Aşura mesajları
Mьəllif: admin1
Tarix: 30-11-2015, 21:56
Aşura mesajları

Birinci hissə

Artıq Məhərrəmlik ayının başlanması hamımıza bəllidir. Allaha şükürlər olsun ki, bu münasibətlə yazarlar, xətiblər, tarixçilər, şairlər imkanları qədərincə bu ayda baş vermiş böyük bir tarixi faciəni vətənimizdə və dünyanın müxtəlif ölkələrində insanlara çatdırmaqdadırlar. Elə məhz bu səbəbdən bir neçə hissədən ibarət olacaq yazının adını “Aşura mesajları” qoydum. Min dörd yüz il bundan öncə baş vermiş hadisədə Hüseyn ibni Əlinin(ə) eşq karvanı qiyamətə kimi bizə hansı mesajları verir? Təbii ki, bu mesajları tarixi oxumadan, peyğəmbər ailəsinin məqamını tanımadan və məhz qiyamın səbəblərini araşdırmadan kimsə dərk edə bilməz. İstənilən bir tarixçi ilk baxışdan bu hadisəni mütaliə edərkən ilk olaraq zehninə bu gələcəkdir “1400 il öncə müsəlman dünyasında iki qoşun üz-üzə gəlmiş və birinin sayı çox, o birinin sayı az olmuşdur. Təbii ki, çox aza qalib gələcəkdir. Vəssəlam.”
Amma gəlib bu yerə çatanda ki, döyüş sərkərdəsi öz altı aylıq körpəsini qoşunun qabağına çıxarıb onun üçün su istəyərkən su əvəzinə onu qanla suvarıblar, artıq döyüşü iki qoşunun döyüşü deyil, məzlumun zalimin zülmünə məruz qaldığını anlayacaqdır. Amma firqəsindən asılı olmayaraq istənilən bir müsəlman bu tarixi faciəni oxusa öncə Yezid ibn Müaviyənin necə İslam dininin əhkamına qarşı çıxdığını və peyğəmbər ailəsinə zülm etdiyini başa düşəcəkdir. Və vicdanı təmizdirsə bu sual onu düşündürəcəkdir “belə bir günahkar Həmzənin, Bədr və Ühüd şəhidlərinin, peyğəmbərimizin döyüşdə sınmış dişinin bahasına ələ gəlmiş İslam ümmətinin rəhbəri ola bilərmi?” Budur Aşuranın ilk mesajı Yezid ibni müaviyənin ifşası ilə başlayır. Beləcə Aşura məktəbi bizlərə qan bahasına, can bahasına, peyğəmbər ailəsinin əsir olması bahasına zalimin ifşasını öyrədir. Amma sual oluna bilər ki, “İmam Hüseyn(ə) Müaviyə həyatda olan zaman 11 illik imamət dövründə nə üçün qiyam etmədi? Məgər o zamanda zülm yox idimi?” bu sualın bir çox cavabı var. Amma biz iki ümdə yanaşma ilə bu sualı cavablandıraraq əsl mətləbə keçəcəyik.

Birincisi İmam Həsənlə (ə) Müaviyə arasında olan sülhnamə imama qiyam imkanı vermirdi. Hiyləgər Müaviyə bundan məharətlə istifadə edər və imamı vədə xilaf çıxmaqda ittiham edərdi. İkincisi isə Müaviyənin insanlar arasında şöhrəti idi. Bəziləri (xüsusən Şam-indiki Suriya şəhərində) onu səhabə, vəhy katibi və mömin bilirdilər. Belə olan halda onun qəsbkarlığını, zülmünü və digər cinayətlərini tam ifşa etmək çətin olardı.

Yezid ibn Müaviyənin ifşası

Allah-təala mübarək Qurani-Kərimdə buyurur: Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Tövbə surəsi. Ayə 5. Əlixan Musayev və Ziya Bünyadovun tərcüməsi)

Ayədə sözü gedən haram aylardan biri də məhərrəm ayıdır ki, bu ayda qan tökmək və müharibə etmək haramdır. Bildiyimiz kimi, İslam dininin əvvəllərində böyük İslam Peyğəmbəri üç il müsəlmanlarla birgə “Əbu Talib dərəsində” (Şeybi Əbu Talib) müşrüklər tərəfindən mühasirədə qalmışlar. Amma bu üç ay həzrəti İbrahimin dövründən onlar üçün də haram aylar buyrulduğu üçün adət olaraq bu aylarda müharibə və kimsəyə zülm etməzdilər. Həmçinin bu ayda müsəlmanlar dərədən çıxıb evlərinə gəlir və Məkkə şəhərində asudə gəzə bilirdilər. Yezid isə bu müşrüklərdən fərqli olaraq Allahın ayələrinə diqqət yetirmir və bu ayda belə qan tökməkdən əl çəkinmədi. Aşuranın bizə ilk mesajı Yezidin açıq-aşkar fasiq və günahkar biri olmasının təsdiqidir. Odur ki, hər kəs Uməyyə üzqaralarının şahı Yezidi müdafiyə etmək istəsə gərək ilk öncə bu cinayətə cavab versin.

Ikinci hissə

Din müdafiəsinin kulminasiyası

“İlahi, sən yaxşı bilirsən ki, mənim qiyamım hökümət, dünya malı, şan-şöhrət üçün deyil, əksinə məhz İslam dininin sağlam şəkildə bəşəriyyətə çatdırılması üçündür ki, insanlar haqq və aydın olan yolu tanımaqla dünyada azıb qalmasınlar”. (Təhful Uqul)

Bildiyimiz kimi müqəddəs İslam dinin əsas və böyük hədəflərindən biri də haqla-batilin bir-birindən ayrılması və bəşəriyyəti düzgün istiqamətləndirməkdir. Bunun üçün də ulu yaradan digər canlılardan fərqli olaraq insanlara əqil və zəka bəxş etmiş, eyni zamanda haqla-batilin meyarlarını insana tanıtdırmışdı. Hətta müqəddəs Qurani-Kərimdə bu barədə dəfələrlə insanlara haqqın meyarlarını insanlara çatdırmış və bəşəriyyəti onun müdafiəsinə dəvət etmişdir. Bu səbəbdən insanlara qular, göz, dərk verməklə yanaşı, nə üçün əqil verdiyini də izah edərək, bunun qarşılığında məsuliyyət daşımağımızı bizə əmr etmişdir (İsra-35). Bir sözlə yaşadığımız həyat boyunca batilə meydan verməyəcək və haqqı mövzusundan asılı olmayaraq ibraz edəcəyik.

Allah-təalanın bizə verdiyi əqil nemətinin qarşılığında növbəti məsuliyyətimiz isə insanları yaradılışın əsas hədəfinə dəvət edərək, bu yolda onlara nicat bəxş edən, haqq olan dinin müdafiəsidir. Tarix boyunca biz bütün ilahi peyğəmbərlərin dinin müdafiyəsi üçün çalışdıqlarını, bu yolda əzab-əziyyətə qatlaşdıqlarını və dəfələrlə din düşmənləri ilə müharibələrini tarixin unudulmaz səhifələrindən mütaliə edirik. Mövzumuzun daha aydın olması üçün gəlin əvvəlcə dinin qorunması zərurətini xülasə izah edək. Nə üçün din qorunmalıdır? Bunun bəşəriyyətə nə kimi faydası var? Onun qorunması üçün niyə canımızdan belə keçməliyik? Məgər dinin yaşaması insanın sağlamlığından daha əhəmiyyətlidirmi?

Bütün bu sualların cavabını bilmək üçün cəmi bir məsələyə diqqət yönəltmək lazımdır. Bu da yaradılışın hədəfidir ki, istənilən vaxt ilk olaraq bu nöqtədən hərəkətə başlamalıyıq. Əgər yaradılışın hədəfləri bizim üçün aydınlaşmasa, kiminsə dini ideologiyanı başa düşməsi inanılmazdır. Məsələn, mən namaz qılıram, oruc tuturam, zəkat verirəm və sair. Nə üçün? Əgər loru dildə cavablandırsaq, nəticə budur ki, “savabdır”. Vəssəlam. Amma savabın yeməli və ya içməli olduğu əməl sahibi üçün qaranlıq qalır.

Nədir yaradılışın hədəfi? Cavab: “inasanların öz dəyərlərinə söykənərək, ilahiyə iman gətirməsi vasitəsi ilə onun şəriətinə əməl etməklə mənəvi təkamülə yüksəlmək”. Deməli, bəşəriyyətin dünya və axirət (cismani və ruhani) nicatı burdan keçir. Əgər bundan savayı olarsa, məncə hazırki dünyamıza nəzər salmaq cavab üçün kifayət edər. Deməli din, bəşəriyyətin nicat yoludur. O, insana xidmət edir. Hətta insanın canı təhlükəyə düşərsə, öz qadağalarını geri çəkir və bir daha insanın yaşaması üçün şərait yaradır ( məsələn:zərurət halında acından ölməmək üçün din tərəfindən qadağan edilmiş donuz ətinin az miqdarda yeyilməsi kimi). Bəs nə üçün din təhlükədə olarkən canımız bahasına da olsa dini qurtarmalıyıq? Əgər yuxarıdakı mətləbə diqqət yetirsək görərik ki, din bir nəfərin canının nicatı üçün öz qadağasını götürür. Burada yalnız bir fərdin həyatı müzakirə obyektidir. Amma din təhlükəyə düşərsə bəşəriyyətin dünya və axirət həyatı artıq təhlükəyə düşmüş olur. Budur ki, hər bir insanın fərd olaraq və ya ictimai kütlə olaraq dini müdafiə etməsi, onun ayələrini qoruması zəruridir. Hər bir aqil insan bu yolda bütün varlığından keçməyə hazır olmalıdır. Necə ki, imam Hüseyn(ə) bu yolda məkanından, məqamından, ailəsindən, hətta altı aylıq südəmər Əli Əsgərindən, yaxınlarından, qohumlarından, dostlarından, daha vacib olan qeyrətinin əsir olmasından keçdi. Aşuranın bizə qiyamətə kimi olan həyati mesajlarından biri də imam Hüseyn(ə) üçün yas saxlayıb, qara geyinmək yox, məhz dinin sonda canın bahasına qorunması və gələcək nəsilə təhvil verilməsidir. Allahın salamı və bərəkəti olsun bu yolda canından, ailəsindən, məkanından, məqamından həm tarix boyunca, həm də bu gün keçən bütün möminlərə.

Üçüncü hissə

Məzlumu müdafiə etmək

Bundan öncəki yazıda İmam Hüseynin(ə) məhz bəşəriyyətin səadətinin, nicatının, əbədi xoşbəxtçiliyin təminatçısı və təzminatçısı olan müqəddəs İslam dini uğrunda şəhid olduğu barədə yazmışdıq. Düzdür ki, İmam və onun ailəsi bu unudulmaz səhnədə heç kəsə yalvarmamış, əksinə istər döyüş səhnəsində, istər əsirlər karvanında və istərsə də Yezidin saraylarında heç bir məzlumiyyət nümayiş etdirməmişlər. Əksinə Yezid öz cinayətinə haqq qazandırmaq üçün bir növ cəbr əqidəsini irəli sürmüş və peyğəmbər ailəsinin buna layiq olmaqlarını irəli sürməklə yanaşı, həmdə bu cinayətin Allah tərəfindən olduğunu bəyan edərək üzünü xanım Zeynəbə(s) tutaraq demişdi: “gördünüzmü Allah sizin başınıza nə bəla gətirdi?”

Xanım Zeynəb(s) isə “ ma rə-əytu illa cəmilən”(gözəllikdən savayı bir şey görmədim) deyə cavab verməklə Yezidin mənfur niyyətini ifşa etmişdi. Amma Kərbəla qəhrəmanlarının bu şəhamətlərinə baxmayaraq, başda imam olmaqla Kərbəlada olan peyğəmbər ailəsinə, imamın səhabələrinə, uşaqlara və qadınlara olmazın zülmü olunmuşdur. Hətta döyüş bitməmiş, nəinki islam döyüş qaydalarına əsasən, hətta ərəb döyüş qanunlarını da pozaraq ailələrə hücum olunmuş və peyğəmbərin gəlinləri, nəvə-nəticələri qarət olunmuşdur. Bundan əlavə döyüş bitdikdən sonra döyüşçülərin paltarını qarət etmişlər və cənazələrin üstündə atlar çapmışlar. Bu acı səhnəni yaralı halda müşahidə edən İmam Hüseynin(ə) “dininiz yoxdur, heç olmasa kişiliyiniz olsun” dediyi sözlər islam tarixinin qanlı səhifələrində Yezidin necə namərd olduğunu bir daha sübüt edir. Bütün bu acı səhnələri xatırlatmaqda məqsədim bir daha Yezidin cinayətini Quran baxımından bir ayə ilə(əlbəttə bu barədə Qurani-Kərimdə ayələr bəs qədərdir) əsaslandırmaqdır.

Allah Təala mübarək Qurani-Kərimin Təkvir surəsində müşrük ərəblərin qız övladlarını diri-diri basdırmalarına etiraz olaraq buyurur: “Axı o hansı günaha görə öldürüldü?”

Quran mütəxəssisləri bu ayənin izahında yazırlar ki,”onların Allahın yaratdıqlarını öldürməklə törətdikləri cinayət o qədər çirkindir ki, Allah-təala qiyamət günündə belə onları öz müxatəbi qərar verməyəcək və sualı öldürülən müşrük qızlarından soruşacaq ki, “siz hansı günaha görə öldürüldünüz?”

Diqqət etsək görərik ki, Allah nəinki bir müsəlmanı günahsız öldürülməsini, hətta müşrükün belə günahsız öldürülməsini və zülmə məruz qoyulmasını qadağan edərək, bunu çirkin əməl hesab edir. Sizcə bu gün Yezidin bu əməlinə haqq qazandırmaq istəyənlər Allahın ayələrinə qarşı çıxmırlarmı? Peyğəmbər ailəsinin matəminə görə bizə irad tutanlar yezidin bu cinayətinə nə haqq qazandırırlar görəsən? Ömründə bir dəfə də olsa peyğəmbəri görən insanı səhabə sayaraq onu müqəddəs bilənlər, görəsən vəhyin ağuşunda boya-başa çatan Həsəneynin(ə) qatillərinə hansı haqq donu geyindirmək istəyirlər? İmam Hüseynin(ə) “islam xəlifəsi”nə qarşı çıxdığına görə şəhid olunmasını iddia edərək bu cinayəti örtmək üçün Cəməl döyüşündə İslam xəlifəsi İmam Əliyə(ə) qarşı çıxan peyğəmbər xanımına nə ad verirlər? Görəsən anaları Aişəni də sadə ölümə deyil, vəhşiliklə qətlə yetirilməsinə razıdırlarmı? Var dövlətini qənimət götürmək istəyərlərmi? Tarixin bu paradokslarına göz yumanı Məada iman gətirmiş hesab etmək olarmı? Ümumiyyətlə hər hansı bir insan zülmə göz yumaraq onu bilərəkdən inkar edərsə ona aqil və ya zəka sahibi demək rəvadırmı?

Həzrət Əli (ə) buyurub: Nə çox ağıl sahibləri var ki, əmr edən nəfsin əsiridirlər.

Dördüncü hissə

Şəhadət ruhunun aşılanması

"Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə onlar diridirlər. Lakin siz bunu dərk etmirsiz".(Qurani Kərim, Bəqərə surəsi, ayə-154)

İmam Hüseynin(ə) Aşura məktəbinin bəşəriyyətə olan töhfələrindən biri də cəsarətlə yaşayaraq, ölməklə əbədi azadlıq qazanmaqla yaşamaq məfkurəsidir. İllərcə bu məfkurə heç bir sərhəd tanımayan, irqindən və dinindən asılı olmayaraq azadlıqsevərlərin həyat tərzinə çevrilmişdir. Öz dininin həqiqət susuzluğundan qurumaqda olan kökünü öz qanı ilə suvaran kəs, reallıqda qanı ilə tarix yazan dahidir. Bu dahilərə Allah təala ölü deməyə icazə vermir. Əksinə onların diri olduğunu və ilahi dərgahında ruzi yediklərini bizə öz müqəddəs kitabında xatırladır. Tarix boyunca İmam Hüseynin(ə) qiyamından nəinki müsəlmanlar, hətta qeyri müsəlman azadlıqsevər insanlar nəşət almışlar. O cümlədən Hind Milli Azadlıq Hərəkatının rəhbəri Mahatma Qandi (1919-1948 Hind inqilabının ən qızğın vaxtları) öz xatirələrində İngilislərə qarşı mübarizə xəttində imam Hüseyninə(ə) borclu olduğunu yazır. Öz mübarizə xəttində İmam Hüseynlə tanış olan istənilən sərkərdə və ya əsgər, son həddə azadlığını qanla ala biləcəyini anlayır. Əgər günümüzdən bu mövzuya misal gətirsək ən böyük parlaq nümunəmiz 23 yaşlı ideoloq, sosioloq, fəlsəfəçi, milli qəhrəmanımız şəhid Mübarizdir. Yuxarıda qeyd etdiyim sahələrin mütəxəssisləri əgər 23 yaşlı bir gəncin özündən sonra qoyub getdiyi məktubu diqqətlə nəzərdən keçirsə, görər ki, onların bir ömür insanlara aşıladıqları həyat tərzini 15 yaşlı Kərbəla qəhrəmanı Qasimdən öyrənən gənc bir qəhrəman öz məktubunda yazıb: “Canım anam və atam, məndən ötrü darıxmayın.Cənnətdə görüşəcəyik. Vətənin dar günündə ürəyim dözmür. Seyid nəvəsi olaraq bunu etməliyəm. İnşallah şəhid olana kimi bu şərəfsizlərin üzərinə gedəcəyəm. Məndən ötrü ağlamayın. Əksinə sevinin ki, bu mərtəbəyə yüksəldim”.

23 yaşlı bir gənc qəhrəman, düşmən üzərinə gedərkən özündən deyil, bir ömür onun zəhmətini çəkmiş, qucağında mışıl-mışıl yatmış valideynlərinin qayğısına qalır. Və onları darıxmamağa dəvət edir. Qəhrəmanı öz ölümü deyil, valideyninin ondan sonra Mübarizsiz həyatı narahat edir. Çünki o ölmədiyini, Allahın ona Quranda verdiyi vədəni tam dərk etmişdi(şəhidlərə ölü deməyin). Çünki valideynlərinə tam əminliklə cənnəti görüş yeri təyin etmişdi. Məadı(ölümdən sonrakı həyatı) tam əminliklə görür, tanıyır və oranı görüş yeri təyin edir. Insan necə tanımadığı yeri görüş yeri təyin edə bilər?. Hüseyn(ə) nəvəsi olaraq vətənini qurtarmağa gedir. Bu yolda ağlamağı qadağan edir və hamını bu azadlığa sevinməyə dəvət edir. Budur həqiqi aşura təfəkkürü və din anlayışı. Aşura günündə İmam Həsənin(ə) on beş yaşlı Qasim adlı övladı İmam Hüseyndən döyüş icazəsi istəyəndə imam ona deyir: “ ölümdən qorxmursan?” Qasim isə cavabında: “ o ölüm ki, məni babam peyğəmbərə və atam Həsənə qovuşduracaq, o ölüm ki, ilahi vədəyə vasitə olacaq, vallah baldan belə şirindir”.

Bəli. Vətən anadır. Vətən dindir. Vətəni sevmək imandandır. Onun layiqincə qorunması isə aşura məktəbindən keçir. Gəlin aşuranı istədiyimiz kimi deyil, aşuranın bizdən istədiyi kimi təqdim edək. Allah bizə aşuranı dərk edərək vətənimizi və dinimizi azad etmək səadətini nəsib etsin. Allahın salamı və rəhməti olsun vətən uğrunda canından keçənlərə, və bu yolda məzlumcasına şəhadətə yetirilən hər bir kəsə.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930