Quranda onun adı “mənn” deyərək çəkilir
Mьəllif: admin1
Tarix: 27-05-2020, 09:29
Quranda onun adı “mənn” deyərək çəkilir
Bəzən biz bitkilərlə çox qəddar davranır, xüsusilə tikanlı bitkiləri məhv edirik.

Nə bilək ki, tikanlarına görə məhv etmək istədiyimiz bitki Tanrının bizə bəxş etdiyi möcüzədi. Çox vaxt biganəliklə yanından ötdüyümüz və məhv etməyə çalışdığımız həmin tikanlı bitkilərdən birinin adı – dəvətikanıdır. Paxlalılar fəsiləsindəndir, çoxillik tikanlı ot bitkisidi.

Azərbaycanda dəvətikanının əsasən iki növü yayılıb: adi dəvətikanı (Alhagi pseudalhagi) və İran dəvətikanısı (Alhagi persarum). Azərbaycanın bütün ərazisində yayılmışdır, quru yеrlərdə bitir. Əsasən Samur-Dəvəçi, Kür-Araz ovalıqlarında, Abşeronda yayılıb.

Quraqlığa son dərəcə dözümlüdü. Kökləri 3-4 metrdən tutmuş 20-30 metr dərinliyə qədər uzana bilir. Uzunsov – lanset və ya oval formada yarpaqları var. Çiçəklərinin rəngi qırmızı-çəhrayıdan bənövşəyiyə qədər dəyişir. Qurudulduqda əsasən bənövşəyi rəng alır. Meyvəsi təsbehvaridi, düz və ya bir qədər əyri paxladan ibarətdi.

Adi dəvətikanına Abşeronun demək olar, hər yerində rast gəlmək mümkündü, Bakının özündə də ona tez-tez təsadüf edilir. Adamlar bu bitkiylə qəddar davranırlar, bu da onun tikanlarına görədi.

Həyətində dəvətikanı görən kimi hamı onu hökmən məhv etməyə çalışır. Son illərdə Abşeronun ekoloji mühitinin dəyişməsi, daha doğrusu, suyun ümumi səviyyəsinin artması bu qiymətli bitkinin tədricən yoxa çıxmasına da gətirir.

Adi dəvətikanı otunun tərkibi aşı maddələri, kumarinlər, flavonoidlər, efir yağları, selikli maddələr, şəkərlərlə zəngindi.

Orta əsr Azərbaycan təbabətində dəvətikanın «tərancəbin» adında qatı, bərkimiş şirəsi (еlmi dildə “manna”) gеniş istifadə еdilirdi və Quranda onun adı “mənn” deyərək çəkilir.

Məhəmməd Mömin (vəfatı 1697-ci il) yazır ki, dəvətikanının mannası cinsi həvəsi artırır, öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir.

Kərə yağı ilə manna sidik tutulmasında da xеyirlidir. Dalaq üçün zərərlidir. Onun zərərini tamarind toxumları və innab aradan qaldırırlar. Dozası: 32 – 135 q. Onu söyüd mannası əvəz еdir.

İbn Sina təsdiq еdir ki, dəvətikanının mannası öskürəyi dəf еdir, sinəni yumşaldır, susuzluğu aradan qaldırır və azca ödqovucu təsirə malikdir. Bir dəfədə 45-90 q su ilə içilir.

Hindistan və Sеylonun ənənəvi təbabətində tərqovucu vasitə kimi məşhurdur, kökündən hazırlanmış həlimi isə xarici vasitə kimi şiş və irinləmələrin müalicəsində istifadə еdilir. Bu bitkinin qara dəlibəng, tütün və acuan toxumları ilə qarışığından astma xəstəliyinin müalicəsində istifadə olunan xüsusi siqarеtlər hazırlanır.

Dəvətikanının tarixi və praktik istifadəsi

Dəvətikanının yayılma coğrafiyası çox genişdi. Rusiyanın Avropa hissəsinin cənubu, qərbi Sibir, Qazaxıstan, Mərkəzi Asiya və Qafqaz dəvətikanının ən çox yayıldığı ərazilərdi.

O əslində əsil səhra bitkisi hesab edilə bilər, susuzluğa dözümlüdü. Adının dəvətikanı olması da dəvələrin qidasında əsas yeri tutmasıyla bağlıdı. Başqa heyvanlar onu yalnız üyüdüləndən sonra yeyə bilər. Mərkəzi Asiya xalqları dəvətikanını çox sevir və onların şifahi xalq ədəbiyyatında dəvətikanına həsr edilmiş çoxlu nümunələr var.

Dəvətikanı bir növ səhranın meşə zolağıdı. Bildiyimiz kimi, qum açıq şəraitdə sürüşüb axa bilir. Dəvətikanı öz iri tikanları və dərin kökləriylə bu cür qum axınlarının qarşısını alır.

Hətta Abşeron şəraitində böyük həyətyanı sahələri olanlar dəvətikanını kəsib qurudur, onları bir-birinə calayıb uzun məftiləbənzər bir dolaq yaradır, sonra isə quma batırırlar ki, bunda da məqsəd qum axınlarının qarşısını almaqdı.

Abşeronda dəvətikanının ən çox praktik istifadəsi meyvə qurudulanda olur. Soyuducuların olmadığı vaxtlarda qışa çoxlu ehtiyat yığmağa ehtiyac yaranırdı. Dəvətikanı yığılır, qurudulub preslənirdi.

Onun üstündə yay vaxtı əsasən əncir qurudulurdu, çünki istər ənciri, istərsə də digər meyvələri qurudanda onların hər tərəfdən yaxşı hava almasını təmin etmək vacibdi.

Təbii şəraitdə bu rolu dəvətikanından gözəl heç bir bitki yerinə yetirə bilmir. Ən keyfiyyətli əncir qurusunu da preslənmiş dəvətikanının üstündən almaq mümkündü.

Müalicəvi əhəmiyyəti

Əslində o qədər də seçilməyən adi dəvətikanı çox böyük müalicəvi əhəmiyyətə malikdi. Elektron texnologiyası dövründə xüsusi əhəmiyyət kəsb edən bir şey varsa, o da vaxtdı.

Müasir insan daim tələsir, düzgün qidalanmır, rafinasiya prosesindən keçmiş məhsulları yeyir. Nəticədə piylənmə, mədə-bağırsaq sistemində və qaraciyərdə problemlər yaranır, böyrək və öd kisəsində daş əmələ gəlir. Düzgün həyat tərzi sürməyən müasir insan öz sağlamlığını nəzarətsiz dərman preparatları qəbul etməklə daha da korlayır.

Heç kimin ağlına gəlməyən müalicə vəsitəsi isə orda-burda – açıq sahələrdə, həyətlərin künc-bucağında bitir. Biz də onu amansızcasına qırıb atırıq. Adi dəvətikanı bir sıra müalicəsi çətin görünən xəstəliklərin dərmanıdı.

Dəvətikanın demək olar ki, bütün hissələri müalicə vasitəsi kimi yararlıdı: tikanlı üst hissə, çiçəkləri, kökü. Toxumları haqda isə həlilik heç bir tibbi ədəbiyatda məlumat yoxdu.

Ola bisin, toxumları ilə bağlı heç bir təcrübə aparılmayıb. Hər halda ziyanı barədə də məlumat yoxdu. Çox güman ki, elə qurudularkən toxumlarından da istifadə edilir.

Böyrəyində və öd kisəsində Daş olanlar, o cümlədən ödqovucuya, sidikqovucuya ehtiyac duyanlar dəvətikanının kökünü suda dəmləyib içə bilərlər. Ümumiyyətlə, dəvətikanının bütün hissələrinin əsas təsiri bu orqanlarla bağlıdı. Bu bitkinin qurudulmuş kökünü çay kimi dəmləyib hərarəti aşağı salmaq olar.

Dəvətikanının tikanlı yarpaqlı hissəsi adətən çay kimi dəmlənir və spesifik, bir qədər turş dada malik olur. Ödqovucu, tərqovucu, hərarətsalıcı xassəsi var. İshalda, dizenteriyada, babasildə istifadə edilir. Quru yarpaqlarından dəmlənən çay mədə və onikibarmaq bağırsağın xorasında yaraları sağaltmağa kömək edir.

Dəvətikanının ən mühüm və qiymətli hissəsi onun may-avqust aylarında əmələ gələn çiçəkləridi. Dəvətikanı çox iynəli olduğundan çiçəkləri toplamaq əziyyətli işdi.

Daha sonra onu qurudub saxlamaq da olar. Yuxarıda sadaladığımız bütün xəstəliklərdə faydalıdı. Dəvətikanı çiçəkləri əsasən öd kisəsi və babasil xəstəliklərini sağaldır.

Çiçəklərindən və köklərindən qurudulmuş halda istifadə olunsa da, dəvətikanının yarpaqlı və tikanlı hissəsindən yaşılkən yararlanmaq lazımdı, çünki qurudulanda müalicəvi əhəmiyyətini bir qədər itirir.

Müasir tibb elmi

Alimlər müəyyən еdiblər ki, dəvətikanın otu və kökünün həlimi mikrobları öldürür və onların çoxalmasının qarşısını alır, həmçinin büzüşdürücü və qansaxlama xüsusiyyətlərinə malikdir.

Dəvətikanın sulu cövhəri və 10%-li həlimi ödqovucu və sidikqovucu vasitə kimi istifadə еdilə bilər. Bu bitkinin yayın cır-cır istisində yarpaq və budaqlarında əmələ gələn boz-sarı, şirin, gеcədə bərkimiş mayе «manna» adı ilə məşhurdur. Onun tərkibini kitrə, mannit, şəkər, limon turşusu və acı maddələr təşikl еdir.

Şirvan dövlət qoruğu ot örtüyü iki pillə ilə təmsil olunur. Birinci pilləyə dəvətikanı, ikinci pilləyə isə onun ətrafında yerə yayılan sürünən bitki növləri aiddir.

Xalq təbabətində istifadəsi

Dəvətikanı xalq təbabətində təmizlənib qurudulmuş dəvətikanın köklərindən çay dəmləyib, soyuqdəymələrdə hərarətisalıcı, yarpaqlarından, çiçəklərindən və cavan budaqlarından hazırlanmış çay soyuqdəymələrdə tərlədici və sidikqovucu vasitə kimi işlədilir.

Dəvətikanın köklərindən, çiçək və meyvələrdən bir yerdə hazırlanmış sulu bişirmə ishala və dizenteriyaya qarşı istifadə edilir. Quru yarpaqlarından çay dəmləyərək mədə və 12-barmaq bağırsaq xorasında yarasağaldıcı vasitə kimi verirlər.

Qurudulmuş dəvətikanın çiçəklərindən dəmlənmiş çay isə babasil xəstəliyində iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul edilir.

İnsan öz taleyindən çox vaxt narazı olan varlıqdı. Sağlam olarkən pul, pullu olarkən daha çox pul, qocalanda cavanlıq və sağlamlıq arzulayır.

Sağlam həyat isə sağlam düşüncədən, təmiz qidadan və düzgün müalicədən asılıdı. Qəzəb-kin insanın odünü çoxaldır, konservləşdirilmiş qida mədəni zay edir, çirkli su böyrəkləri daşlaşdırır.

Dəvətikanı isə ödü qovur, mədə yaralarını sağaldır, böyrəkləri daşlardan təmizləyir. Mərkəzi Asiya xalqları dəvətikanının təkcə tibbi-fiziki yox, mənəvi-mistik qüvvəsinə də inanır.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031