə belə deyilir: «Öz ailəsi üçün əzab, zəhmət çəkən şəxs Allah yolunda cihad edən şəxs kimidir».


www.Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031