Əgər Allahdan qorxmursansa...
Mьəllif: admin1
Tarix: 3-11-2017, 22:30
Əgər Allahdan qorxmursansa...

XIX əsrdə yaşamış məşhur müctəhid Şeyx Mürtəza Ənsarinin təqvası və dünya malına etinasızlığı məşhur idi. Nəcəf şəhərində ömür sürən alim o zamanlar şiə aləminin ən ünlü mərceyi-təqlidi kimi tanınırdı. Müsəlman dünyasının hər guşəsindən xüms və zəkat pullarını ona göndərirdilər.

Şeyx Ənsari isə bunlara gözünün ucu ilə də baxmaz, hamısını şəriətdə nəzərdə tutulmuş tərzdə ehtiyaclıların arasında paylayardı. Özünün dediyi kimi, o, "bir şəhərdən o biri şəhərə mal aparan çarvadar" kimi varlıların ödədiyi dini vergiləri kasıblara ötürməklə məşğul idi.

Şeyx Mürtəza Ənsarinin qardaşı Mənsur da dini elmlər sahəsində müəyyən səviyyəyə çatmışdı. Onun da yaşayışı Şeyx Mürtəzanın dolanışığı kimi keçirdi. Mənsur son dərəcə imanlı bir şəxs olduğundan, heç vaxt vəziyyətindən şikayət etməzdi. Qardaşı kimi o da aza qane olar, yalnız zəruri ehtiyac duyduğu qədər pul xərcləyərdi. Amma onların anası başqa cür düşünürdü. Ana öz oğullarının o zamanın tələbləri baxımından aşağı dəyərləndirilən maddi imkanına baxıb gileylənərdi. Anası bilirdi ki, Şeyx Mürtəzanı, əlindəki xüms-zəkat pullarından götürüb özünə daha artıq xərcləməyə razı salmaq qeyri-mümkündür. Amma düşünürdü ki, heç olmazsa, Mənsurun güzəranını yaxşılaşdırmağı ondan xahiş etsin.

Bir gün anası öz fikrini Şeyx Mürtəzaya açıb söyləyir: "Görürsən Mənsur nə vəziyyətdə yaşayır? Sən bu cür həyata alışmısan. Amma heç olmazsa, qardaşına kömək et. Gör sənin əlində nə qədər pul-para var. Axı Mənsurun da həmin pula ehtiyacı var. Başqalarına verdiyin puldan bir az çox öz doğma qardaşına versən nə olar?"

Şeyx Mürtəza Ənsari əvvəlcə anasına cavab verməyib susur. Sonra kasıblara paylanacaq pulların saxlandığı otağın açarını cibindən çıxarıb anasına tərəf uzadır, mehribanlıqla deyir: "Anacan, bax, bu, həmin pulların olduğu otağın açarıdır. Qapını aç, Mənsur üçün nə qədər pul istəyirsənsə götür. Amma bunun hesabını mənim boynuma yıxma. Bil ki, götürdüyün hər xırda pul üçün qiyamət günündə Allahın qarşısında özün cavab verəcəksən. Əgər Allahdan qorxmursansa, məhşər məhkəməsindən qurtulacağına inanırsansa, get, istədiyin qədər pul götür".

Anası Şeyx Mürtəzanın sözlərinin ciddiliyini anlayır, dediyi sözlərdən peşman olub tövbə edir və bir daha oğlunu bu cür xahişlərlə narahat etmir.

Şeyx Mürtəzanın həyat yoldaşı da bir dəfə iradə zəifliyinə qapılır və yaşayışını daha da rəngarəng etmək fikrinə düşür. Evin dolanışıq xərcini artırmaq barədə öz ərinə müraciət etməyin mənasız oluğunu bildiyi üçün başqa bir adamı vasitəçi tutmaq qərarına gəlir. Şeyx Mürtəzaya çox yaxın olan ailəvi dostlarından birindən xahiş edir ki, onunla danışsın və evin xərcini artırmağa onu razı salsın. Dostu qadının xahişini alimə çatdırır.

Şeyx Mürtəza evə gələndə çirkli paltarları yumağı arvadından xahiş edir. Qadın Şeyxin paltarlarını tabağın içinə yığır, üstünə su töküb yumağa başlayır. Bir az sonra tabaqdakı su paltarlardan çıxan kirdən qaralır. Qadın suyu dəyişdirmək istəyəndə Şeyx qəflətən ona deyir: "O suyu atma, götür, iç". Qadın təəccüblə söyləyir: "Bu suyu necə içim? Bu ki kirdən qaralıb, içməyə yaramır". Şeyx Mürtəza cavab verir: "Bax, bu su sənin gözündə necə murdardırsa, dünya malı da mənim gözümdə o qədər çirkindir. Mən ailəmizin zəruri ehtiyacından artıq olan pulu evə gətirməyə razı olmaram. Çünki o pulu ehtiyacı olanların boğazından kəsmiş olacağam. Bu, mənim üçün çirkab içməkdən də iyrəncdir".

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930