Quran və İmam Hüseyn (ə)
Mьəllif: admin1
Tarix: 2-12-2015, 15:49
Quran və İmam Hüseyn (ə)

Quranda İmam Hüseynin (ə) fəzilət və məqamına işarə vuran ayələr çoxdur. Burada dörd nümunəni diqqətinizə çatdırırıq:
"Məvəddət" ayəsi;

"(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm" ("Şura", 23).

Əhməd ibn Hənbəl ("Müsnəd" əsərində), Əbu Nəim Hafiz, Sə`ləbi, Təbərani, Hakim, Razi, Şəbravi, İbn Həcər, Zəməxşəri, İbn Münzir, İbn Əbu Hatəm, İbn Mərdəveyh, Süyuti və bir çox başqa əhli-sünnə alimi İbn Abbasdan nəql etmişlər ki, bu ayə nazil olduqda səhabələr dedilər: "Ya Peyğəmbər! Bizə sevgisi vacib olan qohumların kimlərdir?" Həzrət (s) buyurdu: "Əli, Fatimə və iki oğlu, yəni Həsən və Hüseyn" ("əl-Qədir", c. 2, səh. 307).

Maraqlıdır ki, Şafei Əhli-beyt (ə) haqqında demişdir:

"Ey Əhli-beyt! Sizə sevgi Quranda Allah tərəfindən vacib edilmişdir. Sizin əzəmət və məqamınız üçün bu kifayətdir ki, namazda sizə salavat göndərməyənin namazı batildir" ("əl-Qədir" kitabında Zərqaninin "Şərh əl-məvahib" əsərindən (c. 7, səh. 7) və digər bir çoxlarından nəql edilir ki, yuxarıdakı sözlər (beytlər) İmam Şafeiyə aiddir).

Görkəmli təfsirçi Əllamə Təbərsi görkəmli əhli-sünnə hədisşünas və təfsirçisi Hakim Həskaninin "Şəvahid ət-tənzil" kitabından nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur:

"Allah, peyğəmbərləri müxtəlif ağaclardan yaratdı. Məni və Əlini isə bir ağacdan yaratdı. Mən ağacın kökü, Əli isə budağıdır. Fatimə onun bəhər verməsinə səbəbdir. Həsən və Hüseyn onun meyvələri, şiələrimiz isə yarpaqlarıdır". ... Sonra əlavə etdi: "Kimsə Səfa və Mərvə dağları arasında min il ibadət etsə, sonra yenə ibadət etsə, sonra yenə ibadət etsə, ... amma qəlbində bizim sevgimiz olmasa, Allah onu üzü üstə oda atacaq". Sonra həzrət (ə) bu ayəni oxudu: "(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm" ("Məcmə əl-bəyan", c. 9, səh. 43).

Həmçinin Zəməxşəri "Kəşşaf" əsərində "Əhli-beyt" (ə) sevgisi haqqında çox canlı və dolğun bir hədis nəql edir. Fəxr Razi və Qürtübi də ondan iqtibas etmişlər: "Sözügedən hədis aydın şəkildə Məhəmməd (s) ailəsinin və onlara sevginin önəmini açıqlayır". Peyğəmbər (s) buyurmuşdur: "Kim dünyadan Əhli-beyt (ə) sevgisi ilə getsə, şəhid kimi ölmüşdür. Bilin ki, kim dünyadan Əhli-beyt (ə) sevgisi ilə getsə, bağışlanmışdır. Bilin ki, kim dünyadan Əhli-beyt (ə) sevgisi ilə getsə, tövbəkar kimi getmişdir. Bilin ki, kim dünyadan Əhli-beyt (ə) sevgisi ilə getsə, kamil imanlı mömin kimi getmişdir. Bilin ki, kim dünyadan Əhli-beyt (ə) sevgisi ilə getsə, ölüm mələyi ona behişt müjdəsi verər. Sonra Münkir və Nəkir (Bərzəxdə sorğu-sual edən iki mələk) ona müjdə verərlər. Bilin ki, kim dünyadan Əhli-beyt (ə) sevgisi ilə getsə, onu gəlin bəy evinə gedər kimi hörmətlə behiştə tərəf aparırlar. Bilin ki, kim dünyadan Əhli-beyt (ə) sevgisi ilə getsə, onun qəbrində behiştə doğru iki qapı açılar. Bilin ki, kim dünyadan Əhli-beyt (ə) sevgisi ilə getsə, onun məzarı rəhmət mələklərinin ziyarətgahı olar. Bilin ki, kim dünyadan Əhli-beyt (ə) sevgisi ilə getsə, islam sünnəsində dünyadan getmişdir. Bilin ki, kim dünyadan Əhli-beytə (ə) kinlə getsə, qiyamətdə məhşərə daxil olarkən alnına yazılacaq: "Allah rəhmətindən məyus". Bilin ki, kim dünyadan Əhli-beytə (ə) kinlə getsə, dünyadan kafir getmişdir. Bilin ki, kim dünyadan Əhli-beytə (ə) kinlə getsə, behişt iyini duymayacaq" ("Kəşşaf", c. 4, səh. 220; "Təfsiri-Kəbir", c. 27, səh. 165; "Təfsiri-Qürtübi", c. 8, səh. 5843; "Təfsiri-Nümunə", c. 20, 414).



"Təthir" ayəsi;

Allah-Taala buyurur: "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ("Əhzab", 33).

Ayədə sözükeçən "rics" ifadəsi napak şey deməkdir. İstər insan təbiəti baxımından napak olsun, istərsə də ağılın və ya şəriətin hökmü ilə napak olsun ("Müfrədati-Rağib", "rics" sözü).

"Rics" sözü bəzi yerlərdə günah, şirk, xəsislik, yanlış əqidə və bu kimi mənalarda işlənmişsə də əslində onun nümunələridir. Əks təqdirdə bu sözün mənası daha geniş və ümumidir. Bütün növ çirkinlikləri əhatə edir. Sübutu da budur ki, sözügedən ayədə "əlif-lam" artiklı ümumilik ifadə edir.

"Təthir" isə paklamaq mənasını ifadə edir. Həqiqətdə çirkinliklərin aradan qaldırılmasına işarədir. Bunun xüsusi növ tamamlıq şəklində işlənməsi də bu məna üçün başqa bir təkid hesab olunur.

"Əhli-beyt" ibarəsi isə bütün islam alimlərinin, təfsirçilərin yekdil rəyinə görə, Peyğəmbərin (s) Əhli-beytinə (ə) işarədir. Bu, ayənin öz zahirindən də aydın olur. Çünki hərçənd, "beyt" (ev) sözü ayədə mütləq şəkildə işlənmişdir, amma öncəki və sonrakı ayələrin kontekstinə nəzərən "beyt"də məqsəd Peyğəmbərin (s) evidir. Şiə və əhli-sünnə qaynaqlarında yer alan çoxsaylı rəvayətlərdə deyilir: "Yuxarıdakı ayədə müxatəb 5 nəfərlə inhisarlanır. Onlar Peyğəmbər (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyndir (ə)".

Bütün bu aydın mətnlərə nəzərən ayənin yeganə məqbul izahı budur ("Təfsiri-Nümunə", c. 17, səh. 293).

Şiə və əhli-sünnə arasında mütəvatir hədislərə görə, "Təthir" ayəsi yaradılış aləminin ən fəzilətli beş şəxsiyyətinin Peyğəmbərin (s) əbasının altına toplaşması haqqında nazil olmuşdur. Ayə və onu izah edən hədislər həzrət İmam Hüseynin (ə) məsumiyyətinə və əzəmətinə sübutdur.

"Kəsa" (əba) hədisi haqqında çoxlu rəvayətlər nəql olunmuşdur ki, onların hamısından Peyğəmbərin (s) Əlini (ə), Fatiməni (ə), Həsəni (ə) və Hüseyni (ə) əbasının altına alıb dua etməsi aydın olur. Həzrət (s) duada buyurur: "İlahi, bunlar mənim ailəmdir. Çirkinliyi onlardan uzaq et". Və bu zaman "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ayəsi nazil olur.

Görkəmli alim Hakim Həskani Nişapuri "Şəvahid ət-tənzil" əsərində bu rəvayətləri çoxsaylı vasitələrlə nəql etmişdir" ("Şəvahid ət-tənzil", c. 2, səh. 31).

Aşura hadisəsindən sonra İmam Hüseynin (ə) mübarək başına hörmətsizlik olunduqda Vasilə ibn Əsqə ayağa qalxıb dedi: "And olsun Allaha, mən Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyni (ə) həmişə sevmişəm. Çünki Peyğəmbərin (s) onlar haqqında nə buyurduğunu eşitmişəm. Bir gün Ümmü-Sələmənin evində Peyğəmbərin (s) yanında idim. Həsən (ə) oraya gəldi. Peyğəmbər (s) onu dizi üstünə aldı və öpdü. Sonra Hüseyn (ə) gəldi. Onu da dizi üstə alıb öpdü. Sonra Fatimə (ə) gəldi. Onu da öz yanında oturtdu. Sonra Əlini (ə) çağırıb dedi: "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ("Səhihi-Müslim", c. 7, səh. 130)

Vahidi "Əsbab ən-nüzul" kitabında, Əhməd "Mənaqib" kitabında və Təbərani nəql etmişlər ki, "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ayəsi beş nəfər haqqında nazil olmuşdur və onlar Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyndir (ə) ("Əsbab ən-nüzul", c. 1, səh. 368; "Fəraid", c. 1, səh. 24).

"Mübahilə", ayəsi;

"(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” " ("Ali-İmran", 61)

Müsəlmanların yekdil rəyinə əsasən İmam Hüseynin (ə) fəzilət və yüksək məqamına işarə vuran ayələrdən biri də "Mübahilə" ayəsidir. "Mübahilə" əhvalatı Peyğəmbərin (s) öz risalətinə inamının dərinliyini göstərən hadisələrdəndir. Çünki əgər o həzrət (s) öz missiyasına tam inanmasaydı, "mübahilə" təklifi gerçək intihar və düşmən tərəfə risalətin yanlışlığını üzə çıxaracaq sənəd vemək idi. Çünki əgər xristianların Peyğəmbər (s) haqqındakı qarğışı reallaşsaydı, yaxud Peyğəmbərin (s) onlara qarğışı həyata keçməsəydi o həzrətin (s) bütün iddialarında yanlış olduğu üzə çıxacaqdı. Buna görə də heç bir ağıllı adam öz duasının tam həyata keçəcəyinə əmin olmadan belə bir təklif irəli sürməzdi. İslam peyğəmbəri (s) öz missiyasının doğruluğundan, öz duasının qəbul olunacağından, "mübahilə" olunacağı təqdirdə düşmən tərəfin məhv olacağından bu qədər əmin idi ki, şücaətlə belə bir təklif irəli sürdü.

Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyni (ə) "mübahilə"yə aparmaq Allahın əmri idi və bu da göstərir ki, "mübahilə" zamanı Peyğəmbərlə (s) yanaşı olan dörd müqəddəs nur Allah dərgahında yaradılmışların ən əzizi, ən fəzilətlisidirlər.



"Arxayın nəfs".

“Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!" ("Fəcr", 27-30)

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: "Fəcr" surəsini hər bir vacib və müstəhəb namazda oxuyun ki, Hüseyn ibn Əlinin (ə) surəsidir. Kim onu oxusa, behiştdə Hüseyn ibn Əlinin (ə) dərəcəsində olacaq ("Məcmə əl-bəyan", c. 10, səh. 481).

Qeyd etmək lazımdır ki, bu surənin İmam Hüseyn (ə) surəsi kimi təqdim olunmasına səbəb bu ola bilər ki, İmam Hüseyn (ə) "arxayın nəfs"in bariz nümunəsidir və bu surənin son ayələrində haqqında danışılmışdır. Necə ki, bu ayələrlə bağlı hədislərdə də öz əksini tapmışdır ("əl-Bürhan fi təfsir əl-Quran", c. 5, səh. 658).
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031