Şeytanın balasının hidayəti
Mьəllif: admin1
Tarix: 10-12-2017, 10:49
Şeytanın balasının hidayəti

İblis (lən) cənnətdən qovulmazdan əvvəl Əzazil adını daşıyırdı. Mənası Allahın əzizi olan deməkdir. Şeytan çoxlu səcdələrinə görə Allahın rübubi məqamına yaxınlaşmışdı və ona görə də ona belə bir ləqəb verirlər. Həzrət Adəmin (ə) xilqətindən sonra baş verənləri Quran bizlərə bəyan edibdir.
Quranda şeytanın övladları haqqında söz açılmamışdır. Ancaq Quranda olan üç ayəni bir-biri ilə müqayisə edən zaman məsələnin əslinə çatmaq mümkün olur.

“Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz). Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı. (Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?!”. (“Kəhf” 50).

Başqa ayə cinlərin də insanlar kimi həm qadın və həm də kişidən ibarət olduğuna işarə edir: «İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar». (“Cinn” 6).

Bu ayələrdən göründüyü kimi, şeytan (lən) da cin idi və onun da övladları və nəsli olmuşdur. Allah “Rəhman” surəsində behişt huriləri haqqında söz açan zaman buyurmuşdur: “Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın, nə də cinin toxunmadığı qadınlar vardır”. (“Rəhman” 56). Bu ayədən belə nəticə çıxartmaq olar ki, cinlər də insanlar kimi çoxalırlar. Ona görə də İblisin də həyat yoldaşı olmuşdur.

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “(Tihamə dağlarından ) bir uca boylu kişi Peyğəmbərin (s) yanına gəlir. Salam verir və Həzrət (s) cavabını alır. Həzrət Peyğəmbər (s) buyurur: “Cinlər kimi danışırsan. Sən kimsən, ey Allah bəndəsi!”. Cavab verir: “Mən Ham ibni Him ibni Laqis ibni İblisəm”.

Həzrət (s) buyurur: “İblislə sənin aranda iki atadan çox fasilə yoxdur?”. Deyir: “Belədir, ya Rəsulallah!”. Həzrət (s) buyurur: Başına nə gəlibdir? Deyir: “Ruzigarımı boş yerə keçirtmişəm. Mən o gün ki, Qabil Habili öldürdü, danışa bilən yeniyetmə idim. İlahi əmrlərə itaət etmirdim. Təpələrdən yuxarı qalxır, insanları qohumları ilə əlaqələrini kəsməyə və haram mala dəvət edirdim”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qocalıq necə də pis haldır ki, ahıl yaşında düşünməyə əyləşir. Cavan da cavanlıq yaşında arzu və xəyal qurmaqla gününü keçirdir”.

Həmin cin deyir: “Mən tövbə etmişəm”.

Həzrət (s) buyurur: “Kimin əli ilə?”.

Deyir: “Nuhun (ə) əli ilə. O zaman ki, Nuhla (ə) bir yerdə gəmidə idim, onu qəbiləsinə görə etdiyi duaya görə məzəmmət etdim. Ağladı və məni də ağlatdı. Sonra da Hud (ə) və davamçıları ilə məsciddə idik, onu da qəbiləsinə görə etdiyi duaya görə məzəmmət etdim. Eyni zamanda İlyasla (ə) çınqıllıqda. İbrahiminlə (ə) o zaman ki, qəbiləsi onu atəşə atırdı. Mən o zaman onunla atəş arsında idim və Allah həmin atəşi Həzrət (ə) üçün soyuq etdi. Yusiflə (ə) bir yerdə idim o zaman ki, qardaşları ona həsəd aparırdı və onu quyuya atdılar. Mən onu quyunun dibinə apardım və ona yemək verdim. Sonra da zindanda onun yoldaşı oldum o zamana qədər ki, oradan xilas oldu. Mən Musa (ə) ilə bir yerdə olmuşam və o, mənə Tövratın bir hissəsini öyrədibdir. Mənə dedi ki, əgər İsanın (ə) zamanında sağ olsan, mənim salamımı ona çatdır. Mən İsanı (ə) gördüm və Musanın (ə) salamını ona çatdırdım. Onunla bir yerdə oldum və o, İncilin bir hissəsini mənə öyrətdi. Mənə dedi: “Əgər Muhəmmədin (s) dövründə olsan, mənim salamımı ona çatdır. Ey Rəsul! İsa sənə salam göndərir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın salamı İsaya olsun! Sənə də salam olsun, ey Ham ki, onların salamını mənə çatdırdın. Hacətin varsa, de”.

Ham dedi: “İstəyim budur ki, Allah səni ümmətin üçün qorusun. Onları sənin üçün saleh qərar versin. Onlar səndən sonra vəsinə sadiq olsunlar. Çünki əvvəlki ümmətlər İlahi Vəsilərə itaətsizlik etdikləri üçün həlak olmuşdular. Ey Allahın Rəsulu! İstəyirəm ki, mənə Qurandan surələr təlim verəsən ki, namazımda oxuyam”.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurdu: “Ona öyrət və onunla mehriban ol!”.

Ham deyir: “Ey Allahın Rəsulu! Bu kimdir ki, məni ona tapşırırsan? Biz cinlərə əmr edilib ki, peyğəmbər və onun canişinindən başqası ilə danışmayaq”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Ham! Kitabda kimi Adəmin (ə) vəsisi bildin?”.

Deyir: “Adəmin (ə) övladı Şeys”.

Buyurur: “Nuhun (ə) canişini kim idi?”.

Deyir: “Sam ibni Nuh”.

Buyurur: “Hudun (ə) canişini kim idi?

Deyir: “Hudun əmisi oğlu Yuhna ibni Hənan”.

Buyurur: “İbrahimin (ə) vəsisi kim idi?”.

Deyir: “İsmayil (ə) və İsmayilin (ə) canişini İshaq (ə) idi” .

Buyurur: “Musanın (ə) canişini kim idi?”.

Deyir: “Yuşə ibni Nun”.

Buyurur: “İsanın (ə) canişini kim idi?”.

Deyir: “Məryəmin (s.ə) əmisi oğlu Şəmun ibni Həmun Səfa”.

Buyurur: “Onlar niyə peyğəmbərlərin canişini idilər?”.

Deyir: “Çünki dünyada ən zahid, axirətə ən çox meylli insanlar idilər”.

Buyurur: “Kitabda Muhəmmədin (s) canişini kimdir?”.

Deyir: “Tövratda adı İliyastdır”.

Həzrət buyurur: “Bu İliyast - Əli (ə) mənim qardaşım və canişinimdir. O, dünyada ən zahid və axirətdə Allaha ən meylli insandır”.

Ham Əliyə (ə) salam verir və deyir: “Ey Allahın Rəsulu! Başqa adı vardırmı?”.

Buyurdu: “Bəli, Heydər”.

İmam (ə) Quran surələrini ona öyrətdi.

Ham deyir: “Ey Əli! Ey Peyğəmbərin (s) canişini! Qurandan mənə öyrətdiklərin namazım üçün kifayətdir?”.

Buyurdu: “Bəli, Quranın azı, çox deməkdir”.

Ham gəlir və Peyğəmbərlə (s) xudafizləşir və Həzrət (ə) onu bir daha görmür.

Başqa hədislərdə oxuyuruq ki, Həzrət (s) vəfat etdikdən sonra Ham Əmirəl-möminin (ə) yanına gəlir və Siffeyn döyüşündə iştirak edir. İmamın (ə) bayrağı altında vuruşur və şəhid olur.

Bu hədislər İmam Həsən Əsgərinin (ə) məşhur kitabı “Bəsayirul-dərəcat” kitabında nəql edilmişdir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031