ÖZÜN ÖZÜNDƏN HESAB ÇƏK!
Mьəllif: admin1
Tarix: 29-07-2015, 13:16
ÖZÜN ÖZÜNDƏN HESAB ÇƏK!

İmam Əli (ə) buyurmuşdur:

مَنْ حاسَبَ نَفْسَهُ رَبِحَ، وَ مَنْ غَفَلَ عَنْها خَسِرَ؛

“Özündən (öz əməllərindən) hesab çəkən qazanmış, ondan qafil olan isə ziyana düşmüşdür.”

(“Biharul-ənvar”, 74-cü cild, səh. 419.)



ŞƏRH VƏ TƏFSİR

İslam rəvayətlərində “mühasibə” (nəfsdən hesab çəkmək) məsələsinə xüsusi yer ayrılmış və əxlaq alimləri ona böyük əhəmiyyət vermişlər. Sual budur: “Mühasibə nədir?”

Cavabında deməliyik ki, insan, ömrü boyu mühüm sərmayələrini xərc etməklə məşğuldur. Mühasibə odur ki, bu mühüm sərmayələrin xərc edilməsi müqabilində nə qazanmışdır? Görəsən, ömür, əql, din, iman və bu kimi dəyərli sərmayələrdən layiqincə istifadə etmişdirmi? Allah-Taala sonsuz elmə malik olduğu halda hesab əhlidir və bütün insanlar üçün əməl dəftəri tutaraq əməl və rəftarlarını, söz və əqidələrini götür-qoy edir. Bu əməl dəftərində insanın kiçik bir əməli belə qələmdən yayınmır. (“Peyami-Quran”, 6-cı cild, səh.75, “əməl dəftəri” fəsli.) Bütün varlıq aləmi hesab üzündəndir. Belə isə, nə üçün insan hesab əhli olmamalıdır? Odur ki, insan bu məsələ ilə əlaqədar bir neçə məsələni unutmamalıdır:

1. Həmişə pisliklərdən çəkinməli və özündən qabaq hər an Allah-Taalanın onu görüb qoruduğunu diqqət mərkəzində saxlamalıdır. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan hədisdə belə buyurulur:

اُعْبُدِ اللهَ كَاَنَّكَ تَراهُ فَاِنْ لَمْ تَرهُ فَاِنَّهُ يَراكَ

“Allaha elə ibadət et ki, sanki Onu görürsən; əgər sən Onu görməsən də, O, səni görür!” (“Biharül-ənvar”, 72-ci cild, səh.279.)

2. Hər bir söz və əməldən qabaq onun səbəb və nəticəsini götür-qoy etmək lazımdır. Hədisdə buyurulur:

اِنَّهُ يُنْشَرُ لِلْعَبْدِ فِي كُلِّ حَرَكَةٍ وَ اِنْ صَغُرَتْ ثَلاثَةُ دَواوِينَ: اّلْاَوَّلُ لِمَ؛ اّلثّانِي كَيْفَ؛ اّلثّالِثُ لِمَنْ

“Hər bir rəftar və əməli – kiçik olsa belə – yerinə yetirən zaman onun xüsusiyyətlərini yazmaq üçün üç dəftər açılar: birincisi (əməlin) səbəbini, ikincisi keyfiyyət və necəliyini, üçüncüsü isə kimin üçün yerinə yetirildiyini (son məqsədini) göstərir.”

Şübhəsiz, belə təfəkkür tərzi insanda çirkinliklərə qarşı nifrət hissi yaradır.

3. Gündəlik işləri yerinə yetirdikdən sonra əməlləri dəqiq “mühasibə” etmək (hesaba çəkmək) lazımdır. İnsandan baş verən xəta və günah ruhi formaya düşməzdən qabaq dərhal onun təsirləri qəlb və ruhdan təmizlənməlidir; belə ki, onun acınacaqlı axır-aqibəti haqda düşünüb özünü danlamalı, nəfsini qınamalı, gələcəkdə özünü möhkəm gözləmək və idarə etmək üçün lazımı qərara gəlməli, qurşandığı çirkin iş qədər yaxşı əməllər yerinə yetirməlidir ki, canı və qəlbinin saflığı ilkin vəziyyətə qayıtsın. Cismani xəstəlikdən qurtulan şəxs kimi, müəyyən bir müddətdə iman, ruh və mənəviyyatını gücləndirməyə başlamalıdır. (Həqiqi tövbə də məhz bundan ibarətdir.)

Demək, “mühasibə” və insanın özünü sorğu-suala çəkməsi çox mühümdür və hər gün özümüzdən hesab çəkməliyik! Hesab çəkməliyik ki, ibadətlərimiz nə qədər xalisdir? Cəmiyyətə nə qədər xidmət etmişik? Nə qədər yaxşılıq və xeyirxah işlər görmüşük? Başqalarının haqqını mənimsəmişikmi? Başqalarına pislik etmişikmi? Bəli, nəfsimizi bu kimi yüzlərlə suala tutmalıyıq. Çünki hesab əhli olmayan, sözsüz, zərər çəkmiş, nagahan bütün sərmayələrinin əldən çıxacağını və sonda heç nə qazanmadığını görəcəkdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930