Kamil arif Əllamə Qazi
Mьəllif: admin1
Tarix: 9-11-2021, 19:37
Kamil arif Əllamə Qazi

Qazinin elmi-tərbiyəvi metodu

Rəhmətlik Qazi dövrünün adlı-sanlı müctəhidlərindən olmasına baxmayaraq, öz evində tədris etməyi daha üstün tutardı.

O fiqh bölməsindən dərs deyər və camaat namazını da tələbələri ilə öz evində qılardı.

Ustad Qazi namazı çox yavaş qıldığı üçün, onun namazları həmişə uzun çəkərdi.

Günəş qürub edən kimi “şam” namazını qılar və sonra isə namazın tə`qibatını oxumağa başlayardı.

Mübarək ramazan ayında tələbələr onun camaat namazından feyz almaq üçün Qazinin mənzilinə gedərdilər.

Bə`zi tələbələr günəş batan vaxtı göyün üzündəki qızartı tam itməmiş namaz qılmadıqları üçün, Qazidən bir az da səbir etməsini xahiş edəndə, o da gözləyərdi. Rəhmətlik Qazi günəş tam batan kimi iftar edərdi.

Ramazan ayının yalnız birinci və ikinci ongünlüyündə gecələr tə`lim və tədris edərdi. Amma ramazanın sonuncu ongünlüyündə dərsləri tə`til edər və ayın sonuna qədər heç kim Ağa Qazini görməzdi.

Bu müddət ərzində tələbələr onu görmək üçün Kufə və Səhlə məscidlərinə və Kərbəlaya gedər, amma ondan xəbər tuta bilməzdilər.

Bu onun ömrünün sonuna qədər icra etdiyi proqramlardan biri idi.

Rəhmətlik Qazi ərəb dilini çox gözəl bilirdi. Onun öz dediyinə görə qırx min ərəb sözünü hifz etmişdi.

Ərəbcə şe`r oxuyanda, hətta ərəblər belə onun qeyri-ərəb (İranlı) olduğunu ayırd edə bilməzdilər.

Bir gün Şeyx Abdullah Mamaqani sözarası Qaziyə deyir: Mən ərəb dili və ədəbiyyatını kamil bildiyim üçün əgər bir şəxs ərəb dilində şe`r desə, onun ərəb və ya qeyri-ərəb olduğunu dərhal deyə bilərəm. Hətta əgər o şe`r gözəl fəsahət və bəlağətlə deyilmiş olsa da.

Qazi ərəb şairlərin birindən bir qəsidə oxumağa başlayır. Qəsidənin ortalarında barəsində qabaqcadan fikirləşmədiyi şe`rlərindən bir neçəsini də əlavə edir.

Sonra Şeyx Mamaqaniyə buyurur: “Bunlardan hansını qeyri-ərəb yazmışdır.”

Şeyx ayırd edə bilmir.

Ayətullah Qazi Qur`anı təfsir və mə`na etməkdə çox yüksək istedada malik idi. Rəhmətlik Əllamə Təbatəbai buyurmuşdur:

“Qur`anda ayəni ayə ilə təfsir etmək metodunu Qazi bizə öyrətmişdir. Biz onun kəşf etdiyi bu yolun davamçılarıyıq. Həmçinin “Fiqhul-hədis” deyilən on dörd mə`sumdan nəql olunmuş hədislərin mə`nasını dərk etmək metodunu da ondan öyrənmişdik.”

Rəhmətlik Qazi nəfsin və əxlaqın paklaşdırılmasında, ilahi maarif sahəsində, seyri-süluk məqamında qeybi mükaşifələr və eyni müşahidələr xüsusunda əsrinin yeganəsi olmuşdur.

İlahi sirlərlə dolub-daşan və əzəmətli bir dağa bənzəyən Qazi tələbələrinin mənəvi-əxlaqi tərbiyəsinə xüsusi diqqət yetirərdi.

Gündüzlər tələbələri üçün öz evində xüsusi məclis təşkil edər və onları moizə və nəsihət etməyə çalışardı.

Onun verdiyi tərbiyəvi dərslər nəticəsində böyük şəxsiyyətlərin bir çoxu haqq yolunda addımlayaraq yüksək kamal və məqam sahibi olmuşlar.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930