İt nəcasətindən də pis olan şey nədir?
Mьəllif: admin1
Tarix: 24-05-2020, 16:21
İt nəcasətindən də pis olan şey nədir?
Bir gün bir padşah vəzirinə deyir: “Sənin nəzərincə itin nəcisindən də pis bir şey vardırmı? Vəzir cavab vermək üçün düşünür və padşahdan icazə alır ki, bu suala cavab tapmaq üçün bayıra çıxsın.

Səhrada çobana rast gəlir və o, qoyunları otarırdı. Hal-əhvaldan sonra çobanı xoş fikirli bir insan kimi görür. Şahın sualını ona verir.

İmam Əli (ə) əziz balası İmam Həsən (ə) vasitəsilə bəşəriyyətə belə tövsiyə edir: “Bunu yəqin bil ki, sən bütün arzularına çata bilməyəcəksən. Ölənə qədər çox yaşamayacaqsan.

O kəsin yolunda gedirsən ki, səndən əvvəl getmişdir. Ona görə də dünyanı ələ keçirtməkdə sakit ol. Əldə etdiklərini istifadə edən zaman yaxşı əməl et. Çünki, o qədər olub ki, dünya üçün edilən sonsuz səylər mal-dövlətin tarac olması ilə sonlanmışdır. Hər səy edən də istədiyi ruziyə çata bilməyəcəkdir.

Nəfsini hər cür alçaqlıqlardan saxla. Baxmayaraq ki, səni hədəfinə çatdırar. Qul olma, çünki Allah səni azad xəlq etmişdir. Şər vasitəsilə əldə edilən yaxşılıq yaxşılıq deyildir. O rahatlıq ki, çətinliklərlə əldə edilər, rahatlıq deyildir”.

İmam Əlinin (ə) bu dəyərli kəlamları onu bəyan edir ki, insan həyatda həqiqətləri görməyi bacarmalıdır. Həyat məsələlərini idarə etməyə agahlığı olmalıdır.

İmamın (ə) bu kəlamlarından onu da başa düşmək olur ki, o şey ki, həyat balansını poza bilər, bu insanın dünyaya həriscəsinə olan rəftarıdır.

Təbiidir ki, bu cür insan tamahkar bir insana çevrilir və mal-dövlət əldə etmək üçün hər növ xarlığa əl atar. Təcrübə göstərir ki, dünyapərəst insanlar həmişə sərvətli və dünya sevənlərlə əlaqə saxlayır.

Onlar gecə və gündüzlərini bu insanlara xidmət etməyə sərf edərlər. Çünki mal-dövlətin işığı onları o qədər özünə cəlb edib ki, sanki dünyada sərvətdən başqa dəyərli bir şey yoxdur.

İnsan əgər bu cür yaşayarsa, abır-həyası gedər. İmam Əlinin (ə) nəzərində o kəsin ki, abır-həyası getmişdir, onun dəyəri olmaz.

Həzrət Peyğəmbər (s) bu cür insanlar haqda belə buyurmuşdur: “Hər kəs sərvət sahibi olan insana dünya tamahına görə hörmət edərsə, ya onu sevərsə, Allah ona qəzəblənər. O, atəşdə qızıl tabutdakı Qarunun həmdəmi olar”.

Bu məsələdə mühüm olan nöqtə odur ki, insana dünya hərisliyi və tamahından nicat verə biləcək şey - dünyanın həqiqətinə diqqət etməkdir.

İmam Əli (ə) dünyanı belə təsvir etmişdir: “Dünya elə bir evdir ki, Allah yanında dəyərsizdir. Onun halalı haramla, yaxşılığı pisliklə, həyatı ölümlə, şirinliyi acılıqla qarışmışdır. Allah onu dostları üçün seçməmişdir. Onu düşmənlərə bağışlamağı da əsirgəməmişdir. Dünyanın xeyri az, şəri hazır, mülki qarət edilmiş və abadlığı viranlığa üz tutmuşdur”.

Bu kəlamlardan görmək olur ki, insan dəqiq bir mühasibə ilə dünya həqiqətlərini başa düşə bilər. Dünya buna dəyməz ki, insan öz dəyərli ömrünü ona qurban versin.

Ancaq çox təəsüf ki, dünya hərisliyi və tamahı dünyapərəstlərin gözünü elə kor etmişdir ki, həqiqəti görmür, şərafət və böyüklüklərini mal və mulk toplamaqda axtararlar. Onlar o qədər dünyaya aldanıblar ki, sanki ölüm adlı bir həqiqət yoxdur. Guya onlar həmişə bu dünyada qalıcıdırlar.

Əgər biz insanlığın ən uca zirvəsi olan izzət dalıncayıqsa, mal-dövlətə olan tamah əlimizi qısaltmalıyıq. Öz istəklərimizi ancaq Aləmlərin Xaliqindən istəməliyik. Çünki ancaq O, hər şeyə qadirdir və qüdrəti ilə bütün çətinlikləri həll edə bilər.

İmam Səccad (ə) buyurur: “Mən bütün xeyrləri insanların əlində olanlara tamah göstərməkdən əl çəkməkdə görürəm. Hər şeydə insanlara ümid etməməlidir. Hər bir işi Allaha tapşırmalıdır. Allah Təala onun hər işini yerinə yetirər”.

İndi isə qayıdaq əvvəldə şahın verdiyi suala. O, çobana deyir ki, mən alim bir insan axtarıram ki, şahın bu sualına cavab verə bilsin. Çoban deyir: “Ey vəzir! Şahı və onun cavabını boş burax. Mən sənə başqa bir müjdə verirəm ki, çox mühümdür.

Bil ki, bu təpənin arxasında böyük bir xəzinə tapmışam. Gəl bir yerdə onu ələ keçirək və burada bir qəsr tikdirək. Ordu toplayaq və şahı taxtından salaq. Sən şah ol və mən də vəzir”.

Vəzir bunları eşidən zaman ağlı başından getdi, əl-ayağı bir-birinə dolaşdı. O, dedi: “Xəzinə haradadır? Gedək, onu mənə göstər”.

Çoban dedi: “Bu şərtlə qəbul edirəm ki, dilini üç dəfə mənim itimin nəcisinə sürtəsən”.

Vəzir tamahkar olduğu üçün bunu qəbul edir və öz-özünə deyir: “Burada heç kim yoxdur ki, məni görsün. Bu işi görəcəyəm və o zaman ki, xəzinəni ələ keçirtdim, çobandan intiqamımı alacağam və onu öldürəcəyəm”.

Vəzir dilini itin nəcasətinə üç dəfə sürtür və soruşur: “İndi de görüm, xəzinə haradadır?”. Çoban gülür və deyir: “İndi qayıt və şaha de: “O şey ki, it nəcisindən də çirkindir - tamah və tamahkarlıqdır””.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031