Məzlum bağban və yaralı gül
Mьəllif: admin1
Tarix: 9-09-2015, 15:01
Məzlum bağban və yaralı gül

Günlərin bir günü göylərdən yer üzünə gələn bir bağban mərhəmət adlı bağçasında bir gül əkdi. Bağban bu gülə hər gün qulluq edər, qayğı göstərər, qoxulayar və ondan ilham alardı...

Bu bağban hamıya yaxşılıq edər, hamının çətinliklərini aradan qaldırar və insanlarla mehriban davranardı. Bağbanın şöhrəti bütün dünyaya yayılmışdı.
Bağban onu tanıyanlara bu gülün qədrini bilməyi vəsiyyət edər və belə deyərdi: "Bu gül mənim bədənimin bir parçasıdır, onu qoruyun, sevin, ona qayğı göstərin və solmağa qoymayın. Kim bu gülə əziyyət verib onun budaqlarını sındırsa, məni və Allahımı qəzəbləndirmiş olar. Kim ona qayğı göstərsə, Allah da ondan razı olar. Bilin ki, mən onun ətrindən rahatlıq tapıram, həmişə bu gülə baxanda ürəyim sakitləşir. Sizlərə etdiyim yaxşılığımın müqabilində yalnız bu gülü qoruyub saxlamanızı və ona məhəbbət göstərməyinizi istəyirəm. Sizlərə təkidlə tapşırıram ki, bu gülü solmağa qoymayın, əks halda özünüzə zərər etmiş olarsınız. Mən bu gülü sizin aranızda əmanət qoyuram".

Aylar ötdü, günlər keçdi, bağban yenidən göylərə qayıtdı. Bağbanın vaxtında olduğu kimi, yenə də o gülün ətri küçələrə yayılırdı. Sanki Allahın ətri gəlirdi küçələrdən, bağçalardan, bağlardan. Bağbanın, onu tanıyanlara etdiyi bütün yaxşılıqlara və təkidlə etdiyi vəsiyyətlərinə baxmayaraq, o gül ilə, bağbanın dediklərinin tam əksini etdilər. Nə etdilər o gülə, məgər su vermədilər ona? Yox, yox, qoy deyim nə etdilər ona. Baxmayaraq ki, bu gül hamı üçün rahatlıq səbəbi idi, onları pis qoxulardan qurtarırdı, amma yaxşılığın nə olduğunu anlamayan bir dəstə avam və cahil insan gördülər ki, bu gül nəfsani istəklərinə çatmaq üçün onlara mane olur. Onlar bağbanın sözünü unudaraq yadigarını aradan aparsınlar deyə gülü zədələməyə başladılar. Hələ bu az imiş kimi, bağçaya hücum etdilər, qapısına od vurdular. Qapını sındıraraq güclə bağçaya soxuldular. Qapının arxasında qalan gül zədələndi, bir tərəfi əzildi, yaralandı, qırıldı...

Bu bağçada digər bir məzlum bağban da vardı. O bağban özündən əvvəlki bağbanın vəsiyyətlərinə əməl edərək gülə olunan zülmlər qarşısında səbir edirdi. Nəhayət, gül özünə olunan zülmlərdən dilə gəlib, o bağbana belə dedi: "Artıq yetər! Bu cahil məxluqlar bilmədilər mənim və sənin qədrini. Amma digərləri bu məzlumiyyəti bilsinlər və məni sevənlərin qəlbində əbədi yaşayım deyə, gecə vaxtı məni bu bağçadan götür, elə bir bağçaya apar ki, nəinki məni sevməyənlər, hətta sevənlər belə yerimi bilməsinlər. Bundan sonra mənim yoxluğumun onlara nə qədər çətin və ağır, həmçinin onların mənə nə qədər ehtiyaclı olduqlarını görərlər. Nəticədə, mənim ətrim günü-gündən aləmə yayılar. İllər keçər, zaman dəyişər, mənim və sənin məzlumiyyətin haqda və uca dəyərlərimiz barəsində saysız-hesabsız kitablar yazılar. Mənə zülm edənlər zillət içində xar olarlar".

Bəli, əziz dostlar. Artıq min ildən çoxdur ki, həmin o gülün ətri bütün dünyaya yayılır, onun və məzlum bağbanın haqqında saysız kitablar yazılır, lakin hələ də o gülün hansı bağda əkildiyi kimsəyə bəlli deyil. Ümüdvarıq məzlum bağbanın övladı tezliklə gəlib o bağçanın harada olduğunu, o gülün aşiqlərinə deyəcək. Aşiqləri də, əllərində dəstə-dəstə gül həmin bağçanın qapısını öpərək qədəmlərini onun pak torpağına qoyacaq, o gülü ziyarət edəcəklər və nəhayət, acı göz yaşları sevinc damlalarına çevriləcək. İnşallah! Rəsul Mahmudzadə /İslammektebi.org/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930