Fəqihlər, din alimləri və zalım hakimlər
Mьəllif: admin1
Tarix: 23-06-2015, 10:08
Fəqihlər, din alimləri və zalım hakimlər

Qeyb dövründə İmamiyyə şəriətini yerinə yetirən hakimlə həmkarlıq etmək olar...

12-ci imamın qeybi, şiə cameəsinin arzulanan üsul-idarədən məhrumluğu, təşkilatlanma və təlimlərdə minimumların qorunması zərurəti şiə alimlərinin dünyada mövcud hökumətlərlə həmkarlığı zəruri edir. Kiçik qeyb dövründə alimlərin əsas təlaşı imamət və İmam Mehdinin (əc) qeybinin sübutu olub. Böyük qeyb dövrü başlayanda, şiələr arasında alimlərin mövqeyi güclənəndə, şiə alimlərinin mövcud hökumətlərlə həmkarlığı mövzusunda suallar yaradır. Bu gün şiəliyin siyasi düşüncəsində bu mövzu əsas mövzulardandır. Şiə alimləri dövrün hökumətləri ilə həmkarlıq etməlidilərmi? Bu həmkarlığın sərhədləri hara qədərdir?

Şiə məktəbinin ilahi təlimlərində hakimiyyət ilahi rəhbərlərə məxsusdur və etiqad məsələsidir. Cəmiyyətə məsum rəhbərlərin başçılıq etməsi şiə inancıdır. Şiə imaməti bu prinsipi müsəlmanların tarixi təcrübəsindən yox, mütləq əqli təsəvvürdən çıxarış edib. Məsum imam peyğəmbərin yeganə həqiqi canişini olub. Bu canişinin Allah və Peyğəmbərin malik olduğu səlahiyyətləri olub. Şiə cəmiyyəti imamlara müraciət etməklə, onların rəvayətlərini əsas götürməklə öz dini vəzifələrini müəyyənləşdirir. Siyasət sahəsində də məsumların iqtidarı yeganə qanuni iqtidardır. İstənilən başqa hakimiyyət legitim sayılmır, bu hakimiyyətlərlə yalnız imamın icazəsi ilə, istisna hallarda həmkarlıq etmək olar.

Fəlsəfi və ictimai mübahisələrdə imamların mövqeyi və sözü təyinedicidir. Bu bir növ şiə mütəfəkkirlərinin hakimiyyətlə bağlı müstəqil fikir yürütməsinin qarşısını alır. İslamın ilk üç əsrində müstəqil və azad baxışlara malik cərəyan görmürük. İmam Həsən Əsgərinin (ə) şəhadətinə qədər bu cərəyan müəyyən həddə qabaq idi. 12-ci imamın qeybindən sonra şiələr hakimiyyətlə bağlı imamın fikrini öyrənmək imkanından məhrum olublar. Zalım hakimiyyətlərlə həmkarlıq mövzusunda cavabsız qalmış suallar çoxdur. Bu mövzunu araşdırarkən Səfəvilərin hakimiyyəti gəlməsinə qədər olan dövr maraqlı bir dövrdür. Kiçik qeyb dövründə (hicri 260-329) alimlərin əsas təlaşı qeyb mövzusua, imamın varlığının isbatına sərf olunub. Alimlər bu məsələni nəzəri əsaslandırmaq üçün xeyli çalışıblar. Bu mövzu o qədər vaxt və enerji aparıb ki, şiələr bir növ öz söhbətlərində siyasətdən kənarlaşıblar. Müzakirələrin istiqaməti fəlsəfi, kəlami olub. Beləcə, qeyb dövrünün ilk illərini hakimiyyətə biganəlik dövrü kimi yada sala bilərik.

Kiçik qeyb dövründə hakimiyyətin necəliyi, hakimiyyətlə həmkarlıq mövzusu aktual olmayıb. Səbəbi bu da ola bilər ki, şiələr məsum imamdan başqasının hakimiyyətdə olmasını təsəvvürlərinə belə gətirməyiblər. Zühur intizarına yanlış etiqad şiələrin siyasi səhnədəki fəallığını daha da azaldıb. Hətta bu dövrdə bəzi məntəqələrdə və şəhərlərdə cümə günü şiələr silahlanaraq şəhərdən kənara çıxıblar ki, imam zühur etsə qiyam qaldırsınlar. Belə bir yanlış intizar şiələri mövcud hökumətlər barədə düşünməkdən məhrum edir. Demək olar ki, şiələr arasında hakimiyyətlə bağlı sual olmayıb. Rəvayətlərdə bildirilir ki, İmam zühur etdiyi zaman zalım hakimlərdən haqsız axıdılan qanın intiqamını alacaq. Bu rəvayətlər şiələrin zehnini elə tutub ki, onlar qeyb dövrünün uzun çəkəcəyini düşünməyiblər. Amma qeyb dövrü uzandı. İmam əvvəlcə xüsusi naibləri vasitəsi ilə şiələrlə əlaqə saxlayırdı. Kəlami və ictimai məsələlərdə suallar yarananda 4 naib xalqın suallarını cavablandırırdı.

Həmin dövrdə 4 səfir, biri o birinin ardınca İmamla xalq arasındakı rabitələri həyata keçirib. Osman ibn Səid Əmri, Məhəmməd ibn Osman ibn Səid Əmri, Əbulqasim Hüseyn ibn Ruh Növbəxti, Əli ibn Məhəmməd Səməri imamla xalqın rabitəsini təmin edən naiblərdir. Bu naiblər şiə cəmiyyətini Abbasilərin siyasi və iqtisadi təzyiqlərindən qorumaq üçün İmamın göstərişləri əsasında fəaliyyət göstəriblər.

Kiçik qeyb dövründə 12-ci imam tərəfindən səfirlərə və ardıcıllara müraciətlər ünvanlanıb. Həmin göstərişlərdə demək olar ki, siyasi fəaliyyətlər barədə, hakimiyyəti qəsb etmiş Abbasilərə qarşı bir sözlə rastlaşmırıq. Səfirlər hətta daim təlaş göstəriblər ki, şiələr İmamın zühuruna qədər inqilabi hərəkatlardan çəkinsinlər. Şiələri Qəramətə və İsmaililər hərəkatlarından uzaq saxlamaq üçün ciddi səy göstərilir. Naiblərin icazəsi olmadan şiələrin belə məsələlərə müdaxilə etməsi yasaqlanır. 4-cü səfirin ölümündən sonra İmamın xalqa ünvanlanmış göstərişlərinin də arası kəsilib. Səfirlərin vəkilləri artıq xüms və digər şəri vergilərin yığılmasından da imtina ediblər. Vəkalət qurumunun işinin dayanması dinsiz və hoqqabaz insanlara İmam tərəfindən çıxışlar üçün yol açır.

Böyük qeyb dövrü başalayandan Səfəvilərin hakimiyyətə gəldiyi dövrə qədər tarixi nəzərdən keçiririk. Vəkillərin fəaliyyəti başa çatdıqdan sonra İmamiyyə rəvayətçiləri və hədisçilər İmam tərəfindən səfir təyin olunmamasını yeni və böyük qeyb dövrü kimi dəyərləndirdilər. Yeni dövr imtahan və heyrət əsri adlandırıldı. Əslində İmamiyyə alimləri böyük qeyb dövrünün başlanmasını imamət inistitutunun etibardan düşməsi saymırdılar. İmamiyyə şiələri 4-cü əsrdən başlayaraq azğın cərəyanlarla mübarizə apardılar və qiyamların siyasi hakimiyyət qurmaq yolunda istiqamətlənməsini qəbul etmədilər. Abbasilərin zalım hökumətinin qeyri-qanuniliyi əqli baxımdan təsdiqlənsə belə həmin dövrdə alimlərin imam tərəfindən canişin olaraq ilahi hakimiyyət qurması gündəmdə deyildi.

Problemlərdən biri bu idi ki, qeyb mövzusu bütün İmamiyyə cameəsi tərəfindən təsdiqlənmirdi. Bəzi İmamiyyə alimləri hicri 329-ci ili İmamın həyatının başa çatdığı il kimi qəbul edirdilər. Əbu Səhl Növbəxtinin qeybət dövrünü bir insan ömründən uzun olmayan dövr kimi qiymətləndirdiyi bildirilir. Bunu İbn Nədim yazır. Belə bir fikir vardı ki, Allahın əmri ilə İmam qiyam qaldırana qədər artıq həyatı başa çatıb. Amma möhkəm etiqadlı İmamiyyə alimləri mötəzilə və zeydiyyənin qeyblə bağlı şübhələrini alt-üst edən tarixi və kəlami əsərlər yazırdılar. Şeyx Tusinin ictihadı əməli şəkildə qəbul etməsi ictihada qarşı çıxanları səhnədən uzaqlaşdırdı. Əllamə Hillinin səhnəyə gəlişi ilə şiə fiqhində ictihad rəsmən tanındı. Elxanilər dövründən Səfəvilər dövrünə qədər artıq müqəllidlə müctəhid arasında bağlılıq qanuniləşmişdi. Qeyb dövrünün fəqihi məsum imamın xüsusiyyətlərinə malik olmasa da, öz elminə görə imamın varisi sayılırdı. Beləcə, İmamın böyük qeybi ilə İmamiyyə müctəhidləri onun canişini olaraq məzhəb başçısı kimi fəaliyyətə başladı. Kiçik qeyb dövründə şiə alimlərinin müvəffəqiyyətli fəaliyyətləri onları İmamın canişini kimi tanıtdırırdı. Xüsusi ilə 12-ci imam 4-cü səfirə göstərişlərindən birində bu məsələ ilə bağlı buyurmuşdu: "Baş verən hadisələrdə bizim hədis rəvayət edənlərimizə müraciət edin. Çünki onlar mənim sizin üçün höccətimdir, mən isə Allahın onlar üçün höccətiyəm." Beləcə İmamiyyə alimləri şiə cəmiyyətinə rəhbərliyi öhdəyə götürdülər. Şeyx Müfid, Şeyx Tusi, İbn İdris, Əbu Həmzə, İbn Bərac, Əllamə Hilli, Mühəqqiq Hilli, Şəhidi Əvvəl, Fazil Miqdad Səfəviyyə dövlətinə qədər xüms, zəkat və başqa mövzularda fitvalar veriblər. 4-cü səfir dünyasını dəyişəndən sonra cəmiyyətə rəhbərlikdə yaranan boşluq şiə və sünnü hakimlərin gəlişi ilə bir qədər dolmuşdu. Şiə fəqihlər cəmiyyətin nizama salınmasında fitva verirdilər. Qeyb dövründə şiə məktəbinin ən mübahisəli mövzularından biri İslam cəmiyyətinə rəhbərlik və fəqihin hakimlə həmkarlığı mövzusu olub. Şiə təfəkküründə hakimiyyət məsum imamın səlahiyyəti olduğundan qeyb dövründə fəqihlərin məsum olmayan hakimləri qanuni tanıması mübahisəli mövzulardan idi.
İmamiyyə məktəbinə görə məsum olmayan hakim qeyd-şərtsiz hakim kimi qəbul olunmur. Elə bu müddəalara əsasən fransız filosofu Anri Korben şiə məktəbini əsl məktəb adlandırır. Beləcə şiə məktəbində qeyb dövründəki hakimiyyət boşluğunu dolduracaq ictihad layihəsi qanuniləşdi. Alimsiz elm, filosofsuz hikmət təsəvvür olunmadığı kimi müctehidsiz də şəriət təsəvvür olunmurdu. Xalqın şəri məsələlərdə höccətə ehtiyacı vardı. Şiə siyasi düşüncəsində rəhbərlik məsələsi aktual məsələlərdəndir. İmamın qeyb dövründə kim hakim olmalıdır? Ən üstün mömin, ən elmli mömin, şəriət hökmləri bilicisi, yoxsa başqa birisi? Şeyx Müfid cəza hökmlərindən danışarkən bunu islam hakiminin üzərinə qoyur. O belə bir şəxsin məsum imamlar tərəfindən təyin olunmuş şəxs olduğunu bildirir. Əbu Səba Hələbi cəmiyyətə hakimlik edəcək şəxsin məsum olmasını şərt sayır. Zaman ötdükcə araşdırmalardan alınan nəticə bu oldu ki, zəruri şərtlərə malik olan fəqihlər cəmiyyət üzərində ilahi qanunları həyata keçirə bilərlər.

Bununla belə hakimiyyət fəqihlərin əlində deyildi. İmamiyyə şiələri hökumətlə həmkarlıq edib öz həmvətənlərinə xeyir verə bilərdilər. Belə bir həmkarlıq üçün İmamdan birbaşa icazə almaq imkanı yox idi. Belə bir həmkarlığın zərurəti İmamiyyə fəqihlərini imamlardan nəql olunmuş rəvayətlərin sorağına göndərdi.

Bəli, hakimlər həm ədalətli, həm də zalım ola bilər. Qeyri-şiə hökumətlərində şiə cəmiyyətini qorumaq üçün fəqihlərin siyasi bilikləri əsasında hakimlər iki qismə bölünür: haqq-ədalət tərəfdarları, zülm-sitəm əhli. Şiələrin əqidəsinə görə həqiqi ədaləti yalnız Əsrin İmamı bərpa edə bilər. Fiqhi dildə ədalət düzgün mühakimə, hüquqların bərpasıdır. Bu şəriətin istədiyi səviyyədə icra olunmalıdır. Ədalətli sültan dedikdə nə nəzərdə tutulur? Əvvəla, bu sültan, padşah, hakimin özü üçün seçdiyi rəhbər İmam Mehdi (əc) olmalıdır. Digər tərəfdən, qeyb dövründə hakim deyəndə dövrün padşahı yox, məsum imam və ya ədalətli müctəhidlər nəzərdə tutulur. Belə ədalətli hakimlər ictimai işlərdə dinin hökmlərini yerinə yetirir. Şiələr Əsrin İmamı və ədalətli müctəhiddən başqa bütün hakimləri ikinci qrupa, zülm-sitəm əhlinə aid edir. Şiə mütəfəkkirləri zalım hakim üçün nümunə təyin etməsələr də dini mətnlərdən aydın olur ki, şiə alimləri zalım hakim deyəndə müxtəlif hakimləri nəzərdə tuturlar. Məsələn Ali-Buyə, Səlcuqilər, Harəzmşahi, Hulakuxan zalım hakimlərə misal göstərilə bilər. Beləcə, şiə fəqihləri Səfəvilər dövrünə qədər dövrün hakimi ilə həmkarlığa maraq göstərməyib.

Deyilənlərdən aydın oldu ki, şiə mütəfəkkirləri və alimləri imamın həyatda olduğu dövrdə ondan başqasının hakimlik səlahiyyətini qəbul etməyiblər. Qeyb dövründə yalnız vilayəti-fəqih, fəqihlərin hakimiyyəti imam tərəfindən canişin olaraq hakimliyə səlahiyyətli sayılır. Şeyx Müfid, Şeyx Səduq yazırlar ki, əgər dövrün hakimi ilə həmkarlıq xalqın istəklərinin həyata keçməsinə səbəb olacaqsa belə bir həmkarlıq məzəmmət edilmir. Şeyx Müfid deyir: "Zalım hakimə haqq işdə kömək göstərmək icazəli, bəzən vacibdir; zalım hakimə zülmündə kömək göstərmək qadağandır, məcburiyyət altında istisnadır; zalım hakimlərlə yalnız İmamdan icazə alanlar həmkarlıq edərlər; zəruri şərtlərə malik möminlər zalım hakimlərlə həmkarlıq etsə halaldır." Şeyx Müfid bütün bunları söyləsə də, 12-ci imamla əlaqə mümkün olduğundan bu həmkarlıqdan çəkinmişdir.

Seyid Mürtəza dövrün hakimi ilə həmkarlıqda 12-ci imamla əlaqənin mümkün olmamasını maneə sayır. Amma Seyid Mürtəza hakimləri iki qismə bölür: Qanuni və ədalətli, qanunsuz və zalım. Ədalətli və şəriətə ehtiram göstərən hakimlə həmkarlığı mümkün sayır. Ölümlə hədələnən şəxsin qorxu ucbatından həmkarlıq etməsini mümkün bilir. Amma bir şəxs var-dövlətinin, vəzifəsinin əldən çıxacağından qorxaraq həmkarlıq edərsə bu pislənilir. Dünyəvi məqsədlərlə zalım hakimlə həmkarlıq qadağandır. Xalqın istəklərinin həyata keçirilməsi mümkün olacaqsa, həmkarlığı mümkün hesab edir. Xalqın ehtiyaclarının ödənməsini hakimlə həmkarlıq üçün səbəb göstərir.

Seyid Mürtəza əqli dəlillərə, tarixi hadisələrə, imamlardan rəvayətlərə əsaslanaraq dövrün hakimi ilə həmkarlığa müəyyən aydınlıqlar gətirir.

Şeys Tusi öz sələflərinin araşdırmalarını davam etdirərək qanuni və ədalətli hakimdən danışır. Seyid Mürtəzanın risaləsində buna tərif verilməmişdir. Şeyx Tusi ədalətli hakimə tərif verir. Bildirir ki, əgər hakim əmr be məruf və nəhy əz münkər edirsə, xümsü bölüb, sədəqəni ehtiyaclıya çatdırırsa, qeyb dövründə İmamıyyə şəriətini beləcə yerinə yetirən hakimlə həmkarlıq etmək olar. Ədalətli hakimin imamların vilayətini qəbul etməsi şərtdir. Şeyx Tusi imamiyyə şəriətinə tabe olan, onu yerinə yetirməyə çalışan, İmamın zühuru zamanı hakimiyyəti ona təhvil verməyə razı olan hakimi ədalətli sayır. Bu barədə yazır: "Ədalətli hakim əmr be məruf və nəhy əz münkər edib, hər şeyi öz evinə-yerinə qoyulsa onunla həmkarlıq icazəlidir. Bu bəzən vacib də ola bilər. Zalım hakimlə həmkarlıq zamanı belə bir ehtimal olarsa ki, həmkarlıq sayəsində dinin hökmlərini yerinə yetirmək mümkün olacaq, insanların haqqı ödənəcək, bu zaman həmkarlıq bəyənilir. Əgər onu həmkarlığa məcbur edirlərsə, həyatı üçün təhlükə yoxdursa, çətinliklərə dözüb həmkarlıq etməsə yaxşıdır. Əgər özü, ailəsi və möminlər üçün təhlükə yaranarsa, həmkarlığı qəbul edə bilər. Amma çalışmalıdır ki, ədalətlə rəftar etsin, gizlində də olsa şəriət hökmlərini yerinə yetirsin."

Şeyx Tusi qeyb dövründə şəriət hökumətinin qurulmasını mümkün sayır. O İmamiyyənin təqvalı və ədalətli hakimlərlə həmkarlığını icazəli bilir. Şeyx Tusinin qeyb dövründə qanuni və qeyri-qanuni hökumətlərlə həmkarlıq barədə nəzəriyyələri sonradan da işlənilir. İbn İdris, Əllamə Hilli, Şəhidi Əvvəl, bir çox başqa alimlər Şeyx Tusinin araşdırmalarını davam etdirib. Ümumilikdə şiə fiqhi Ali-Buyə dövründə belə qərar çıxarıb ki, ürfi hakimin qanuniliyi rədd edilir, eyni zamanda hakimiyyətlə bağlı qiyamlar rədd edilir. Demək, nəzəri baxımdan hakimiyyət qanunsuz sayılsa da, cari hökmlər bir növ bu hakimiyyətin davamına şərait yaradır.

Yuxarıda deyilənlərdən aydın olur ki, əksər şiə fəqihləri qeyb dövrünün başlanğıcından Səfəvilərə qədər şiələr cəmiyyətdə azlıq təşkil etdiyi zaman və imam qeybdə olduğu üçün hakimlərlə həmkarlığı icazəli sayırlar. Məqsəd şiə azlığını qorumaq olub. İmamiyyə fəqihləri hüquqları həqqullah və həqqünnas olmaqla iki qismə bölüblər. Həqqullah dedikdə fərdlə Allah arasındakı rabitələr nəzərdə tutulub. Həcc, namaz bu qəbildəndir. Qeyb dövrünün ilk əsrlərində Şeyx Səduq, Şeyx Müfid, Seyid Mürtəza, Şeyx Tusinin həqqullah barədə fikirləri əsas götürülüb. Həqqünnas isə xalqın hüquqlarıdır. Bu bəndə ilə bəndə arasında olan münasibətlərdə təyin olunur. Qeyb dövründə İmamla rabitə saxlamaq mümkün olmadığından mövcud qanunlar əsasında bu hüquqların təmininə səy göstərilib. İmamiyyə xüsusi ilə Bağdad şəhərində hakimiyyətlə bu mövzuda söhbətlər aparıb. Əlbəttə ki, İmamiyyə fəqihlərinin nəzərincə şəri qəzavət, şəriət mühakiməsi, cümə namazı kimi siyasi ibadətlər, difadan (müdafiə) başqa cihadlar yalnız İmam və onun naiblərinin səlahiyyətindədir.

Beləcə, xalqın hüquqlarının təmini üçün xüsusi şəraitlərdə dövrün hakimləri ilə həmkarlıq mümkün sayılıb. Sonradan şiə cəmiyyətində ikili hakimiyyət ifadəsi yaranıb. İkili hakimiyyət deyəndə hakimiyyətin tərkibində müctəhidlərin də söz sahibi olması nəzərdə tutulub. Səfəvilər dövründə belə olub. Bəzi hakimlər bu etiqadda olublar ki, onlar qeyb dövründə İmamın səlahiyyətini həyata keçiriblər. Qazi Əbdüləziz İbn Burrac Trablisi hakimin özünü canişin sayaraq İmamın səlahiyyətini yerinə yetirdiyi halda həmkarlığı məqbul sayıb. Belə bir halda mömin şəxslərin hakimlə həmkarlığını zəruri hesab edib.

Birmənalı olaraq deyə bilərik ki, Səfəvilərə qədər şiə fəqihləri adil hakim deyəndə məsum imam nəzərdə tutublar. Qeyb dövründə müctəhid imamın naibi olaraq hökm verməli, ya da dövrün hakimi ilə həmkarlıq etməlidir. Əlbəttə ki, bu həmkarlıq zahiri və müvəqqəti bir həmkarlıqdır. Digər tərəfdən, müctəhid məsum tərəfindən naib olaraq həmkarlıq edir. Bu zaman artıq həmkarlıq edən üçün təqiyyə şərti ortaya çıxır./Vilayet.nur-az.com/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031