“Aşura” ziyarətini oxumağın fəzilətləri
Mьəllif: admin1
Tarix: 22-10-2015, 10:40
“Aşura” ziyarətini oxumağın fəzilətləri

"Nə zaman hacətin və ya giriftarlığın oldu, harada olursansa-ol, bu ziyarəti və ondan sonrakı duanı oxu, Allahdan hacətini istə."

Məsum İmamlardan (ə) gələn duaların hər biri müəyyən bir mövzunu əhatə edir və güclü bir təsirə malik olar. Məsumlar (ə) bu duaları öz tərəfdaşlarına öyrədir və ona əməl etmələrini tövsiyə edərdilər. Aşura ziyarəti də bu cür ziyarətlərdən biridir. Onu oxumağın çox sayda fəziləti vardır ki, bir neçəsinə işarə edək:

1. Məsumlarla (ə) mənəvi rabitə qurmaq və onlara olan sevginin artması.
2. Zülmə qarşı mübariz hissin oyanması. Bu ziyarətin çox yerində zalımlara lənət edilmiş və nifrin edilmişdilər. Bu da insanda zülmə qarşı mübarizə aparmaq ruhiyyəsini oyadır.
3. Yolunu azmaqdan uzaq olmaq.
4. Allah yolunda şəhid olmaq ruhiyyəsinin yayılması.
5. Məsumların (ə) hədəfi yolunda məktəbi dirçəltmək.
İmam Baqirin (ə) tərəfdaşlarından olan Üqbə ibni Saleh nəql edir: "İmam (ə) buyurub: "O kəs ki, Aşura günü İmam Hüseyni (ə) yaxından ağlar gözlərlə ziyarət edərsə, Allah ona böyük mükafat verər". Üqbə Həzrətə (ə) deyir: "Canım sənə fəda olsun! Hər kimsə Aşura günü orada ola bilməsə və onu uzaqdan ziyarət etmək istəsə vəzifəsi nədir?". Həzrət (ə) buyurdu: "Zöhrdən əvvəl yüksək yerdə dayansın və Həzrətin (ə) hərəminə işarə edərək ona salam versin. Onun qatillərinə və zalımlara lənət etsin. Sonra iki rükət ziyarət namazı qılsın və bacardığı qədər İmamın (ə) müsibətinə ağlasın. Ailəni də bu işə həvəsləndir". Sonra buyurdu: "Mən zəmanət verirəm ki, hər kim bu işi görər, Allah ona mükafat verər".

İmam Sadiqin (ə) tərəfdaşlarından olan Səfvan nəql edir: "İmam Sadiq (ə) İmam Hüseynin (ə) qəbrinə işarə edərək, Aşura ziyarətini oxudu və sonra da iki rükət namaz qıldı və buyurdu: "Nə zaman hacətin və ya giriftarlığın oldu, harada olursansa-ol, bu ziyarəti və ondan sonrakı duanı oxu, Allahdan hacətini istə. Şübhəsiz ki, Allah və Peyğəmbər (s) öz vədlərinə əməl edəcək və istəyini yerinə yetirəcəklər".

Muhəddis Nuri, Şeyx Abbasdan nəql edir ki, deyib: "Aşura ziyarəti başqa ziyarətlər kimi deyildir. Başqa ziayarətlər Məsumlar (ə) tərəfindən imla edilmişdir. Əlbəttə onların pak qəlbinə nazil olan şeyi ancaq ali aləmdən olar, ancaq bu ziyarət Qüdsi hədislərdəndir. Ziyarət elə bu halda: lənətləri, salamları, duaları ilə Cəbarayil (ə) vasitəsilə Peyğəmbərə (s) nazil olmuşdur. Təcrübəyə görə, onu davamlı olaraq 40 gün oxumaq hacəti yerinə yetirər, məqsədinə çatdırar və düşmənləri dəf edər".

Mərcəyi-təqlidlərdən olan Ayətullah Zəncani nəql edir ki, Seyyid Muhəmməd Bəcnurdinin oğlanlarından birinin gözləri kor olmuşdu. Həkimlərin nəzərinə görə, o biri gözü də kor olmaq təhlükəsində idi. Ancaq həmin şəxs şəfa tapdı. Qohumlarından biri İmam Hüseyni (ə) yuxuda görür ki, ona deyir: "O, Aşura ziyarətini davamlı olaraq oxuduğu üçün o biri gözünün sağlamlığını Allahdan istəmişik".

Ayətullah Behcət "Aşura" ziyarəti haqqında deyir: "Aşura ziyarətinin mənası onun əzəmətinə şahidlik edir. Hədislərdə deyilir ki, bu ziyarət Qüdsi hədislərdəndir. Ona görə də müəllimlər elmi işlərinin çox olmasına baxmayaraq, həmişə Aşura ziyarətini oxumağa nəzarət edərdilər. Ayətullah Şeyx Muhəmədhüseyn İsfani Allahdan istəmişdi ki, həyatdakı son sözü Aşura ziyarəti olsun. Ondan sonra Allahla görüşsün. Allah da onun bu duasını qəbul etdi. Aşura ziyarətini oxuyub bitirəndən sonra ruhu ali mələkuta tələsdi".

Bəsirət əhli həmişə Aşura ziayrətini oxumağa xüsusi əlaqə göstərmişdilər. Onu başqalarına da tövsiyə etmişdilər. Şeyx Rəcəbəli Xəyyat deyir: "Məna aləmində mənə tövsiyə etdilər ki, Aşura ziyarətini oxu. Hələ ki, sağsınız, Aşura ziyarətini əldən verməyin".

Şəhdi Dəstğeyb yazır: "Nəcəfi-Əşrəfin böyük alimlərindən olan Şeyx Cavad ibni Şeyx Məşkur Ərəb Səfər ayının 26-da yuxuda ölüm mələyini görür. Salam verdikdən sonra ondan soruşur ki, haradan gəlirsən? Ölüm mələyi deyir: "Şirazdan gəlirəm. Mirzə İbrahim Məhəllatinin ruhunu almağa getmişdim". Alim soruşur: "Mirzə İbrahimin ruhu bərzəxdə nə haldadır?", Əzrayil (ə) deyir: "Çox yaxşı, behiştin ən yaxşı bağlarındadır. Allah min mələyi ona xidmət etmək üçün təyin etmişdir". Alim soruşur: "Bu məqama çatmaq üçün hansı əməli görmüşdür? Elmi məqamına və şagirdlər tərbiyə etdiyi üçünmü?". Əzrayil (ə) deyir: "Yox". Alim soruşur: "Camaat namazına və əhkamı insanlara çatdırdığı üçünmü?". Ölüm mələyi deyir: "Yox". Alim soruşur: "Bəs nə üçün?". Əzrayil (ə) buyurur: "Aşura ziyarətini oxuduğu üçün. O, ömrünün son 30 ilində Aşura ziyarətini tərk etməmişdir. O gün ki, xəstəliyinə görə oxuya bilmirdi, özünə köməkçi tuturdu". Alim yuxudan ayılır. Sabahısı günü Ayətullah Mirzə Muhəmmədtəqi Şirazinin evinə gedir. Yuxusunu ona danışır. Mirzə Muhəmmədtəqi ağlayır. Ondan soruşur ki, niyə ağlayırsan? Cavab verir ki, Məhəllati dünyadan getmişdir. Sabahısı günü alimin öldüyü xəbəri Nəcəfə teleqrafla gəlir".

İmam Sadiq (ə) Səfvana buyurur: "Aşura ziyarətini oxu və mən onu oxuyan üçün bir neçə şeyi zəmanət verirəm:
1. Ziyarəti qəbul olar.
2. Səy və çalışması mükafata layiq olar.
3. Hacəti hər nə olursa-olsun, Allah tərəfindən yerinə yetər və Allah dərgahından ümidsiz qayıtmaz". (Tebyan)

nardaranpiri.com
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031