Nəfslərdə olanı dəyişmə fürsəti
Mьəllif: admin1
Tarix: 26-06-2015, 09:29
Nəfslərdə olanı dəyişmə fürsəti

İnsanlar nəfslərində olanı dəyişməyincə...

"Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.” ("Rəd” surəsi, ayə 11.)
Mübarək və nemətlərlə dolu olan Ramazan ayının günlərini yaşamaqdayıq. Bildiyimiz kimi mübarək Ramazan ayı adi bir ay deyil. Ümumiyyətlə, insan istəsə təqvimin heç bir ayını adi və sıradan bir ay etməyə bilər. Yəni, insanın əlindədir ki, insan hər hansısa bir ayı özü üçün mübarəkləşdirsin, nuraniyyət qatsın əməlləri ilə bu aya. İnsan buna qadirdir. Belə də, ola bilər ki, insan mübarək Ramazan ayını da, digər aylarla bir tutsun. Heç mübarəkliyini zərrə qədər dadmasın. Ramazan ayı onun üçün hicri qəməri təqviminin sıradan bir ayı olsun. Bu, insanın öz tövrünü dəyişməsindən çox asılıdır.


İnsanlar nəfslərində olanı dəyişməyincə...
Mübarək "Rəd” surəsinin 11-ci ayəsində Allah-Təala buyurur: "...Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz...” Bu şərif ayədə Allah bir çox mətləblərə işarə edib. Hansıdır o mətləblər. Allah demək istəyir ki, mən insanı faili-muxtar xəlq etmişəm. İslam dünya görüşünə görə, insan mələkdən də, uca bir varlıq ola bilər. Yəni, şərafət nöqteyi-nəzərindən insan o qədər ucalar ki, mələkləri ötüb keçər. Mələklər onun məqamına qibtə edərlər. Allahın yanında olan məxluqat bir zaman Allaha demişdi ki, ilahi, sən fitnə törədən bir xilqətimi dünyaya gətirəcəksən? Bu barədə Quranda enən ayədə bildirilir ki, Allah Adəm peyğəmbəri (ə) vücuda gətirmək istədikdə, mələklər Allaha belə bir sualda bulundular. Niyə belə sual veridlər? Çünki nəql olunur ki, Adəm (ə) peyğəmbərdən əvvəl Allah bir məxluqat xəlq etmişdi, onlar fitnə-fəsad törətdilər. Mələklər buna şahid idilər və Allaha buyurdular ki, yenəmi fitnə əhlini dünyaya gətirəcəksən? Onlar narahat idilər. Allah isə "Mən bildiyimi siz bilmirsiniz!”- dedi. Allah xəbərdardır öz yaratdığına. Bu cür deməklə Allah-Təala mələklərə bildirir ki, mən insanın daxilinə elə istedad, qabiliyyət əta edəcəyəm ki, siz bundan xəbərsizsiniz.


Allah necə bir məxluq yaratdı?
Faili-muxtar söhbəti əvvəlkilərə də, aiddir. İnsan oğlundan əvvəl dünyaya gələn məxluqlar-bunlar barədə nəql olunur ki, onlar bir ayaqlı idilər və adları "nəsnas” kimi qeyd olunur-onlar da, ixtiyar sahibi idilər. Allah onları dünyaya gətirdi, amma onlar fitnə törətdilər. Allah fitnə törətməz və fitnəni sevməz. Ona görə də, onları azad buraxdı ki, onlar nə edəcəklər. Sonrakı məxluqu, yəni insanı da, faili-muxtar xəlq etdi. Nədir Allahın məqsədi, niyə O, fail xəlq edir? Allah necə bir məxluq yaratdı?
Allah istəyir ki, bəndə yerinə yetirilməsi (insanın) ixtiyarına buraxılan əməlləri könüllü yerinə yetirsin. Məhz, insan oğlu belə bir vəzifə ilə görəvləndirilib. Mələklərin ibadəti icbaridir. Onlar qeyri-iradəvi hər an ibadət və itaətdədirlər. Amma, insan oğlunu Allaha fail xəlq edib və ona ağıl verib, müəyyən yaş həddi, buluq həddi seçib ki, bu həddi keçdikdə artıq, insan fail olur. Fitnələr, imtahanlar dünyasına atır Allah insanı.
Allah bildiyini mələklər bilmirdi. Allah onlara göstərir ki, mən elə bir bəşər xəlq edirəm ki, mələklərdən belə üstün ola bilər. Biz əslində, nurani, gözəl xasiyyətli, pak insanları mələklərə bənzədirik, amma əslində mələk insandan aşağı səviyyəlidir. Allah ən şərəfli məxluq olaraq insanı xəlq edib. Çünki mələk icbari ibadətdədir və iradəsindən asılı olan bir şey yoxdur. Amma, insan iki yoldan birini seçməlidir; ya gərək azğınlıq, pozğunluq içində yaşasın, ya da iradə edib ibadət və itaətdə olsun. Bir var azğınlıq və pozğunluq etmək kimi bir imkanın yoxdur, Allah belə fürsət tanımayıb sənə-sən də, məcburi olaraq ancaq ibadətlə məşğulsan. Sənin bir xas cəhətin var, o da, ancaq və ancaq ibadətdir. Mələklər kimi. Bir də, var ki, yox, sənə azğınlıq və pozğunluqla yaşamaq fürsəti də, tanınıb və ixtiyarına verilib.
Bəhsi bir qədər də, asanlaşdıraq; İki nəfər fərz edək; Biri fəqir, digəri varlı. Fəqirə nisbətdə, varlı daha çox nəfsi ilə mübarizə aparsa, daha çox savab qazana bilər. Onun bu əzmkarlığı və mübarizəsi daha çox şərafətlidir, nəinki fəqirin. Niyə? Çünki fəqirin zatən evində çeşidbəçeşid, ləziz təamlar yoxdur. O məcburdur yemək yeməməyə və yaxud, boyat, yavan yeməyə. Amma, varlının evində bir gündə beş növ ləziz təam yemək imkanı var. Amma, o, mübarizə aparır nəfslə, güc gəlir nəfsinə. Bu mənada, o daha çox savab qazanır. İnsan- mələk münasibəti də, belədir. Allah buna görə deyir ki, mən bildiyimi siz bilmirsiniz!

İnsan-heyvandan da, aşağı bir məxluq.
İnsan mələkdən üstün ola bildiyi kimi, heyvandan alçaq da ola bilər. Heyvan məsul deyil. Ona şüur verilməyib və şüurla hasil olan heç bir iş ona tapşırılmayıb. Məsələn, qoyun sürüsü dağdan yıxılıb ölsə, onu kimsə qınamaz. Çünki heyvandır. Heyvanın da, şüuru var, amma insan qədər inkişaf etməyib. O şeylər ki, insandan soruşulacaq, heyvana aidiyyəti yoxdur. Düzdür, heyvanlar da, Allaha zikr və təqdis edib Uca Şəninə təriflər deyirlər. Quranda bir neçə yerdə bu məqam keçir, o cümlədən "Cümə” surəsinin ilk ayəsində. Amma, bu, o anlama gəlmir ki, bəndəyə aid olan məsələlər heyvana da, aiddir.
Bəs, insan heyvandan necə aşağı olur? İnsanı mələkdən uca edəcək ibadətləri bir kənara qoyub, azğınlığa və pozğunluğa aparacaq əməllər etməklə. Heyvanlar şəhvətləri ilə tanınırlar.


İnsanlar ağılları ilə.
Amma, insan-hakimi və rəhbəri onun ağlı olmazsa, şəhvəti olarsa, insan heyvan kimi bir şeydir və hətta, heyvandan da aşağı bir səviyyədədir. Çünki heyvan mükəlləf deyil, ondan soruşulmayacaq, ona ağıl verilməyib. O bilmir nə yaxşıdır, nə pisdir. Amma, insan bilir. Ona görə də, işi və xasiyyəti ancaq şəhvətini və qarnını doydurmaq olan və insan kimi ibadət fürsəti tanınmayan heyvanın etdiyini-yəni şəhvətini və qarnını doydurmasını-ibadət və itaətlə mələkdən uca səviyyəyə qalxmaq imkanı tanınan insan etmiş olsa, o zaman insan heyvandan da, aşağı bir məxluq hesab edilir.
Bəzən ibrətamiz səhnələrlə qarşılaşırıq. Məsələn, Allah-Təala xoruza elə bir xasiyyət verib ki, o, himayəsində olan toyuq-cücəyə sahib çıxır, onların qeyrətini çəkir və qoymur yadlar yaxınlaşsın ona. Bu, Allahın bir lütfüdür ki, ona əta edib. Bundan əlavə insanlara bir ibrətdir bu. Elə misalı da, bundan çəkək; Bir bu xoruzu təsəvvür edək, bir də, qeyrətindən xəbəri olmayan, həyat yoldaşına "nə edirsən elə, mənim üçün pul tapıb araq al” deyən namussuz bir insanı təsəvvür edək. Əlbəttə ki, o insan bu xoruzdan da, aşağı səviyyəli bir məxluqdur.
Və yaxud da, pişik bir yeri qazır, sonra oranı murdarlayandan sonra örtür torpaqla üstünü. Amma, elə mədəniyyətsiz insanlar var ki, hətta, evlərindəki tullantıları belə, izdihamlı yerlərə, camaatın gediş-gəliş etdiyi yerlərə atır, camaatın divarının-qapısının qarşısına qoyur. Ev sahibi də, divarlara yaxşı-yaxşı sözlər yazır. Bunlar insan oğluna yaraşmayan əməllərdir. Və yaxud, insan var ki, hətta, evlidir, amma gündüz-gecə zinakarlıqla məşğuldur, ancaq şəhvət dalısıncadır. Heyvandan heç fərqi yoxdur. Hətta, heyvandan aşağıdır. Başqa bir misal; ABŞ, İsrail rejiminin əsgərlərinin, erməni quldurlarının müsəlman ölkələrdə hətta, əliyalın camaatın başına gətirdikləri min-bir işgəncələr var. Qeyri-insani rəftar, bəşəri cinayət, vandalizm, terror, ekstremizm, heyvanlıq etmələr və s. Heyvanlar belə rəftar edirlər, heç heyvanlar da, bunlar kimi vəhşi deyillər. İnsan bəzən elə hərəkətlər edir ki, onun bu əməllərinin fonunda "ən vəhşi, ən qəddar varlıq insandır!”- deməyə vadar olursan.


İnsanın taleyi öz əlindədir.
Deməli, insan istəsə mələkdən üstün ola bilər. Bu mənada insanın taleyi öz əlindədir. Mübarək Ramazan ayı da, taleyi, tövrü, nəfslərdə olanları dəyişdirmək üçün gözəl fürsətlər ayıdır. Əlbəttə ki, yaxşı mənada. İnsan elə edə bilər ki, Ramazanında ramazanlıq qalmasın. Ramazan "rəmz” sözündən alınıb və yandırmaq anlamındadır. Günəşin səhranı yandırmasına deyirlər. İnsan günahını yandırmalıdır Ramazanda. "Ramazan ayı necə bir aydır!”- deyə soruşulsa, bu ayın mahiyyəti sual olunsa, demək lazımdır ki, bu ayın mahiyyəti elə öz adında gizlənməkdədir. Amma, bədbəxt o adamdır ki, günahını yox, özünü yandırır, Axirət evini yandırır. Ramazanda ibadət etmək digər günlərdə ibadət etməkdən üstün və şərafətli olduğu kimi, bu ayda günah etmək də, digər aylarda günah etməkdən daha pisdir. Əslində, Allah insana böyük şərafət verib, onu fail xəlq edib və ona həyat yolunda işarələr təşkil edib, bələdçilər göndərib. Faili-muxtar olmaq böyük şərəfdir. İnsan ağılı ilə seçir.
Hədisdə buyurulur ki, Ramazanda Allah şeytanı zəncirləyər. O lənətlik insanlara yaxınlaşa bilməz. Amma, bununla iş bitdimi. İnsan arxayınlaşsınmı ki, artıq, şeytan mənə yaxın düşməz? O zaman ortaya bir sual çıxır? Bəs, Ramazan ayında döyüşlər, tökülən qanlar, cinayətlər, insanların günah etmələri-bunların kökündə nə durur? Əlbəttə ki, nəfs. Niyə Allah nəfsi zəncirləmir? Çünki Allah bəndəni doğulandan ölənə qədər imtahanlar içinə atıb. Ramazanda da, o imtahan olunur. Amma, Allah rəhimli və mərhəmətlidir və mərhəməti də, budur ki, şeytanı zəncirləyib. Amma, istəyir görsün ki, buna rəğmən, bəndə nəfslə mübarizə aparır, ya yox! Allah görmək istəyir ki, bəndə arxayındır, yoxsa yox. Ona görə də, nəfsi-əmmarəni müsəllət edib bəndəyə. Bəndə dua etisn, ibadət etsin. Şeytan zəncirlənmişsə də, nəfsi-əmmarə fəaliyyətədir, daim aktivdir.


Nəfslərimizdə olanı dəyişək!
Nəfslərdə olanı dəyişmək-yəni, tövbə edib günah pasını tökmək. Yəni, tövbə suyunda paklaşmaq. Bu ayə və nəfslərdə olanı dəyişmək məsələsi təkcə fərdi məsələlərə aid deyil. Həm də, ictimai məsələlərə aiddir. Bəlkə daha çox ictimaiyyətə aiddir. Çünki söhbət bir qövdən, insanlardan gedir. Ramazan ayında insan təkcə öz nəfsini, fərd olaraq özünü deyil, bütöv cəmiyyəti dəyişməlidir. Çünki cəmiyyət fərdlərdən əmələ gəlib. Bu ayda mühiti düzəltməliyik. Bu ayda cəmiyyətin islahatına başlamalıyıq. KİV səviyyəsində, dövlət səviyyəsində. Ekranda təkcə dini kino verməklə kifayətlənməməliyik. Ramazanı, dini təbliğ etməliyik. Dövlət xüsusi vaxt, efir, imkan ayırmalıdır bu ayda. Çünki bu həm xalqın, həm dövlətin bayramıdır. Dövlət tərəfindən rəsmi təbrik olunur bu ayda xalq. Ramazan ayının bayramı artıq, dövlət bayramıdır. Ramazan ayında xüsusiylə belə ictimai məsələlərdə aktiv olmalıyıq.
Təəssüf ki, nəinki Ramazanda, ümumiyyətlə bizlərdə, xüsusiylə dindarlarda ictimaiyyətdən uzqlaşmaq çoxdur. Doğrudur, mühit korlanıb, dindarı-dinsizi az qala bilinməyən bir mühitdir. Siqaret çəkməyən insanın Ramazanda narkoman adıyla tutulduğu bir mühitdəyik. Amma, ictimai məsələlərdən, ictimaiyyətdən nə qədər kənar qalsaq, nə qədər Milli Məclisdə, nazirlər kabinetində, digər hökümət binalarında, rəsmi idarələrdə dindarlar, dini islahatçılar, dini mühafizəkarlar təmsil olunmaycaqlar, o qədər mühit və cəmiyyət korlanacaq və həm din və dindar anlayışları yanlış anlaşılacaq, həm də, fəsadlar çoxalacaq. Odur ki, Ramazan nəfslərimizdə olanı dəyişməyimiz üçün gözəl fürsətlər ayıdır.

Allah-Təala bu Ramazanda bizləri nəfslərində olanı (yaxşılığa doğru) dəyişənlərdən qərar versin, dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın! Amin!
/ihq.az/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031