Əbədi əzaba səbəb olan 13 günah hansılardir?
Mьəllif: admin1
Tarix: 12-03-2022, 10:22
Əbədi əzaba səbəb olan 13 günah hansılardir?
Günah ürəyi qaraldar və ibadəti insandan uzaqlaşdırar. Çünki Allah Təalaya mərifət qara ürəklərlə bir yerə sığmır. Günah insanı həm dünyada və həm də axirətdə bədbəxt edir.

Hər bir əməl öz sahibinə qayıdar və axirətdə hər kəs öz əməlini çiyninə alar. "Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. ("Zəlzələ” 7-8).

Günahkar insan ona bənzəyir ki, özü öz əli ilə gözünə iynə batırır. Nəticədə isə kor olur. Bəzi günahlar insanın həqiqət görən gözünü kor edər.

Qoymaz ki, insan dünyada həqiqətləri görə bilsin. "(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. ("İsra” 72).

Quran əbədi əzaba səbəb olan günahları sayır ki, onlardan bəzisinə işarə edək:

1. Küfr. "Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. ("Bəqərə” 161).

2. Zülm. ”Həqiqətən Allah kafir olub (özlərinə və başqalarına) zülm etmiş kəsləri bağışlayan və (doğru) bir yola hidayət edən deyildir”. ("Nisa” 168).

3. Nifaq. "Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir”.("Tövbə” 68).

4. Təkəbbür. "Buna görə də, Cəhənnəmin qapılarından (və ya onun təbəqələrinə) daxil olun ki, orada həmişəlik qalacaqsınız. Təkəbbürlülərin yeri çox pis bir yerdir!”. ("Nəhl” 29).

5. İlahi ayələri inkar etmək. "Və kafir olub Bizim ayələrimizi və nişanələrimizi təkzib və inkar edən kəslər od əhlidirlər. Onlar orada əbədi qalarlar və ora necə də pis bir dönüş yeridir!”. ("Təğabun”10)
.
6. Bilərəkdən qətl etmək. "Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır”.("Nisa” 93).

7. İlahi həddi aşmaq. "Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır”. ("Nisa” 14).

8. Allah və Peyğəmbərlə (s) düşmən olmaq. "Məgər Allahla və Onun Peyğəmbəri ilə müxalifət və düşmənçilik edən şəxs üçün doğrudan da əbədi qalacağı Cəhənnəm odu olmasını bilməyiblər?”. ("Tövbə” 63).

9. Vücudu əhatə edən pis əməl. "Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar”.("Bəqərə” 81).

10. Sələm. "(Sələm yeməyə) qayıdan kəslər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. ("Bəqərə” 275).

11. İslam düşmənləri ilə dostluq etmək. "Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər”. ("Maidə” 80).

12. Şirk. "Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar”. ("Tövbə” 17).

13. Günah əhli olmaq. "Günahlara mürtəkib olmuş kəslər (üçün), hər bir günahın cəzası (günahdan artıq deyil, ilkin əvəz kimi) onun misli (qədər)dir və onları(n bütün vücudlarını) zillət və xarlıq bürüyəcəkdir. Onları Allah(ın qəzəb və əzabın)dan əsla qoruyan olmayacaqdır. Onların üzləri sanki zülmət gecənin parçaları ilə örtülmüşdür! Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar”. ("Yunus” 27).


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031