Allahın insana qoyduğu yeganə minnət
Mьəllif: admin1
Tarix: 31-05-2021, 10:22
Allahın insana qoyduğu yeganə minnət

Allah Təala Quranda buyurur ki, nemətlərinə görə şükür edək. “Ona ibadət edirsinizsə, Allahın nemətinə şükür edin”. (“Nəhl” 114).

Allahın şükrünü layiqincə yerinə yetirmək üçün Pərvərdigar verdiyi həmin nemətlərin adını belə çəkir və buyurur: “Məgər Biz ona iki (görən) göz vermədikmi?! Və (eləcə də) bir dil və iki dodaq(vermədikmi)?!” (“Bələd” 8-9).

Əlbəttə, bu nemətləri saymaqla bitməz, çünki sayı sonsuzdur. “Və (dil, əməl və ya təbiətinizlə) Ondan istədiyiniz hər bir şeydən sizə əta etdi. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz. Həqiqətən insan çox zalım və nankordur”. (“İbrahim” 34).

Maraqlısı budur ki, Allah insana bu qədər nemət vermişdir. Ancaq heç birinə minnət qoymamışdır. Allah bütün bu nemətləri bizə minnətsiz əta etmişdir.

Hətta Allahın bizə əta etdiyi axirət nemətləri belə “əcri-əkbər” adlandırılsa da Allah bu nemətlərin heç birinə görə insana minnət qoymamışdır.

“Əlbəttə, iman gətirib yaxşı işlər görmüş kəslər üçün minnətsiz və tükənməz bir mükafat vardır”. (“Fussilət” 8).

Ancaq Quranda yalnız bir neməti Allah minnət qoyaraq insanlara əta etmişdir. Allah bu nemətin adını çəkən zaman onu elə təsvir edir ki, sanki ondan da böyük nemət yoxdur. Bütün maddi və mənəvi nemətlər əzəmətlərinə baxmayaraq onun qarşısnda heç sayılırlar.

Bəs bu nemət nədir?

Behişt bağlarıdır ki, genişliyinə görə yerdən və göydən də böyükdür?

Yaqut və mərcan kimi olan hurilərdirmi?

Zümrüddən olan qəsrlər və ya saraylardırmı?

İpək paltarlardırmı?

Pak şərabdırmı?

Biz insanlara əta edilən Qurandırmı?

Xeyr. Bu nemət Həzrət Peyğəmbərin (s) mübarək varlığından başqa bir şey deyildir. “Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman minnət qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər”. (“Ali-İmran” 164).

Bəli, Allah insanlara o zaman minnət qoydu ki, onlara özləri kimi bir insandan rəsul göndərdi. “Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır”. (“Tövbə” 128).

Allah Təala Həzrət Peyğəmbərə (s) buyurur: “Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: «İslamınızı mənə minnət qoymayın, əksinə, əgər (İslam iddiasında) doğruçusunzsa, sizi imana hidayət etdiyi üçün boynunuzda haqqı olan Allahdır»” (“Hucurat” 17).

Ancaq Allah insanların bir-birnə minnət qoymasını qadağan edir və buyurur: “Ey iman gətirənlər, sədəqələrinizi, malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”. (“Bəqərə” 264).

Beləliklə, deyə bilərik ki, Allah minnəti qoymağı bəyənməsə də, Həzrət Peyğəmbərin (s) mübarək varlığı o qədər əzəmətli və böyükdür ki, ona görə insanlara minnət qoymağı layiqli bilir.

Bəs Allahın bu böyük nemətinə necə şükür edə bilərik?

Bu nemətin ardınca getməklə. “De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. (“Ali-İmran” 31).

Bəs bu nemət bizdən nə istəmişdir?

“De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm»”. (“Şura” 23).

“De ki: «Sizdən istəmədiyim bütün muzdlar sizin olsun. (Sizdən muzd istəməyə haqqım var idi). Sizdən istədiyim muzd (Əhli-Beytimə olan məhəbbət) sizin öz xeyrinizədir, mənim mükafatım yalnız Allahın öhdəsinədir və O, hər bir şeydən agah və hər bir şeyə şahiddir»”. (“Səba” 47).

“Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətlər barəsində sorğu-sual olunacaqsınız”. (“Təkasur” 8).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930