Həqiqi tövbə etməyin kamil qaydası
Mьəllif: admin1
Tarix: 8-07-2020, 10:24
Həqiqi tövbə etməyin kamil qaydası

Əgər insan kəbirə günahına görə tövbə edə bilsə, bütün səhv və kiçik günahlarının da bağışlanmasına səbəb olar. Bəzən insan günah işlədir və dilində deyir ki, mən tövbə etdim.

Onun bu əməli bir paltaryuyanı xatırladır ki, deyər mən paltar yuyuram, ancaq hərəkət etməz. Çünki yerində dayandığı üçün paltarı təmiz etməz.

Tövbənin həqiqəti – qəlb peşmançılığıdır. Bu peşmançılıq əməldə də özünü göstərməlidir.

Həqiqi tövbənin qaydaları vardır ki, onlarla tanış olaq:

1. Üç gün oruc tutmaq. İmam Sadiq (ə) buyurur: "Allahın əmr etdiyi nəsuh tövbəsi – çərşənbə günü, cümə axşamı və cümə günü oruc tutmaqdır”.

2. Tövbə qüslü almaq. Həzrət Peyğəmbər (s) tövbə etmək istəyən şəxsə buyurur: "Qalx və qüsl al və Allaha görə səcdə et”.

3. İki və ya dörd rükətli namaz qılmaq. İmam Sadiq (ə) buyurur: "O bəndə ki, günah edər, ayağa qalxsın və təharətlənsin (dəstəmaz alsın), iki rükət namaz qılsın və Allahdan bağışlanma diləsin.

Allahın üzərindədir ki, tövbəsini qəbul etsin, çünki Özü buyurmuşdur: "Hər kim çirkin iş görər, ya özünə zülm edər – istiğfar etsin. Allahı bağışlayan və mehriban görər””.

Zilqədə ayının bazar günü Həzrət Peyğəmbər (s) tərəfdaşlarına buyurur: "Kim tövbə etmək istəyir?”.

Hamısı müsbət cavab verdi və Həzrət (s) buyurdu: "Qüsl və dəstəmaz alın. Dörd rükət namaz qılın və hər rükətdə "Həmd”dən sonra 3 dəfə "Tövhid”, bir dəfə də "Nas” və "Fələq” surələrini oxuyun.

70 dəfə istiğfar edin və axırda deyin: لا حول و لا قوه الا باالله العلی العظیم، ("Lə ləvlə və lə quvvətə illə billəhil-aliyyilazim”).

Sonra bu duanı oxuyun: یا عَزِیزُ، یا غَفّارُ، اغْفِرلی ذُنُوبِی وَ ذُنُوبَ جَمِیعِ الْمُوْمِنینَ وَ الْمُوْمِناتِ فانه لا یغْفِرُ الذُّنُوبَ اًّلاّ أنْتَ

Ya əzizu ya ğəffaru, iğfir li zunubi və zunubə cəmiil mu`mininə vəl mu`minat, fəinnəhu la yəğfiruz-zunubə illa ənt – Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.

Hər kim ümmətimdən bu əməli yerinə yetirər, səmadan nida olar ki, tövbən qəbul olundu və günahların bağışlandı”. Səhabələr soruşur ki, bəs bu əməli başqa aylarda yerinə yetirsək, necə olar?

Həzrət Rəsuli-Əkrəm (s) buyurdu: "Sizə bəyan etdiyim kimi olar (Yəni, başqa zamanlarda da yerinə yetirmək olar). Bu kəlmələri mənə Cəbrayil (ə) merac gecəsində öyrətmişdi”.

4. Tövbə duaları. Yaxşı olar ki, tövbə etmək istəyən şəxs tövbə duasını, xüsusilə də "Tayyibin” duasını, "Xəmsi əşərə” münacatını oxusun.

5. İstiğfar. Qurani-Kərim buyurur: «Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin”. ("Hud” 3).

«Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin». ("Hud” 52).

Hədislərimiz və Quran ayələri bizə söyləyir ki, əgər günah edən şəxs qəlbində bu günahına görə həqiqətən peşman olubsa və ona yenidən qayıtmayacağını qərar alıbsa, tövbəsi qəbul olar. Allaha üz tutub tövbə etsin və Ondan üzr istəsin. Əgər boynunda haqqı varsa, əda etsin və Allahın rəhmətinə ümid bəsləsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930