İSA MƏSİH (Ə) VƏ HƏVARİLƏR
Mьəllif: admin1
Tarix: 28-12-2021, 21:46
İSA MƏSİH (Ə) VƏ HƏVARİLƏR
İsa Məsihin (ə) on iki nəfərdən ibarət xüsusi köməkçilərinə “həvarilər” deyilir. Lüğətdə cəm forması “həvariyyun” (həvarilər) olan “həvari” sözü “hur” sözündən götürülüb, “yumaq və ağartmaq” mənasını verir. Ərəblər ağrəngli hər bir şeyə və hətta ağ yemək növünə də “həvari” deyirlər. Behişt hurilərinə də bu adın verilməsində məqsəd onların bədənlərinin ağ və parıltılı olmasıdır.

İsa Məsihin (ə) xüsusi köməkçilərinin “həvarilər” adlanmasının səbəbinə gəldikdə isə, təfsir alimləri tərəfindən bir sıra ehtimallar irəli sürülmüşdür. Bəziləri onlara bu adın verilməsini daim ağrəngli libas geyindikləri, bəsiləri isə libas yumaq peşəsi ilə məşğul olduqları ilə əlaqələndirsələr də, məsumlardan nəql olunmuş hədislərdən belə bir qənaətə gəlmək olar:

“Həvarilər pak qəlbə və səfalı ruha malik olduqları ilə bərabər, insanların düşüncələrini ilahi maariflə işıqlandırır, onları günah və çirkinliklərdən çəkindirirdilər.

“Üyunu əxbarir-Riza (ə)” kitabında imam Rzadan (ə) İsa Məsihin (ə) köməkçilərinə verilən adla bğalı belə bir hədis nəql olunur: “...Onlar həm özlərini pak və nurani etdikəri, həm də öyüd və nəsihətlərlə başqalarını pak etmək üçün çalışdıqları üçün “həvarilər” adlanmışlar.” (Üyunu əxbarir-Riza (ə)”, səh.233.)

QURANİ-KƏRİM VƏ İNCİLDƏ HƏVARİLƏR

Qurani-Kərimin “Ali-İmran” surəsinin 52-ci ayəsində İsa Məsih (ə) və həvarilər haqda belə buyurulur:

فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنصَارِي إِلَى اللّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللّهِ آمَنَّا بِاللّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ

“İsa onların (yəhudilərin) küfrünü (Allaha iman gətirməyəcəklərini) hiss etdikdə dedi: “Allah yolunda kim mənim köməkçim olacaqdır?” Həvarilər dedilər: “Bizik Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha iman gətirdik. Sən də (Allaha) təslim olduğumuza şahid ol!”

Həzrət Musa (ə) gələcəkdə İsa Məsih (ə) adlı bir şəxsin peyğəmbər olacağı haqda məlumat verdiyi üçün, İsrail övladları (yəhudilər) onun zühurunu gözləyirdilər. Lakin İsa Məsih (ə) zühur edib, onları ilahi hökm və qanunlara dəvət etdikdə, onlardan bir çoxu Allah tərəfindən göndərilən peyğəmbərin öz şəxsi mənafelərinə zidd görüb ilahi hökmlərə itaətdən boyun qaçırdılar.

İsa Məsih (ə) onların müxalifətini, günaha israrını, azğın düşüncələrdən əl götürmədiklərini gördükdə, “Allah yolunda və Onun dinini təbliğ etmək üçün kim mənim köməkçim olacaqdır?” – deyə soruşdu. Onun dəvətinə müsbət cavab verən yalnız bir neçə nəfər oldu ki, bu ayədə onlar “həvarilər” adlanmışlar.

“Səff” surəsinin 14-cü ayəsində də həvarilər haqda belə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا كُونوا أَنصَارَ اللَّهِ كَمَا قَالَ عِيسَى ابْنُ مَرْيَمَ لِلْحَوَارِيِّينَ مَنْ أَنصَارِي إِلَى اللَّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللَّهِ فَآَمَنَت طَّائِفَةٌ مِّن بَنِي إِسْرَائِيلَ وَكَفَرَت طَّائِفَةٌ فَأَيَّدْنَا الَّذِينَ آَمَنُوا عَلَى عَدُوِّهِمْ فَأَصْبَحُوا ظَاهِرِينَ

“Ey iman gətirənlər! Allahın (dininin və Peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Bizik Allahın (Onun dininin) köməkçiləri! – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.”

Göründüyü kimi, hər iki ayədə həvarilərin İsa Məsihin (ə) köməkçiləri olduğu və Allaha iman gətirdiklərindən söz açılır. Amma İncilin həvarilərlə bağlı ibarələrindən onların sonradan İsa Məsihə (ə) qarşı çıxdıqları anlaşılır. “Mətta” və “Luka” incilinin 6-cı bölümündə onların adları belə göstərilir: 1. Petros (Şəmun); 2. Əndəryas; 3. Yəqub; 4. Yuhənna; 5-Filupes; 6. Bertululma; 7. Tuma; 8.Mətta; 9.Yəqub ibn Hüləfa; 10.Şəmun Qəyur; 11.Yəhuda (Yəqubun qardaşı); 12. Yəhuda Esxəryuti. (“Luka incili”, 6-cı bölüm, 14-16; “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, uyğun ayənin təfsrində.)

İSA MƏSİHİN (Ə) CANİŞİNİ

İslam Peyğəmbəri (s) və Əhli-beyt imamlarından (ə) nəql olunan hədislərdə İsa Məsihin (ə) vəsi və canişininin adının Şəmun olduğu göstərilir. İncildə isə Petros olduğu bildirilir və rəvayətlərdə o, Şəmun ibn Həmmun adı ilə yad edilir. Nümunə olararq bir neçə rəvayətə nəzər yetirək:

İslam Peyğəmbərindən (s) belə nəql olunur: “Allah-Taala İsanı (ə) səmalara apardıqda, Şəmun ibn Həmmunu onun yerinə xəlifə təyin etdi. O, öz qövmü arasında daim Allah-Taalanın əmrlərini icra edirdi.” (“Biharul-ənvar”, c.14, səh.190.)

Başqa bir hədisdə də o həzrətdən belə nəql olunur: “Allah-Taala İsaya (ə) vəhy etdi ki, ilahi elmini, hikmət və nurunu Şəmun ibn Həmmun Səffaya təhvil versin. O, İsanın (ə) möminlər arasında canişini idi və öz qövmü arasında daim Allahın göstərişlərini icra edir, İsrail övladları arasında İsanın (ə) buyruqlarına itaət edir və kafirlərlə mübarizə aparırdı...” (“Kəmaluddin”, Şeyx Səduq, tədqiqatçı: Əliəkbər Qəffari, c.1, səh.255.)

İmam Baqir (ə) də buyurmuşdur: “İsa (ə) öz ümmətinə buyurdu: Siz məndən sonra üç firqəyə ayrılacaqsınız. Allahın adından yalan danışan və Ona iftira yaxan iki firqə cəhənnəmə atılacaqdır. Şəmunla birgə olan bir firqə isə doğru yolda addımlayacaq və behiştə daxil olacaq.” (“Biharul-ənvar”, c.14, səh.337.)

Beləliklə, İslami mənbələrə əsasən, həvarilərdən Şəmun (Petros) İsa Məsihin (ə) vəsi və canişini olmuş və digər həvarilər onun vilayət və rəhbərliyi ilə İsa Məsihin (ə) dinini təbliğ etmişlər.




maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031