Möminlər üçün böyük əcr, kəbir əcr, kərim əcr, tükənməz əcr, gözəl əcr
Mьəllif: admin1
Tarix: 15-06-2020, 08:49
Möminlər üçün böyük əcr, kəbir əcr, kərim əcr, tükənməz əcr, gözəl əcr
Qurani-Kərimə görə o möminlərin ki, ürəkləri imanla bəzənib, çirkinliklərdən uzaqdırlar, saleh əməl görər, haqqı deyər, mallarını Allah yolunda infaq edərlər – onların yeri əbədi behiştdir.

Quran elan edir ki, iman əhlinin əcri heç bir zaman zay olmaz. Quran buyurur ki, Allahın verdiyi vədə haqdır. Bu vədədə heç bir təzad yoxdur. Quran möminlər üçün bir neçə əcri bəyan edir: böyük əcr, kəbir əcr, kərim əcr, tükənməz əcr, gözəl əcr.

"Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir”. ("Maidə” 9).

"Səbir edib yaxşı işlər görənlər (və nəticədə ruhları xatircəmlik məqamına çatmış və halların dəyişməsinin naümidlik, nankorluq, fərəh və məğrurluq yaratmadığı kəslər) müstəsnadır. Bağışlanma və böyük mükafat məhz onlar üçündür”. ("Hud” 11).

"Allaha borc – (xalis niyyətlə malının ən yaxşısından ən möhtac yerə) gözəl borc verən varmı ki, Allah da onu, onun üçün neçə qat artırsın və (axirətdə) ona çox dəyərli və bəyənilən bir mükafat versin?”. ("Hədid” 11).

"Əlbəttə, iman gətirib yaxşı işlər görmüş kəslər üçün minnətsiz və tükənməz bir mükafat vardır”. ("Fussilət” 8).

"Bədəvilərdən (sizinlə getməyib) yerdə qalanlara de: «Tezliklə möhkəm və cəngavər insanlara (onlarla mübarizəyə) tərəf çağırılacaqsınız ki, onlarla vuruşasınız, ya da onlar İslamı qəbul etsinlər. Beləliklə əgər itaət etsəniz, Allah sizə gözəl mükafat verəcəkdir”. ("Fəth” 16).

Əgər ürək neməti imana sərf olunarsa, ağıl neməti həqiqətləri dərk etməyə xərclənər. Bədən üzvləri neməti isə ibadət, itaət, xəlqə xidmət və ehsan, Allah bəndələrini çətinliklərini həll etmək yolunda sərf olunar. Xülasə, əgər bütün nemətlərdən ibadət və itaət yolunda istifadə olunarsa, insan dünya səadəti ilə yanaşı, axirətdə də 5 əcrdən faydalanar. Bu, elə bir vəzifədir ki, hər bir kişi və qadının öhdəsindən gələr.

Məgər belə olmamışdır ki, əziz Peyğəmbər (s) və Məsum İmamlarımız (ə) nemətlərin qədrini bilərək, onları yerində istifadə edərək, bütün zülmətli pərdələrdən ötüb-keçiblər? O yerə qədər ki, onlarla Allah arasında heç bir maneə qalmamışdır.

Bu nöqtəyə diqqət etmək lazımdır ki, nemətlər öz-özlüyündə insanla Allah arasında maneə deyildir. Bu insanın nemətlə şeytani münasibətinin nəticəsidir ki, onunla Allah arasında pərdənin yaranmasına səbəb olur. Əgər hər bir nemətlə düzgün rəftar olunarsa, nemət insanı İlahi qürb məqamına çatdırmağa yardım edər.

İlahi peyğəmbərlər (ə) çox sayda maddi və mənəvi nemətlərdən bəhrələnirdilər. Onların övladları və həyat yoldaşları vardı. Onların evi və ailəsi var idi. Öz ruzilərini əkinçilik, heyvandarlıq, ticarət, sənətkarlıq yolu ilə əldə edirdilər. Eyni zamanda onlarla Allah arasında maneə olmazdı.

Əgər insanda ibadət və itaət ruhu, güclü bəndəlik olarsa, ürəyi mərifət nurundan və nəfsi həsənələr dalğasından aydınlanarsa, şübhəsiz ki, dünya nemətlərindən mənəvi məqama çatmaq üçün istifadə edəcəkdir. O kəsin ki, itaət və ibadət ruhu olmaz – nemətlərlə düzgün rəftar etməyəcəkdir. Hər nə qədər neməti artarsa, təkəbbürü də artar.

Hər kim dünya nemətlərindən düzgün bəhrələnərsə, Qiyamət günü həmin nemətlərin nuru ilə behiştə tərəf yollanar.

Beləliklə deyə bilərik ki, ibadət, bəndəlik, itaət – həqiqi Nemət Sahibini tanımaqdır. Günah, xata, şirk isə Nemət Sahibindən qafil olmaq və nemətə məğrur olmaqdır. Dünya nemətlərini nəfsani istəklər yolundan istifadə etməkdir.

"Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir”. ("Yunus” 57).



/Deyerler/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031