Ən böyük müsibət - iman müsibətidir
Mьəllif: admin1
Tarix: 16-01-2016, 10:33
	 Ən böyük müsibət - iman müsibətidir
Bismilləhir-Rahmənir-Rahim!
Bu dünyada insanların əsas vəzifəsi - hazırlaşmaqdır. Bu dünya - müvəqqəti dayanacaq yeridir. Müvəqqəti yerdə insanın başlıca vəzifəsi - gedəcəyi, daimi qalacağı yer üçün hazırlaşmaqdır. Bu dünya, böyük səfər öncəsi hazırlıq yerinə bənzəyir. Necə ki, Həcc ziyarətinə getməyi niyyət edən insan öncədən hazırlaşır, oranın qayda-qanunlarını öyrənir, orada edəcəyi işləri öyrənir.

Həcc ziyarətinin mənasını öyrənir, Beytullahın məqamını bilir, təvafın nə olduğunu anlayır, “ləbbeyk” deyərkən nələri nəzərdə tutmalı olduğunu öyrənir, ehramlaşarkən nələri etməli və nələri etməməli olduğunun fərqinə varır. Çünki bunlara öncədən hazırlaşır. Hazırlıqlı halda gedən insanın artıq orada müəyyən çətinliyi olmur. Çünki artıq hazırlıqlarını görüb, ora üçün azuqə və lazımi yükünü toplayıb. Eləcə də insan axirəti üçün hər mənada hazırlaşmalıdır.

Bu dünyada ən vacib işimiz - özümüzü islah etməkdir

Ariflərdən birinin dediyi söz, ifadə insanlar üçün çox əhəmiyyətli ola bilər. Bu söz hamımız üçün önəmlidir. Bizim dildə bu söz tam olaraq oturuşmayıb. Gərək çox işlədək ki, dilimizdə otursun. Bu, “özünüdüzəltmə”, “özünüislah” kəlməsidir. Son illərdə din maarifçiliyi, İslam maarifçiliyi artdıqca dilimizdə bu ibarə oturmağa başlayır. Amma o cür ki, lazımdır, hələ qəbul olunmayıb. Böyük ariflərdən biri buyurur: “Bizim bu dünyada yaşayışımızda özünü düzəltmə və özünüislahdan daha vacib işimiz yoxdur”. Bizim mövcudiyyətimizin ən vacib işi - özünüdüzəltmə və özünüislahdır. Bu sözdə hər bir şey var. Bizim mövcudiyyətimizin, bu dünyada yaşamağımızın, olmaqlığımızın, həyatımızın içərisində ən vacib, ən önəmli, ən əhəmiyyətli məsələ - özünüdüzəltmə və özünüislahdır. Əgər bu varsa, digər məsələlər də var. Əgər bu yoxdursa, heç bir şey yoxdur. Əgər bu varsa, başqa hər bir şeyin mənası var. Bu yoxdursa, başqa heç nəyin mənası yoxdur.

Mübarək ayların, mübarək əyyamların yeganə və əsas hədəfi buna xidmət etməkdir. Bütün bu aylar, əyyamlar, günlər insan üçün özünüislah və özünüdüzəltmə baxımından fövqəl imkanlar yaradır. Dinimizin tövsiyə etdiyi mübarək əyyamlar başdan-ayağa bizə özümüzü düzəltməyə, özümüzü islah etməyə fürsət və imkanlar verir. Bu əyyam xüsusilə insanın özünüislahı üçün hazırlanmış mənəvi bir səfərdir. Necə ki, həccə gedənlər bu səfərdə özünüislah və özünüdüzəltmə ilə məşğul olur, rəhmli olan Allah gedə bilməyənlər üçün də bu fürsət və imkanları yaradır.

Rəbbimiz özümüzü islah üçün böyük fürsətlər verir

İnsanın həyatında enerjisi özü ilə bağlı bir çox məsələlərə sərf olunur. Fiziki mənada özü, insan üçün çox önəmlidir. Fiziki anlamda özü ilə bağlı insan çox maraqlanır. Bir yeri ağrısa, gedib qaydasına salır. Gözü görməsə, gedib müalicə edir, düzəldir. Orqanizmində problem olanda onu həll etmək istəyir, bir yeri ağrayanda onu aradan aparmaq istəyir. İnsan fiziki anlamda özü ilə bağlı hər şeyə diqqət edir. Ümumiyyətlə, insan özü ilə bağlı çox mövzulara diqqət edir. Bunlar özlüyündə önəmli və çox mühümdür. Amma yetərli deyildir. İnsan tək fiziki bədəndən ibarət deyil. Odur ki, öz vücudi durumuna, mənəvi tərəfinə xüsusi diqqət etməlidir. Mübarək əyyamların xüsusi bir missiyası, xüsusi verdiyi imkan budur ki, bu zamanlarda insan özünü düzəldə, islah edə bilər. Mübarək əyyamları tanıma baxımından bu söz hər mənada bəs edə bilər. Bu əyyamlar bizlərin islahı üçün, hər birimizin özünü düzəltməsi üçün fövqəl dərəcədə şəraitlərə malikdir. Allahdan istəyimiz budur ki, bizlərə bu mövzularda diqqətli olmağı nəsib etsin.

Ən böyük müsibət - iman müsibətidir

İnsanın müsibətləri, imtahanları, qarşılaşdığı çətinliklər zamanı davranışı onun kimliyini ortaya çıxarır. Həzrət Əli (ə) ən böyük müsibət barədə sualı cavablandırarkən, buyurur: “Ən böyük müsibət - dində faciə və müsibətdir”. Yəni ən böyük müsibət - insanın dinində olan faciə və müsibətidir. Ən böyük müsibət budur ki, insan dini baxımından, mənəviyyatı baxımından, özünü düzəltmə, özünü islah baxımından zay vəziyyətdə olsun. Bu mövzular onun həyatının mərkəzi mövzusu olmasın. Din məsələlərində itki versin. Namazında, orucunda, namazının keyfiyyətində itki versin. İnsanlar üçün nə zaman deyilər ki, ağır müsibətlə qarşılaşıb? O vaxt ki, insan olanından nəsə itirir və yaxud hansısa ağrılı məsələlər onun üzərinə gəlir. Bu zaman deyilir ki, bu vəziyyət çox ağırdır, çox çətindir, çox sınaqlıdır. Həzrət Əli (ə) bildirir ki, bu müsibətlərin, bu itkilərin, bu sınaqların, imtahanların içərisində ən ağrılısı, ən faciəlisi budur ki, insan dini ilə bağlı itki versin. Namazında, mənəviyyatında, ruhiyyəsində, təqvalılığında itki versin. Bu, çox böyük bir müsibətdir.

İl boyu təqdim olunan əyyamlar - istət Zilhiccə ayının ongünlüyü olsun, istər məhərrəm-səfər əyyamı olsun, istər mübarək Ramazan ayı olsun, istər rəcəb-şəban əyyamı olsun, istər “Əyyami-Fatimə (s.ə)” olsun, istər “Kəramət günləri” olsun - ümumiyyətlə bütün mübarək aylar, əyyamlar - çox gözəl fürsətdir. Biz gərək halımıza nəzər salaq. Görək bizim bu kimi istiqamətlərdə nə itkilərimiz, nə müsibətlərimiz var. Bunlara diqqət etdikdən sonra bunları düzəltməyə çalışaq. Namazın yeri, əhəmiyyəti həyatımızda necədir? Namaza başladığımız vaxtdan indiyə qədər onun həyatımızda əhəmiyyəti artıb, ya azalıb? Əgər heç azalmayıb, amma artmayıbsa da - demək ki, itirmişik. Deməli, böyük müsibətlə qarşılaşmışıq. Bir-bir digər əməllərə, rəftar və davranışlarımıza da nəzər salaq. Görək, qeybət etməklə, yalan danışmaqla, pis sözlər deməklə, qəlb qırmaqla, paxıllıq, həsəd, başqalarının başına gələn müsibətlərə sevinməklə bağlı vəziyyətimiz necədir? Namaza başladığımız vaxtdan bəri bu istiqamətdə ciddi irəliləyişlərimiz olub, onları tərk etmişik, ya yox? Əgər durumumuz daha yaxşıya doğru dəyişməyibsə, demək ki, müsibət içərisindəyik, vəziyyətimizi düzəltməliyik. Ailədə münasibətlərimizi təftiş edək ki, nələr dəyişib? Valideynlərin övladlar qarşısında, övladların valideynlər qarşısında, həyat yoldaşlarının bir-birinin qarşısında müsbətə tərəf ciddi dəyişikliklər baş veribmi? İnsan gərək nəzər salsın ki, bu mövzularda mükəlləfiyyətlərini yerinə yetirməklə bağlı vəziyyəti necədir? Ən böyük müsibət bu deyil ki, insan fiziki, maddi anlamlarda itkilər versin, ya sınaqlara çəkilsin. Onlar onsuz da bir gün insanların əlindən çıxacaq. Ən böyük imtahan, sınaq və müsibət budur ki, insan dini ilə bağlı itki versin. Çünki, bunlar insanın aqibəti ilə bağlı olan məsələlərdir və bu dünyadan sonra da ona gərəkən məsələlərdir.

İnsanın dünyaya baxışı nədirsə, həyatı da odur

Həzrət Əmirəlmöminin (ə) yenə də ən böyük müsibətlə bağlı buyurur: “Ən böyük müsibət - qəlbi dünyaya bağlamaqdır”. Yenə də mərifət və bəsirət bəhslərinə qayıdır. İnsanın dünyaya baxışı, tanıması, mərifəti, bəsirəti necədirsə, həyatı da odur. Bir var ki, qəlbini dünyaya bağlayıb, bütün baş verənləri bu kontekstdən, bu bucaqdan dəyərləndirir. Bir də var ki, qəlbini aqibətlə bağlayıb. İnsanın qəlbi aqibətə yönəlik, axirətə yönəlik tənzimlənir. Onun baxış bucağı fərqli olacaq. Buna görə də, Həzrət Əli (ə) buyurur ki, ən böyük müsibət - qəlbi dünyaya bağlamaqdır. Əgər qəlb dünyaya bağlanmış olsa, artıq həmin qəlbin bütün durumu dünya məsələləri ilə bağlı olacaq.
Qəlbi dünyaya bağlamaq qeyri-adi bir məsələ deyil. Qəlbi dünyaya bağlamaq odur ki, insan bu dünyanın məsələləri, mövzuları ilə yaşasın. Bu gün ən geniş yayılmış məsələdir. Çox zaman biz dünyaya bağlanırıq, bizi ancaq dünya maraqlandırır, dünyanın mövzuları bizi maraqlandırır, başqa nə olursa da, bu baxımdan dəyərləndirir, nəzərdən keçiririk. Qəlbini dünyaya bağlayan insan bəzən namaz da qılar. Bunu sadəcə vacibat olduğu üçün, üzərindən götürülsün deyə qılar. Əgər qəlbimiz aqibətə, Qiyamətə bağlanmasa, həyatımızda bütün rəftar və davranışlarımız bu dünya ilə məhdudlaşar. Əgər qəlbimiz aqibətə bağlansa, hətta zahirdə fiziki və maddi kimi görünən məsələlərimizi də Allahın razılığını qazanmaq üçün görmüş olarıq. Baxış bucağı bu qədər fərqlidir.

Əziz Məsumlarımız (ə) bu durumun həlli ilə bağlı da önəmli tövsiyələr verir. Həzrət Rəsulallah (s) buyurur: “Hər kim qəlbindən dünya məhəbbətini çıxarsa, müsibətlər ona asan gələr”. Əslində əziz Peyğəmbərimizin (s) buyurduğu məsələlər, yuxarıda buyurulanların bir cavabıdır. Bunlar bir-biri ilə sıx bağlı məsələdir. Əgər qəlbimiz dünyaya deyil, axirətə bağlı olsa, dünya müsibətləri bizim üçün bir o qədər də ağrılı olmaz. Bilərik ki, onsuz da bu dünyada nə varsa, hamısı müvəqqətidir. Ya bir gün onlar bizi tərk edəcək, əlimizdən çıxacaq, ya da bir gün biz onları tərk edəcəyik, itirəcəyik. Belə isə, bizim üçün əsl müsibət - daimi olan məsələlər, axirətimiz və aqibətimizlə bağlı olan məsələlər olar. Buradan aydın olur ki, qəlbin bağlanma ünvanı, insanın aqibətini müəyyən etmək baxımından paradiqmal müəyyənedicilik funksiyası daşıyır.

Aqibətimizi düşünsək, həqiqi müsibətin nə olduğunu dərk edərik

Həzrət Əli (ə) buyurur: “Ölümü, qəbirdən qalxıb Allah qarşısında dayanacağınız günü çox yad edin ki, müsibətlər sizə asan olsun”. Çox nurani, bəlağətli və incə buyuruşdur. Əgər biz o günümüzü, sonumuzu, ölümümüzü və Allah qarşısında dayanacağımız günü yad edə bilsək, bizim üçün həqiqi müsibətin nə olduğunu dərk edərik. Anlayarıq ki, bu dünya ilə bağlı olan müsibətlər, dində verdiyimiz itkilərin, Qiyamət günü bizə lazım olan, amma onları bu dünyada qazana bilmədiyimiz, itirdiyimiz məsələlərin və bununla da yaşadığımız həqiqi müsibətin yanında heç nədir.

Dində müsibət nədir?

Həzrət İmam Sadiq (ə) müsibət baş verən zaman buyurur: “Şükür olsun Allaha ki, o məni dinimdə müsibətə salmadı. Şükür olsun o Allaha ki, əgər istəsəydi, müsibətim bundan da böyük olardı. Şükür olsun o Allaha ki, bir işin baş verməsini istədi və o da baş verdi”. Dində müsibət budur ki, adam rahat şəkildə yalan danışır, rahat sui-zənn edir, söyüş söyür, rahat şəkildə insanların qəlbini qırır, ürəkləri yaralayır. Dində müsibət budur ki, insan mükəlləfiyyətlərini yerinə yetirmir, amma vecinə də deyil, namazına qarşı laqeyddir və s. Belə insan bütün günü ipəkqurdu kimi elə dünya işləri ilə, dünya məşğuliyyətləri ilə olur, özünü bunun içində məhv edir. Belə insan aqibəti ilə bağlı da heç bir şey etməz. Dində müsibət budur. Dində müsibət budur ki, insan ictimai həyatında təvəlla (Allah dostları ilə dost olmaq) və təbərra (Allah düşmənləri ilə düşmən olmaq) kimi anlayışlara önəm vermir. Onu bu vəziyyət narahat etmir. Dində müsibət budur ki, insan halal və haram sərhədlərinə önəm vermir. Dində müsibət budur ki, insanın yaşayışı, yediyi, içdiyi, mövcud olduğu məsələlər onun üçün aqibət baxımından önəm daşımır. Dində müsibət budur ki, bir zəhmətkeş, çalışan insan o iş əxlaqına ki, malik olmalıdır, onu yerinə yetirməsin. Bunlar hamısı bir-birinə bağlı məsələlərdir. Günlərini yola verir, beləcə ömrü başa çatır. Ən böyük müsibət budur. Əgər biz namazımızı tanısaq, namazımıza aqibətimiz baxımından yanaşsaq, onun üçün öncədən hazırlaşarıq, xüsusi durumla, təntənə ilə hazırlaşarıq.
Bütün bunları nəzərə alaraq, bir daha qeyd etməliyik ki, bizim mövcudiyyətimizdə, yaşayışımızda, olmağımızda özünüislahdan və özünüdüzəltmədən daha mühim işimiz yoxdur. Bu və bunun yanında digər məsələlər də olsa, bu zaman biz dinimizdə müsibət yaşadığımız anları duyacaq və onları dərhal aradan aparmağa çalışacağıq. Əks təqdirdə, ümumiyyətlə bu kimi mövzular bizləri narahat belə etməyəcək. Biz bütün məsələlərimizə özünüdüzəltmə baxımından yanaşmalıyıq. Biz ailəyə bu cür baxmalıyıq ki, ailə qurulur ki, Allah dərgahında iki bəndə birgə yaşasın və İlahi hüzurda mənəvi təkamüllərini daha sürətli keçsinlər. Ailəyə bu cür yanaşılmasa, təbii ki, orada dava-dalaş da, söz-söhbətlər də, digər Allahın bəyənmədiyi məsələlər də olacaq.

Allahdan istəyimiz budur ki, bizləri bu məsələlərdə qəflətdə olmağa qoymasın.
Allahım, bizlərin müsibətini dinimizdə qərar vermə!

Allahım, bizlərə bu dünya həyatımızı özünüislah və özünüdüzəltmə üzərində yaşamağı nəsib et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!


ixlas.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031