Qəflətdən ayılmaq
Mьəllif: admin1
Tarix: 12-05-2021, 22:20
Qəflətdən ayılmaq

Allaha tərəf gedən şəxs üçün ilkin addımlardan biri də qəflətdən ayılmaqdır. İnsan bu böyük dünyaya əbəs yerə gəlməmişdir. Çox zaman dünyaya nə üçün
gəlişimizdən xəbərsizik.

Elə güman edirik ki 70-80 il pis və yaxud yaxşı ömür sürmək, nəvə-nəticəyə sahib olmaq bizim dünyadakı ən böyük hədəfimizdir.

Qurani-Kərim bu fikirin səhv olduğunu belə açıqlayır: "Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?" (Mominun-115)

"Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan!.." (Ali-İmran-191)

Lakin əfsuslar olsun ki, bəziləri hətta ölüm ayağında belə qəflət yuxusundan ayılmırlar. Necə ki, İslam peyğəmbəri (s) belə buyurub: "İnsanlar yuxudadırlar. Öləndə ayılırlar."

Ancaq nə faydası ki, ölümdən sonra oyanmaq təkcə peşmançılıq və həsrətə səbəbdir. Allah-təala insanları belə gündən çəkindirərək buyurur: "Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut". (Məryəm-39)

Başqa bir yerdə buyurur: "Məhv olsun yalançılar! Cəhalət girdabına düşüb qafil olanlar!". (Zariyat-10,11)

"Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır". (Munafiqun-9)

Həzrət Əli (ə) öz nəsihətlərində belə buyurur: "Ey insan! Sənin dərdinin dərmanı və yuxunun oyanışı yoxdurmu? Niyə səni Allahın qəzəb qorxusu oyatmır? Halbuki
ona itaət etməmək nəticəsində Tanrının qəzəbinə düçar olmaq dərəcəsinə yetişmisən. Ona görə də süstlüyünü qətiyyətlə, qəflət yuxusunu oyanış və hərəkətlə
müalicə et".


Qəflətdən oyanmağın yollarından biri də Allah-təalanı daima xatırlamaqdır. İnsan həmişə Allahı xatırlamalı, onu düşünməli, heç vaxt Allah-təalanın qarşısında məsuliyyət və bəndəliyini unutmamalıdır, çünki hər kim Allahı unutsa, nəticədə özünü unutmuş olar. Belələri özünə yad olub qəflət vadisində sərgərdan gəzəcəkdir.

Qurani-Kərimdə buyurulur: "Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin!" (Həşr-19)

"O kəslər ki, ayaq üstə olanda da, oturanda da Allahı xatırlar.." (Ali-İmran-191)

Bu barədə Həzrəti-Əli(ə) belə buyurur: "Həmişə Allahı yad edin. Bu zikrlərin ən yaxşısıdır." (Nəhcül-bəlağə, xütbə-110)

Gündəlik beş namaz zikrlərin ən yaxşısı və qəflətdən oyanmağın mühüm amillərindəndir. Qurani-Kərimdə buyurulur: “Məni anmaq üçün namaz qıl!”

Həzrəti-Əli(ə) belə buyurur: "Allah-təala özünün xatırlanmasını qəlblərin paklığı və saflığı üçün vasitə qərar vermişdir."

"Allah zikrinin öz əhli var. Onlar Allahın zikrini dünyanın bütün gözəlliklərindən üstün bilmiş və onları heç bir ticarət, əziyyət və məhrumiyyət Allahın zikrindən saxlamamışdır."

Həzrəti Əli (ə) “Həmmam" xütbəsində buyurur: "Pəhrizkarların nişanələrindən biri də budur ki, onların gecə-gündüz bütün fikirləri Allahdır."

Peyğəmbər(s) Əhli-beyti və əshabı haqqında buyurur: "Allahı həmişə xatırla ki, O, qəlbin nurudur." “Allahı yad etmək imanın sütunudur və şeytan tərəddüdünü qəlbə girməyə qoymur.”

Ona görə də, ey müsəlman qardaş və bacı, nə qədər ki, gec deyil qəflət yuxusundan ayılıb axirət yolunun qayğısına qalaq. Sabaha qalsa, gec olar, əcəl peyki qəflətən səni yaxalayar. O mübarək peyk cavan və yaxud qocaya baxmır. Hər kəsin əcəli yetişsə fani dünyasına əlvida deməlidir.

Buna görə də hər gün sabah oyandığımız zaman Allah-təalaya şükür deməliyik ki, bizlərə bu günüdə fürsət veribdir. Bəlkə bizi özünə məşqul edən dünya mallarını tərk edərək qəflətdən oyanaq və uca Allahın razılıq və məhəbbətini qazanmaq üçün saleh əməllər yerinə yetirə bilək.

İlahiyyatçı HacıMahir Mamedov

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031