İMAM SADİQİN (Ə) GÖZƏL ƏXLAQINDAN NÜMUNƏLƏR
Mьəllif: admin1
Tarix: 11-08-2015, 10:29
İMAM SADİQİN (Ə) GÖZƏL ƏXLAQINDAN NÜMUNƏLƏR

Yüksək əxlaq sahibi olan imam Sadiq (ə) Allah-Taalanın ayələrindən biridir. O həzrət öz gözəl əxlaqı ilə digər peyğəmbərlərdən fərqlənən babası Rəsuli-Əkrəmin (s) əxlaqına sahib idi. Onun gözəl əxlaq və ədəbi ilə əlaqədar bəzi nümunələrə diqqət yetirək:

1. İmam Sadiqin (ə) təvazökarlığı

Təvazökarlıq imam Sadiqin (ə) ən bariz əxlaqı idi. Təkəbbürlə mübarizəsi o həzrətin təvazökarlığına canlı bir sübutdur. O Həzrət (ə) bir kişiyə “Sənin qəbilənin ağası kimdir?” – deyə soruşduqda, o: “Mənəm!” deyə cavab verdi. İmam (ə) buyurdu: “Əgər sən onların ağası olsaydın “mənəm” deməzdin.” (“Ət-təbəqatul-kubra”,1-ci cild, səh. 32.)

2. İmam Sadiqin (ə) səxavəti

İmam Sadiq (ə) insanların ən səxavətlisi idi və var-dövlətini yoxsullara paylayardı. O həzrətin səxavətinə dair nəql olunan hədislər olduqca çoxdur. Biz isə burada onlardan bir neçə nümunə qeyd etməklə kifayətlənirik:

1. Bir gün Əşcə Sulləmi imam Sadiqin (ə) hüzuruna getmişdi. İmam (ə) xəstələnmişdi. İmam (ə) onu görcək buyurdu: “Nə üçün gəlmisən?”

O, bir şeir oxuyaraq dedi:

ألبَسكَ اللهُ منه عافيةً

في نومك المعتري و في أرقك

يُخرِجُ من جسمك السَّقامَ

كما أخرجَ ذُلَّ السُّؤالِ من عُنُقِكَ

“Allah hər bir halında sənə afiyət və şəfa libası geyindirsin. Sənin cismindən bu xəstəliyi çıxarsın. Necə ki, sənin boynundan diləmək zillətini götürmüşdür.”

O, ikinci beytin sonuncu sətrində öz ehtiyacına işarə edirdi. Bu da onun bəyanının zərifliyi və lətafətini göstərirdi.

İmam Sadiq (ə) onun ehtiyacını başa düşüb öz qulamına buyurdu: “Səndə nə qədər pul qalıb?”

Qulam dedi: “Dörd yüz.”

İmam (ə) əmr etdi ki, pulu ona versin. (“Əl-əmali” Şeyx Tusi”, 1-ci cild, səh. 287.)

2. O həzrətin (ə) Mədinə yaxınlığında çoxlu xurma ağacı olan “Ziyad zirvəsi” adlanan bir ərazisi var idi. İmam (ə) əmr edərdi ki, xurma yetişəndə adamların bağa daxil olub xurma yeməsi üçün bir qapı açsınlar. O Həzrət (ə) qocalıq və xəstəlik üzündən bağa gələ bilməyən qonşulara xurma verilməsini əmr edərdi. Qalan xurmaları Mədinəyə aparıb çoxunu yoxsullara, zəiflərə və ehtiyacı olanlara verilməsini tapşırardı. Həmin bağın gəliri dörd min dinar olardı. Onun da üç minini paylayar və qalan min dinarı isə özünə götürərdi.” (“Əl-imam Cəfər əs-Sadiq (ə)”, səh. 47.)

Həqiqətən, kərəm və səxavət o həzrətin zati səciyyələrindən idi. O həzrət var-dövlətə yoxsulları yedizdirmək və geyindirmək vasitəsi kimi baxır və bunu başqa cür dəyərləndirmirdi.

3. İmam Sadiqin (ə) gizli verdiyi sədəqələr

Gizli və gecə ikən sədəqə vermək və Əhli-beyt imamlarının (ə) üsullarından biri idi. Çünki bu işdə heç bir dünya məqsədi güdülmür və yalnız Allah-Taalaya görə görülən əməl sayılır. Məsum imamların (ə) hər biri yoxsullara kömək etsələr də, onlar imamları tanımazdılar.

İmam Sadiq (ə) də Mədinə yoxsullarına yardım edər, amma onlar İmamı (ə) tanımazdılar. O həzrət (ə) əbədiyyətə qovuşduqdan sonra yoxsulların yardımı kəsildikdə, yoxsullar başa düşərdilər ki, onlara yardım edən imam Sadiq (ə) imiş. (“Əl-imam Cəfər əs-Sadiq (ə)”, səh. 47.)

İsmayıl ibn Cabir imam Cəfər Sadiqin (ə) gizli yardımları haqda belə nəql etmişdir: “İmam Sadiq (ə) bir kisədə əlli dinar pul mənə verib buyurdu: “Bu pulu Bəni-Haşimdən olan fılankəsə ver və mənim tərəfimdən verildiyini demə.” Mən pulu həmin şəxsə verəndə soruşdu ki, bu pulu kim göndərib?

Dedim: “Bunu sənə verən şəxs istəmir ki, onu tanıyasan.”

Həmin şəxs dedi: “O şəxs hər dəfə mənə bu qədər pul göndərir, lakin Cəfər Sadiq varlı ola-ola, bir dirhəm də mənə vermir.” (“Məcmueyi-Vərram”,2-ci cild, səh. 82.)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031