Əməllərimizin çəkildiyi tərəzi və meyar
Mьəllif: admin1
Tarix: 23-11-2017, 23:00
Əməllərimizin çəkildiyi tərəzi və meyar
Ey insan! Allah kəramət tacını sənin başına qoymuşdur! “Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik. (Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq. Beləliklə, (əməl) kitabları sağ əllərinə verilən kəslər, öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz (nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar). (Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. (“İsra” 70-72).

İnsan – varlıq aləminin gül səbətidir. Quran insanın yadına salır ki, o, nə qədər müqəddəs və mənəvi məqama malik olan varlıqdır. Yəni, öz dəyərini anlasın və özünü ucuz satmasın.

“Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun”. (“Zumər” 54).

Yəni, ey Allah bəndələri! Allah sizi boş yerə xəlq etməmişdir, sizi özbaşına buraxmamışdır. Sizinlə axirət arasında ölümdən başqa fasilə yoxdur. Dünya həyatı elədir ki, keçən hər an onun zamanını azaldar. Həyatın bu gecə və gündüzü bir gün sona çatacaqdır. Axirət üçün ən yaxşı azuqə aparmaq istəyən hər bir kəs gərək dünyada yaxşı əməllər əksin və meyvəsini axirətdə dərsin.

“De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. (“Ali-İmran” 31).

Əgər Allaha dostluqda sadiqsinizsə, o zaman Həzrət Peyğəmbərin (s) davamçısı olun. O, Allahın əmrlərini sizə çatdırar. Sizin Allaha olan sevginiz bu yolda vasitə olmalıdır. İmam Sadiq (ə) buyurur: “O kəs ki, günah edər, Allahı sevmir”. Yəni, əgər Allaha sevgiyə sadiq olsaydın, Onun dediklərinə əməl edərdin. Çünki hər kim kimisə sevərsə, onun əmrindən çıxmaz.

Qiyamət haqqında nazil olan ayələri oxuyan zaman başa düşürük ki, insan yenidən diriləndən sonra bəzi mərhələləri keçəcəkdir ki, öz həqiqi məskəni olan behiştə və ya cəhənnəmə gedə bilsin. Hər bir dayanacağın öz adı vardır. Bu dayanacaqlardan biri də tərəzi adlanır. Burada insanın əməlləri çəkilər və dəqiq qiymət qoyular. “Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar!

Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!”. (“Əraf” 8-9).

“Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir”. (“Ənbiya” 47).

“Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn (əqidə və əməlləri gözəl olan) kəs razı qalacağı (xoş) bir güzaran içində olacaqdır. Amma ölçülmüş əməlləri yüngül və dəyərsiz gələn, (əqidə və əməlləri fəsadlı olan) kəsin isə məskəni və pənah yeri Haviyə olacaqdır”. (“Qariə” 6-9).

Qiyamət günü əməllərimizin çəkildiyi tərəzi və meyar – peyğəmbərlər (ə), İmamlar (ə), saleh möminlərin əməlləridir. Hər bir ümmət öz peyğəmbərinin (ə) və salehlərinin əməli ilə ölçülər. Müsəlmanların əməllərinin ölçüldüyü tərəzi isə İslam Peyğəmbərinin (s), Əmirəl-möminin (ə), Əli (ə) övladlarının əməlləridir. Əlinin (ə) namazını tərəzini bir gözünə qoyarlar və bizim namazımızı başqa bir gözə, sonra da ölçəllər. İmam Əlinin (ə) infaqını bir gözə və bizim infaqımızı başqa gözə qoyarlar.

Ona görə də hələ ki, əməllərimiz üçün fürsət var, bu tərəzini düşünək və ona uyğun əməllər edək.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031